Qadına qarşı zorakılıq və patriarxal cəmiyyətlərdəki kişi dominantlıgının yaratdığı tablo

02.12.2019

Giriş. Cəmiyyətə və ailəyə təsir edən amillər çoxdur, hər təsiredici amil də hər yerdə, hər zaman eyni nəticəni vermir. Ailənin funksiyaları ölkədəki sosial vəziyyətdən, cəmiyyət qarşısında qoyulan başlıca məqsədlərdən irəli gələrək dəyişir. Sağlam ailə b

Ailə münaqişəsi və qadınlara qarşı məişət zorakılıqları qlobal problem kimi: 19 ölkədə aparılan tədqiqatlar aşkar etmişdir ki, ailə münaqişəsi və qadınlara qarşı məişət zorakılıqları nəticəsində meydana gələn depressiya və travmalardan sonra qazanılan stresslər ilə bağlı fəsadlar qadınların 1/3-nin psixi sağlamlığına təsir etmişdir. Bu rəqəm kişilər arasında 10 %-dir. Sosial amillər qadın sağlamlığının ən əsas müəyyənediciləridir. Ailədə baş verən hadisələr üzündən daimi stress keçirən qadınlar xəstələnirlər. Ümumiyyətlə, 80 faiz qadınlar səhiyyə xidmətlərindən vaxtında istifadə etmirlər, müalicə və dərman xərclərinə olan maddi imkansızlıq üzündən səhhətlərinə etinasız yanaşırlar. Qadınlara qarşı zorakılığın səbəb olduğu maliyyə xərcləri kifayət qədər yüksəkdir. Zərərin Avropa Şurasına üzv dövlətlərin hər birində 34 milyard avro olduğu müəyyənləşdirilmişdir. Bu da adambaşına 555 avro deməkdir.

            

Ailə münaqişəsi və məişət zorakılğı yaradan səbəblər: Qadınlara qarşı zorakılığa müxtəlif yaşda olan və fərqli mənşələrə məxsus qadınlar məruz qalır. Lakin onlardan bəziləri buna xüsusilə həssasdırlar. O, dözümsüzlük və inkar mədəniyyəti ilə yaşadılır. Bu zorakılığın səbəbi cəmiyyətdə qadınlar və kişilərin qeyri-bərabər gücə sahib olmasıdır və o, məhz həmin qeyri-bərabərliyin nəticəsi olaraq meydana gəlir. Qadınlara qarşı qüvvələrin qeyri-bərabərliyindən irəli gələn rəftarlar onları zorakılıq halları ilə qarşı-qarşıya qoyur. Şikayətlərə yetərincə baxılmaması, məhkəmə təqibi və sanksiya tətbiq etmə kimi məsələlərdə uğursuzluqlar, bəzi işlərin məhkəməyə qədər getməməsi, getsə belə zorakılıq edən şəxslərin layiqli cəzayə almaması, istintaq və məhkəmə prosesləri zamanı qurbanlara qarşı həssaslığın olmaması onların yenidən zorakılıq qurbanlarına çevrilməsilə səbəb yaratmaqdadır. Bu isə qadınları zorakılıqdan şikayət etməkdən çəkindirir.

 

Ailə münaqişəsi və məişət zorakılğı yaradan səbəblər qismində aşağıdakıları qeyd etmək olar:

 

  • Ailədaxili münasibətlər bir damın altında, bir neçə adamın ünsiyyəti çərçivəsində baş verməsinə baxmayaraq, burada formalaşmış fikir və dünyagörüşünün tək ailə üzvlərinə deyil, bütöv cəmiyyətə zərər və ya xeyir gətirə bilmək qüvvəsinə malik olması;
  • ailədaxili münaqişənin mənfi sosial nəticələrinin nəinki ailə üzvlərinə, həm də yaxın qohumlara, dostlara da təsir etməsi və bu münasibətlərin dramatik həddə çatması, istər qadın, istər kişinin qətil törətməsi və bu vəziyyətə dözməyən uşağın intihar etməsi;
  • zorakılıq və zorlama halları faktiki baş versə də, zərərçəkənlərin şikayəti rəsmiləşdirməməsi və bu səbəblə də zorlama hallarının qeydə alınması səviyyəsinin aşağı olması;
  • ailədə ərin və arvadın xəstəliyi nəticəsində uşaq doğulmaması və cinsi həyatın qeyri-mümkünlüyünün ixtilaflar törədməsi;
  • ailə üzvləri arasında münasibətlərin pozulmasına ailə üzvlərinin nəinki maddi, həm də mənəvi tələbatlarının ödənilib ödənilməməsi məsələsinin də təsir göstərməsi;
  • tələbatların ödənilməməsinin insanda aqressivlik, qəddarlıq kimi mənfi keyfiyyətlərin yaranmasına səbəb olması;
  • boşanmaların ən ciddi səbəbi olan intim münasibətin pozulması faktorunun başqa faktorlarla pərdələnmiş olması;
  • ailəyə kənar müdaxilə hesab edilən, qaynana, qayınatanın təsiri və o cümlədən nəsillər arasında münasibət pozuntuları;
  • kompromis hissinin olmaması və ailədə heç kim bir-birinə güzəşt etmək istəməməsi, ər arvadının xasiyyətini, arvad isə ərinin xasiyyətini düzəltməyə çalışması;
  • iqtisadi-sosial sıxıntılardan yaranan problemlər və mentalitetlə bağlı problemlərin insanlarda psixoloji sıxıntılara səbəb olması;
  • ictimai fikir əsasında ailə zorakılığına qarşı çıxış edən qadın və qızların ləyaqətlərinin alçaldığını açıb göstərməklə ədəb qaydalarını pozmuş olması;
  • ailədə təhqirlərə səssizcə dözməyin qadının ləyaqəti kimi qiymətləndirilməsi;
  • qadının, kişinin həddini aşan davranışı haqqında susmağı və danışmamağı üstün tutması;
  • ailə zorakılığının ekstremal xarakter almayıncaya qədər ailənin daxili münasibətlərinin ailə sirri kimi hər cəhdlə gizlədilməsi;
  • qadınlara qarşı zorakılığın şəxsi məsələ olaraq qəbul edilməsi və bir çox qadının bunu ətrafa bildirmək istəməməsi, şikayət etmək istədikdə isə öz ailələri tərəfindən bu fikirdən daşındırılması;
  • zorakılığın cəmiyyətdə qadınlar və kişilər arasında mövcud olan bərabərsizliklə dərindən bağlı olması;
  • ailədaxili münaqişələrin təzahür forması kimi özünü göstərən boşanma halına çox vaxt böhrandan çıxış yolu kimi baxılması;
  • boşanmaların sayının artmasına yol açan səbəblərdən biri də boşanmanın mümkünlüyü barədə cəmiyyətdə mövcud olan fikirlərin çox təbliğ edilməsi;
  • əvvəllər uşağın mövcudluğu ailənin dağılmasına bir sipər idisə, indi uşağın olub-olmamasının boşanmaya maneə hesab edilməməsi;
  • nikahsız yaşamağın və nikah yaşına çatmamış qızların evliliyinin olduqca böyük problemlərə yol açması;
  • qızların erkən yaşda həddən artıq yüklənmiş analara ev işində kömək etməkdə əsas mənbə sayılmasının onların təhsilə cəlb olunmasına, davamiyyət və dərs oxumasına təsir etməsi;
  • ailənin maliyyə çətinliyi daha çox qızlara təsir göstərir və ailələrin öz məhdud ehtiyatlarını qızlara sərf etmək istəmirlər. Çünki qızlar ərə gedib başqa ailəyə köçəcəklər, oxusalar da əri işləməyə qoymayacaq deyə oxutmaq istəməməsi;
  • qadınların haqqı ödənilən işdə və sonra ev işlərini görərək fiziki əməyə qatlanmaları və qadınların emosional təhqirlər və etimadsızlıq, eləcə də seksual və fiziki zorakılıq halları, şiddət qarşısında gücsüz olmaları;
  • qadınların iş tapmaq və ya iş yerini qorumaq məqamlarında əxlaqi olmayan təhlükələr qarşısında daha çox zəif olması;
  • istismar məqsədilə qadınların yaxın ölkələrə səfərlər etməsi ilə bağlı faktların olması, qadın alverinin artmasının xüsusən narahatlıq doğurması;
  • zorakılıq faktı ilə işləyən psixоlоqlar, sosial işçilər, hüquqşünaslar və digərlərinin qeyri-peşəkarlığı və səriştəsizliyi;
  • zorakılığa məruz qalmış və ya buna məruz qala biləcək potensial namizədlərin təklif оlunmuş maarifləndirmə işlərinin üsul və formalarını qəbul etməməsi;
  • maarifləndirmə kampaniyalarına qarşı ailə üzvlərinin, xüsusən də kişilərin narazılıqları və buna qarşı çıxmaları.

 

 

Ailədə məişət zorakılığı hallarının artması qadınları böyük təhlükə altına qoyur. Zorakılıq ya boşanma, ya da faciəvi ölümlə nəticələnir.

 

Bunlar üçün aşağıda  göstərilən təkliflər məsələnin həllində istiqaəmətləndirici rol oynaya bilər;

 

  • zorakılğa məruz qalan qadınlar və uşaqlar üçün şəhərlərdə və zonalarda, hüquqşünas, həkim, psixoloq və sosioloqların da cəlb edildiyi tam təhcizatlı dövlət sığınacaqlarının yaradılması;
  • zorakılığa məruz qalan qadınların polisə şikayət verəndən sonra dövlət sığınacağına cəlb edilərək ödənişsiz müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
  • bölgələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən zərər çəkmiş şəxslər üçün ödənişsiz dövlət yardım mərkəzlərinin təşkil olunması;
  • yadım mərkəzlərində zərər çəkmişə hüquqi və tibbi yardım göstərilməsi, zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərilməsi, onlar üçün psixoloji reabilitasiya kursu təşkil edilməsi;
  •  məqsədəuyğun olduğu halda, bir sıra müdafiə və yardım xidmətlərinin eyni binada yerləşdirilməsi, bu binada zərərçəkmiş uşaqlar da daxil olmaqla müdafiəyə daha çox ehtiyacı olan şəxslərin xüsusi ehtiyaclarının qarşılanmasının təmin edilməsi;
  • yardım mərkəzlərinin zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərməsi;
  • qadınlara qarşı zorakılıq sahəsində qanunlar hazırlamaq və onların beynəlxalq standartları ən yüksək dərəcədə əks etdirməsini təmin etmək;
  • zorakılığın qurbanı olanlara daha həssas münasibət bəslənilməsi və hüquqi, səhiyyə və sosial sistemlər tərəfindən dəstəklənməsi;
  • qadınlara qarşı baş vermiş zorakılıq halları haqqında dövlət səviyyəsində sistematik məlumatların toplanması ilə bağlı əsasnamənin hazırlanması arzu edilir;
  • qeyri-zorakılıq mədəniyyətinin məktəbdən başlanaraq təlqin edilməsi;
  • zorakılıq qurbanlarına yardım edən xidmət qurumlarına lazımi resursların ayrılmasının təminin arzu edilməsi;
  • cəmiyyətin fikrinə təsir edə bilən şəxslər olaraq parlament üzvləri mentalitetlərin təkamülünə töhfə verə biləcək imtiyazlı mövqeyə sahib olduqlarından onların mətbuat vasitələri də daxil olmaqla ictimaiyyət arasında qadınlara qarşı zorakılığı pisləmək və inkar etmək məqsədilə güclü mövqe nümayiş etdirmələrinin arzu edilməsi;
  • zorakılığa məruz qadın qurbanlarının səlahiyyətlərinin genişləndirilməsi və onların iqtisadi müstəqilliyinə yönəlməsinin təmini;
  • ailə həyatına hazırlıqla bağlı xüsusi tədris proqramlarının hazırlanması;
  • qızlar üçün pulsuz təhsil verən xüsusi məktəblərin açılması;
  • qızlar üçün tələbə yataqxanalarının inşa edilməsi, səhiyyə xidmətinin, vacib olan stomatoloji xidmətin əlçatan və pulsuz olması;
  • özəl sektorun daha geniş inkişaf etdirilməsi və kişilərin atalıq qayğısını yetərincə yerinə yetirmək üçün həvəsləndirilməsi və dəstək alması;
  • qadınlara qarşı zorakılığın tamamilə aradan qaldırılması məsələsinin partiyalarının siyasi proqramlarına daxil edilməsi üçün fəaliyyətin təşkili;
  • ailənin "ailə-xoşbəxtlik ocağıdır, ər-arvadın bir birinə dayanmasıdır" kimi təbliğ edilməsi;
  • ictimaiyyət qarşısında edilən çıxışlarda qadınlara qarşı zorakılığın köklü surətdə aradan qaldırılması məsələsinə toxunulması;
  • qadın və kişinin bir fərd və ailə kimi iş ilə uşaqlarının tərbiyə məsələlərini tarazlamaqda ən yaxşı seçim imkanına malik olması;
  • qadın sağlamlığının əsas diqqəti hamiləlik və körpə sağlamlığı üzərində qurulduğundan bütün yaş hədlərində qadınlara dövlət və özəl xəstəxanalarda ödənişsiz tibbi xidmətin verilməsinin arzu edilməsi;
  • ictimai rəyə təsir etmək imkanına malik olan digər şəxslərin, məsələn, jurnalistlərin, yazıçıların, şou-biznes nümayəndələrinin də iştirakı ilə qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi;
  • ailənin demokratik siyasətin mərkəz obyekti kimi, həmin siyasəti müəyyən edən şərtlər içərisində dərindən tədqiq etməsi;
  • qadınlar üçün qadın hüquqlarını izah edə biləcək məsləhətlərin verilməsi və həmin hüquqların məhz qadınlar tərəfindən müdafiə olunması üçün gərəkli оlan biliklərin təlqin edilməsi tövsiyəsi ilə ictimai hüquq məsləhətxanalarına müraciət edilməsi;
  • zorakılığın mahiyyəti, növləri və formaları, о cümlədən zorakılığın neqativ fəsadları haqda məlumatı özündə ehtiva edən müxtəlif cür bukletlər, plakatlar və vərəqələr  hazırlamaq,  ictimai yerlərdə, dövlət və qeyri-hökumət strukturlarında və digər təşkilatlarda yaymaq;
  • insan hüquqlarının Ümumi Deklarasiyasında, "Qadınlarla münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi haqqında" Konvensiyada və müxtəlif beynəlxalq tədbirlərdə qəbul olunmuş qadın hüquqları üzrə beynəlxalq sənədlərdə zorakılıq əleyhinə öz əksini tapmış məqamları toplamaq, artırmaq və müxtəlif sosial təbəqələrdən olan qadınlar arasında paylamaq;
  • qadın hüquqlarının effektiv müdafiəsinin təmin olunmasına dair ödənişsiz təlim proqramları təşkil etmək və bu yolla onların şəxsiyyət kimi inkişafına, qadının özünüdərkinə, özünəinam, iradə və gücün tapmasına nail olmaq.

 

Son dövrlərdə məişət zorakılığı zəminində cinayyətlərin artması bu sahədə problemlərin mövcudluğuna dəlalət edir.                                                                                  

 

Əfqan Vəliyev

İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.