Regional siyasi risk indeksi

10.09.2019

1979-cu ildən etibarən The PRS Group təşkilatı dünya ölkələri üzrə siyasi risk indeksini hesablayır. Bu indeksin əsas cəhəti həm mövcud vəziyyəti qiymətləndirmək, həm də proqnozlar verməkdir. Daimi tərəfdaşları Transparency International, Frontier Funds Media & Intelligence, Finance, Credit & International Business (FSIB), National Association of Credit Management kimi qurumlar olan The PRS Group proqnozlarının bir çox hallarda doğru olmasına görə yüksək mötəbərliyə malikdir. Göstəricilərini ildə iki dəfə yeniləyən The PRS Group-un təqdim etdiyi ən yeni siyahıda Azərbaycanın da tutduğu yer göstərilmişdir.

 

Göstərilən indeks  maliyyə transferləri, birbaşa investisiyalar, eksport bazarı da daxil olmaqla, 17 komponenti nəzərə alaraq, hər ölkə üçün ümumi hesablamanın nəticəsidir. İndeks müxtəlif ölkələri birbaşa müqayisə etmək, həmçinin illər üzrə dinamikanı görməyə imkan verir.

 

Siyasi risk indeksi kimlər üçün nəzərdə tutulub? Qlobal maliyyə idarəçiləri, bir sıra dünya səviyyəli inkişaf bankları və kredit agentlikləri, habelə dünya səviyyəli universitetlərdə çalışan elm adamları və dünyanın bir sıra yerlərində aktivləri olan, əsasən təbii resursların hasilatı üzrə ixtisaslaşan transmilli qurumlar bu indeksin müəyyənləşməsində maraqlı olan tərəflərdir. Bundan əlavə, qeyri-hökümət təşkilatları, analitik mərkəzlər və birbaşa investisiya qrupları müntəzəm olaraq bu  və ya digər regionda mövcud risk səviyyəsinin ölçülməsində maraqlıdırlar.

 

Son illərdə Avropada böhrandan tutmuş terror hücumlarına qədər dünyada baş verən qlobal hadisələr aydın şəkildə göstərdi ki, siyasət biznes və investisiyaların mənfəətinə təsir göstərə bilər. Qlobal və regional siyasi hadisələrin maliyyə sferasına təsirini azaltmaq üçün isə ilk öncə onların effektindən əvvəlcədən xəbərdar olmaq lazımdır.

 

The PRS Group dünya ölkələrini regionlar üzrə qruplaşdırır. Bu regionlar aşağıdakılardır: Şimali və Mərkəzi Amerika; Cənubi Amerika; Qərbi Avropa; Orta və Cənubi Asiya; Şərqi Avropa; Yaxın şərq  və Şimali Afrika; Subsaxara Afrika dövlətləri; Şərqi Asiya və Sakit okean ölkələri.  Əvvəla qeyd edək ki, Azərbaycan bu göstərilən ölkələr arasında Orta və Cənubi Asiya   qrupuna düşmüşdür. Ölkəmizin, belə demək olarsa,  “qrup yoldaşları”  Hindistan, Qazaxıstan, Şri Lanka, Banqladeş, Pakistandır. Hazırda bu siyahıda ölkəmiz 71 balla ikinci yeri tutur (Bax: Cədvəl 1). Qeyd edək ki, heç də bütün postsovet ölkələri (o camlədən Cənubi Qafqaz ölkələri) PRS Group-un siyahılarında yer almır.

 

    Mənbə: https://www.prsgroup.com/regional-political-risk-index-4/

 

Lakin bu rəqəmi digər qruplarda oxşar yer alan ölkələrlə tutuşdursaq, Azərbaycanın regional risk indeksinə görə, Argentina, İtaliya, Dominikan Respublikası ilə eyni mövqedə olmasını görərik. Braziliya, Yunanıstan, Rusiya, Ukrayna, İran, İndoneziya və onlarla digər ölkələr bu hesablamalarda daha geridədirlər.