SSRİ-nin dinin insanlara təsirini azaltmaq və əhalini dindən uzaqlaşdırmaq məqsədilə 1929-cu ildən islam üzərinə başlanan genişmiqyaslı hücumlarını özündə ehtiva edən siyasəti sonradan daha geniş vüsət alaraq dövlətin vicdan və etiqad azadlığı prinsipləri
Qərar açıq şəkildə dini cəmiyyətlərin dindarlarının ibadət binalarının hüdudlarında dini tələbatlarının ödənilməsindən başqa, hər hansı fəaliyyəti qadağan etməklə dini birliklərin cəmiyyət həyatının bütün sahələrindən çıxarılması mahiyyətini daşıyırdı. Həmin ilin mayında SSRİ-nin sovetlər qurultayında Konstitusiyaya dindarların etiqad azadlığının qəbul edilməsi ilə bağlı dəyişiklik edilsə də, dini təbliğata yol verilmirdi. Beləliklə, 1929-cu ildə artıq 400 məscid bağlanmış, 1933-cü ildə isə bütün respublika üzrə demək olar ki, çox az məscid qalmışdı. 1930-cu illərin sonunda dinə qarşı mübarizənin yeni mərhələsi dövründə 120 min adamın repressiyaya məruz qalması 3,2 milyonluq əhalisi olan Azərbaycan üçün ciddi rəqəm idi. İslamın ənənəvi cərəyanlarını çıxmaq şərtilə 30-cu illərin sonuna qədər Azərbaycanda əksər təriqətlər və icma nümayəndələri praktiki olaraq ləğv edilmişdi. Yeganə müharibə reallığı SSRİ hakimiyyət orqanlarını dinə münasibətdə olan siyasətində dəyişiklik etməyə məcbur edə bilmişdi. Üstəlik, SSR-də dövlət və din münasibətlərinin tənzimlənməsi ilə bağlı bir sıra çətinliklər mövcud idi. O dövrdə ruhanilərin fəaliyyətini bir mərkəzdən idarə etmək demək olar ki, mümkün deyildi. Bu iki faktor və Ufa şəhərində Mərkəzi Ruhani İdarəsinin SSRİ-də fəaliyyət göstərən müsəlman dini obyektlərinə nəzarət edə bilmədiyini rəsmən bəyan etməsi bu prosesi daha da sürətləndirdi. Beləliklə, 1943-44-cü illərdə dörd müstəqil müsəlman ruhani idarəsi yaradıldı: SSRİ-nin Avropa hissəsi və Sibir, Orta Asiya və Qazaxıstan, Zaqafqaziya, Şimali Qafqaz və Dağıstan Müsəlmanlarının Ruhani İdarələri. Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi (ZMRİ) dini həyatın liberallaşması nəticəsində müharibənin sonuna qədər 22 məscidi və 1 müqəddəs ibadət yerini, habelə 70-ə qədər ruhani nümayəndəsini qeydə ala bilmişdi. Buna baxmayaraq, sovet və xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olan ZMRİ-nin fəaliyyəti dövründə ümumiyyətlə ruhanilik və xüsusi halda müsəlman ruhaniliyi sovet icra hakimiyyətinin əlavəsi olmuşdu və bütün dini idarələrin birlikdə din işləri üzrə qeyri-rəsmi sovet nazirliyi təşkil edilmişdi. Məhz bu vaxtdan etibarən SSRİ-də və Azərbaycanda xristian və müsəlman ruhaniliyinin rəhbərlərinin sovet hakimiyyəti və xüsusi xidmət orqanları ilə sıx əlaqəsi yaranmışdı. Sovet hakimiyyəti ruhaniliyin, xüsusilə də müsəlman ruhaniliyinin fəaliyyəti üzərində total nəzarətin zəruriliyini yaxşı başa düşürdü. Digər tərəfdən dini təşkilatlar və ruhanilər arasında hərc-mərcliyə son qoyulması və dini ayinlər haqqında sovet dövlət orqanlarının müəyyən etdiyi qanunlara əməl olunmasına nəzarətin təmin olunması son dərəcə çətinləşirdi. Dini təşkilatlarla dövlət orqanları arasında münasibətləri tənzimləmək və dini ayinlər haqqında sovet qanunvericiliyinə riayət edilməsinə nəzarəti əməli surətdə təmin etmək zərurəti bu işlə məşğul olan dövlət orqanlarının yaradılması tələbatını ortaya qoyurdu. Bununla da 1943-cü ildə SSRİ Xalq Komissarları Soveti yanında xüsusi dini idarə - Rus Pravoslav Kilsəsi üzrə Şura yaradıldı və buna müvafiq olaraq da mütəffiq respublikalarda həmin idarənin müvəkkillikləri fəaliyyət göstərirdi. 1944-cü mayın 19-da isə SSRİ Xalq Komissarları Sovetinin 572 nömrəli qərarı ilə bütün yerdə qalan dinləri əhatə edən dini ayin işləri üzrə şuralar təşkil edildi. Həmin şuralar ölkədə vicdan azadlığı haqqında sovet qanunvericiliyinə riayət edilməsinə nəzarəti gücləndirmək, ruhanilər, dindarlar, habelə dinə inanmayan vətəndaşlar və vəzifəli şəxslər tərəfindən dini ayinlər haqqında sovet qanunvericiliyinə ciddi əməl edilməsini təmin etmək üçün sovet orqanlarına kömək etməklə məşğul olurdular.
Bu şuraların Azərbaycandakı Müvəkkilliyi 1944-cü il iyulun 9-da yaradıldı, ilk müvəkkili isə Bəybala Şahbazbəyov təyin edildi. SSRİ hökuməti yanında dini işlər şuralarının müttəfiq, muxtar respublika və vilayətlərdəki müvəkkilləri yuxarıda göstərilən vəzifələri əməli surətdə həyata keçirməklə məşğul olurdular. B.Şahbazbəyov da ona tapşırılan sahədə partiya xəttini yeritməkdə səmərəli işlər görüb. Respublika hökumətinin nəzdində fəaliyyət göstərən bu idarə əslində dini təşkilatlara və ruhanilərə nəzarət edirdi. Belə ki, müvəkkillik dini təbliğatın aprılmasına göz qoymalı, dini aktları, sənədlərin hazırlanmasını qaydaya salmalı idi. Bu səbəblə də dini müvəkkilliklərin başçıları hökumətin güvəndiyi və inandığı şəxslərdən təyin edilirdi. Əksər hallarda bu vəzifəyə gətirilən şəxslər DTK-nın əməkdaşlarından təyin olunurdu. Müvəkkillik vasitəsilə xarici ölkələrdəki dini idarələrlə əlaqələr saxlanılır və nadir hallarda müsəlman ölkələrinə, yaxud da müqəddəs yerlərə zəvvarlar göndərilirdi. Sözügedən dövrdə müsəlmanların dini hüquqlarının tapdalanmasının dünya miqyasında ört-basdır edilməsində də müvəkkilliyin müstəsna xidməti vardı. Bundan başqa, ruhanilərin sosializm və kommunizm ruhunda “tərbiyələndirilməsinə” fikir verilməli, ruhanilərin dindarlar arasında hökmətin xeyrinə iş aparılmasına səylər göstərilməli idi. Müvəkkillik eyni zamanda, ölkədəki məscidlərin, ocaq və pirlərin fəaliyyətinə də göz qoymalı idi. O da faktdır ki, müharibədən sonra SSRİ-də islamın zəifləməsi həmin dövrdə dinə qarşı mübarizənin yeni mərhələsinin nəticəsi idi. Bütün dinlərin ictimai rolunun xalqa və elmə ziddi olması konsepsiyasından çıxış edən sovet hökuməti dinə, xüsusilə də ruhanilərin SSRİ-də qazanılmış uğurların zəhmətkeşlərin deyil, məhz allahın mərhəmətinin nəticəsi olması ideyasının təbliğatına qarşı mübarizədən heç vaxt əl çəkmədi. 1944-cü ildə Moskvada SSRİ hökuməti yanında Dini İbadət İşləri üzrə Şura ölkədə dünyəvi hakimiyyət və dini münasibətləri reqlamentləşdirmək vəzifəsi daşısa da, 1945-ci ilin martında verilən qərarla dini təşkilatlara və cəmiyyətlərə məhdud ölçüdə olsa da, təsərrüfat fəaliyyəti ilə məşğul olmağa, hətta banklarda öz hesablarını açmağa icazə verirdi. Bundan cəmi iki il sonra 1947-ci ildə isə SSRİ-nin bütün respublikalarına və regionlarına Dini İbadət İşləri Şurasının “İbadətxanaların açılması haqqında işlərin rəsmiləşdirilməsi barədə” məktubu göndərildi. Daha sonra bu işi mərkəzləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 1965-ci 8 dekabr tarixli qərarı ilə Rus Pravoslav Kilsəsi İşləri və Dini Ayin İşləri Şurasının əsasında SSRİ Nazirlər Soveti yanında Dini Ayin İşlər Şurası yaradıldı. Bunaqədərki dövrdə dini yoxlamaları KQB, Daxili İşlər Nazirliyi və təhlükəsizlik güclərinin həyata keçirdiyini nəzərə alsaq, sovet dövlətinin din haqqında siyasətini ardıcıl surətdə həyata keçirmək məqsədilə yaradılan Dini Ayin İşləri Şurasını rejimin din siyasətindəki ən böyük dəyişikliklərdən biri kimi xarakterizə etmək olar. Dinə nəzarətdə ən effektiv mübarizə üsulu kimi bütün din adamlarının və cəmiyyətlərinin qeydiyyata alınmasının və bu işin asanlaşdırılmasının tərəfdarı olan və öz fəaliyyətində güc strukturlarının köməyinə istinad edən Şura hər hansı dini fəaliyyət məqsədilə məscid və ya ibadət evinin açılmasını müxtəlif bəhanələrlə rədd edirdi. Məsələn, SSRİ Nazirlər Soveti yanında Dini Ayin Şurası o dövrdə mərkəz Bakıda Bala Dadaşov adına 19 nömrəli küçədə yerləşən binanın yenidən qurulduğunu və 1929-cu ildən baxça kimi istifadə olunduğunu, Osapyan küçəsindəki binanın isə radioqovşaq kimi istifadə edildiyini və bu üzdən də həmin müəsissələrin başqa yerə köçürülməsinin mümkünsüzlüyünü əsas gətirərək sözügedən ərazilərdə inanclı molokanların dua evlərinin açılması ilə bağlı ərizəsini açıq şəkildə rədd etmişdi. Ancaq bu kimi məsələlərdə dövlət və partiya qurumları arasında fikir ayrılıqları var idi. Moskvada yaradılan Şura bu dövrdə dini vəziyyətə dair əsas məlumatları hər dövlətin təyin olunmuş təmsilçiləri vasitəsilə əldə edirdi. Dövlətlərin din siyasətini müəyyənləşdirmək baxımından çox önəmli olan bu informasiyalar təmsilçilərə yerli dövlət orqanları tərəfindən ötürülürdü. Bundan başqa, Şuranın aldığı qərarların icra ediciləri də məhz onlar idi. Beləliklə, Dini Ayin İşləri Şurasının başlıca vəzifələrini aşağıdakı kimi sistemləşdirmək olar:
- Vətəndaşların vicdan azadlığını təmin edən SSRİ Konstitusiyasına və bütün ölkə ərazisində sovet qanunlarına riayət edilməsi, SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanları və SSRİ Nazirlər Sovetinin sərəncamlarının düzgün tətbiq edilməsi, dini təşkilatların fəaliyyəti haqqında sovet hökumətinə məlumat verilməsi, beynəlxalq əlaqələrin yaradılması Şuranın qarşısında qoyulmuş əsas vəzifələrdən biri idi.
- Sülh, xalqlararası dostluğun möhkəmləndirilməsi uğrunda mübarizədə dini təşkilatlara köməkliyin göstərilməsi də vacib işlərdən hesab edilirdi. Dindarların, ruhanilərin və dini təşkilatların loyallığının artırılması, onların sülh uğrunda mübarizə hərəkatında fəal iştirakının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində də Şura xeyli işlər görürdü. Azərbaycan müsəlmanları və ruhaniləri sözügedən dövrdə, xüsusilə də 1950-1960-cı illərdə ölkə daxilində və xaricində keçirilən konfranslarda fəal iştirak etmiş, sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyətinin vacibliyini müdafiə etmişdilər. Təbii ki, bu, onların ölkənin ictimai-siyasi sferasına çıxışında mühüm rol oynayan faktorlardan biri idi. Hətta o dövrdə Zaqafqaziya müsəlmanları sülhü müdafiə edənlərin ön sıralarında gedirdilər. O dövrün müftiləri dinə münasibətindən asılı olmayaraq bütün xeyirxah insanların birliyini sülh uğrunda mübarizənin ən başlıca vəzifələrindən biri hesab edirdilər. Dini təşkilatların və ruhanilərin bu ekumenist cəhdləri növbəti dövrlərdə getdikcə daha da artmağa başladı. O dövrdə ZMRİ-nin rəhbəri Əlizadə Axundağanın Hollandiyada indoneziyalıların müsəlmanlara qarşı hərbi hərəkatına radiodan etiraz çıxışı bunun bariz nümunəsidir. Hətta çox maraqlıdır ki, xüsusi Dini Şura çıxış mətnində Əlizadəyə Quran surələrindən istifadə edə etməsi ilə bağlı tapşırıq da vermişdi. SSRİ-də dinlərarası əməkdaşlığı şərtləndirən amillərdən biri də məhz müxtəlif dinlərə mənsub olan vətəndaşların mövqe birliyi idi. Belə ki, SSRİ-nin müsəlman təşkilatları dünyanın 100-ə qədər ölkəsinin dini təşklatları ilə əməkdaşlıq edirdilər. Din xadimlərinin tərkisilah uğrunda bu mübarizəsi 1970-ci illərdə daha kəskin hal almışdı.
- Dini Ayin İşlər Şurası həmçinin SSRİ vətəndaşlarının istədikləri dinə etiqad etmək və heç bir dinə etiqad etməmək, habelə din əleyhinə təbliğat aparmaq hüququnun təmin edilməsinə də nəzarət edirdi.
- Din haqqında qanunvericiliyin tətbiq edilməsi təcrübəsinin öyrənilməsi, din barəsində SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarının layihələrinin hazırlanması da fəaliyyət planının əsas istiqamətlərindən idi.
- Şura mərkəzi və yerli təşkilatlar, habelə vəzifəli şəxslərin dini ayinlər haqqında qanunvericiliyin düzgün tətbiq edilməsini yoxlamaq, nazirlik, idarə, təşkilat və yerli sovet orqanlarının təqdimatı əsasında dini təşkilatları qeydə almaq və qeydiyyatdan çıxarmaq, qanunların pozulmasına müqəssir olanların məsuliyyətə cəlb edilməsi haqqında məsələ qaldırmaq, dini təşkilatların fəaliyyəti barədə SSRİ hökumətinə məlumat vermək hüququna malik idi.
- Şura dini təşkilatlar və ruhanilər tərəfindən qanunvericiliyə əməl edilməsinə nail olur, müttəfiq respublikaların dini ayinlər haqqında qanunvericilik aktlarına öz münasibətini bildirir, nazirlik, idarə və başqa təşkilatlardan, habelə yerli sovet orqanlarından dinə aid olan məsələlər haqqında məlumat və materiallar alırdı.
- SSRİ hökumətinin iştirakı ilə tələb olunan məsələlər meydana çıxdıqda Şura sovet hökuməti ilə dini təşkilatlar arasında əlaqələri həyata keçirir, dini birləşmələri, ibadət evlərini və binalarını siyahıya alır, öz səlahiyyəti çərçivəsində SSRİ-də olan dini təşkilatların fəaliyyəti ilə bağlı olan digər məsələləri həll edirdi.
- Müttəfiq respublikaların Nazirlər Sovetləri, nazirlikləri, idarələr və başqa mərkəzi təşkilatlar, habelə yerli sovet orqanları dini təşkilatların fəaliyyətinə aid məsələlərlə əlaqədar olan tədbirlərini SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası və ya onun müttəfiq respublikalarda olan müvəkkillərinin idarəsi ilə razılaşdırırdılar.
- Şuranın müttəfiq respublikalarda, vilayətlərdə və muxtar respublikalarda olan müvəkkilləri də öz səlahiyyətlərinə uyğun olaraq fəaliyyət göstərdikləri ərazidə yuxarıda göstərilən vəzifələrini yerinə yetirirdilər.
Bundan başqa, Zaqafqaziya Müsəlmanları Ruhani idarəsi və Azərbaycan SSR-dəki digər dini birləşmələrin rəhbərləri hər hansı sualla bağlı Dini Ayin İşlər Şurasının səlahiyyətlisi qarşısında şəxsən özləri məsələ qaldırırdılar. Şura səlahiyyətlisi qarşısında məsələ qaldırmaq istəyən icmaların və inanclıların rəhbərlərinin qəbulunun qeydiyyatının aparılması da bu qurumun ciddi nəzarətində idi. Qeydiyyatdan sonra bütün qəbullar 2-3 gün ərzində sovetə göndərilir, onlardan ən önəmliləri barədə isə birbaşa Nazilər Sovetinə məlumat verilirdi.
(ardı var)