Hər bir tarixi dönəmdə yaşlılar və cavanların bir-birini anlamaqda çətinlikləri olmuş, bu və ya digər dərəcədə nəsillərarası münaqişələr özünü göstərmişdir. Bu fenomen zaman keçdikcə dünyagörüşü və dəyərlərin dəyişməsi, yeni tarixi dövrlərin ortaya qoydu
“Nəsil” anlayışı necə müəyyən olunur? Sosial elmlərdə “nəsil” anlayışının (generasiyanın) müəyyən edilməsinə müxtəlif yanaşmalar var. Onların hamısını nəzərdən keçirmək bu mətnin məqsədi olmadığından bu sahənin klassiki K.Manheymin mövqeyini göstərməklə kifayətlənəcəyik. O, bir nəsli müəyyən etmək üçün birgə yaşanılan əhəmiyyətli hadisənin vacibliyini vurğulamışdır. Yəni, formalaşma illərində (16-25 yaş) hər hansı mühüm ictimai hadisənin şahidi və ya iştirakçısı olmaq yaxın yaşda olan insanların bir nəsil kimi formalaşmasını şərtləndirir. Başqa sözlə, nəsillər yalnız eyni xronoloji dövrdə yaşaması ilə deyil, insan həyatına həlledici təsir göstərmiş eyni hadisələrin yaşanılması ilə müəyyən olunur.
Müzakirə, heyrət, bəzən isə qınaq obyekti olan “indiki cavanlar” dedikdə, hansı yaş qrupunu nəzərə ala bilərik? Əgər yetkinlik yaşına çatmış və 35 yaşa qədərki əhali qrupunu götürsək, qeyd etməliyik ki, müxtəlif təsnifatlarda onlar aşağıdakı qruplara bölünür: təqribən 1980-2000-cü illərdə anadan olan Y nəsli (Milleniallar), 2003-cü ildən sonra anadan olan isə Z nəsli adlanır. Bəs, bu Y və Z nəsli əvvəlki nəsillərdən nə ilə fərqlənir?
İlk növbədə, qeyd olunmalıdır ki, onların gündəlik həyat vərdişlərində diqqət cəlb edən müəyyən dəyişikliklər baş vermişdir. Gündəlik həyatdakı dəyişikliklər əslində fundamental önəm daşıyır. Nəticə etibarilə həyat yolunun yaşanılma strategiyasını formalaşdırır. Hazırki gənc nəslin seçilən bəzi xüsusiyyətləri aşağıdakılardır:
1) Yetkinliyin gecikməsi. Yetkinlik mürəkkəb anlayışdır. Onun maliyyə, məkan və emosional tərəfləri vardır. Birincisi, insanın şəxsi gəlirlərinin meydana gəlməsi, valideynlərin maddi dəstəyindən tam və ya qismən imtina etməsidir. İkincisi, valideynlərin evini tərk edib ayrı yaşamaq, üçüncüsü isə həyat əhəmiyyətli qərarları müstəqil qəbul etmək bacarığıdır. Əlbəttə, fərdi həyat trayektoriyaları müxtəlif ola bilər. Eyni zamanda, bəzi adət-ənənələr insanın yetkinləşməsi yolunda maneə ola bilər. Məsələn, sonbeşik övladın valideynlərlə yaşaması kimi ənənə faktiki olaraq bu kateqoriyaya düşən kişilərin məkanca müstəqilləşməsinin qarşısını ala bilər. Digər tərəfdən, valideynin və övladın fərdi xüsusiyyətləri (hökmran valideyn, özünəinamsız övlad) və ya spesifik ailə strukturu (təkvalideynli-təkuşaqlı ailə) olduqda da, məkan yetkinləşməsi ümumiyyətlə baş verməyə bilər. Lakin fərdi fərqləri deyil, ümumi trendi nəzərə alsaq, göstərə bilərik ki, hazırki gənc nəslin nümayəndələri öz valideynlərinə nisbətən daha çətinliklə yetkin və tam müstəqil həyata qədəm qoyurlar.
2) Yeni texnologiyaları mənimsəmə- rəqəmsal nəsil. Yeni nəslin ən çox diqqət çəkən cəhəti onun yeni texnologiyaları daha asanlıqla mənimsəməsi və həyatın bütün sahələrində istifadə etməsidir. Eyni zamanda onlar bank kartlarından da daha geniş şəkildə və rahatlıqla istifadə edirlər.
Mənbə: GlobalWebIndex Q3 2017
3) Mükəmməlçilik. Bəzi müəlliflərin fikrincə, XXI əsrin gənclərini fərqləndirən mühüm əlamət az qala patoloji hala gəlib çıxmış özünü mükəmməlləşdirmək meylidir. Bəzi hallarda bu narsis şəxsiyyət tipinin formalaşmasına gətirib çıxarır. Eyni zamanda yalnız özündə mərkəzləşmiş, özünü unikal, başqa insanlardan üstün sayan, öz qabiliyyətlərini həddən artıq yüksək qiymətləndirən insan tipi. Bunun səbəblərindən biri insanın öz qarşısına qeyri-real məqsədlər qoymasıdır. Belə mükəmməlçilik həm də yeni texnologiyaların təsirilə formalaşır, selfi aludəçiliyi, mükəmməl görkəmə nail olmaq üçün təklif olunan vasitələrin daim yenilənməsi – hamısı nəticə etibarilə bir çox hallarda nevrotik pozuntulara sahib olan, disharmonik şəxsiyyətlərin artmasına gətirib çıxarır.
4) İş yerinə bağlılığın zəifliyi. Gənc nəslin nümayəndələri əvvəlki nəsillərdən fərqli olaraq, işlədiyi yerə daha az bağlı olub, aid olduqları təşkilat və şirkəti daha asanlıqla tərk etməyə hazır olurlar. Halbuki əvvəlki nəsillərdə uzun illərlə, hətta ömür boyu eyni yerdə işləmək şərəf və məsuliyyətli insanın əlaməti kimi qiymətləndirilir, insanlara gənc yaşlarından aşılanırdı.
5) Həyatın mənasını tapmaqda çətinlik. Müasir dövr dünyada qeyri-müəyyənliyin, qeyri-stabilliyin artdığı bir dövrdür. Belə qeyri-müəyyənlik gənclərə öz həyatlarının əsaslarını tapmaqda mane olur. Xarici oriyentirlərin hədsiz müxtəlifliyi, daxili əsasların zəifliyi şəraitində onlar çox zaman dəstəksiz qalır və qeyri-müəyyənlik, anomiyanın təsirinə daha həssas olurlar. Əvvəlki dövrlərdə həyatın mənası insana bir növ soruşulmamış verilirdi. İnsanın anadangəlmə xüsusiyyətləri (cinsi, sosial mənşəyi və s.) əsasında bir növ avtomatik olaraq insana aşılanırdı. Bu bir sıra hallarda insanın həyatını asanlaşdırırdı. Hazırda isə “indiki gənclər” ya bundan məhrumdur, ya da belə hazır həyat reseptlərini qəbul etmirlər. Qəbul etməmələrinin səbəbi isə növbəti cəhət ilə əlaqəlidir.
5) Refleksivlik. Daha yüksək refleksivlik müasir cəmiyyətə xas olan cəhətlərdən biridir. Bu sosial aktorların özünə yönümlüyüdür. Refleksivlik əvvəllər öz-özünə aydın kimi görünən həyat məsələlərinin idrak obyektinə çevrilməsinə, sorğulanmasına dəlalət edir. Fərdi səviyyədə isə bu özünü onda göstərir ki, sosial strukturun çərçivələrinin zəiflədiyi şəraitdə fərdlər daim öz həyat və kimlikləri üzərində refleksiya etməyə məcburdurlar. Bu isə öz-özünə aydın kimi görünən bir çox məsələlərin sorğulanmasını, nəticədə isə həyatın mənası axtarışının çətinləşməsini şərtləndirir.
Yuxarıda göstərilənlərə əlavə olaraq, qeyd edə bilərik ki, müasir gənclik imkan və seçimlərin daha geniş, qeyri-müəyyənliyin isə daha aydın olduğu bir dövrdə həyat yolunun başlanğıcındadır. Düzgün seçimlərin çox zaman qeyri-müəyyən, qeyri-müəyyənliyin isə kontekstin sabit əlaməti olduğu şəraitdə dünyanın çağırışlarını qarşılamaq və həyati qərarlar qəbul etmək zərurətini yaşayır. Bu isə öz növbəsində onların sosial qrup olaraq özünəməxsus cəhətlərini, valideynlərindən fərqli əlamətlərini şərtləndirir.