Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu əsasında vətəndaşların özünün, eləcə də ölkənin iqtisadi vəziyyəti barədə rəylərini öyrənib, yaxın gələcəklə bağlı iqtisadi proqnozlarını dəyərləndirib. Mərkəz tərəfindən iqtisadi vəziyyətin rəy sorğusu əsasında subyektiv dəyərləndirməsinin növbəti aylar üzrə də aparılması nəzərdə tutulub.
Sorğular 2023-cü ilin 01-06 aprel tarixlərində keçirilib, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib, anonimlik qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Mart ayı üzrə sorğu nəticələrinə əsasən, iştirakçıların 15.4%-i iqtisadi vəziyyətini “yaxşı”, 57.6%-i “orta”, 27.1%-i “pis” kimi qiymətləndirib.
Ölkənin iqtisadi vəziyyəti ilə bağlı 33.6%-i “yaxşı,” 48.4%-i “orta”, 14.8%-i “pis” cavabını qeyd edib. İştirakçıların 3.1%-i cavab verməkdə çətinlik çəkib.
Sorğu çərçivəsində iştirakçıların yaxın gələcəkdə özünün, eləcə də ölkənin iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı gözləntiləri də öyrənilib. İştirakçıların 54.4%-i iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, 20.8%-i dəyişməyəcəyini, 17.2%-i mənfiyə doğru dəyişəcəyini güman edib. Onların 7.6%-i bu barədə fikir bildirməyib.
Ölkənin iqtisadi vəziyyətinə gəlincə, sorğuda iştirak edənlərin 64.6%-i müsbətə doğru dəyişiklik gözlədiyini, 13.5%-i hər hansı dəyişiklik gözləmədiyini, 11.2%-i mənfiyə doğru dəyişəcəyini ehtimal etdiyini bildirib. İştirakçıların 10.7%-i cavab verməkdə çətinlik çəkib.