Sosial Tədqiqatlar Mərkəzində keçirilən görüşdə Qazaxıstan alimləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Qazaxıstanda cari tərcüməşünaslıq: nəzəriyyə və təcrübə” layihəsi çərçivəsində alimlərdən ibarət tədqiqat qrupu Azərbaycana səfər edib. Səfərin əsas məqsədi humanitar və sosial elm sahələri üzrə yerli təcrübə ilə tanışlıq, akademik əməkdaşlıq imkanlarının araşdırılması və elmi-tədqiqat istiqamətləri üzrə birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. Tədqiqat qrupuna tanınmış alimlər Prof. Dr. Aygulim Aitbayeva (Narxoz Universiteti), Prof. Dr. Kuranbek Aset (Əl-Farabi adına Qazax Milli Universiteti) və Dr. Nurlan Muminov (Əl-Farabi adına Qazax Milli Universiteti) daxildir.
STM-də keçirilən görüşdə tədqiqat qrupunun üzvləri Qazaxıstan dövləti tərəfindən həyata keçirilən “Yüz kitab” layihəsi və onun elmi sahədə, gənclərin formalaşmasında oynadığı rola dair keçirdikləri ictimai rəy sorğularının nəticələrini təqdim ediblər. Alimlər həmçinin Qazaxıstanda aparılan elmi-tədqiqat işləri, dövlət siyasəti çərçivəsində həyata keçirilən layihələr və qazax dilində sosial tədqiqatların gələcək inkişaf planları barədə məlumat veriblər. Qonaqlar Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzinin tədqiqat modeli və ictimai rəyə əsaslanan idarəetmə yanaşmaları ilə maraqlandıqlarını ifadə ediblər.
STM İdarə Heyətinin sədr müavini, professor Tahirə Allahyarova qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qeyd edib ki, STM Azərbaycan dövlətinin vətəndaşla münasibətlərində mühüm rola malikdir və ictimai rəyə əsaslanan idarəetmə modellərinin tətbiqi bu fəaliyyətin əsas göstəricilərindəndir. Həmçinin vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə təkcə ölkə daxilində deyil, bütün türk dünyasında, o cümlədən qardaş Qazaxıstanda da geniş rəğbətlə qarşılanıb. Bu tarixi dövr elmi-tədqiqat sahəsində yeni baxışların formalaşmasına səbəb olub.
O, Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan ortaq elmi layihələrin sosial tədqiqat institutları arasında daha sıx inteqrasiyaya zəmin yaratdığını və gələcək əməkdaşlıq üçün geniş imkanlar təqdim etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə olunub və mümkün əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.