Torpaqların şoranlaşmasının qarşısını necə alaq? - RƏY

23.01.2020

Torpaqların şoranlaşmasının qarşısını necə alaq?

 

Torpaq yerin üst münbit qatı olub, aqrar sahənin əsas istehsal vasitəsidir. Azərbaycanın təbii iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan versə də, torpaq fondunun 52.4 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəri rütubət çatışmayan quraq zonaya aid olduğundan suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil.

 

Kənd təsərrüfatl məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Xüsusilə, torpağın münbitliyinin qorunması və ondan səmərəli istifadə kənd təsərrüfatının inkişafı üçün çox önəmlidir.

 

Bu baxımdan ölkədə aqrar sahənin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarında, müvafiq qanunvericilik aktlarında torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsiylə bağlı zəruri olan bir tədbirlər nəzərdə tutulub və icra olunmaqdadır.

 

Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun şaxələndirilməsi digər sahələrlə yanaşı, aqrar sektorun da inkişafını prioritet məsələ kimi şərtləndirib. İqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, ən başlıcası isə əhalinin strateji kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini həll etmək kimi mühüm vəzifələr aqrar sahənin inkişafında önəmli rol oynayan təbii komponentlərdən (torpaq, su, hava) səmərəli istifadəni zəruri edib.

 

Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat təkcə məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilmısinə və başqa çatışmazlıqlara gətirib çıxarır.

 

Torpaq insanın istehsalat fəaliyyəti nəticəsində böyük dəyişikliklərə məruz qalıb. Belə dəyişiklərin çoxu neqativ xarakterlidir və torpaqların deqradasiyasına səbəb olub. Deqradasiya (latınca deqradatio-azalma, geriyə getmək, pisləşmə, keyfiyyətin itməsi) dedikdə torpağın strukturunu pozan, mənfi xarakterli kimyəvi xassələri yaradan və nəhayət onun münbitliyinin itməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olan proses və təsirlərin nəticəsi başa düşülür.

 

Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya uğramasıdır.

 

Hazırda əkinçiliyin inkişafına mənfi təsir göstərən amillərdən biri torpaqların şoranlaşması və şorakətləşməsidir.

 

Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalıb. Hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorlaşaraq sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-ə çatır.

 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, hazırda ölkəmizdə təxminən 561 min 965 hektar torpaq sahəsi müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu cür torpaqlara ölkədə ən çox isti və quru iqlim şəraiti olan Kür-Araz ovalığında rast gəlinir. Aparılan tədqiqatlar göstərir ki, sahəsi 2,2 milyon hektar olan Kür-Araz ovalığı torpaqlarının bu vaxta qədər təxminən 60 faizi orta və şiddətli dərəcədə şoranlaşmaya məruz qalıb.

 

Suvarılan torpaqların şoranlaşma və bataqlaşmasına yol verməmək üçün, ilk növbədə, şoranlaşmanın və bataqlaşmanın səbəblərini öyrənmək, bu səbəbləri aradan qaldırmaq lazımdı

 

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev bildirir ki, torpaqların şoranlaşması bitkilərin  hektarda  məhsuldarlğına ciddi şəkildə təsir göstərir: “Şoran olmayan ərazidə pambıqdan 45-50 s/ha məhsul götürmək olursa, şoranlıq ərazidə 15-20 s/ha məhsul götürülür”.

 

Ekspertin sözlərinə görə, torpaqların şoranlaşmasına ən çox təsir edən amil selləmə suvarma üsuludur: “Şırımları açıb, suyu axıdırıq. Bildiyimiz kimi ana suxur duzlarla zəngindir.  Suvarma normasını tənzimləyə bilmədiyimiz üçün selləmə sular ana suxurda duzlarla, qurunt sularıyla birləşərək torpağın üst qatına qalxır, su buxarlanır, duz isə torpağın üzərinə, yuxarı qatlarına çıxır.   Duzların miqdarı 2–3 faizdən çox olduqda bitkilərə məhvedici təsir göstərir, bitki qidanı qəbul edə bilmir, inkişaf edə bilmir. Şorakətlikdə isə natriumun miqdarı daha çox olur. Şoranlığın yuyulması daha ucuz başa gəlir, şorakətlikdə isə gibs lazım olur. Qurunt sularının səthə yaxın olması da şoranlığa səbəb olur”.

 

 

Bəs torpaqların şoranlaşmasının qarşısını almaq, şoranlaşmış torpaqların bərpa edilməsi üçün nə etmək lazımdır?

 

Xosrov Musayev bildirir ki, qabaqlayıcı tədbir kimi selləmə suvarmadan imtina etmək , innovativ damcı suvarma üsuluna keçmək lazımdır: “Bu üsulun üstünlüyü odur ki, su hər bitkinin dibinə damır. Ətrafa nəm sıçramadığından  alaq otların inkişafının qarşısı alınır. Eyni zamanda su  bitkinin kökünə damır, dərinə keçə bilmir, təkrar şoranlaşmanın qarşısı olunur”.

 

Digər üsul isə pilot tipli, süni yağışyağdırma üsuludur. Ekspertin sözlərinə görə, bu yolla həm suvarma normasına nəzarət etmək olur, həm suya qənaət etmək olur,  həm də torpaqların şoranlaşmasının qarşısı alınır. Azərbaycanda tədricən bu üsullar tətbiq olunmağa başlayıb. Gələcəkdə daha geniş tətbiq olunacağı gözlənilir.

 

Mütəxəssis qeyd edir ki, artıq şoranlaşmış torpaqları bərpa etməyin yolu isə meliorasiya tədbirləridir: “Şoran torpaqları kənd təsərrüfatında istifadə üçün yararlı hala salmaqdan ötrü suda həll olan duzları yuyub torpaqdan kənar etmək, drenaj çəkmək, gipsləmə aparmaq və torpağa üzvi gübrələr vermək lazımdır. Yuyulma norması torpağın mexaniki tərkibindən, qrunt suyunun torpaqda yerləşdiyi dərinlik səviyyəsindən və şorlaşma dərəcəsindən asılı olaraq dəyişir. Əvvəlcə torpaq dərin şumlanmalı və yüksək su norması ilə yuyulmalıdır. Bu prosesin payız–qış aylarında aparılması daha səmərəlidir. Çünki bu dövrdə su zəif buxarlanır, eyni zamanda, qrunt suyu torpağın dərinliyində olur”.                    

 

Qrunt suyu torpağın səthinə yaxın olduqda isə mütləq drenaj çəkilməlidir. Bu barədə danışan ekspert vurğulayır ki, yuma prosesi qurtardıqdan sonra belə sahələrə üzvi və mineral gübrələr verilərək, duza davamlı bitkilər əkildikdə yaxşı nəticə alınır. Suvarılan bölgələrdən duzlar yuyulduqdan sonra təkrar şoranlaşmaya qarşı müəyyən tədbirlər görülməlidir. Belə sahələrdə buxarlanmanın qarşısını almaq üçün torpağın üst qatı daim yumşaldılmalı, suvarma kanalı boyu ağaclar əkilməlidir. Həmin ağaclar buxarlanmanı tənzimləyir, qrunt suyunun səviyyəsini isə aşağı salır.

 

Mütəxəssis bildirir ki, şoranlaşmış torpaqların münbitləşdirilməsində meliorativ tədbirlərlə yanaşı, həm də üzvi və mineral gübrələrin verilməsi, eyni zamanda, çoxillik ot bitkilərinin əkilməsi əhəmiyyətlidir. Xüsusilə, şoran torpaqların münbitləşdirilməsi üçün həmin sahələrdə yonca bitkilərinin əkilməsi çox faydalıdır.

 

Xosrov Musayev deyir ki, drenaj kanallarının  təmizlənməsinə ehtiyac var: “Bu kanallar təmizlənmədikdə qrunt suları üst qatdan aşağıya doğru sorulub axa bilmir. Suvarma suları torpağa düşdükdə isə özünə yol tapa bilməyən qrunt suyu qaynamağa başlayır. Tərkibi duzlu olduğuna görə torpaqların da şorlaşması baş verir. Bu da tədricən yararlı torpaqların sıradan çıxmasına səbəb.Yeraltı drenajların əksəriyyəti istismar müddətini başa çatdırıb, onları yeniləmək lazımdır. Ümumiyyətlə, meliorasiya bahalı və uzun müddət çəkən prosesdir”.

 

Qeyd edək ki son illər meliorasiya tədbirlərinin gücləndirilməsi üçün dövlət səviyyəsində işlər davam etdirilir. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

 

"Azmelsutəsərrüfat" ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

 

Respublikanın əkin sahələrinin vaxtı vaxtında suvarma suyu ilə təmin edilməsi, artıq suların sahələrdən kənarlaşdırılması, meliorasiya və irriqasiya sistemlərinin normal istismarıının təşkil edilməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirlir. Prezident İlham Əliyevin müxtəlif sərəncamlarla bu tədbirlərin gerçəkləşdirilməsi üçün maliyyə ayrılır.

 

Ümid edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC şoran və şorakət torpaqların bərpası üçün lazımı tədbirləri davam etdirəcək.

 

Şəfanə İbrahimova

       stm.az