“Sosial Tədqiqatlar” jurnalının 2022-ci il üçün növbəti sayı çapdan çıxıb
Jurnalın bu sayında yerli və xarici müəlliflərin 11 məqaləsi, 3 bölmədə oxucuların diqqətinə təqdim edilir. 11 məqalədən 5-i Azərbaycan dilində, 2-si türk, 2-si ingilis, 2-si isə rus dilindədir. Jurnalda yerli müəlliflərlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Belarus və Birləşmiş Ərəb Əmirliklərindən olan müəlliflərin məqalələrinə yer verilmişdir
“İctimai rəy. Sosioloji sorğular” bölməsində bilavasitə ictimai rəy sorğularının nəticələrinə - dataya əsaslanan 3 məqalə verilmişdir. Türkiyə Cümhuriyyətinin Üsküdar Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Sosiologiya şöbəsinin professoru Əbülfəz Süleymanlı və Sinop Universitetinin Fənn və ədəbiyyat fakültəsinin Sosiologiya şöbəsinin dosenti Ayşəgül Dəmirin “Türkiyədə universitet gənclərinin evlilik və ailə həyatına münasibəti” adlı (türk dilində) məqaləsində universitet tələbələrinin Türkiyədə evlilik və ailə institutu ilə bağlı düşüncələri sosial-demoqrafik dəyişənlərlə əlaqələndirilmiş, dəyişən münasibət və gözləntilər müəyyən edilmişdir. Araşdırmanın əsas obyektini Türkiyə Universitetində təhsil alan tələbələr təşkil edir. 2019-2020-ci tədris ilində Türkiyə Universitetlərində təhsil alan 17-35 yaş arası Türkiyə daxilində subay gənclər yeddi (7) bölgədə aparılan araşdırmada iştirak ediblər. Bu araşdırmadan əldə edilən nəticələrə görə, universitet tələbələrinin evlilik, ailə və uşaq vəziyyətinə müsbət münasibət bəslədikləri görünür. Bundan əlavə, cəmiyyətdə və ailə həyatında baş verən dəyişikliklər gənclərin evliliyə və ailə həyatına münasibətinin fərqli olmasına səbəb olub. Bu dəyişikliyin xüsusilə ailədaxili rolların bölüşdürülməsində daha qabarıq olduğu müşahidə edilib.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyevanın bu bölmədə yer alan “Nəzarətdənkənar uşaqların sosial problemləri: sosioloji təhlil (Azərbaycan uzrə coxpilləli tədqiqat materialları əsasında)” adlı məqaləsində nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz, yurdsuz) uşaqların sosial problemi sosioloji müstəvidə təhlil edilib. Qeyd edilir ki, nəzarətdənkənar uşaqlar problemi bütün bəşəriyyətin ən önəmli problemlərindən biridir. Uşaq nəzarətsizliyi sosial fenomen olaraq, əsasən uşaqların yetimliyinə səbəb olan sosial-iqtisadi səbəblərdən qaynaqlanır. Uşaq nəzarətsizliyinin artmasına iqtisadi böhranlar, işsizlik, yoxsulluq və uşaqların istismarı, ailələrdəki münaqişəli vəziyyətlər, valideynlərin asosial davranışı, uşaqlara qarşı zorakılıq və s. səbəb olur. Burada tibbi və psixoloji səbəblər də var (bəzi azyaşlıların asosial davranışa meyli və s.). Çoxpilləli sosioloji tədqiqatın nəticələrindən (2012-2022-ci illər) belə qənaətə gəlmək olur ki, uşaq nəzarətsizliyi problemi Azərbaycan üçün aktualdır, çünki nəzarətdənkənar uşaqların gələcəyi çətindir, problemlərlə üzləşərkən, onların öhdəsindən gəlmək bu uşaqlara asan olmayacaq və bu gün biz onların qeydinə qalmasaq, onları gələcəkdə çətin sınaqlar gözləyir.
Ukraynanın Milli Aviasiya Universitetinin Təhsilin İnkişafı üzrə Tədris və Elm İnstitutunun direktoru, Ukraynanın əməkdar təhsil işçisi Qalina Lazareva, həmin institutunun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Lyudmila Laxtionova və Dubaydakı Britaniya Universitetinin əməkdaşı, təhsilin idarə edilməsi və liderlik siyasəti üzrə fəlsəfə doktoru Məhəmməd Camalın həmmüəllifi olduqları “Ukraynada demokratik inkişaf və ali təhsilin müasirləşməsinin yeni mərhələsi” adlı məqalədə (ingilis dilində) Ukraynada ali təhsilin modernləşdirilməsinin əsas nəticələri araşdırılıb. Müəlliflər mövzunu Avropaya inteqrasiya və rəqəmsal məkanın qloballaşması kontekstində cəmiyyətin inkişafının demokratik prinsiplərinə uyğun olaraq nəzərdən keçiriblər. Burada həmçinin distant təhsilin müxtəlif aspektləri göstərilir və tələbə hüquqlarının genişləndirilməsi təsvir edilir. Krım və Donbasın işğal olunmuş ərazilərindən olan abituriyentlər üçün Ukraynanın ali təhsil müəssisələrinə qəbul kampaniyasının yenilikləri və nəticələri açıqlanır. Sonda müəlliflər Demokratik Təşəbbüslər Fondunun Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ilə birlikdə 2021-ci ildə COVID-19 pandemiyası kontekstində müstəqil xarici qiymətləndirmə və ali təhsil müəssisələrinə qəbulda korrupsiyanın azaldılması ilə bağlı keçirdiyi sorğunun nəticələrini qeyd ediblər.
“Sosial elmlərin aktual problemləri” bölməsində verilmiş 5 məqalədə müxtəlif sosioloji problemlər araşdırılmışdır. Türkiyə Cümhuriyyətinin Üsküdar Universitetinin Yeni media və jurnalistika bölümünün dosenti, fəlsəfə doktoru Aylin Tutgun-Ünalın “Metaverse üçün metaforaların məzmun təhlili” məqaləsində qeyd edilir ki, metafora anlayışın fərdin şüurunda yaratdığı məna və ya konseptual ifadədir. Bu, görmə və anlama prosesini ehtiva etdiyi üçün qavrayış haqqındadır. Elə vəziyyətlər var ki, bir insanın sadə bir anlayışı başqa bir anlayışla ifadə etməsi onun izahından daha vacibdir. Bu baxımdan, bu, güclü bir şərh prosesidir və insanın təcrübələrini ehtiva etdiyi üçün, həm də qavrayış vəziyyətini başa düşmək üçün güclü bir üsuldur. Bu araşdırmanın məqsədi Metaverse School adlı bir təhsil qrupunun "Metevarse" anlayışı ilə bağlı qavrayışlarını metafora vasitəsilə ortaya çıxarmaqdır. Məlumatlar hər bir şəxsdən “Metaverse ………… oxşardır, çünki ……..” cümləsini tamamlamağı xahiş etməklə toplanmışdır. Araşdırma nəticələrinə görə, insanların öyrəndiyi metaverse anlayışı üçün 70 etibarlı metafora hazırlanmışdır.
Bu bölmədə yer alan ikinci məqalə din və elmin qarşılıqlı əlaqəsinə həsr edilib. Rusiyanın Kabardin-Balkar Dövlət Universitetinin Fəlsəfə kafedranın professoru, fəlsəfə elmləri doktoru Larisa Aşnokova, Kabardin-Balkar Aqrar Universitetinin Tarix, fəlsəfə və hüquq kafedrasının professoru, fəlsəfə elmləri doktoru Ağababa Dadaşov və Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosioloji Mərkəzinin aparıcı elmi işçisi, Rusiya EA Fəlsəfə Cəmiyyətinin "Mədəniyyətlərin dialoqu: fəlsəfə və dünyagörüş problemləri" tədqiqat qrupunun rəhbəri, fəlsəfə doktoru Ariz Gözəlovun “Din və elm: sosial-mədəni aspekt” adlı məqaləsində (rus dilində) din və elm arasında əlaqə problemi, elm və ilahiyyatın sərhədindən bəhs edilir. Göstərilir ki, elm və din müxtəlif tədqiqat obyektlərinə malikdir, lakin hazırda elm və din arasında dialoqun yeni situasiyaları yaranır. Müəlliflər qeyd edir ki, dünyanın dini dərk edilməsi dünyanın inkişaf qanunuyğunluqları ilə bağlı elmi biliklərin legitimliyini istisna etmir. Bununla yanaşı, vurğulamaq lazımdır ki, elm və dinin müxtəlif tədqiqat obyekti və predmetləri, problemlərin tədqiqinə müxtəlif metodoloji yanaşmaları var. Əgər din insanın Allaha münasibətini, onunla irrasional qarşılıqlı əlaqədə varlığı dərk edirsə, elm dünyanın inkişaf qanunlarını rasional-elmi müstəvidə aşkara çıxarmağa yönəlib. Din və elmin dərketmə və tədqiqat metodları bir-birindən köklü surətdə fərqlənir. Məqalədə müasir dövrdə elmin ən yeni istiqamətlərində din və elmin bəzi terminoloji və metodoloji məsələləri arasında ortaq sahələrin olması ilə bağlı qənaətlərə də toxunulub.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Məmmədovun “Azərbaycanda terminologiyanın vəziyyəti: leksikoqrafiya, unifikasiya və koordinasiya problemləri” adlı məqaləsində Azərbaycanda terminoloji fəaliyyətin tarixi haqqında qısa məlumat verilir, bu sahədə bir sıra mövcud standartlar qeyd edilir. Terminologiya üzrə orqanların və mərkəzlərin müxtəlif səviyyələrdə (milli, beynəlxalq, sahə) təşkilati-metodiki fəaliyyətinə nəzər salınır. Terminologiyanın nizama salınması, unifikasiyası və standartlaşdırılması məsələləri araşdırılır. Bu qənaətə gəlinir ki, terminoloji məlumat bazasına daxil edilən terminlərin Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzi və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının bu təşkilatlarla (eləcə də eyni tarixi-mənəvi kökləri nəzərə alaraq digər türk dövlətlərinin müvafiq qurumları ilə) əməkdaşlığı daha da dərinləşdirməsi zəruridir.
Belarus Respublikasının əməkdar elm xadimi, sosiologiya elmləri doktoru, professor İqor Kotlyarov və Belarus Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun baş elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Natalya Rısyukeviçin “Müasir cəmiyyətdə idman: sosial-fəlsəfi cərəyanlar” adlı məqaləsində (rus dilində) idmanın müasir şəraitdə nəyi təmsil etdiyi, mövcud mənəvi-əxlaqi, sosial-iqtisadi şərait kontekstində onun qarşısında hansı vəzifələr durduğu, idmanın insana nə dərəcədə təsir göstərdiyi, insanın bir idmançı və şəxsiyyət kimi formalaşması, təkmilləşməsi kimi məsələlərdən bəhs edilir. Sivilizasiyalararası münasibətlərdə idmanın getdikcə sosial-mənəvi həyatın inkişafının ən mühüm göstəricisinə çevrilən, insanların fiziki və intellektual keyfiyyətlərinin yüksəldilməsinə yönələn sosial dəyər və mənəvi fenomen kimi rolu, insan potensialının maksimum səviyyəsini reallaşdırmaq yönündə imkanları nəzərdən keçirilir. Məqalədə yeni reallıqlarda idman fəlsəfəsi və sosiologiyasının vəzifələri ayrı-ayrılıqda təhlil edilir, sosioloji tədqiqatların köməyi ilə əldə edilən mövcud problemlərin həlli yolları təklif edilir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metadata departamentinin məsləhətçisi Aynur Sultanovanın “Azərbaycanda statistika sisteminin ümumi audit modelinin inkişaf potensialı” adlı məqaləsində (ingilis dilində) əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində (Komitə) keyfiyyətin idarə edilməsi sisteminin (KİS) tətbiqinin bəzi aspektlərini öyrənmək və Komitə tərəfindən keçirilən daxili auditlərin təkmilləşdirilməsi imkanlarını təhlil etmək olmuşdur. Məqalədə həmçinin Komitədə ənənəvi yoxlamaların aparılması təcrübəsi, digər ölkələrin statistika idarələrində keyfiyyətin idarə edilməsi üzrə sənədləşdirilmənin müqayisəli təcrübəsi, Komitədə keçirilən daxili auditlərin bəzi çatışmazlıqları, onların aradan qaldırılması üçün təkliflər, həmçinin auditlərin KİS-ə müsbət təsirinin qısa icmalı təqdim edilmişdir. Məqalədə təqdim edilmiş Komitənin daxili auditlərinin təşkili təcrübəsinin təhlili statistika idarələri ilə yanaşı digər qurumlarda da keyfiyyət sahəsində iş planlarının, tətbiq edilən nəzəri və praktiki audit sənədlərinin yenidən baxılması və onların praktikada tətbiqi üçün əsas ola bilər. Məqalədə həmçinin Azərbaycanın statistika xidmətində KİS-in inkişafının real təcrübəsi və mümkün potensialı, KİS-in qiymətləndirmə mərhələsinin, daha doğrusu, proseslərdə və onların nəticələrində uyğunsuzluqların aşkar edilməsinə yönəlmiş daxili auditlərin aparılmasının praktiki və nəzəri aspektləri öz əksini tapmışdır.
“İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq məsələləri” adlı 3-cü bölmədə hal-hazırda ölkəmiz üçün prioritet istiqamətlərdən olan Qarabağ və Şərqi Zəngəzurun mövcud iqtisadi potensialının müəyyənləşdirilməsi, maddi-mədəni abidələrinin araşdırılması, Böyük qayıdışı ləngidən problem və maneələr və s. mövzulara yer verilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş məsləhətçisi, BDU-nun doktorantı Seyran Quliyevin “Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur ərazisində mədəni irsin qorunması: problemlər və təkliflər” adlı məqaləsində qeyd edilir ki, Azərbaycanın mədəni irs nümunələri ilə zəngin olan bölgələrindən biri də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur ərazisidir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında yerləşən “Azıx mağarası” Daş dövrü insanlarının yaşayış yeri kimi bütün dünyada tanınır. Eyni zamanda “Tağlar mağara düşərgəsi” (Xocavənd rayonu, Paleolit dövrü), “Çalağantəpə yaşayış yeri” və “Leylantəpə yaşayış yeri” (Ağdam rayonu, Eneolit dövrü), “Üzərliktəpə yaşayış yeri” (Ağdam şəhəri, Tunc dövrü), “Xocalı kurqanları” (Xocalı rayonu, Tunc-İlk dəmir dövrü), Niftalı kurqanları (Cəbrayıl rayonu, Tunc dövrü) və s. arxeoloji abidələri də dünya əhəmiyyətli irs nümunələridir və həmin ərazilərin qorunması müstəsna əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur ərazisi müxtəlif dövrlərə aid memarlıq tikililəri ilə də zəngindir. Biz burada dünya əhəmiyyətli “Xudavəng” (XIII—XVII əsrlər) və “Gəncəsər” (1238-ci il) monastırları, “Qulu Musa oğlu türbəsi” (1314-cü il), 11 və 15 tağlı Xudafərin körpüləri (XI, XIII əsrlər), “Şuşa Tarix-Memarlıq Qoruğu” (XVIII—XIX əsrlər) və s. abidələrin adlarını qeyd edə bilərik. Respublika ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısında (2001-ci ildə təsdiqənmiş) vaxtilə işğal altında saxlanılan ərazilərdə 706 abidə dövlət qeydiyyatında olmuşdur. Bu say sovet hakimiyyəti illərində aparılmış tədqiqatların nəticələrinə əsaslanır və işğala qədər olan göstəricilərdir. Postmüharibə dövründə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd və s. rayon və kəndlərdə aparılmış monitorinqlər nəticəsində dövlət qeydiyyatında olmayan 200-ə yaxın tarix və mədəniyyət əhəmiyyətli obyekt müəyyən edilmişdir ki, bu sayın daha da artacağı şübhəsizdir. Məqalədə postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə daşınmaz mədəni irsin qorunması işinin təşkilati, əməli və hüquqi baxımdan necə təşkil olunmasından geniş bəhs edilmişdir. Bununla yanaşı, məqalədə postmüharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması sahəsində problemlər təhlil edilmiş, reallıqlar nəzərə alınaraq müvafiq təkliflər verilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları iqtisad üzrə fəlsəfə doktoru, dosent Söhrab İsayev və Universitetin magistrantı Murad Mirzəyevin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin təşkilinin istiqamətləri və növləri” adlı məqaləsində qeyd olunur ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, əraziƖərin iqtisadi potensiaƖı, maddi resursları və onlardan səmərəƖi istifadə ediƖməsi, regiona investisiya cəlb edilməsi, sahibkarƖığın inkişaf istiqamətƖəri və s. məsələlər mühüm aktuallıq kəsb edir. Birmənalıdır ki, işğaldan azad edilmiş əraziƖərin Azərbaycan xaƖqı üçün tarixi-mədəni dəyəri hər hansı iqtisadi faydası ilə müqayisədə qat-qat üstün əhəmiyyətə malikdir. Bununla yanaşı, azad Qarabağ əraziƖərinin tarixən və bu gün də olduqca zəngin iqtisadi resurs və potensiaƖa malik olması bir həqiqətdir. Bu əraziƖərin bütünƖükdə öƖkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradıƖacaq yeni iqtisadi dəyərin Azərbaycan dövƖətinin bərpa və quruculuğa sərf etdiyi maƖiyyə xərcƖərini dəfəƖərƖə üstəƖəyəcəyi şübhəsizdir. İşğaƖdan azad edilmiş əraziƖər sənaye və tikinti əhəmiyyətƖi müxtəƖif növ materiaƖƖarƖa zəngindir. Eyni zamanda, bu əraziƖər zəngin su ehtiyatƖarına malikdir ki, bu da öƖkəmizin sənayesi və kənd təsərrüfatı üçün müstəsna əhəmiyyət kəsb edir. ƏminƖikƖə qeyd etmək mümkündür ki, işğaƖdan azad ediƖən əraziƖərdə yaradıƖacaq əƖverişƖi biznes mühiti, mikro, kiçik və orta sahibkarƖığın formaƖaşması strateji sahə kimi qeyri-neft sektorunun dinamik inkişafına əsasƖı təkan verəcək, nəticədə idxaƖı əvəz edən məhsuƖƖarın yerƖi istehsaƖ hesabına həcmi və çeşidi çoxalmaqla yanaşı, ixrac yönümƖü məhsuƖƖarın istehsaƖı da artacaqdır. Bu əminƖiyin maddi-iqtisadi bazasını işğaƖdan azad ediƖən əraziƖərin təbii ehtiyatƖarı, sosiaƖ-iqtisadi bazasını isə öz doğma yurdƖarına qayıdan insanƖar təşkiƖ edəcəkdir.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynovun “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi problemi: Ermənistanın hərbi cinayətləri və beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti” adlı məqaləsində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi probleminə nəzər salınır. Qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. “Landmine Monitor Report” nəşrinin məlumatına görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər. Ermənistan silahlı qüvvələri 30 illik işğal müddətində olduqca geniş arealda minaların basdırılması və istehkamların qurulması işini aparmışdır. Onların əsas məqsədi torpaqlarda uzunmüddətli işğal planlarını reallaşdırmaq və Azərbaycanın Qarabağı hərbi yolla azad edəcəyi təqdirdə itkilərini maksimum dərəcədə çoxaltmağa nail olmaq olmuşdur. İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq iki ilə yaxın vaxt keçsə də, azad edilmiş ərazilərdə ən başlıca problemlərdən biri olan minalanmış sahələrin təmizlənməsi aradan qaldırılmayıb. Demək olar ki, hər keçən gün işğaldan azad olunmuş torpaqlarda ölən və yaralananlar olur. Bununla bağlı statistika artmaqda davam edir. Reallıqda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi kifayət qədər zaman alacaq. Təəssüf doğuran məsələ bundan ibarətdir ki, Azərbaycan bu sahədə lazım olan beynəlxalq dəstəyi hiss etmir. Halbuki, müvafiq dəstək veriləcəyi halda, işğaldan azad edilən 10 min kv. km ərazidə minatəmizləmə ilə bağlı mürəkkəb proses 2-3 dəfə daha erkən başa çatdırıla bilər.
“Sosial Tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/) oxumaq mümkündür.
Qeyd edək ki, “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. 2021-ci ilin mart ayında mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) ilə bağlı sertifikat verilmişdir.
Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Müstəqil, resenziyalı, beynəlxalq redaksiya heyətli elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir. Jurnalda Azərbaycan, ingilis, türk və rus dillərində məqalələr dərc edilir.