İnformasiyanın əlçatanlığı günümüzdə vacib amilə çevrilib. Onlayn media, sosial şəbəkələr informasiyanın operativ çatdırılması baxımından üstünlük qazanır. Ancaq bu üstünlük istəyi özü ilə birlikdə həm də mənfi məqamlar gətirir. İnformasiya yayımı sərhəd tanımır, zərərli informasiyalar da cəmiyyətə tez çatır və mənfi nəticələrə səbəb ola bilir. Bu baxımdan KİV- lər üzərinə böyük məsuliyyət düşür.
KİV-in çeşidinin və sayının artması ictimai diqqət, auditoriya, reytinq uğrunda çox böyük rəqabət yaradıb. Bu rəqabət kontekstində peşəkarlığın aşağı düşməsi, peşə-davranış qaydalarının, qanunvericiliyin tələblərinə göz yumulması halları müşahidə olunur. Xəbər jurnalistikası, hətta analitika sahəsində belə şoulara xas cəhətlər ön plana çıxır.
Bəzən jurnalistlər öz fəaliyyətlərində ictimai məsuliyyəti anlamır və ya reytinq naminə peşəkarlığı qurban verirlər. Xüsusilə, kriminal olayların işıqlandırılması zamanı bu cür məqamlar üzə çıxır. Əlbəttə, məsələ bu cür hadisələrin necə işıqlandırılmasıdır. Bəzi hallarda jurnalistlər bu cür hadisələrin təbliğatçısına çevrilirlər.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloq İnqilab Şahbazov bildirir ki, Azərbaycanda media orqanları kriminal olayların işıqlandırılmasında çox böyük xətalara yol verirlər:
“Bu cür hadisələrin ana səhifədə, böyük şriftlərlə, təsvirlərlə verilməsi insanlarda qorxu, vahimə yaradır. Nəzərə almaq lazımdır ki, internetə azyaşlı uşaqlar da daxil olur və onlar belə təqdimatı görüb təsirlənə bilərlər. Cinayəti təsvir edən detallara geniş yer verilir. Bu cür xəbərlər o qədər çox yayımlanır ki, istər-istəməz şüuraltına təsir edir, insanlar üçün bu cür cinayətlər adiləşir. Xüsusilə, valideyn qayğısından mərhum, yaxşı təhsil, tərbiyə almamış insanların cinayətkarlığa meyli arta bilər. Bu cür məlumatları davamlı şəkildə alan insanlar şiddətə, cinayətə meyilli olurlar”.
Sosioloq mediada qanuni oğrularla bağlı xəbərlərin, kriminal aləmin insanlarının bəzən qəhrəman kimi təqdim edildiyini bildirir: “Qanuni oğrularla bağlı xəbərlər elə formada təqdim olunur ki, yeniyetmələr, gənclər o insanları nümunəvi, müsbət insan kimi qəbul edirlər. Onların dəbdəbəli həyat yaşadığı, hörmət sahibi olduğu göstərilir. Təbii ki, bu da çayxanalarda, məktəbdə sinif söhbətlərində, küçələrdə yayılır. Müxtəlif psixoloq və sosioloqlarla apardığım müsahibələr zamanı bu qənaətə gəldik ki, mediada qanuni oğrularla bağlı məlumatlar insanların, xüsusilə, yeniyetmələrin düşüncəsinə birbaşa təsir edir. Onlarla işləyən zaman mütəxəssislər müşahidə ediblər ki, həmin insanlara onlarda necə rəğbət yaranıb”.
İnqilab Şahbazov qeyd edir ki, media belə hadisələri işıqlandırarkən müəyyən nüansları nəzərə almalıdır: “Hər bir ölkədə qəddar cinayət hadisələri baş verir. Peşəkar media bu hadisələri detallarıyla, sensasion formada təqdim etməməlidir. Bu cür xəbərlər ana səhifədə verilsə belə, fotoların verilməməyi məqsədəuyğundur. Yazıda daha ümumi sözlərdən istifadə edilməlidir, cinayətin bütün detalları təsvir edilməməlidir”.
Psixoloq Aidə Nəbiyeva da hesab edir ki, kriminal olayların mediada detallı təsviri insanların psixikasına təsir edir: “Mediada cinayət, intihar hadisələri çox geniş, detallı təsvir olunur. Təbii ki, bunun mənfi təsirləri var. İnsanlara tərbiyəedici deyil, əksinə neqativ təsir göstərir. Bu cür hadisələri oxuyan aqressiv insanlar oxşar hadisələri törədib, qisas almağa meyilli olurlar. Onların altşüurunda aqressiya yaranır. Stress halına düşəndə çıxış yolu axtarmaq istəmir, bu neqativ hadisələrdəki gördüyü üsullardan istifadə edirlər. Digər tərəfədən fotoqrafik təsir də var. Adətən bu cür olaylar qan, silah, ölümlə bağlı fotolarla təqdim edilir ki, bu da insanlara neqativ təsirini göstərir”.
Psixoloq Rafik Allahverdiyev bildirir ki, informasiyanı təqdim etmək jurnalistin işi olsa da, burada da müəyyən həddi gözləmək lazımdır. Elə xəbər ola bilər ki, onun yanlış formada təqdim edilməsi və xəbərin oxunaqlı olması üçün ətraflı təqdimatı insanların kütləvi şəkildə psixoloji durumuna mənfi təsir edə bilər: “Hətta intihar xəbərini belə təqdim edəndə o olayda hansısa pozitiv nöqtə varsa, xəbərdə bu amil qabardılmalıdır. Məsələn, intihar edən şəxsin özünü binadan atmasına cəhdi yox, bu intiharın aradan qaldırılması xəbərdə, başlıqda qabardılmalıdır. Bəzən başlıq belə insanlarda psixoloji travmaya səbəb olacaq səviyyədə qoyulur. Yəni artıq insanlar şantaj, ajiotaş xarakterli materialları oxumasınlar. Məntiqli informasiyalara söykənən yazıları oxumaq lazımdır və media da bu istiqamətdə çalışmalıdır ki, xəbər təqdimatı düzgün olsun”.
"Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masada Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bildirib ki, kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir. Buna görə də, kriminal xəbərlərin yayımlanması ilə gizli cinayətlərin sayı çoxalmağa başlayır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır.
O qeyd edib ki, kriminal xəbərlərdə cinayətkarlar qəhrəman kimi təqdim olunur. Cinayətkarların romantikcəsinə təbliğ olunması nəticəsində cəmiyyətdə yeniyetmələrin hüquqi prosesə qoşulmasında əngəllər yaranır: "Kriminal xəbərlərin fonunda ən qorxulusu hüquq-mühafizə orqanları əməkdaşlarının düşmən obrazının yaradılmasıdır. Eyni zamanda, informasiyalar şişirdilir, cəmiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırıq?!"
Media ekspertləri hesab edirlər ki, davamlı olaraq hər hansı bir sayt yalnız ölüm xəbərlərini paylaşırsa bu, cəmiyyətdəki real vəziyyəti əks etdirə bilməz. Elə etmək lazımdır ki, bu xəbərlər cəmiyyətdəki bütün informasiyaları əhatə edən xəbərlər kateqoriyasında olsun və ictimai əhəmiyyət daşısın. O xəbərlər ictimai əhəmiyyət daşıyır ki, orada ya ölüm səbəbləri mübahisəlidir, ya ölümə təhrik və təşviq edilən məqamlarda kimlərsə suçludur. Bunlar hadisə kimi də önəm daşıyır.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.11-ci maddəsində göstərilir ki, jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.
Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.
Zorakılığın qurbanları və vurduğu ziyan barəsində material hazırlayarkən ehtiyatlı olmaq lazımdır. Sensasion xəbərin təcili verilməsi fikri əksər hallarda ziyanverici olur. Belə hallarda jurnalistlər özlərinə bir neçə sual verməlidirlər; bu qan şəkilləri zorakılığı həddindən artıq əks etdirmirmi?, mən kiminsə yarasını təzələyə bilərəmmi?, gördüklərim mənə ağır təsir edibmi?, jurnalistlər öz xəbərlərində əsas məqamları qurban verməmək şərti ilə emosional , balanslaşdırılmış məqalə hazırlamalıdırlar.
Cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai xadim olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar törədibsə, ictimai maraq kəsb etmədikdə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır. Cinayətdə şübhəli bilinən şəxsin tam adı və şəklinin dərci yalnız o hallarda mümkündür ki, bu, cinayətin açılmasına kömək edə bilər və ya həmin adam artıq həbs olunub, yaxud da törədilən cinayətlə onun tutduğu vəzifə arasında əlaqə var.
Ümumi şəkildə desək, jurnalist öz vəzifəsini yerinə yetirərkən insan hüquqlarını və etik davranış qaydalarını nəzərə almalıdır. Amma çox təəssüflər ki, jurnalistikanın bu qızıl qanununun pozulması hallarına tez-tez rast gəlirik. Jurnalistlər bilavasitə ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Demokratik cəmiyyətdə mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq.
Etik jurnalistikaya təhlükələr külli miqdardadır- zorakılıq, hədsiz kommersiyalaşma, cəmləşmə, sənaye ixtisarları və s. Bütün bunlara baxmayaraq, media yalnız ictimai dəyərlər və həmrəyliyə əsaslanaraq cəmiyyətin xeyrinə işləyə bilər.
Şəfanə İbrahimova
stm.az