Fevralın 9-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Təbliğat-təşviqat kampaniyasına isə yanvar ayının 17-dən start verilib.
Seçki prosesində namizədlər və siyasi partiyalar tərəfindən müasir seçki texnologiyalarından istifadə mühüm rol oynayır. Müasir seçki texnologiyalarının əsasını İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) təşkil edir.
Təbliğat-təşviqat kampaniyasının əsasını siyasi partiyanın və ya namizədliyini irəli sürmüş şəxsin fikirlərini, platformasını, mesajını seçiciyə çatdırmaq təşkil edir, hazırkı seçki kampaniyaları 10-20 il öncəsinin seçki kapmaniyalarından xeyli fərqlənir. Bu fərqliliyin əsas səbəblərindən biri, bəlkə də birincisi müasir texnologiyaların inkişafı və yeni-yeni ünsiyyət vasitələrinin insanların həyatlarına daxil olmasıdır.
70-ci illərin seçki kampaniyalarında ən təsirli və həlledici rola malik elektron vasitə televizor və radio idi. Son 20 ildə kompüter texnologiyalarının inkişafı, internet, mobil telefon kimi yeni ünsiyyət vasitələrinin təşəkkülü və insanlar tərəfindən kütləvi istifadəsi seçki kompaniyalarında onlardan aktiv istifadə zərurəti yaratdı.
Seçki texnoloqları seçki prosesində müasir texnologiyaları bir neçə yolla tətbiq edirlər: bloqlar, videolar, elektron məktublar, sosial şəbəkələr, web saytlar, mobil ptoqramlar və s.
Mütəxəssislər bildirirlər ki, namizədlərin tanıtımında ənənəvi metodların yerinə, rəqəmsal texnologiyalar aktiv şəkildə istifadə daha yaxşı nəticə verir.
"Internet World Stats”ın məlumatına görə, Azərbaycanda 8 milyona yaxın internet istifadəçisi var. Sosial şəbəkələrdən isə "Facebook"da daha çox aktivlik müşahidə olunur. Ölkəmizdə bu sosial şəbəkədən istifadə edənlərin sayı iki milyona yaxındır. Bu baxımdan geniş auditoriyaya çatmaq istəyən namizədlərin onlayn platformalardan istifadəsi zəruridir.
Əvvəllər daha çox insanı bir meydana toplamaq hədəfi vardısa, artıq hazırlanmış bir video saniyələr içərisində milyonlarla insana çatıb fikirlərə təsir edə bilir.
Özəlliklə ABŞ-da bu texnologiyalar sıx şəkildə istifadə olunur. Televiziya kampaniyalarına ikiqat pul xərclənsə də, onlayn kampaniyaların daha çox təsir gücünə malik olduğu müəyyən edilib.
Bəs seçki kampaniyalarında müasir texnologiyalardan necə faydalanmaq lazımdır?
Mütəxəssislər bildirirlər ki, bütün tədbirlər bir-birini tamamlamalıdır. Fiziki bir aktivlik rəqəmsal dəstəklə bütünləşməlidir. Görüşlər zamanı seçicilərin namizədin həm də onlayn platformalarına yönləndirilməsi kampaniyanın effektini artırır. Kampaniya büdcəsi hazırlanarkən elastiklik təmin olunmalı, ölçülə bilinməyən xərclərdən qaçılmalıdır. Diqqət çəkməyən bütün rəqəmsal kampaniyalar ləğv edilib, daha təsirlisiylə əvəz edilməlidir.
Virtual aləmdə “landing page” kimi ifadə olunan hədəf səhifələr hazırlanmalıdır. Bu səhifələrdə ziyarətçilərdən rəy almaq üçün müxtəlif formalar hazırlanmalı, onların baxışları məlumat toplama metodları ilə təhlil edilib seçicinin mövcud duyğu analizi edilməlidir. Beləliklə, bu cür üsullarla istifadəçilərin partiyaya və ya namizədə olan münasibəti dəqiq bir şəkildə rəqəmsal məlumata çevrilə bilir.
İstifadəçinin harada yaşadığı kampaniyaların hədəf kütləsiylə bağlı olmasını təmin etmək və auditoriyanı seqmentlərə ayırmaq üçün vacib məqamlardandır. Yer hədəfləmə seçimiylə namizədin xidmətinə gerçəkdən ehtiyac duydulduğu insanlarla əlaqə qurula bilər.
Yenidən hədəfləmə üsulundan istifadə edərək insanların namizədi, partiyanı xatırlamağını təmin etmək olar.
Texniki hədəfləmə hədəf auditoriyasına necə yaxınlaşmağı və reklam fəaliyyətlərini istifadəçinin mövcud istifadə vəziyyətinə uyğun idarə etməyə imkan verir. Texniki hədəfləmədən istifadə edərək, kampaniyaların texniki xüsusiyyətlərini (brauzerlər, ekranın təsvir imkanları, cihaz xüsusiyyətləri və s.) müəyyən etmək mümkündür.
Zaman hədəfləmə ilə reklamları yalnız hədəf kütləyə çatma və təsir imkanı yüksək olan günlərdə istifadə edəcək bir şəkildə tənzimləmək olar. Kampaniyanın yalnızca günün aktiv saatlarında minimum büdcəylə maksimum təsir yaratmaq imkanı var.
Seçki prosesində də müasir texnologiyaların istifadəsi zəruridir. Seçkilərin baş tutması bu prosesdə iştirak edənlərin faiz dərəcələrinin yetərincə olması və nəticələrin keçərli olması ilə xarakterizə olunur. Seçicilərin artıq vaxt itirmələrini, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə aldıqda, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır. Müasir cəmiyyətdə əsas məqsəd bütün prosesləri daha sadə, daha sərfəli etməkdir. Daha səmərəli, daha inamlı bir seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə ehtiyac yaranır. Seçkilərdə İKT-nın tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, Azərbaycanda keçirilən seçkilərdə texnologiyalardan səmərəli şəkildə istifadə olunur. O, bildirir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan “Seçkilər” İnformasiya Sistemi özünü doğruldub: “Seçkilərin avtomatlaşdırılması, virtual müşahidələrin aparılması, mərkəzi seçki administrasiyası ilə dairə seçki komissiyaları arasında kommunikasiyanın qurulması, seçki məntəqələrində veb-kameraların quraşdırılması kimi texnoloji yeniliklərdən səmərəli istifadə olunur. Artıq bu sahədə oturuşmuş sistem formalaşıb”.
O. Gündüz qeyd edir ki, seçki prosesində texnologiyalardan istifadə şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayır: “Veb-kameraların quraşdırılması seçkiyə müdaxilələrin qarşısını alır. Təcrübə təsdiqləyir ki, texnologiyanın tətbiqi seçki administrasiyasının işini xeyli asanlaşdırır və seçkilərin daha şəffaf və ədalətli keçirilməsində mühüm rol oynayır”.
İnkişaf edən texnologiyalarla birlikdə, 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə (e-səsvermə) sisteminin tətbiqinə başlanılıb. E-səsvermə – səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir. Elektron seçki dedikdə isə, seçici səslərinin qeydiyyatını və hesablanmasını həyata keçirən sürətli səssayma imkanına malik olan texnoloji sistem başa düşülür. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermədir. Yəni səslərin seçki prosesi keçirilən məkanda aparılmasını nəzərdə tutur. İkincisi isə, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda internet texnologiyalarının istifadəsinə əsaslanıb həyata keçirilən elektron seçki sistemidir.
Elmi mənbələrdə İKT-nin tətbiqi ilə səsvermə formalarına dair müxtəlif yanaşmalar var. Əsasən onlayn olaraq keçirilən səsverməni ifadə etmək üçün 2 termindən, e-səsvermə və internet səsvermə terminlərindən istifadə olunur E-səsvermə termini daha geniş mənada istifadə olunsa da, internet səsvermə onun formalarından yalnız biri kimi göstərilir. E-səsvermə sistemi səsvermənin gizliliyi, fərdi məlumatların qorunması və şəffaflığın təmin olunması baxımından e-demokratiyanın ən mühüm tətbiqlərindən biridir. Bununla belə, demokratik prinsiplər nəzərə alınaraq e-səsvermənin keçirilmə prosedurları və onun təhlükəsizliyənə dair məsələlər hələ də müzakirə olunmaqdadır. Siyasi arenada səsvermə prosesində şəffaflığın təmin olunması, səslərin demokratik prinsiplərə uyğun hesablanması, namizədlərin və seçicilərin konstitusyon hüquqlarının qorunması ən mühüm məsələlər kimi ön plana çıxır. E-səsvermə siseminin tətbiqinin üstünlüklərinə baxmayaraq, bu proses bir sıra sosial, hüquqi və texniki problemlərlə müşayət olunur. Onların sırasında seçici mərkəzlərinə bərarbər çıxış imkanı, məxfiliyin təmin oluması, müdaxilələrə qarşı mübarizə, təhdidlərin qiymətləndirilməsi məlumatın yoxlama, dəyişdirmə və digər proseduraların təsdiqlənməsi, universal təsdiqləmə, səsvermə hüququ, bir seçici və bir səs prinsipinin qorunması, xətalara qarşı dayanıqlılıq və s. göstərmək olar.
Şəfanə İbrahimova
stm.az