Hanau faciəsi: Ksenofobiya və irqçiliyin "dirçəliş"i - Ekspert Rəyi

22.02.2020

Fevralın 19-u gecə saatlarında Hessen federal əyalətinin Hanau şəhərində iki kafeyə silahlı basqın  olub.

 

Cənubi Hessen Polis İdarǝsinin yaydığı mǝlumatda qeyd olunub ki, hadisǝ yerli vaxtla saat 22.00-da baş verib.

 

Hücum nəticəsində 9 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlərin arasında 5 Türkiyə vətəndaşı olduğu bildirilir. Almaniyanın “Bild” qəzeti hadisəni törədənin radikal sağçı Tobias R. olduğunu yazıb. Almaniya polisi gecə hadisəni törədən Tobiasın Hanaudakı evində meyitini tapıb. Mənzildə onun bir etiraf məktubu və videosu tapılıb. Terrorçunun anasını öldürüb, sonra intihar etdiyi bildirilir.

 

Tobiasın məktubunda “Bəzi millətlər məhv edilməli və onlara Almaniya pasportu verilməməlidir” kimi qeydlər olub.  Hessen əyalətinin daxili işlər naziri Peter Beuth hadisəylə bağlı terror hücumu şübhəsiylə istintaq başladığını bildirib.

Hücum əksər alman media orqanları “terror hadiəsi” kimi xarakterizə edib.

 

Türkiyə XİN-in bəyanatında hadisənin Avropada artan irqçiliyin, ksenofobiyanın yeni və ağır təzahürü olduğunu bildirib:  “Bunlara fərdi hücum kimi baxmaq mümkün deyil. Avropada getdikcə artan ksenofobiya ilə mübarizədə göstərilən laqeyidlik hər gün yeni hücumların baş verməsinə səbəb olur. Artıq bu hücumları dayandırmağın vaxtı gəlib çatıb. Əks təqdirdə, irqçilik və ksenofobiya daha ciddi səviyyəyə çatacaq”.

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hadisəni "terrora bərabər zorakılıq aktı" adlandırıb. Almaniya Kansleri Angela Merkel də hadisə ilə bağlı açıqlama verib. 

 

Kansler dəhşətli olayın hərtərəfli aydınlaşdırılması, ortaya çıxarılması üçün bütün səylərdən istifadə ediləcəyini deyib. 

 

Merkel irqçiliyi pisləyib: “İrqçilik bir zəhərdir, həmçinin nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur. Biz vətəndaşlarımız arasında irqi və din arasında fərq qoymuruq”.

 

Almaniya daxili işlər naziri Horst Seehofer də Berlində keçiridiyi mətbuat konfransında radikal sağçı, antisemitizm və irqçilikdən qaynaqlanan təhlükənin böyük olduğunu dilə gətirib: “Hanaudakı hücum irqçi terror hücumudur” deyən Seehofer bunun Almaniyada bir neçə ayda baş verən üçüncü radikal sağçı terror hücumu olduğunu vurğulayıb. Nazir Almaniyada polis sayını artıracaqlarını, həssas məkanlara, xüsusilə də, məscidlərə daha güclü nəzarət edəcəklərini söyləyib.

 

Avropada  demokratiyanın paradoksu

 

Hadisəni şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlili Departamentinin müdiri, professor Tahirə Allahyarova bildirir ki, özlərini dünyaya liberal dəyərlərin simvolu, yüksək demokratik imicin daşıyıcıları kimi təqdim  edən Avropa ölkələrində    mürəkkəb   ziddiyyətlərlə yanaşı, paradoksal adlandırıla biləcək proseslər baş verir: “Bir tərəfdən, vaxtaşırı Azərbaycanda gedən ictimai-siyasi prosesləri “dəyərləndirən” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da olduğu məkanda demokratik dəyərlərin sistemli böhranı kritik həddə çatıb. Digər tərəfdən, “qoca qitəni” populizm dalğasının görünməmiş yüksəlişi, ifrat sağçı və solçu ideologiyalara sitayiş edən qüvvələr cənginə alıb”.

 

Tahirə Allahyarova qeyd edir ki, son illərdə Avropa regionunda, bütövlükdə Qərb məkanında ksenofobiya, islamofobiya və miqrantofobiya və irqçiliyin yüksələn xətt üzrə  artması, onun ictimai, siyasi və hüquqi aspektlərdə təzahürləri göz önündədir: “Hanau şəhərində silahlı hücum  Avropada ictimai-siyasi proseslərin başlıca trendinə çevrilmiş hadisələrin daha bir yeni  və ciddi təzahürüdür. Qətlə yetirilənlər arasında   5 Türkiyə vətəndaşı və bir Bolqarıstanın   vətəndaşının   olması başqa versiyalara yer qoymur. Avropanın siyasi elitaları tərəfindən idarə olunan liberal, sosial və s. demokratiyalar özünü qorumaq üçün son dövrlərdə ortaya çıxan problemlərə çox qaba və biganə şəkildə yanaşmaqla, cəmiyyətdəki müxtəliflikləri nəzərə almadığı üçün sosial tarazlıqlar və mədəni ritmlərin, etnik imalarla onillər boyu formalaşan ahəngi pozuldu. Gəlmə insanlara münasibətdə xoşgörü siyasətinin artıq sona çatdığı bəyan eildi".

 

Professor vurğulayır ki, dünyada liberal demokratiyanın forpostu sayılan Qərb ölkələrinin keçdiyi və dünyaya yaymaq istədikləri inqilablar: mədəni inqilab, “bazar” inqilabı və informasiya-kommunikasiya inqilabı bu gün bumeranq effekti  ilə həmin ölkələri hədəfə alıb: “Bütün cəmiyyətə eyni baxışı - demokratiyaya özünün lazım bildiyi baxışı təbliğ və ixrac  edən qlobal fəaliyyət müvafiq olaraq-multikullturalizmin iflasına, liberal fəlsəfəsin çökməsinə və hər kəsin total izlənməsi proseslərinə transformasiya edib. Bir növ “panoptikum” cəmiyyətlər formalaşıb. Gəlmələrə qarşı dözümsüzlük siyasi mübarizədə liderləin şüarlarına transformasiya edib, ifrat sağçı və ifrat solçu populizm “Qoca qitəni” ağuşuna alıb”.

 

 

Müsəlman icmaları dünyanın 120-dən çox ölkəsində mövcuddur. 35 ölkədə (Şimali Afrika və Qərbi Asiyada) onlarəhalinin 80 faizdən çoxunu, İndoneziya Hindistan, Pakistan və Banqladeşdə isə mütləq çoxluğu təşkil edirlər. Hazırda ABŞ-da müsəlmanların sayca yəhudiləri ötərək xristianlardan sonra ikinci icmaya çevrilməsi müşahidə edilir. İslam dininin Qərbi Avropaya cəmi bir neçə on il əvvəl gəlməsinə baxmayaraq, müsəlman icmalarının sayı burada sürətlə artmaqdadır. Təkcə Avropada Orta Asiyanın üç respublikasında yaşayan əhalinin ümumi sayından çox müsəlman məskunlaşmışdır. Dünya üzrə müsəlman icmaları faiz etibarilə ən çox Qərbi Avropada, xüsusilə Fransada, daha sonra isə Almaniyada yaşayır. 

 

Almaniyaya nəzər saldıqda, tədqiqatçıların qənaətinə görə, burada islamofobiya pik nöqtəsindədir. Müsəlmanlara qarşı şiddətin artdığını açıq şəkildə görmək mümkündür. “İslama qarşı mitinq və yürüşlər Almaniyadakı qədər heç bir ölkədə kütləvi miqyas almayıb”.29 “Almaniyada antiislam əhvalruhiyyə daha geniş və daha aşkar bəyan edilməyə başlayıb. Antiislamçı PEGIDA (Patriotische Europäer gegen Islamisierung des Abendlandes - PEGIDA) və ifrat sağçı (“Almaniya üçün Alternativ” və s.) hərəkatların formalaşması buna misaldır.

 

Onları Avropanın bütün regionlarında dəstəkləyən qrupların sayının çoxalması və davamlı yürüşlər keçirməsi də bu qəbildəndir. Ölkənin sağ radikalçı populist “Almaniya üçün Alternativ” təşkilatı miqrantlara qarşı düşmənçiliyi ilə fərqlənir.

 

2013-cü ildə Türk-Avropa Təhsil və Tədqiqiatlar Fondu (TAVAK) tərəfindən keçirilən sorğu nəticəsində məlum olmuşdur ki, Almaniyada doğulan türklər öz gələcəyini burada görməyərək Türkiyəyə qayıdırlar. Təkcə 2013-cü ildə 63 min türk geri dönmüşdür, onların sayı gündən-günə artmaqdadır.  

 

Bütövlükdə yaxın illərdə Avropada müsəlman əhalisinin daha da artacağı ölkələr sırasında aşağıdakılar göstərilir:

 

 

Bəzi tədqiqatlara görə,  “2050-ci il üçün dünyada müsəlmanların sayının xristianlarla bərabərləşəcəyi proqnozlaşdırılır. Müsəlmanlar yeganə dini icmadır ki, onların artımı ümumilikdə dünya əhalisinin artımını üstələyir. 2050-ci ildə Hindistan ən böyük müsəlman ölkəsi olacaq”.

 

Tahirə Allahyarova qeyd edir ki, kimlər üçünsə bu, ilk növbədə kapitalizmin yaxud qloballaşmanın, miqrasiyanın sosial-mədəni ziddiyyətləri kimi görünsə də, əslində baş verən  proses, islamofobiya və ksenofobiyanın yüksəlişləri Avropa demokratiyasının ziddiyyət və böhran yaşamasının təzahürləridir.

 

Cinayət və cəzasızlıq

 

Professor Almaniyada sağçı terror təhlükəsinin artmasına diqqət çəkir. Bildirir ki, ifrat sağçıların ölkə və region üçün yaratdığı ümumi təhdidlər Almaniyada aparılan son araşdırma və  hesabatlarda da aşkara çıxıb: “Siyasi və dini ekstremistlərə qarşı mübarizədə hüquq-mühafizə orqanları iki ciddi problemlə üzləşirlər: zorakı hərəkətlər barədə "planlarını" həyata keçirməyə   hazır olanlar kimlərdir  və bütün bunların arxasında onlara himayədarlıq edən kimdir? Alman xüsusi xidmət orqanları  sağçı ekstremistlər tərəfindən törədilən cinayətləri-siyasi motivli ifrat sağçı terror adlandırır. Bu cür cinayətlərə ilk növbədə xaricilərə, yəhudilərə, müsəlmanlara, siyasətçilərə və ya dövlət nümayəndələrinə qarşı zorakılıq daxildir. Almaniya Konstitusiyanın qorunması üzrə Federal İdarəsinin hazırladığı məruzəyə görə,   Almaniya Federativ Respublikasında 12 700 sağçı ekstremist  rəsmi olaraq "zorakılığa meyilli" sayılır. Təkcə 2019-cu ildə Bundesverdə 360 potensial sağçı ekstremist müəyyən edilib”.

 

Tahirə Allahyarova vurğulayır ki, ekstremist qüvvələr arasında ünsiyyət əsasən internetdə aparılır: “Virtual məkan ifrat sağçı qüvvələri səfərbər edən, onların hərəkətərini sürətləndirən bir növ katalizator rolunu oynayır. Federal Cinayət İşləri üzrə İdarənin  məlumatına görə, bu günə qədər Almaniyada 60-a yaxın şəxs hücumlara qədər sağçı ekstremist ideologiya uğrunda ağır zorakılıq cinayətləri etməyə hazırdır. 2012-ci ildən bəri bu niyyətdə olanların sayı beş dəfə artıb. Digər   məlumatlara görə, 2019-cu ilin oktyabrında Almaniyanın  Galle şəhərindəki  Sinaqoqda terror aktı həyata keçirməyə çalışan, bu yaxınlarda zərərsizləşdirilən  terrorçu "C qrupu"nun üzvləri  cinayətkar şəbəkə kimi, ən azı internet vasitəsi ilə radikallaşıb, səfərbər olublar”.

 

Professor bildirir ki, terror aktlarında şübhəli bilinənlərin günahını bəzən sübut etmək çətindir: “Bunun nə qədər çətin olacağına Bundesverdə xidmətdən məhrum olan bir əsgər - Franco A. ilə əlaqəli bir hadisə dəlalət edir. Beləliklə, son günlərdə nəzarətə alınan terrorizmə və yardımçı terrorçuluqda şübhəli bilinən on iki nəfərin son nəticədə ittiham olunacağına dair heç bir əminlik yoxdur. Hakimiyyət nifrət cinayətlərinə qarşı mübarizəni gücləndirmək istəyir. Ən azı, İnternetdəki nifrət cinayətlərinə görə cəza tezliklə sərtləşdiriləcəyi qeyd edilir. Müvafiq qanun layihəsi bu yaxınlarda Almaniya hökuməti tərəfindən təqdim edilib. Bundestaqdakı əksəriyyət tərəfindən dəstəklənərsə sosial şəbəkələrdə ifadə edilən qətl və ya təcavüz təhdidlərinə görə şəxslər bir ildən üç ilə qədər həbs cəzasına məhkum edilə bilər. Bu gün cəzanın maksimum müddət bir ildir. Yerli siyasətçilərə qarşı böhtan və düşmən ifadələri üçün cəza daha da sərtləşəcək: günahkarlar 5 il həbs cəzasına məhkum edilə bilər. Almaniya hakimiyyəti ümid edir ki, nifrət cinayətlərinə qarşı mübarizə,  Facebook və s.kimi İnternet nəhənglərinin öz platformalarındakı təhrikçilik və neonasist təbliğata qarşı   avtomatik tənzimləmə mexanizmi və məlumatlandırma  öhdəliyi ilə asanlaşa bilər”.

 

Tahirə Allahyarova qeyd edir ki, Avropa ölkələri daxili ziddiyyət və problemlərin həllindən diqqəti yayındırır, islamofob mühit formalaşdırmaqla onları arxa plana keçirir: “Demokratiyanın beşiyi hesab edilən Avropa ölkələrində qatı neofaşist, islamofob təşkilatların (Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar (PEGIDA) və ifrat sağçı partiyaların qeydiyyata alınması hüquqa zidd hesab edilməlidir. Avropa qanunvericiliyində “ifadə azadlığı”, “təhqir” və “cinayət” anlayışlarının mahiyyətinin dəqiqləşdirilməsi gündəmdə qalır. Belə ki, dinin müqəddəs simvollarının təhqir edilməsinin “ifadə azadlığı” adlandırılması və ya “qondarma soyqırımının inkarı”nın isə cinayət əməli sayılması kimi hüquqi kolliziya vəziyyəti ikili standartlara yol açır. İslamofobiyanın cinayət əməli kimi təsnif edilməsi yönündə hüquqi fəaliyyət həyata keçirilmir”.

 

Şəfanə İbrahimova

       stm.az