Sorğunun nəticələrinin təhlili
Respondentlərə ünvanlanan suallarda Rusiya əhalisinin digər ölkələrə münasibəti öyrənilib. Qeyd etmək lazımdır ki, bu sorğular mütəmadi şəkildə keçirilir və Rusiya əhalisinin Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Çin, Almaniya, Ukrayna, Belorusiya, Gürcüstana münasibəti öyrənilir və müvafiq indikatorlar tərtib olunur. Bundan əlavə, rəyi soruşulanlara Rusiyanın Avropa İttifaqı, ABŞ və Almaniya ilə münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı sual da ünvanlanıb.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, sonuncu sorğunun nəticələrinə əsasən respondentlərə ünvanlanan suallar arasında Rusiya ictimaiyyəti arasında böyük müzakirələrə səbəb olan suallar da olub. Məsələn, “ümumiyyətlə, Rusiyanı Avropa dövləti hesab edirsinizmi” sualının nəticələrinə nəzər yetirdikdə, görürük ki, 2008-ci ilin avqust ayında keçirilmiş sorğudan fərqli olaraq 2019-cu ilin avqust ayında respondentlər fərqli mövqe ortaya qoyublar. Belə ki, 2008-ci ildə rusiyalı respondentlərin 52%-i Rusiyanı Avropa dövləti hesab edirdilərsə, 2019-cu ildə rəyi soruşulanların cəmi 37%-i bu mövzuda “avropalı” kimi çıxış edir. Nəticələrə əsasən qeyd edə bilərik ki, builki sorğuda iştirak edən rusiyalı respondentlərin 55%-i yaşadığı dövləti Avropanın bir parçası hesab etmir.
Bəs Rusiya həqiqətən də Avropadırmı?
Çox maraqlı və ritorik sualdır və birmənalı şəkildə cavab vermək çətindir. Amma “Levada”nın keçirdiyi bu sorğu bir daha nümayiş etdirdi ki, Rusiya nəinki Avropa Birliyinin və ümumiyyətlə Qərbin yürütdüyü siyasətdən narazıdır, eyni zamanda əhalinin böyük əksəriyyəti “onlarla” birlikdə olmaqdan da imtina edir, kənarda qalmağa üstünlük verir.
Maraqlısı budur ki, bu cür düşünən insanların sayı hər gün durmadan artır. Rusiya əhalisini bu cür düşünməyə məcbur edən nədir? Avropaya qarşı münasibətin dəyişməsinin səbəbləri nə ola bilər? Ötən əsrin 90-cı illərdə Avropaya can atan ruslar bu gün niyə Avropadan uzaq durmağa çalışırlar? Mövqe dəyişlikliyini doğuran məqamlara nəzər salaq.
Görünən odur ki, miqrantlar əleyhinə çıxışlar, onların təzyiqlərə və fiziki zorakılığa məruz qalması, cinsi azlıqların nümayişləri və bununla bağlı vəziyyət rusların “avropalı” olmaqla bağlı tərəddüdlü mövqe nümayiş etdirməsinə gətirib çıxarır.
Siyasi gündəliyin dəyişməsi, qısamüddətli trendlərin müxtəlif formasiyaları və cəmiyyətin siyasi canfəşanlığı, subyektiv qiymətləndirmə ilə bağlı olan bəzi amilləri də nəzərdən qaçırmamaq lazımdır.
Mental ayrıseçkilik və qeyri-bərabərlik faktorları bu məsələdə həlledici rol oynayır. Mərkəzi Asiyadan Rusiyaya iş dalınca pənah gətirən və bir müddət orada məskunlaşan şəxsi avropalı hesab etmək olarmı? Cavab birmənalıdır! Həmin şəxsin Avropaya getməsi üçün viza əldə etməsi tələb olunur. Elə bunun özü də göstərir ki, Rusiya ilə Avropa arasında həm fiziki, həm də mənəvi bağlılıqlarda bir sıra problemlər var. Bu problemlər də ictimai təfəkkürə ciddi şəkildə təsir edir.
Digər bir tədqiqatın nəticələrinə nəzər salanda görürük ki, Qərbi Avropanın əhalisi də ruslarla bir qitəni paylaşdığını düşünmür. Fransa əhalisinin cəmi 29%-i, Böyük Britaniyanın isə 35%-i Rusiyanı Avropanın bir hissəsi kimi görür. Soyuq müharibədən sonra Rusiya ilə Almaniya arasında münasibətlərin yaxınlaşmasının nəticəsidir ki, alman respondentlərin 49%-i Rusiyanı Avropanın bir hissəsi olduğunu təsbit edib. Polyakların 77%-nin Rusiyanın Avropanın bir hissəsi olduğunu qeyd etməsi sosialist düşərgənin təsirlərinin Polşa ictimaiyyəti arasında hələ də populyar olması ilə izah oluna bilər.
Lakin buna baxmayaraq, yaxın keçmişdə Kremlin təsir dairəsində olan bir çox Şərqi Avropa dövlətləri artıq kommunizm dəyərlərini qəbul etməkdən kütləvi şəkildə imtina edirlər.
Avropada milli və ultra mühafizəkar meyllər də güclənməkdə davam edir. Hadisələrin bu yöndə cərəyan etməsi mərkəzçi Avropanı və Brüsseli narahat edir. Fransa, İsveç də digər ölkələrdə vahid Avropa dəyərlərindən imtina edərək, geriyə baxmağa və öz dəyərlərini gündəmə gətirməyə çalışırlar. Ukrayna və Gürcüstanın Avropaya var gücü ilə meyl etməsinə baxmayaraq, Rusiyada avropaçılıq ab-havası hiss olunmur.
Müşahidələrimiz göstərir ki, Rusiya əhalisi özünü kəskin şəkildə asiyalı kimi də hesab etmir. Belə olan halda, bəs ruslar kimdir? “Siz özünüzünü avropalı hiss edirsinizmi” sualına cavabında rusiyalı respondentlərin əksəriyyəti dərin düşüncələrə qərq olurlar. Bu cür sorğularda siyasi kontekstin olduğunu düşünürlər. Əminliklə demək olar ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bir qədər yumşaldılsa, Rusiya əhalisi arasında Avropaya qarşı ictimai rəy də yumşalacaq və onlar özlərini avropalı hesab edərək, Avropada yaşadıqlarını zənn edəcəklər.
Rusiya əhalisinin savadlı və imkanlı qismi yaşamaq üçün Çin, Hindistan və yaxud Səudiyyə Ərəbistanını seçmir. Onların üz tutduqları məkan isə bəyənmədikləri Avropadır.
Rusiya əhalisinin Avropaya və Avropa Birliyinə münasibətinin kəskin pisləşməsi “Maydan hərəkatı”ndan sonra daha da güclənməyə başladı. Bu fonda vətənpərvərlik ruhunun da güclü şəkildə yüksəlməsi müşahidə olunurdu.
Rusiyada ədəbi sentimentalizmin banisi, orta təhsilin tərəfdarı və çar uşaqlarının tərbiyəsi ilə məşğul olan N.M.Karamzin Avropanı “incəsənət və elmlərin paytaxtı, yaxşı insanların və müdriklərin bütün planlarının əsasını təşkil edən, insan ağlının əsrlər boyu topladığı bütün xəzinələrin anbarı” adlandırırdı. Daha sonra Qərbə qarşı olan bu münasibət formalaşmaqda olan rus milli mədəniyyətinin ideologiyasının əsasını təşkil etməyə başladı. Belə olan halda, Rusiya əhalisi yalnız Qərbi Avropa ölkələri ilə münasibət vasitəsilə özünü dərk edə bilərdi. Bu prosesdə 1812-ci ildə Napoleonla “Vətən müharibəsi” adlandırılan müharibə katalizator rolunu oynadı. Demək olar ki, bütün kontinental Avropanı alt-üst edən Napoleon üzərindəki qələbə Rusiyanın bütün taleyinin, missiyasının sübutu olaraq qəbul edildi. Həmin dövrdə qarşıda iki sual dayanmışdı: başqa ölkələrə yol göstərmək və ya heç olmasa xüsusi bir sivilizasiya statusu tələb etmək. Rusiya milli problemləri və bütün mürəkkəb daxili ictimai-siyasi vəziyyəti ilə hər zaman “modernləşməyə çatmaq” istəyən qabaqcıl ölkələrdən olub, özünü digər “böyük güclər” arasında təsdiq etmək, onlarla bərabərləşmək istəyi ilə yanaşı, iqtisadi sahədə, təhsil, elmin inkişafı və ya idarəetmə keyfiyyətində olmasa belə, hərbi qüdrətin nümayişində liderlik mövqeyinə nail olmağa israrlıdır.
Lakin bu gün Fransa Prezidenti öz çıxışlarının birində Rusiyanı Avropadan ayırmadığını bəyan edir və Avropa humanizminin yaradılmasında rus xalqının böyük rolu olduğunu qeyd edir.
Rusiya dünya siyasətinə təsir etmək gücünə malik olan dövlətdir. “Avrasiyaçılıq konsepsiyasını” özünün xarici siyasətinə çevirən müasir Rusiya üçün Avropa ilə ortaq dəyərlərin tapılması daha məqbul hesab oluna bilər. Mühafizəkar dəyərlərin üstünlük təşkil etdiyi hazırki rus cəmiyyətində Avropaya münasibətin transformasiyası birbaşa olaraq siyasi gündəliyin dəyişməsi ilə bağlı olduğunu söyləmək olar.