“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı - Elnur Məmmədov, çıxışın mətni
Keçirilən konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun çıxışı :
Hörmətli Zahid müəllim, hörmətli Səbinə xanım, hörmətli həmkarlar, tədbir iştirakçıları, xanımlar və cənablar!
Tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” xülyasından ruhlanan erməni millətçiləri xalqımıza, soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətlərinə haqq qazandırmaq üçün anti-Azərbaycan, anti-türk nifrətinin təşviqi ilə fəal məşğul olmuşlar. Birinci Qarabağ müharibəsindən öncə, 1980-ci illərin sonunda alovlanan və Vətən müharibəsindən sonra daha da şiddətlənən etnik nifrət siyasəti və çağırışları Ermənistanda bu günə kimi dövlət səviyyəsində davam etdirilir.
Ermənistan hökumətinin etnik nifrətə hesablanmış siyasətinin əsasında ermənilərlə azərbaycanlıların etnik baxımdan bir-birinə uyğun olmadığını, etnik üstünlüyə dərin inamlarını, iki xalq arasında davamlı sülhün mümkün ola bilməməsini aşılayan irqçi ideologiya dayanır.
Erməni millətçiliyinin əsas ideya müəlliflərindən biri olan Qaregin Njdenin yaratdığı “tseğakronizm” – yəni, irqin daşıyıcısı – adlı ideologiya və hərəkat Ermənistanda anti-Azərbaycan və anti-türk nifrət siyasətinin əsas ideoloji xəttidir. Qeyd etmək vacibdir ki, hal-hazırda Ermənistan ərazisində Azərbaycana və azərbaycanlılara qarşı etnik nifrəti təbliğ edən milliyyətçi təşkilatların da istinad etdiyi əsas ideoloji xətt məhz budur.
Ermənistan müstəqilliyini əldə etdikdən sonra qəbul etdiyi bu ideoloji xətt təkcə erməniləri üstün irq kimi təqdim etməklə kifayətlənmir, eyni zamanda azərbaycanlıları aşağı insan qrupuna məxsus, barbar, müasir mədəniyyətə sahib olmayan etnik qrup kimi qələmə verir.
Tseğakronizm kitablarında türklərin məhvinə və erməni millətçiliyinə çağırış edən əsas fikirlər belə səslənir: “Soyumun düşmənləri türklər və onların məsləkdaşlarıdır. Soyuma qəbir qazan yalnız türkdür. Tseğaqronam və soyumun düşməninə, türkə qalib gəlməliyəm. “Türkdən qisas almamaq, onu bağışlamaq – yəni onun bir günahını bağışlamaq, ikincisinə rəvac vermək deməkdir.”
“Qan” üstünlüyünə əsaslanan bu irqçi ideologiyanın azərbaycanlılar və ermənilər arasında “etnik uyğunsuzluq” kimi təqdim etdiyi fikir Ermənistan hökumətinin ən yüksək rəsmiləri tərəfindən təlqin edilmişdir. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “bizim mədəniyyətlərimiz müqayisə oluna bilməz” kimi fikir səsləndirmişdir, Robert Koçaryan isə “azərbaycanlılarla ermənilərin etnik uyğun olmadığını” rəsmən bildirmişdir. 2021-ci ildə AŞPA plenar sessiyasında çıxışı zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Azərbaycanlılarla ermənilərin Qarabağda birgə yaşayışının mümkün olmadığını” bəyan etmişdir. Ermənistanın sabiq vitse-spikeri Vaan Hovhannesyan isə “Azərbaycanda hələ də qəbilə cəmiyyəti var, erməni cəmiyyəti isə səmimi şəkildə Avropanın bir hissəsi olmağa çalışır” deyə bildirmişdir. Təbii ki, Ermənistan hökumətinin müxtəlif dövrlərdə rəsmiləri tərəfindən səsləndirilmiş bir çox belə irqçi yanaşmalara rast gəlmək olar.
Təəssüflər olsun ki, bu gün də Ermənistanda bütün səviyyələrdə, eləcə də kütləvi informasiya vasitələrində nifrət və ədavət dolu anti-Azərbaycan ritorikası intensiv şəkildə yayılır.
Bildiyiniz kimi, Azərbaycan Respublikası 2021-ci ilin sentyabr ayında BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyası əsasında Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində dövlətlərarası iddia qaldırmışdır və bəzi təcili məsələlərə dair vəsatətlər vermişdir. 2021-ci dekabr ayında Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətləri ilə bağlı Ermənistana qarşı qərar qəbul etmişdi. Azərbaycan tərəfindən verilmiş vəsatət 15 hakim tərəfindən yekdilliklə qəbul edilmiş və Ermənistana öz ərazisində Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi VOMA, POGA adlı hərbləşmiş qrupların məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin Ermənistan hökuməti tərəfindən təşviq edilməsi, təşkilat fəallarının isə dövlət tərəfindən mükafatlandırması ilə bağlı məhkəməyə təqdim etdiyimiz çoxsaylı dəlil və sübutlar olmuşdur.
Təəssüflər olsun ki, Ermənistan məhkəmənin bu qərarına bu günə kimi məhəl qoymur, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların fəaliyyəti nə qadağan edilib, nə də onların fəaliyyətini hər hansı bir formada məhdudlaşdıran bir qərar verilib. Əksinə, bəzi hallarda onların fəaliyyətinə Ermənistan hökuməti tərəfindən maddi və mənəvi dəstək verilir. Ermənistan hökuməti tərəfindən yaradılmış belə bir mühitdə Azərbaycana və azərbaycanlılara qarşı nifrət çağırışları təbii ki, artmaqda davam etmişdir. Misal kimi, məhkəmənin qərarından bir müddət sonra, 2022-ci ilin aprelində Ermənistanda ölkədaxili müxalifət tərəfindən keçirilən nümayişlərdə əsas şüarlardan biri “Türksüz Ermənistan” olmuşdur.
Bütün bu hallarla bağlı sübutlar və faktlar tərəfimizdən toplanaraq Məhkəməyə əlavə şikayət şəklində təqdim edilmişdir. Bu şüarları və digər nifrət çağırışlarını səsləndirən şəxslərdən heç biri bu günə kimi hər hansı bir məsuliyyətə cəlb edilməmişdir. Halbuki, Ermənistanın öz cinayət qanunvericiliyinə əsasən bu kimi çağırışlar cinayət işinin açılması üçün tam əsas verir.
Lakin görünən odur ki, azərbaycanlılara və tərklərə gəldikdə, bu qanunların icrasından vaz keçilir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan tərəfindən BƏM-ə təqdim edilmiş bu təkzibedilməz sübutlara cavab olaraq Ermənistan tərəfi buna “söz azadlığı” donu geyindirməyə çalışmış, bunun əsasında etnik zəmində nifrət çağırışlarının qarşısını ala bilmədiyini iddia etmiş, lakin 7 dekabr 2021-ci il tarixli qərarı ilə Beynəlxalq Ədalət Məhkəməsi belə bir gülünc yanaşmanı rədd etmişdir.
Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan tərəfi cari ilin yanvar aynın 23-də Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin təxminən otuz illik qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından, doğma-yurdlarından qovulması, soyqırımların və digər bəşəriyyətə qarşı cinayətlərin törədilməsi, bununla da həmin ərazilərinin etnik təmizlənməsi və bundan irəli gələn yer almış digər cinayətlərlə bağlı minlərlə səhifəlik dəlillərə əsaslanan əsas iddiasını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdir.
Dövlətlərarası şikayətlərin beynəlxalq məhkəmələrdə baxılma xüsusiyyətini nəzərə alaraq, bu əsas iddiaya növbəti illər ərzində baxılacaqdır. Qeyd edim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər hər hansı bir təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, məhz etnik nifrətə və on illiklər ərzində Ermənistanda geniş təbliğ edilmiş “tseğakronizm” radikal milliyyətçi ideoloji xəttə əsaslanmış və ondan ruhlanmışdır. Bizim dövlətlərarası iddia da məhz bunu göstərir və bunu ifşa edir.
Təbii ki, bu ideologiya etnik ermənilərin bərabər hüquqlarını, iki xalqın birgə yaşayışını təşviq edən, dəfələrlə barışığa çağıran Azərbaycan hökumətinin yanaşması ilə tamamilə ziddiyyət təşkil edir.
Bildiyiniz kimi, Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Ermənistana hərtərəfli sülh sazişinin imzalanmasını təklif etmişdir. Həm ali səviyyədə, həm xarici işlər nazirləri və digər səviyyələrdə son 3 ildə dəfələrlə görüşlər keçirilmişdir. Təəssüflər olsun ki, Ermənistan tərəfi Azərbaycanın hərtərəfli sülh təklifinə hələ də qarşılıq verməyib. Üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan bu müddət ərzində qanunsuz şəkildə minaların, silah sursatın daşınması yenə də yüzlərlə soydaşımızın ölümünə və ciddi xəsarət almasına səbəb olmuşdur.
Ermənistan Qarabağda qanunsuz yerləşdirdiyi silahlı qüvvələrinin ərazidən çıxarılmasını təmin etməmiş, hərbi təxribatlar və terror aktları davam etdirilmişdir. Nəticədə bütün bu qanunsuzluqların qarşısını almaq, mülki əhalinin və hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək, suverenliyimizi tam bərpa etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, bütün bu qanunsuzluqlara son qoyulmuşdur.
Xalqımıza qarşı edilən 200 illik nifrət cinayətlərinə baxmayaraq, Azərbaycan Respublikası, hökuməti indi də Qarabağda yaşayan erməni sakinlərinə sülh şəraitində birgə yaşayış, reinteqrasiya təklif edir. Ümid edirik ki, Ermənistan hökuməti bu dəfə də nifrət xislətinə uduzub bu tarixi şansı itirməyəcək və bölgədə nəhayət ki, daimi sülh bərqərar olacaq.
Diqqətinizə görə təşəkkür edirəm.