Tarixlə üzləşənlər və üzülüşənlər

02.11.2019

Azərbaycan tarixinin həqiqətlərinin bərpa, təbliğ və tanıdılması ən mühüm vəzifələrdən biridir. Ona görə ki, ətrafımızda olan, tarixi uğurlarımızı nəinki qəbul etmək istəməyən, hətta inkar etməyə çalışanlar (ikili formada ifadə doğru olacağı fikrindəyəm: düşmənlər və bədxahlar) bunun üçün arxivlərə baş vurur, məqsədlərini, planlarını reallaşdırmaq üçüm “faktlar” axtarırlar.

 

Çox maraqlıdır ki, dünyanın bir çox arxivlərində istədikləri “faktları” da tapırlar. Bu “faktlara” əsaslanaraq tariximizin uğurlarına qara eynəklə baxmağa, yaratdıqlarımızı inkar etməyə çalışırlar. Buna görə də tarixin yazılmasında ən mühüm köməkçi olan arxivlər və onlardan əldə edilən sənəd və “sənədlərə” münasibət bildirilməsinə çox ciddi ehtiyac yaranmışdır. Arxiv materiallarının qruplaşdırılması mühüm elm sahəsi olub ciddi işdir. Burada bizim məqsədimiz arxivşünaslıqla əlaqədar problemləri həll etməyə girişmək deyildir. Məqsəd düşmənlərin və bədxahların arxiv “sənədi” adı ilə istifadə etdiklərinin saxtalığını aşkar etməkdir. Dünya tarixinin bütün dövrlərində yaranan sənədlər istiqamətinə görə bir neçə formada olmuşdur. Hakimlərin saray dəftərxanasında hazırlanan sənədlər bizim varisi olduğumuz hökmdarların mövqeyini ifadə edən sənədlərdir.

 

Bundan başqa müxalif şəxslər tərəfindən hazırlanmış sənədlər vardır ki, orada olan faktlara və fikirlərə ciddi yanaşmalı, tarixi faktlarda əyintilər olacağını yaddan çıxarmamaq lazımdır. Bir vaxtlar akademik V. V. Bartold qeyd edir ki, çox halda Azərbaycan tarixinin müxtəlif dövrlərini öyrəndikdə “əsas məsələ sənədlərin azlığı deyil, bol olmasıdır. Bu sənədlər dünyanın arxiv və kitabxanalarında hazırda da vardır. Bu sənədlərə tənqidi yanaşmaq lazımdır.” Burada akademik V. V. Bartold bir sıra məsələlərə toxunub. Elmi həqiqət ondan ibarətdir ki, Azərbaycanın qədim İpək yolunun mərkəzində olduğundan qədim dövrdən başlayaraq dünyanın hər tərəfi ilə əlaqələri olub. Əlaqələr Azərbaycana aid vacib sənədlərin də dəvə karvanlarında o ölkələrə aparılmasına və hökmdarların dəftərxanalarına verilməsi ilə nəticələnirdi. O zaman Azərbaycan haqqında olan, hazırda müxtəlif ölkələrdə arxivləşmiş sənədləri tənqidi təhlil etmədən qəbul edilməsi yalnış nəticələrinin meydana çıxmasına səbəb olur.

 

Tariximizin bütün dövrlərinə aid olduğu kimi Azərbaycan Səfəvilər dövlətinin tarixinə aid olan sənədlərə tənqidi baxmadan, təhlil etmədən istifadə edilməsi dolaşıqlar yaradır. Səfəvilər tarixi haqqında yazılan ən mühüm əsərlər XVI əsrdə yazılmışdır. Tarixçi Xondəmirin “Şah İsmayıl Səfəvinin tarixi”, Yəhya Qəzvinin “Səlnamələrinin ürəyi”, “Şah Təhmasibin təzkirəsi” əsərlərində Səfəvilər dövlətinin tarixinə aid çox faktlar var. Qeyd olunan əsərlər yarandığı vaxtdan xaricilərin diqqətini cəlb edib. Böyük müstəmləkələrə sahib olan avropalılar ilk olaraq qeyd olunan əsərləri Avropa dillərinə tərcümə ediblər. Burada məqsədimiz heç də tarixi əsərləri təhlil etmək deyil. Burada əsas məsələlərdən biri Səfəvi-Osmanlı münasibəti ilə əlaqədar yanlış yanaşmaların mənbələrini aşkara çıxarmaqdır. Avropa tarixçiləri Teyfel, Xoru “Şah İsmayılın təzkirəsini” alman dilinə tərcümə və çap etdirmişlər. Bu tərcümə və nəşr təqdir edilməlidir. Lakin görkəmli tarixçilər isbat etmişlər ki, çap və nəşr olunan əsər üzərində “düzəltmələr”, “redaktələr” Səfəvi-Osmanlı münasibətlərinin “barışmazlığını əbədiləşdirməyə” xidmət etdiyini də unutmaq olmaz. Bu bədxahlarımızın etnik, siyasi kimlikləri məlum olmasa da saxtalaşdırmalar göz qabağındadır.

 

Yaxşı olar ki, Avropa oxucularına alman dilində təqdim olunan saxtalaşdırmaları Azərbaycan tarixçisinin sözü ilə deyil, məhşur rus tarixçisi V. A. Jukovskinin ixtiyarına verək. Qeyd olunan əsər Peterburqda saxlanılan rus dilli variantdır. Rus və alman variantlarını tutuşduran tarixçi V. A. Jukovski mətnlər arasında ciddi fərqlərin, əslində ciddi saxtalaşdırmaların olduğunu orjinalla müqayisə ilə aşkar edib. Saxtalaşdırılan məsələ 1561-ci ildə Şah I Təhmasibin Osmanlı səfiri ilə danışıqlarının protokolununa aiddir. Əsərin orjinalında I Şah Təhmasib Osmanlı sultanı haqqında səmimiyyətlə danışır. Halbuki fars tarxiçiləri Osmanlı sultanı haqqında o zaman da qeyri-səmimi yazırdılar. Avropa müəllifləri real vəziyyətdən uzaq olaraq fars tarixçiləri ilə həmrəylik edir, onlardan faydalanır, müasir diplomatik terminologiyada qeyd edildiyi kimi “dostluq və qarşılıqlı anlaşma, bir-birinə hörmət şəraitində” I Şah Təhmasibin Osmanlı səfiri ilə danışıqlarını təhrif edilmiş formada Avropa oxucularına təqdim edir. Tərcümə bir tarixi hadisədir, ona görə də Avropada meydana çıxan və Avropa mənbələrindən istifadə edən müəlliflər mənbədəki saxtalaşdırmadan xəbərsiz olaraq I Şah Təhmasib və Osmanlı sultanı arasında münasibətlərin qeyri səmimi və barışmaz olduğunu yazıblar. Səfəvilərin mərkəzləşdirilmiş Azərbaycan uğrunda mübarizəsində yanlış aydınlaşdırılan məsələlərdən biri də onların ailə şəcərəsi-tarixidir. Digər bir məsələ Səfəvilərin şiəlik ideyalarından istifadə etməsidir. Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin meydana gəlməsi ərəfəsində Azərbaycanda və ona bitişik olan bir sıra yerlərdə kəndlilər və şəhər yoxsulları içərisində şiəlik geniş yayılıb. Möhkəm ictimai bazaya sahib olmaq üçün Səfəvilər dünyəvi dövlət yaradılmasında şiəlikdən bir vasitə olaraq istifadə edirdi. Səfəvilər və onların sosial dayağı Azərbaycan tükcəsində danışan tayfalar idi. Qızılbaşlıq XV əsrin II yarısında formalaşdığını tədqiqatçılar təsdiq edirlər. Bir çox opponentlərimizin qərəzkarlğı sərhəd tanımır. Qızılbaşları etnik zümrə olaraq türkçülüyə qarşı verirlər. Əslində tarixi həqiqət bundan ibarətdir ki, qızılbaşlıq etnik əlamətə deyil, müxtəlif türk tayfalarını (ilk olaraq onlar yeddi olmuşlar: şamlı, rumlu, üstaclı, təkləli, əfşar, qacar, zülqədər) bir ad altında birləşməsi olub. Sonradan qızılbaşlara qoşulan türk tayfaların sayı artdı. Birləşən tayfalar tayfalardan birinin adını da götürə bilərdilər. Lakin tarix göstərir ki, bu kimi birləşmələr uzun ömürlü olmur va dağılmağa meyilli olur. Tayfalar bu dəfə ad seçərkən çox orjinal yol tapıb, gələcəkdə narazılıqlar yarada biləcək etnik əlamətləri deyil, xarici görünüşü-geyimi və ya geyimlərinin bir ünsürünü əsas amil olaraq götürürdülər. Bir ittifaqda birləşən şiəlik dininə tərəfdar olan türk tayfaları 12 imam şərəfinə fərqləndirici əlamət olaraq 12 qırmızı parçalı çalmanı simvol qəbul etdilər və onu geyməyə başladılar. Bu qırmızı çalmaya görə də onlara qızılbaşlar deməyə başladılar. Qızılbaş qaydalarına görə saqqal təmiz qırxılır, uzun bığ saxlayır, qırxılmış başda saç hörüyü saxlayırdılar. Qızılbaşlar Səfəvilərdən həm siyasi, həm də mənəvi cəhətdən asılı idilər. Qızılbaşlar Səfəvi şeyxini özlərinin dini rəhbəri hesab edir, özlərini isə “mürid”, “dərviş” və “sufi” adlandırır, özlərini Səfəvilərin vassalı hesab edir və könüllü feodal dəstələri təşkil edirdilər. Buna görə də Səfəviyyə ordeninin mahiyyətində dəyişmələr meydana gəlməyə başladı. XIV əsrdə Səfəvilər ordeni dərviş qardaşlığı (əxilərin təsiri olduğu qəbul edilmişdir) olduğu halda XV əsrdə dini-cəngavərlik ordeninə çevrildi və Səfəvilər bu amildən istifadə edərək mərkəzləşdirilmiş Azərbaycan quraraq ərazilərini daha da genişləndirdilər. Səfəvilər fəth hərəkatında dini amillərdən istifadə etsələr də onların fəthləri dünyəvi xarakter daşıyıb. 1499-cu ildə İsmayıl Ərdəbilə gəldi və qızılbaşalrın rəhbəri oldu.

 

Şah İsmayıl Osmanlı dövlətinin daxili işlərinə qarışmaqdan çox uzaq idi. II Bəyazidin hakimiyyətinin son illərində Anadoluda çox sayda olan şiə kəndlilərin üsyanı başladı. Anadolu şiələrinin üsyanı Osmanlı dövləti üçün çox böyük təhlükə təşkil edirdi. Opponentlərimiz nə qədər iddia etsələr də, artıq tarixçilər isbat etmişlər ki, Şah İsmayıl bu hərəkatdan istifadə etmədi, Osmanlı dövləti ilə olan qonşuluq münasibətlərini qorumağa çalışdı, üsyançılar Şah İsmayıldan nə maddi nə də mənəvi dəstək ala bilmədilər. Bu fakt da Şah İsmayılın dövlətinin dünyəvi xarakterini və dövlətlərarası münasibətlərinin tələblərinə riayət etdiyini göstərir.

 

Şah İsmayıl bilirdi ki, “şahənşah” adı Qabaq və Orta Asiyada Sasanilər dövründə işlənmişdir. Sasanilər dövründə işlədilən “şahənşah” ümumdünya hakimi (dünya hökmdarı) mənasını verirdi ki, orta əsrlər Avropasında Roma imperatoru, Çin imperatoru tituluna uyğun gəlirdi. Qeyd olunan ənənəyə sadiq qalan Şah İsmayıl “şahənşah” titulunu qəbul etdi. Tarix yalnız qara səhifələrdən ibarət deyil. 1561-1563-cü illərdə İngiltərədən xüsusi tapşırıqla Cennikson Moskvaya, oradan Şamaxı bəylərbəyinə gəlir. İpək daşımaq üçün Şamaxıda ingilis ticarət təmsilçiliyi təşkil olunur. Oradan Cennikson Qəzvinə Səfəvi şahı Təhmasibin sarayına gəlir, yalandan özünü ingilis səfiri olaraq təqdim edir. Sonra məlum olur ki, Cennikson İngiltərə və Rusiya tərəfindən xüsusi proqramla Səfəvilərin sarayına göndərilib. Ona verilən proqram Səfəvilər dövləti ilə İngiltərə və Rusiya arasında “dostluq və müttəfiqlik müqaviləsi” imzalamaq idi. Lakin Şah Təhmasib İngiltərə və Rusiya ilə Osmanlı dövlətinə qarşı ittifaq yaratmaq istəmədiyini qəti şəkildə bildirdi. Şah Təhmasib yanında xüsusi nüfuza sahib olan Abdulla xan Ustaclı şahın fikrinin reallaşmasına imkan vermədi. Bu əslində Şah Təhmasibin İngiltərə və Rusiyanın Osmanlı dövlətinə qarşı ittifaq təklifini rədd etməsi idi. Bu Osmanlı-Səfəvi münasibətlərində xüsusi qeyd və təqdir edilməlidir.

 

Səfəvi şahlarının hakimiyyət tarixində Osmanlı dövlətinə qarşı zərrəbinlə düşmənçilik axtaranlar bu kimi faktlardan danışmağa qorxurlar. 1571-ci ildə Venesiya səfiri Allssandri Türkiyəyə qarşı ittifaq bağlamaq üçün I Təhmasibin sarayına gəldi. O zaman Osmanlı dövləti Venesiyaya müharibə elan edərək, Kipr adasını tutur və Avropaya doğru irəliləyirdi. Şah I Təhmasibin münasibəti ilə əlaqədar olaraq Allssandrinin missiyası–Osmanlı dövlətinə qarşı ittifaq yaratması reallaşmadı. Azərbaycan Səfəvi dövləti şahlarında genetik Osmanlı düşmənçiliyi olsaydı Avropa dövlətlərinin təklifindən istifadə edər, Osmanlı dövlətinə qarşı ittifaq yaratmaq olar. Şah Təhmasibin xarici siyasəti Osmanlı dövlətinə bir cəbhədə müharibəni davam etdirməsinə imkan verirdi.

 

Bu günlərdə İskəndəriyyə kitabxanasından Gəncəyə gətirilən Qafqazın XVIII əsr tarixinə aid iki xəritə bizə bir sıra tarixi həqiqətləri bərpa etməyə imkan verir. Qafqazın XVIII əsr xəritəsinin Gəncəyə gətirilməsində İskəndəriyyə kitabxanasının direktoru, Misirin senatoru, doktor İsmayıl Seragəldinin xüsusi xidməti olub. Doktor İsmayıl Seragəldinin Azərbaycanın dostu və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasında və tanınmasında mühüm rol oynayır. Qeyd olunan xəritəyə əsasən qeyd edə bilərik ki, ingilis kəşfiyyat idarəsinin tərtib etdiyi xəritədə Qafqazda və onun sərhədlərində Ermənistan adına rast gəlinmir. Şah İsmayılın amalı ədalətli bir dövlət qurmaq, burada yaşayan türkdilli tayfaları uzun illər məruz qalmış olduqları yadelli basqınlardan və tayfalar arası çəkişmələrdən qurtarmaq idi. Tarixi şərait belə gətirdi ki, bu dövlət qərbdən Orta əsrlərin ən qüdrətli dövləti olmuş Osmanlı imperiyasının, şərqdən isə Özbəklərin Şeybanilər dövlətinin ardı-arası kəsilməyən hücumlarına məruz qalıb mövcudluğunu qorumaq naminə müharibələr aparmış oldu. Həqiqətdə Azərbaycan tarixinə qara eynəklə baxanlar qarşılarında qara fikirlərini görürlər.

 

Professor Həsənbala Sadıqov

Gəncə

(məxsusi olaraq stm.az üçün)