Moda və ya hərəkət halında olmaq

21.11.2019

Perpetuum mobile – sonsuza qədər hərəkət halında olan, hərəkəti davam etdirmək üçün kənardan bir dəstəyə, impulsa, xarici bir qüvvənin müdaxiləsinə, yeni bir enerji girişinə ehtiyac duymayan, davamlı, kəsintisiz hərəkət halında qalmaq üçün vacib olan hər

Fiziklərin qərarını müzakirə etməyin bir yeri yoxdur. Məsələ fiziki reallığa, eyni zamanda sabit cisimləri hərəkətə keçirməyə, onların yönünü dəyişdirməyə ya da onları təkrar dayandırmağa gəlindiyi zaman son sözləri əlbəttə ki, bir fizik söyləməlidir. Amma “sosial” deyilən və hələ də fizika qanunlarına tabe olsa da, cisimlərin məqsədlərə və səbəblərə diqqət etmədiyi, məqsədli dəyişiklik qanununa qarşı gəldiyi digər bir reallıq məkanında fiziklərin xəyal etmədiyi və xəyal edə bilməyəcəyi şeylər baş verir. Sosial dünyada öz-özünü hərəkətə keçirmək, özlüyündən işləmək, öz-özünə dayaq verən bir dəyişiklik olmaq, özbaşına davam edə bilməklə yanaşı, durma nöqtəsinə gələ və yavaşlaya bilməməsi ilə məlum olan bir hərəkət - perpetuum mobile birdən-birə ehtimal olmaq bir yana, reallığa çevrilib. Moda (dəb) reallığa çevrilmiş belə bir ehtimalın ən parlaq nümunəsidir. Böyük alman sosioloqu Georq Zimmelin sözləri desək, “moda haqqında “olub” deyə bilmərik, çünki o hər zaman “olma” prosesindədir. Fiziki proseslərin əksinə olsa da, ideal bir perpetuum mobile modeli və düşüncəsi ilə bənzərlik təşkil etməklə moda nümunəsində inanılmaz olan bir sonsuzadək hərəkət halında qalma deyil, özlüyündən formalaşmağa başlamış dəyişmələrin əsla arası kəsilməməsidir. Həqiqətən də bu qeyri-adi xüsusiyyətin ən təəccübləndirici tərəfi proses davam edərkən dəyişiklik sürətinin davamlı olaraq momentum (momentum – sürətlənmə, impuls) qazanmasıdır.

 

Dəb kontekstində düşünülə bilməz olan şey öz-özünə yayılan dəyişiklik zəncirinin ortaya çıxmasıdır. Həqiqətən də, dəbin ən diqqət çəkən aspekti mövcud olduğu dünyada “öz işini reallaşdırma” prosesində impulsunu əsla itirməyərək var olmasıdır. Öz momentumunu və enerjisini itirməməklə mövcud olan dəbin hərəkətverici qüvvəsi onun effektləri və təsiri ilə birlikdə durmadan artır. Əgər dəb sadəcə fiziki bir proses olsaydı, bütün təbiət qanunlarını aradan qaldıran bir abnormallıq olardı. Fizika aləmində qeyri-mümkünlük olan perpetuum mobile (enerjini xərcləyərək onu toplayan və öz-özünü əbədiləşdirən bir proses) özünü “sosiallaşmış dünyada” nümayiş etdirdiyi zaman bir normaya çevrilir.        

 

Ancaq moda bir fizika fenomeni deyil, sosial bir fenomendir. “Sosial” isə öz bütövlüyündə termodinamikanın ikinci qanununun funksionallığını dayandıra bilmə gücünə sahib qorxuducu bir mexanizmdir. Moda sanki bu entropiya lənətindən xilas edilmiş bir bölgədir. Modadan bəhs etdiyimiz zaman “təsirsiz birformalılıq” və “yekun hal” anlayışları aradan qalxır. Dəb özünün zəifləməsi və anlamsızlaşıb içi boşalma təhlükəsi ortaya çıxmazdan çox əvvəl açılacaq sabit təhlükəsizlik ventilləri ilə təmin olunub. Entropiya sanki bir “qarşı-fərqliləşmə” (kontr-differensiasiya) və müxtəlifliyin bərabərləşdirici fenomenidir. Öz həyat gücünü insanın fərqliləşmə istəksizliyindən və birformalılıq arzusundan alan dəb aradan qaldırmağı və yumuşaltmağı söz verdiyi bərabərsizlikləri, fərqlilikləri, bölünmələri və diskriminasiyaları sürətlə artıran və gəginləşdirən bir fenomendir. Fizika aləmində bir qeyri-mümkünlük hesab edilən perpetuum mobile bir normaya çevrildiyi sosial dünyada reallıq aləminə daxil olub. Bu necə ola bilir? G.Zimmel izah edir: “Bərabər dərəcədə güclü və qarşısıalınmaz iki insani impulsu və ya arzunu bir yerə gətirərək”. Bunlar bir-birindən ayrı düşünülə bilməyəcək iki dostdur, amma yenə də davamlı şəkildə bir-birilə ziddləşir və insana dair hər bir məşğuliyyəti o yana-bu yana çəkirlər. Metaforalarımızı fizika lüğətindən almağa davam edərək bildirməliyik ki, dəb nümunəsi üçün hərəkətin kinetik enerjisi pillə-pillə amma bütövlükdə qarşı hərəkətin kinetik enerjisinə çevrilməyə hazır bir potensial enerjiyə transformasiya olub.

        

Bəhsi keçən iki insani arzu və ya impuls daha geniş bir bütövlüyün parçası olma arzusu, eyni zamanda fərdiləşmə ya da unikallıq impulsudur. Bir yerə aid olma və özü kimi olma xəyalı; cəmiyyətin dəstəyini alma və azadlıq həvəsi; imitasiya itkisi və fərqliləşmə motivasiyası. Yəni, həm əl-ələ tutmağın təhlükəsizliyinə, həm də əllərini buraxma azadlığına ehtiyac duymaq... Ya da eyni emosional cütlüyə və dilemmaya əks bir perspektivdən baxaq: ön plana çıxma əndişəsi və marjinallaşma qorxusu.

 

Azadlıq və bərabərlik bir-biri olmadan var ola bilməz. Lakin onların birgə mövcudiyyəti heç də asan deyil. Azadlıq olmadan təhlükəsizlik köləliyə məhkum olmaq, təhlükəsizlik olmadan azadlıq isə xroniki qeyri-müəyyənlik, sinir sarsıntısına məhkumluqdur. Azadlıq və təhlükəsizlik kompensasiyaedici və neytrallaşdırıcı partnyorunun məhdudlaşdırıcılığından qurtulduqda hər ikisi qibtə edilən dəyərlər olmaqdan çıxıb qorxuducu bir kabusa çevrilirlər. Azadlıq və təhlükəsizlik bir-birilərinə həm ehtiyac duyar, həm də tab gətirməzlər. Eyni anda bir-birlərini istəyər, həm də itələyərlər. Azadlıq və təhlükəsizliyin birgə mövcudiyyəti hər zaman təlatümlü olaraq qalacaq. Onun essensial və həll olunmaz duyğu dilemması yaradıcı enerji və obsessiv dəyişikliyin tükənməz mənbəyidir. Onun perpetuum mobile statusunu da müəyyən edən məhz budur.

        

G.Zimmel “dəb sosial bərabərlik tendensiyası ilə unikallıq tendensiyası arasında uzlaşma təmin edəcək qəribə bir yaşam formasıdır” – deyə qeyd edir. Bu uzlaşma eyni ilə dəbin özü kimi hər zaman “olma prosesindədir”. Olduğu yerdə dura bilmir və davamlı olaraq yenidən dövriyyəyə buraxılmalıdır. Üstünlük kompleksi tərəfindən təhrik olunduğundan dəbi təqib etmək insanı dərhal fərqlilik simvollarını “bayağı” və “ümumi” deyə ayrımağa sövq edir. Bu səbəblə də, bir ətalət anı ya da dəyişiklik tempindəki kiçik bir yavaşlama ilə niyyət edilənin əksində bir təsir doğa bilər, yəni fərdilik itirilə bilər. Sürətlə yeni simvollar tapılmalı, dünənin simvolları dərhal və bir ayinlə tərk edilməlidir. “Artıq keçərli olmayan” qanun ən az indi yeni olan və “indidə gəlməkdə olan” qanun qədər həssaslıqla və diqqətlə izlənilməlidir. Hedli Friman “Guardian” qəzetindəki qısa və təsiredici yazısında bildirir ki, dəb sənayesi qadınların özlərini daha yaxşı hiss etməsi ilə maraqlanmır. Moda, insanların nail ola bilməyəcəklərini düşündükləri bir şeyi istəmələri, arzu etmələri üzərində qurulur. Və tətmin edilən hər bir arzu keçici və həm də ruhdansalıcıdır. Perpetuum mobile  olaraq dəb bu xarakteristikası ilə hər növ durğunluğu hünərlə, ehtirasla və təcrübəsilə aradan qaldırır. Moda, yaşam tərzlərini davamlı və bitməyən inqilabi bir tərzdə formalaşdırır.

 

        

G.Zimmel qeyd edir ki, dəb sosial bərabərlik və fərdi separatlıq tendensiyaları arasında bir kompromisə nail olmağa çalışan özünəməxsus bir həyat formasıdır. Bu kompromis “əbədi bir hal” ola bilməz. O birdəfəlik olaraq müəyyən oluna da bilməz. Onun daxilinə silinməz marker ilə “növbəti xəbərdarlığa (və ya elana) qədər” şərti yazılıb. Dəb kimi bu kompromis də heç vaxt “olmuş ola” bilməz, çünki o da daimi “olma” prosesindədir. O heç vaxt yerində dayana bilməz. Müxtəlif olmaq, kütlələrdən, onların “siçan yürüşündən” və ən sonuncu dəbləri izləməkdən qaçmaq impulsu getdikcə ümumiləşir, vulqarlaşır və triviallaşır. Nəticədə isə fərdin fərdiyyətçiliyi bütövlükdə aradan qalxır. Bugünün irəlidə olmaq və “modernləşmək” simvolları dərhal əldə edilməli, dünəninkilər isə zaman itirilmədən zibilə atılmalıdır. Dəbdən düşmüş olana diqqət yetirmək nəyin dəbdə olduğu və ya olacağını müşahidə etmək qədər xüsusi olaraq yerinə yetirilən bir məcburiyyətdir. Digərlərinə də nəql edilən və dəyişən dəblərin simvolları tərəfindən tanınan bu həyat tərzi ən sonuncu trendlərin simvollarının üstünlüyü və artıq dəbdə olmayanların qeyri-mövcudluğu ilə müəyyən edilir.

        

Dəb “tərəqqi” ideologiyasının əsas nazimçarxlarından biridir. Bu yeni dəyişiklik forması arxada tərk etdiyini aşağılamaqla və dəyərsizləşdirməklə onu yenisi ilə əvəzləyir. Lakin bu termin daha erkən istifadələrinə diametral şəkildə zidd olmaqla təhdiddən qaçış ümidi ilə deyil, qaçmağa çalışdığı fenomendən doğan təhdid ilə assosiasiya edilir. “Tərəqqi” arzularımız və hisslərimizə heç bir məhəl qoymadan baş verir. Onun dayandırıla bilməyən və getdikcə güclənən qüvvəsi “əgər onları məğlub edə bilmirsənsə, onlara qoşul” prinsipi ilə müti bir tabelik tələb edir. İstehlak bazarları tərəfindən təlqin edilən inanclara uyğun tərəqqi tənbəllik, ehtiyatlılıq və miskinliyə ölümcül təhdid səciyyəsini daşıyır. “Tərəqqiyə qoşulmaq” və ya “tərəqqini izləmək” imperativi qeyri-şəxsi, sosial faktorların səbəb olduğu katastrofanın spektrindən yayınmaq arzusu tərəfindən təşviq edilir.

        

Beləcə, “tərəqqi” həyatın “ümumi rifahı” diskursundan modern dünyada şəxsi olaraq sağ qalma diskursuna transformasiya edilib. Tərəqqi, artıq sürət arzusu kontekstində deyil, dəbdən kənarda qalmamaq və “siçan yürüşündən” kənarlaşdırılmamaq üçün edilən cəhdlər kontekstində düşünülür. Dolayısı ilə, biz tərəqqini sosial statusu yüksəltmək deyil, uğursuzluqdan yayınma kontekstində düşünməliyik. Zaman həqiqətən heç bir insani məhdudiyyət tanımadan axır və insan onunla ayaqlaşmalıdır. Əgər boğulmaq istəmirsənsə, sörfinqi davam etdirməlisən. Bu o deməkdir ki, bacardığın qədər dəyişdirməyi davam etdir – paltarlarını, görünüşünü, vərdişlərini – qısacası, özünü.

 

İstehlak bazarının mütəşəkkil və arasıkəsilməz cəhdlərinin mədəniyyəti dəb məntiqinə tabe etməsindən sonra insanın başqası olmaq qabiliyyəti sübut edilməli idi. Fərdin identiklik üçün şəxsi modeli buqələmun modelinə transmutasiya olub. Yaxud da özünü istədiyi varlığa transformasiya edən, istədiyi formaları ala bilən mifik qabiliyyəti ilə əfsanəvi Prometeus modelinə. Modernizmin hər şeyi özündə əhatələyə bilən mədəniyyəti ictimai təzahürdə fərddən üzərindəki geyimini dəyişdiyi sürətlə öz identikliyini effektiv şəkildə dəyişdirmək qabiliyyətinə sahib olmasını tələb edir. Bazar məkanı hakim mədəniyyətin tövsiyəsinə tabelik əsasında bu bacarığın əldə edilməsində fərdə yardım edəcək.

 

Əsrimizdə utopiyanın yeni və yeniləşən interpretasiyası nizamsızlaşdırılmış və radikal şəkildə fərdiləşdirilmiş istehlakçılar cəmiyyətinə uyğunlaşdırılır. Modern fərdin dünyanı yaşaya biləcəyi daha gözəl bir yerə çevirmək ümidlərinə sahib olması qeyri-real olaraq görülür. O ən yaxşı halda dünyada özü üçün çalışaraq yaratdığı və içində var olmaqdan həzz duyduğu şəxsi məkanı qorumağa cəhd edə bilər. Onun əsas qayğıları və cəhdləri uğursuzluqlardan yayınmaya tabedir. Mövcudiyyətini davam etdirməsi tam, bölünməz diqqət, həftənin yeddi günü ayıq qalmaq, mümkün olduğu qədər sürətlə və dayanmadan hərəkət etmək qabiliyyətini tələb edir. Polyak yazarı Slavomir Mrojek bildirir ki, biz artıq öz mənhusluğumuza görə yalnız özümüzü məsul bilirik və özümüzü həyatımızın menecerləri olaraq təyin etmişik. Lakin bu anti-klerikal yanaşma və menecerial dəyişmələr həyatımızı daha da yaxşılaşdırmadı. Çünki daha yaxşı həyat arzularımız sadəcə öz eqolarımıza əsaslanır, ruhumuzun deyil, bədənimizin müalicəsi üzərində fokuslanır. Ambisiyalar və şirniklənmələrimizin bir məhdudiyyəti yoxdur. Halbuki, fərdin gerçək inkişafı məhdudiyyətlərin varlığı ilə mümkündür. Burada Hötenin “zahirən məhdud, daxilən qeyri-məhdud olmaq” prinsipini xatırlaya bilərik. Modern mədəniyyət fərdə söyləyir: “özün özünü yarat, başdan sona həyatını xoşladığın kimi yaşa və düzənlə”. Lakin köməksiz, yanlışsız, təkrarsız, düzəlişsiz və hər şeydən əvvəl şübhəsiz mən bunu edə bilərəm? Bu məhdud seçimin əzabı heç də daha az kəskin olmayan digər əzab – dəyişməz qeyri-müəyyənlik qarşısında seçim etmək məcburiyyəti ilə əvəz olunub.

 

Dəbin “perpetuum mobile”si hər bir inersiyanın yüksək dərəcədə səciyyələndirilmiş və effektiv dağıdıcısıdır. Dəb hər bir həyat tərzini daimi və sonsuz inqilab halına daxil edir. Dəb fenomeni dünyada insani tərzlərin universal və əbədi attributları, eləcə də onun sabit konfliktləri ilə bağlı olduğu üçün onun mövcudiyyəti həyatın seçilmiş bir və ya bir neçə tərzinə bağlı ola bilməz. Dəb, tarixin hər bir dövründə, insanın məskunlaşdığı hər bir ərazidə, hər bir mədəniyyətdə konstant dəyişikliyin insan həyatının bir yaşam normasına transformasiya edilməsində həlledici rol oynayır. Onun modus operandi-si (modus operandi – işləmə, fəaliyyət tərzi) öz əməliyyatlarına xidmət edən institutlar ilə birlikdə zamana uyğun olaraq dəyişir. Dəb fenomeninin modern forması insani şərtlərin bu əbədi aspektinin istehlak bazarları tərəfindən istismarı və kolonizasiyası tərəfindən müəyyən edilir.

 

Sübhan Padarov

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.