Ailə dəstəyi: kim kimə necə yardım edir?

19.03.2025
məqalə, yazı

Ailə dəstəyi geniş anlayış olub, həm maddi, həm  də emosional resursların mübadiləsidir. İnsan nə qədər güclü və müstəqil olsa da, vaxtaşırı, ya da müəyyən həyat dövrlərində  dəstək və yardıma ehtiyac duyur. Bir sıra tədqiqatlarımızdan gəldiyimiz qənaət də budur ki, Azərbaycan insanı çətin anlarda dəstəyi ilk növbədə ailəsindən gözləyir. Cəmiyyətimizdə ailədaxili yardımlaşma ilə bağlı sosial normalar kifayət qədər güclüdür. Məhz buna görə real ailə münasibətlərində yardımlaşma zəif olduğunda bu, çətin vəziyyətə düşən insanlarda əlavə ruh düşkünlüyü, bədbinlik yaradır. Ailədə dəstək və yardımlaşma həm üfüqi (qardaşlar, bacılar arasında), həm də şaquli (yaşlı və cavan ailə üzvləri arasında) istiqamətdə həyata keçirilir. Məqalədə yaşlı və cavan ailə üzvləri arasında, başqa sözlə nəsillərarası  yardımlaşma nəzərdən keçirilir. Təhlil olunan məsələlər ölkə üzrə 12 iqtisadi rayondan yaşı 18-dən yuxarı olan 1170 respondentlə həyata keçirilən “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” tədqiqatı çərçivəsində əldə olunan nəticələrə əsaslanır. 

Ailənin yaşlı və cavan üzvlərinin malik olduğu resurslar obyektiv səbəblərdən fərqlidir. Adətən cavanların fiziki imkanları daha yüksəkdir. Yaşlılar isə təqaüdə çıxıblarsa, onların asudə vaxt imkanları daha genişdir. Eyni zamanda maddi resurslar da əvvəlki və indiki  məşğulluqdan asılı olaraq, dəyişkəndir. Bəzi cəmiyyətlərdə yaşlı və cavan ailə üzvlərinin nisbi müstəqilliyi təqdir edilir və bunun üçün institusional imkanlar mövcud olur. Digərlərində ailədə yaşlı və cavanların müntəzəm qarşılıqlı yardımlaşması sosial norma kimi qavranılır. Yəni, cəmiyyətdə ailə münasibətlərilə bağlı mövcud normalar yardımlaşmanın fonu, konteksti olaraq onun həcmi və intensivliyini şərtləndirir. 


Altı Avropa ölkəsini əhatə edən genişmiqyaslı sorğuların  müqayisəli nəticələri nəsillərarası transfertlərin xarakteri və miqyasının cənubi Avropada (İspaniyada və İtaliyada)  daha yüksək olduğunu üzə çıxarmaqla bərabər, maraqlı bir cəhəti də aşkar edib. Nəsillərarası dəstəyin həcmi Avropada ötən onilliyin əvvəllərində baş vermiş iqtisadi böhran zəminində əsaslı şəkildə dəyişikliyə məruz qalmayıb1. Bu isə onu deməyə imkan verir ki, ailə üzvləri arasında nəsillərarası transfertlər dəyişkən və dinamik sosial proseslərdən daha çox uzunmüddətli sosial proseslərin nəticəsi olmaqla, dərin tarixi-mədəni köklərlə əlaqədardır. 
Türkiyə cəmiyyətində ailədə nəsilərarası iqtisadi ötürmələrlə xoşbəxtlik hissi arasında əlaqə  - birincinin artdıqca, ikincinin də artması tədqiqatlar vasitəsilə təqdiqlənib2. Bu da maddi xarakterli  ailə dəstəyinin insanların ümumilikdə həyat məmnunluğu, həyatını müsbət tərəfdən görmək meylinə təsir etdtiyinə dəlalət edir. Ailə dəstəyi təhlükəsizlik, arxa-dayaq hissinin möhkəmlənməsini təmin edir. Bu da yuxarıda qeyd olanan digər aspektləri aktuallaşdırır. 
Rusiyada irimiqyaslı, longityudal tədqiqatın da üzə çıxardığı maraqlı məqam yardım etdiyini söyləyən respondentlərin həmişə yardım aldığını deyənlərdən daha çox olmasıdır. Bu həm yaşlılardan cavanlara, həm də əksinə istiqamətlənən dəstək növlərinə aid olsa da, baba-nənələr və nəvələr arasındakı transfertlər üçün daha  çox xarakterikdir3. Tədqiqatçılar bunu insanların aldığı yardımdan daha çox etdiyi yardımı xatırlamağa meyilli olması ilə izah etsələr də, fikrimizcə, burda yardımlaşma normalarının, “başqaları məndən necə biri olmağımı gözləyir” düşüncəsinin  nəsildən-nəslə dəyişməsi ilə də şərh etmək olar.


Hazırki məqalədə istinad olunan tədqiqat sorğusuna  hər ev təsərrüfatından bir nəfər cəlb edilərək, onun aid olduğu yaş qrupu və ailə vəziyyəti ilə bağlı filtr suallarından asılı olaraq özündən yaşlı və/və ya özündən cavan ailə üzvlərinə göstərdiyi yardım növləri öyrənilib. 

Cavanlardan yaşlılara...


Azərbaycanda nəsillərarası münasibətlərin öyrənilməsi məqsədi daşıyan ilk irimiqyaslı tədqiqatda cavan ailə üzvlərindən yaşlılara necə yardım etdiklərini aydınlaşdırmaq üçün respondentlərə bir sıra  mümkün cavabları ehtiva edən  müvafiq sual təqdim edilib. “Yaşlı ailə üzvlərinə hansı formada dəstək göstərirsiniz?” kimi səslənən sualın cavab variantları aşağıdakılardır: “Pul verirəm”, “Ərzaqla təmin edirəm”, “Geyim alıram”, “Tibbi ehtiyaclarını ödəyirəm”, “Ev işlərinə kömək edirəm”, “Evdə təmir işlərinə yardım edirəm”, “Sənəd, idarə işlərində kömək edirəm”, “Xəstələnəndə şəxsən özüm baxıram”, “Heç biri”. Rəyi soruşulanlar bütün uyğun cavabları qeyd edə bilərdirlər. Göstərilən cavabları şərti olaraq, maddi dəstək (pul vermək və ərzaq, geyim almaq və s.), instrumental yardım (ev işlərinə kömək, ev təmiri və s.), birbaşa qayğı (xəstələnəndə qulluq etmək)  kimi növlərə ayırmaq olar. Cavablar belə sıralanıb:
    Ev işlərinə kömək - 59,5% 
    Xəstələnəndə qayğının göstərilməsi - 59,3% 
    Evdə təmir işlərinə yardım  - 28,5%
    Tibbi ehtiyacların ödənilməsi   - 28,2% 
    Ərzaq təminatı  - 25,5% 
    Geyim almaq  - 24,1% 
    Sənəd, idarə işlərində yardım  - 23,5% 
    Pul yardımıdır  - 21,8%. 
    Heç bir dəstək göstərmədiyini deyən  rəyi soruşulanların 9,3%-idir. 

 


 

Kişi respondentlər yaşlı ailə üzvlərinə daha çox pul (32,1%), ərzaq təminatı (38,1%), geyim (27,1%), tibbi ehtiyacların ödənilməsi (38,1%), evdə təmir işləri (49,8%), sənədləşmə işlərində yardım (37,7%), qadın respondentlər isə ev işlərinə kömək (64,1%), xəstələnəndə şəxsi qulluq (62,3%) kimi formalarda yardım edirlər. Başqa sözlə, yaşlılara göstərilən dəstəkdə yardım edənin genderinin rol oynadığını görürük. 
Respondentin nuklear, yoxsa genişlənmiş ailədə yaşamasının yaşlı ailə üzvlərinə göstərdiyi dəstək növləri ilə necə əlaqələndiyini təhlil etmək maraq doğurur. Göstəriciləri müqayisə etdikdə, aydın olur ki, pul, ərzaq və geyim təminatı məsələlərində ailə nəsillərinin birlikdə, yoxsa ayrı yaşaması mühüm fərqlərlə səciyyələnmir. Lakin respondentin yaşlı ailə üzvlərinə ev işlərində kömək, evdə təmir işlərində yardım, tibbi ehtiyacların ödənilməsi və xəstələnəndə qulluq kimi məsələlər  üzrə  nə dərəcədə yardım etməsi ilə ailənin birgəyaşayış formasının əlaqəsi vardır. Bu sonuncular üzrə birlikdə yaşayanların rəqəmləri daha yüksəkdir. 


Bütün dəstək formaları arasında maddi təminat spesifik yer tutur. Çünki o, yetərli olduğu halda onun sayəsində digər təminat formalarını əhatə etmək olar. Məsələn, yaşlı adam yetərli pul resursuna malikdirsə, ev işlərində yardım, tibbi ehtiyacların ödənilməsi, hətta xəstə olduqda intensiv qulluq ehtiyaclarının qarşılanması (muzdlu qayğı təminatçıları vasitəsilə)  təşkil oluna bilər. Bu səbəbdən, müntəzəmliyə tələbin  daha yüksək olduğu baza ehtiyaclar kimi, pul və ərzaq ehtiyacının ödənilməsinə yardım ayrıca öyrənilib. Respondentlərə ünvanlanan “Son bir ay ərzində yaşlı ailə üzvlərinizə pul və ərzaq yardımı etmisinizmi?” sualına onların     82,8%-i  “bəli”, 17,2%-i “xeyr” cavabını verib. 


Son bir ay ərzində yaşlı ailə üzvlərinə pul və ərzaq yardımını etdiyini deyənlər özünü yoxsul təbəqəyə aid edənlərin daha böyük hissəsi – 86,7%-idir. Etmədiyini deyənlər isə, özünü orta təbəqədən yüksəkdə görənlər arasında daha çox olmaqla, 22,2%-dir. Bu da pul yardımı ilə ailənin maddi vəziyyəti arasında necə bir əlaqənin olduğunu göstərir. Maddi imkan məhdud olduqca, yaxın dəstəyinə ehtiyac da daha yüksəkdir. 


Növbəti dəqiqləşdirici sualda isə yardımlaşmanın intensivliyi öyrənilib. Respondentlərin 65,2%-i  bunu müntəzəm olaraq, ayda bir neçə dəfə etdiyini, 26,4%-i bir neçə aydan bir, ehtiyac olduqda etdiyini, 5,1%-i ildə bir neçə dəfə etdiyini, cəmi 3,4 %-i isə çox nadir hallarda etdiyini söyləyib. Maraqlıdır ki, tək yaşayan respodentlərin hamısı (100%-i)  yaşlı ailə üzvlərinə son bir ay ərzində pul və ərzaq yardımı etdiyini, eyni zamanda hamısı bunu ayda bir neçə dəfə müntəzəm olaraq etdiyini söyləyib. Eyni cavabı genişlənmiş ailələrdən olanların 76,1%-i, nuklear ailələrdən 51,8%-i  bildirib. 


 
Respondentlərin maddi vəziyyəti yüksəldikcə, ayda bir neçə dəfə müntəzəm olaraq yaşlı ailə üzvlərinə yardım etdiyini deyənlər azalır. Yoxsul təbəqədə bu cavabı verənlər rəyi soruşulanların 76,9%-i, orta təbəqədən yüksəkdə olanların isə 42,9%-idir.  Bir neçə aydan bir, ehtiyac olduqda  yardım etdiyini deyənlər isə, əksinə artır. Bu cavabı yoxsul təbəqəyə aid olduğunu deyənlərin 15,4%-i söyləyibsə, orta səviyyədən yüksəkdə olanların analoji göstəricisi 57,1%-dir. Ehtimal ki, belə dinamika respondentin maddi vəziyyəti  yuxarı olduqca onun bir dəfəyə təmin edəcəyi yardımın həcmi ilə bağlıdır. Habelə yardımı alan tərəfin maddi yardıma ehtiyacının olub-olmamasını da nəzər almaq lazımdır.

Yaşlılardan cavanlara…


Bir sıra cəmiyyətlərdə ailədə nəsillərarası münasibətlərin xarakteri yaşlı ailə üzvlərinin yetkin övladlarına da daim dəstək və yardım göstərməsini nəzərdə tutur, yəni belə yanaşma üstünlük təşkil edir. Bəzi hallarda bu yetkinləşmə və müstəqilliyə əngəl kimi nəzərdən keçirilsə də, ailənin demək olar ki, bütün həyat mərhələlərində faktiki ehtiyaclar yalnız cavanların yaşlılara deyil, yaşlıların  da cavan ailə üzvlərinə (övlad və nəvələrinə) dəstəyinə tələbat yaradır. Yaşından asılı olmayaraq, övladına qayğıkeş münasibət və dəstək göstərməyə hazırlıq Azərbaycan cəmiyyətinin ailə ənənələrinə xas cəhətlərdən biridir.
Bu istiqamətdə olan yardım və dəstəyi öyrənmək üçün respondentlərə “Cavan ailə üzvlərinizə aşağıdakılardan hansı formada dəstək göstərirsiniz?” sualı verilərək, bütün mümkün variantları qeyd etmək təklif olunub: “Pul verirəm”, “Ərzaqla təmin edirəm”, “Geyim alıram”, “Tibbi ehtiyaclarını ödəyirəm”, “Ev işlərinə kömək edirəm”, “Evdə təmir işlərinə yardım edirəm”, “Sənəd, idarə və s. işlərdə kömək edirəm”, “Xəstələnəndə şəxsən özüm baxıram”, “Nəvələrə qulluq edirəm”, “Heç biri”. Nəticələr belədir:
    Ev işlərində kömək  - 61,5%
    Nəvələrə qulluq -  60,5%
    Ərzaq təminatı -  59,6%
    Pul yardımı  -  58,2% 
    Xəstələnəndə qulluq -  49,4%
    Geyim almaq -  48,8% 
    Tibbi ehtiyacları ödəmək  - 43,4% 
    Evdə təmir işlərində yardım  - 39,4% 
    Sənəd, idarə  işlərində kömək -  37,8%
    Heç bir dəstək göstərmədiyini deyən  rəyi soruşulanların 5,0%-idir. 

 

Bu sualın da gender bölgüsündə müəyyən fərqlər  üzə çıxıb. Yaşlılara yardımda olduğu kimi kişi respondentlər cavan ailə üzvlərinə daha çox pul (65,2%), ərzaq təminatı (64,2%), geyim (50,5%), tibbi ehtiyacların ödənilməsi (49,5%), evdə təmir işləri (55,6%), sənədləşmə işlərində yardım (49,5%), qadın respondentlər isə daha çox  ev işlərinə kömək (69,5%), xəstələnəndə şəxsi qulluq (58,5%) kimi formalarda yardım edirlər. Həmçinin, nəvələrə qulluq etdiyini söyləyənlər arasında da (63,9%) qadınlar daha çoxdur. Yəni, cavanlara yardımın da genderləşmiş səciyyə daşıdığını görürük.


Yaşlı ailə üzvlərindən cavanlara yönələn dəstək formalarının  respondentin yaşadığı ailə quruluşuna görə bölgüsündə üzə çıxan göstəricilər arasında bir sıra diqqət cəlb edən fərqlər vardır. Genişlənmiş ailədə yaşayan respondentlərin 61,8%-i ailəsinin cavanlarına pul yardımı, 62,4%-i ərzaq təminatını, 70,3%-i ev işlərində kömək, 51,1%-i xəstələnəndə şəxsi qulluq, 77,7%-i nəvələrə qulluq etdiyini söyləyib. Nuklear ailədə yaşayan respondentlərin 54,7%-i pul yardımı, 57,4%-i ərzaq təminatı, 54,1%-i ev işlərində kömək, 49,7%-i  xəstələnəndə şəxsi qulluq təminatı və yalnız 41,6%-i nəvələrə qulluq etdiyini bildirib. Yəni, bu sadalananlar genişlənmiş ailə üçün daha çox xasdır. Yaşlı və cavan nəslin birlikdə, yoxsa ayrı yaşaması xüsusilə birbaşa qayğı təminatındakı fərqdə özünü göstərir. Tək yaşayan respondentlərin cavabları isə daha çox fərqlənir. Onların 46,2%-i ailəsinin cavan üzvlərinə pul verdiyini, 46,2%-i ərzaqla təmin etdiyini qeyd edib. Ev işlərinə kömək məsələsində fərq digər qruplardan kəskin seçilməklə 23,1%,  xəstələnəndə şəxsi yardım 23,1%, nəvələrə qulluq 34,6%-dir. Başqa sözlə, ailədəki nəsillərin ayrı yaşaması məhz birbaşa qayğı defisitini şərtləndirir. 


Digər dəstək formalarına görə müqayisələr ümumilikdə belə qənaətə gəlməyə imkan verir ki, ailə quruluşundan asılı olaraq nəsillərarası qayğının maddi formaları  bir  qədər  fərqlənsə də, instrumental qayğı formalarında bu fərq daha çox, birbaşa qayğıda isə  daha da kəskindir. Əlavə edək ki, genişlənmiş ailələrdə yaşayan respondentlərin cəmi 1,4%-i cavan ailə üzvlərinə heç bir formada dəstək göstərmədiyini söyləsə də, tək yaşayanların 19,2%-i belə cavab verib. 


Yoxsul təbəqətə aid olanlar arasında cavan ailə üzvlərinə heç bir yardım etmədiyini deyənlər 9,2%-dir və bu,  maddi vəziyyətinə görə digər qrupların analoji rəqəmlərindən yüksəkdir. Özünü orta təbəqədən aşağıda görənlər arasında ərzaqla təmin etdiyini deyənlər 63,0%, geyim alanlar  55,4%, tibbi ehtiyacları ödədiyini deyənlər 47,8%, evdə təmir işlərinə yardım etdiyini deyənlər 42,4%, sənəd, idarə işlərində yardım etdiyini söyləyənlər 42,4%, xəstələnəndə şəxsən özü qulluq etdiyini deyənlər 52,2%-dir. Bu sadalananlar rəqəmlər maddi vəziyyətinə görə digər qrupların analoji göstəricilərindən aşağıdır. Özünü orta təbəqəyə aid edənlər arasında digər qruplardan daha yüksək rəqəmlər pul verdiyini söyləyənlər (60,5%) və ev işlərində kömək etdiyini deyənlərə (63,1%) aiddir. 
Cavan ailə üzvlərinə pul və ərzaq yardımı da ayrıca olaraq öyrənilib və onun intensivliyi dəqiqləşdirilib. Respondentlərin 93,0%-i son bir ay ərzində cavan ailə üzvlərinə pul və ərzaq yardımı etdiyini göstərib, belə cavab verənlərin 78,7%-i bunun ayda bir neçə dəfə müntəzəm olaraq baş verdiyini, 18,2%-i bir neçə aydan bir, 1,8%-i ildə bir-iki dəfə, 1,3%-i isə çox nadir hallarda baş verdiyini qeyd edib. 


 
Yaşlı ailə üzvlərindən cavanlara yönələn dəstəyin intensivliyinin  birgəyaşayış amili ilə əlaqəsinə gəldikdə, rəqəmləri müqayisə etsək, görərik ki, genişlənmiş ailələrdə yaşayanların 94,1%-i, nuklear ailələrdə yaşayanların 92,5%-i, tək yaşayanların isə 80,0%-i son bir ay ərzində cavan ailə üzvlərinə pul və ərzaq yardımı etdiklərini söyləyiblər. Bunu ayda bir-iki dəfə, müntəzəm olaraq etdiyini bildirənlər genişlənmiş ailələrdən olanların 83,7%-i, nuklear ailələrdən olanların 72,6%-i, tək yaşayanların isə 66,7%-idir. Başqa sözlə, genişlənmiş ailələrdə yardımlaşma intensivlyi daha yüksəkdir. 
Yoxsul təbəqəyə aid olan respondentlər arasında  son bir ay  ərzində cavan ailə üzvlərinə yardım etdiyini deyənlər 90,9%-dir və bu maddi vəziyyətinə görə digər qruplardan daha aşağı göstəricidir. Ən yüksək göstərici isə orta təbəqədən yüksək olan qrupda olmaqla – 100%-dir. Yaşlı ailə üzvlərinə pul və ərzaq yardımında olduğu kimi, bu sualda da respondentin maddi vəziyyəti yüksəldikcə, ayda bir neçə dəfə müntəzəm olaraq yardım etdiyini deyənlər azalır, bir neçə aydan bir, ehtiyac olduqda yardım etdiyini söyləyənlər isə, əksinə artır. 


Şübhəsiz ki, ailədə nəsillərarası qarşılıqlı yardımlaşma və resurs mübadiləsinə dair üzə çıxarılan nəticələr Azərbaycan cəmiyyətinə xas institusional və mədəni ənənələrlə bilavasitə bağlıdır. Ailəsinin cavanlarına pul  verdiyini söyləyən yaşlılar ailəsinin yaşlılarına pul verdiyini deyən cavanlardan təqribən üç dəfə çoxdur (58,2% vs. 21,8%). Ərzaq təminatı ilə bağlı bu fərq yenə də yaşlıların daha çox dəstək göstərməsi ilə təqribən iki dəfədir (59,6% vs. 25,5%). Belə kəskin fərq maddi yardımı nəzərdə tutan bütün dəstək  formalarına aid olmaqla instrumental yardımda (ev işləri, təmin işləri və s.) bir qədər azalır, lakin yenə də rəqəmlər yardım və dəstəyin yaşından asılı olmayaraq daha çox yaşlılarda cavanlara istiqamətləndiyini göstərir. 


Nəticə


-    Yardımlaşmanın xarakterinin respondentlərin maddi resursları ilə əlaqəsi  maddi vəziyyətinə görə müxtəlif təbəqələrə aid olanların göstəricilərinin müqayisəsi ilə  təsdiqlənib. Belə ki, yoxsul respondentlər yaşlı ailə üzvlərinə daha çox birbaşa pul sərfiyyatını nəzərdə tutmayan yardım növlərini təqdim edirlər (xəstələnəndə qulluq, ev  işlərində yardım və s.). Ayda bir neçə dəfə yardım edənlər də daha çox az resurslu təbəqədən olanlardır. Ehtimal ki, bunun da səbəbi qarşı tərəfin ehtiyaclarının uzun müddət üçün birdəfəlik ödənməsinin çətinliyidir. 


-    Nəsillərarası yardımlaşmada gender amili  özünəməxsus rol oynayır.  Kişilər “tipik” kişi fəaliyyətlərini nəzərdə tutan yardım növləri (məsələn, pul, ərzaq təminatı, təmir işləri və s.), qadın respondentlər isə cəmiyyətdə adətən qadın işi kimi nəzərdən keçirilən yardım növləri üzrə (ev işlərində kömək, xəstələnəndə qulluq, nəvələrə qulluq) daha yüksək nəticələr göstərib. Bu həm ailənin yaşlı, həm də cavan üzvlərinə istiqamətlənən yardımlar üçün belədir. 


-    Pul, ərzaq və geyim təminatı məsələlərində ailə nəsillərinin birlikdə, yoxsa ayrı yaşaması müəyyən fərqlərlə səciyyələnir. Lakin ev işlərində kömək, evdə təmir işlərində yardım, tibbi ehtiyacların ödənilməsi və xəstələnəndə qulluq kimi məsələlər  üzrə respondentin yaşlı ailə üzvlərinə  nə dərəcədə yardım etməsi ilə onun ailəsinin birgəyaşayış formasının əlaqəsi daha nəzərə çarpandır, yəni ayrı yaşayanlar yaşlı ailə üzvlərinə bu məsələlərdə daha az yardım etdiklərini bildirirlər. 


-    Cavan ailə üzvlərinə istiqamətlənən yardım formalarının da əksəriyyəti üçün birgəyaşayışdan, yəni ailənin quruluşundan asılı olan fərqlər səviyyəvidir. Genişlənmiş ailədə yaşayanlar öz ailəsinin cavanlarına daha çox yardım edir. Ailə quruluşundan asılı olaraq nəsillərarası qayğının maddi formaları bir qədər fərqlənsə də, instrumental qayğı formalarında bu fərq daha çox, birbaşa qayğıya gəldikdə isə, daha da kəskindir.


-    Cavan ailə üzvlərinə yardım etdiyini deyənlər yaşlı ailə üzvlərinə yardım etdiyini söyləyənlərdən daha çoxdur. Pul və ərzaq yardımı, onun intensivliyinə dair sualda verilən cavablar ilkin olaraq belə bir  təəssürat yaradır ki, müasir ailələrdə daha çox cavanların yaşlılara deyil, əksinə istiqamətlənən yardımların intensivliyi daha yüksəkdir. Gəlinən nəticənin daha da  dərinləşdirilməsi, onun əsasında duran amillərin təsbiti  bu istiqamətdə spesifik dizaynlı növbəti tədqiqatların həyata keçirilməsini  tələb edir. 



İstinadlar
Stolz, E. (2014). Solidarity in Times of Crisis from a Sociological Perspective: A Comparative Analysis of Intergenerational Support in six European Countries. Archiv des Völkerrechts, 113-136.
Aysan, M. F. (2018). Nesiller arası transferin değişimi ve mutluluğa etkisi. Yasemin Esen ve Cenap Nuhrat. Türkiye aile yapısı ileri istatistik analizi, 314-333.
Миронова, А. (2012). Внутрисемейные межпоколенные трансферты в России [Электронный ресурс]. Режим доступа: http://www. demoscope.ru

Humay Axundzadə

Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.