Azərbaycan gəncləri ictimai-siyasi həyatda nə dərəcədə aktivdir?- (Ekspert Rəyləri)

16.12.2019

Azərbaycan gəncləri ictimai-siyasi həyatda nə dərəcədə aktivdir?

 

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biridilər. Onlar cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. 

 

Son illər Azərbaycanın da dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir.  Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir. Ölkə əhalisinin 25,5 faizini təşkil edən gənclərin problemləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir, milli siyasətin prioritet məsələlərindən birinə çevrilib.

 

2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, gənclər ölkənin ictimai-siyasi həyatında aktiv olmalıdırlar, ölkə başçısı bildirib ki, savadlı, vətənə bağlı, müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır.

 

Bəs bu gün gənclər yaranmış imkanlardan nə dərəcədə istifadə edirlər? Onların ölkənin ictimai-siyasi həyatında aktivliyi hansı səviyyədədir? Bu aktivliyi artırmaq üçün nələr gərəklidir?

 

Politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycanın ictimai-siyasi həyatında gənclərin aktivliyi hiss olunacaq dərəcədədir: “Azərbaycanda fəal şəkildə gənclər siyasəti yürüdülür. Gənclər istər ölkə başçısının, istərsə də Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindədir.

 

Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında gənclərin könüllü fəaliyyətinin aktiv şahidi olduq. Ölkənin ümumi qlobal dəyişikliklərində, islahatlarında gənclərin rolu danılmazdır. Ölkə başçısının yürütdüyü siyasət nəticəsində xaricdə təhsil alan gənclər, indiyə kimi aktiv, ictimai siyasi həyatda özünü müsbət  tərəfdən göstərən gənclər hal hazırda müxtəlif rəhbər vəzifələrə təyin olunublar. Ölkədə bir gəncləşmə siyasəti yürüdülür”.

 

Politoloq qeyd edir ki, gəncləşmə siyasətində orta xətti tutmaq lazımdır:

 

“Əvvəlcə ölkədə belə bir kampaniya aparıldı ki, bütün vəzifədə təmsil olunan yaşlı təbəqə getməli, yerinə gənclər gəlməlidir. Lakin prezident İlham Əliyev öz çıxışında suallara aydınlıq gətirdi. Bu dəyişikliklər qarşılıqlı razılıq, gəncləşmə və təcrübə mübadiləsi şəraitində keçməlidir. Bütün kadrları gəncləşdirmək  də çıxış yolu deyil. Gənclər nə qədər dünyagörüşünə,  analitik təfəkkürə malik olsalar da, dünyada olan çağırışlara cavab versələr də, onlar təcrübəsizdirlər. Təcrübə üçün insan gərək illərini sərf etsin, sınaqlardan çıxsın. Hazırda bu ortaq xətti tapmaq lazımdır”.

 

İlyas Hüseynov bildirir ki, bəzən müxtəlif səbəblərdən potensiallı  gənclər özlərini göstərməkdə çətinlik çəkirlər: “Onlara əngəllər yaradılır. Müasir texnologiyalardan istifadə edən, xarici dillərə yiyələnən, analitik təfəkkürlü gənci özləri üçüni bir təhlükə mənbəyi kimi görürlər”.

 

 

Politoloq İlyas Hüseynov qeyd etdi ki, gənclərə diqqət və qayğı, gənc kadrlara etimad göstərilməsi dövlət başçısının siyasətində həmişə prioritet istiqamət olub. “Son zamanlar kadr islahatları zamanı Prezident İlham Əliyevin gənc kadrları irəli çəkməsi, gənclərə çağırış etməsi, onlara tövsiyə və məsləhətlər verməsi olduqca əhəmiyyətli və maraq doğuran məqamlardır. Dövlət başçısı Azərbaycan gəncliyinə böyük önəm verir və hər zaman dövlət idarəçiliyində gənclərin təmsil olunmasını təşviq edir”.

 

Filosof Müşfiq Şükürov düşünür ki, Azərbaycan gəncləri kreativ və yetərincə təşəbbüskardılar: “Onlar digər ölkələrdəki həmyaşıdlarından heç də geri qalmırlar. Xüsusilə, maarifçilik istiqamətində  müəyyən fəaliyyətlər ortaya qoyurlar. Ancaq ümumən onların təşəbbüskarlıqlarının istiqamətləri təəssüf ki, əsasən birdir: müxtəlif təhsil layihələrinə qoşulmaq, xarici dil öyrənmək, bəzi hallarda ölkədən çıxıb getmək. Bu da 15-20 il sonra acı nəticələr göstərə bilər”.

 

Türkiyədə magistratura təhsili almış  Rəşid Mustafazadə düşünür ki, Azərbaycan gənclərinin aktivliyi daha çox ictimai sferadadır:

 

“Bizim gənclər yetərincə ictimai-siyasi həyatda mövcuddurlar. "

 

Rəşid Mustafazadə bildirir ki, azərbaycanlı gənclər siyasətdən kənar da bir çox uğurlara nail olurlar: “Bizim gənclər könüllülük fəaliyyətində, intellektual fəaliyyətdə,  debatlarda,  beynəlxalq layihələrdə iştirak edirlər. Mən həm Türkiyədə, həm də bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm. Elə bir layihə  görməmişəm ki, ən azı bir azərbaycanlı təmsil olunmasın. Onların aktivliyi özünü inkişaf etdirmək, öz ölkəsini tanıtmaq məqsədiylə yürüdülən fəaliyyətdir”.

 

Şəfanə İbrahimova

    stm.az