Yuxarıya
skip to main content

Təkqütblü və çoxqütblü dünya

04.08.2022

Dünyada bir qlobal hakim gücün olduğu sistem təkqütblü dünya modeli hesab olunur. Yəni, həmin qlobal güc dünyanın idarəçiliyini böyük ölçüdə öz səlahiyyətinə keçirir. Siyasi, iqtisadi, hərbi, ideoloji və mədəni sistemi öz strukturlarına əsasən formalaşdırır.

19-cu əsrə qədər dünyada əsas 4 qlobal güc vardı:

1) İngiltərə

2) Fransa

3) Rusiya

4) Osmanlı

Elmi-texnoloji gerilik və çoxcəbhəli müharibələr nəticəsində Osmanlı qlobal güc olmaqdan çıxdı. Rusiya hərbi olaraq onun yerində 3-cü güc kimi möhkəmləndi.

İngiltərə və Fransada baş verən inqilablar, sənaye çevrilişləri, elmi-texnoloji inkişaf 19-cu əsrə daxil olduqda bu iki gücü qlobal dominantlığa çıxartdı. Müstəmləkələr hesabına qlobal sferada iqtisadi gücləri artdı.

Vyana konqresinə (1815) qədər dünyada ən əsas 2 qlobal qütbü göstərmək olardı:

İngiltərə və Fransa.

Təbii ki, Napoleonun məğlub olduğu müharibələrdə Rusiyanın da hüdudları genişləndi. Məsələn, elə bizim region bu aralıqda Rusiya təsiri altına düşdü. Amma Rusiyanın dominantlığı əsasən hərbi sferada oldu. İqtisadi, ideoloji və mədəni qütb kimi Britaniyaya qlobal ekvivalent deyildi.

19-cu əsrin 2-ci yarısından etibarən Fransanın zəifləməsi ilə Avropada Almaniya sürətlə inkişaf etdi və 20-ci əsrə daxil olduqda almanlar bütün sferalarda artıq ingilislərə qarşı ikinci qütb formalaşdırmışdılar.

1-ci Dünya Müharibəsindən sonra imzalanan Versal müqaviləsi (1919) ilə Almaniya məğlub oldu. Çökən sadəcə alman imperiyası olmadı, bunun yanında Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyaları da tarixə qovuşdu.

Böyük Britaniya və ABŞ dünyanı yenidən bölüşdürdü. Ən əsasında isə xəritəni yenə ingilislər çəkdi. Ancaq gedişat yeni rəqiblər yaratdı.

ABŞ iqtisadi olaraq hər kəsi ötüb keçdi. Rusiyada Çarı devirən inqilab gözlənilənin əksinə daha güclü bir dövlət yaratdı. İdeoloji güclə bərabər 1930-cu illərdə həyata keçirilən sənayeləşmə ilə SSRİ ÜDM istehsalına görə ABŞ-a ən yaxın rəqib oldu.

İqtisadi böhranın nəticələrindən Almaniyada faşist sistem hakimiyyətə gəldi və 3-cü Reyx də dünyada yeni bir qlobal qütb oldu.

Beləliklə, yeni dünya müharibəsi qaçılmaz oldu. Nəticədə Almaniya yenə məğlub oldu.

Müharibə hələ tam bitməmiş Yalta konfransında (1944) artıq planet siyasi olaraq yenidən bölüşdürülməyə başlandı. Ənənəvi qlobal güclər üçün artıq Avropa episentr olmaq əhəmiyyətini itirdi. Dünyada 2 fərqli qlobal güc, sistem dominantlıq etməyə başladı.

Britaniya da ABŞ-la bu yeni sistemdə birləşib anqlo-sakson qütbündə cəmləşdi. SSRİ isə Çində yeni böyük dövlət və sistem yaranmasına vasitə oldu. Qüvvələr və sistemlər nisbəti daha da kəskinləşməyə doğru getdi.

Dünyada hərbi silahlanma fantastik ölçülərə çatdı. ABŞ və SSRİ artıq bəşəriyyəti məhv edəcək təhlükəli silahlara sahibləndilər. İkiqütblü dünya Soyuq Müharibə şəraitində davam etdi.

20-ci əsrin sonlarına yaxın hərbi olaraq məhv edilməsi mümkün olmayan SSRİ bir anda daxildən çökdü. Rusiya bərbad duruma düşdü.

Nəticə etibarıyla dünya ABŞ dominantlığı altında təkqütblü sistemə keçdi. Dünyanın iqtisadi-mədəni sistemini ABŞ institutları, hərbi sistemini isə NATO müəyyən etdi.

ABŞ nəzarətindəki Avropa İttifaqı isə əsas iqtisadi-mədəni güclərdən olmağa davam etdi. Bu vəziyyət təxminən 30 il davam etdi.

21-ci əsrin ikinci onilliyindən etibarən isə artıq yeni qlobal güc olan Çin aktiv formada özünü göstərməyə başladı. İqtisadi-texnoloji olaraq Çin qısa müddətə bir çox parametrlərdə ABŞ-a yaxınlaşdı. İqtisadi-texnoloji güc hərbi sənayenin də çəkisini artırdı. ABŞ üçün əsas qlobal təhdid artıq Çin olmağa başladı.

Eyni zamanda bu amil Rusiya üçün yeni ambisiya və funksiyalar formalaşdırdı. Hindistan kimi böyük resurslara malik ölkənin də qlobal mühitdə inkişafı diqqət çəkən önəmli cəhətlərdən oldu. Yaranmış situasiya Türkiyə kimi regional gücləri də daha aktiv planda irəli sürdü.

Qlobal mənafelərdə ABŞ ilə Çinin kəllə-kəlləyə gələcəyi çox analitiklər tərəfindən təxmin edilsə də, bir anda Rusiya ilə qərb bloku ölkələr Ukraynada toqquşdular. Hər iki tərəf Ukraynanı "Qırmızı xətt" elan etdilər.

Nəticə etibarıyla, 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdi və qərblə Rusiya arasında resurs müharibəsinə qədər aparan savaş başladı. Ukrayna xalqı ilə birgə ən çox zərər görən ikinci tərəf qlobal iqtisadiyyat oldu.

Ukrayna konfliktinin mahiyyəti bu oldu ki, artıq 30 illik təkqütblü dünyanın pərdələri cırıldı. ABŞ üçün bu məsələ artıq sadəcə Ukrayna deyil, bütünlükdə qlobal dominantlıq və prestij mövzusuna çevrildi.

Təkqütblük prinsipinə əsasən heç kəs ABŞ'ın nizamındakı dünyada istədiyini edə bilməzdi. Qərb tərəfindən bloklanan Rusiya boyda böyük resurs bazarı şərqə yönəldi və qlobal siyasi-iqtisadi düzəndə dəyişikliklər baş verdi.

Hazırda qlobal böhran davam edir və çoxqütblü dünya üçün alternativlər mövcuddur. Onsuzda Rusiyadan daha böyük qütb olmağa namizəd Çinin də ABŞ-la siyasi soyuqluğu var. Çin əvvəldən Rusiya, Braziliya, Meksika kimi böyük ölkələrlə iqtisadi-siyasi təşkilatlanmalara getmişdi. Tayvan məsələsinin isə daima gündəmdə olması hər zaman yeni konfliktlərə açıq statusu qorumaqdadır.

Hal-hazırda qlobal siyasi, hərbi və iqtisadi durum bulanıq və eyni zamanda çox təhlükəlidir. Çinin Tayvana hərbi hücumu yeni bir Ukrayna effekti yaradar və qlobal təkqütblü dünyanın növbəti pərdəsi də cırılar. Bu vəziyyətdə ya Çinə qarşı hərbi tədbirlər görülər, ya da ən düşük ehtimalda iqtisadi sanksiyalar tətbiq edilər. Amma bir məsələ də önəmlidir ki, hər iki ölkə bir-birindən iqtisadi asılıdır. ABŞ-ın Çindən əmtəə idxalının həcmi 400 milyard dollardan artıqdır.

Dünya iqtisadiyyatının böyük həcminə malik Çinlə münasibətlərin korlanması mütləqdir ki, başqa yeni ittifaqlar da yaradar. Ancaq iqtisadi olaraq dünya bunun altından çıxa bilər mi, bu da başqa qəliz sualdır.

Yekun olaraq, bunu deməyə əsas vardır ki, dünya yeni çoxqütblü sistemə sürətlə yuvarlanmaqdadır.


 

Həsənov Ramil

Bakalavr təhsilini Bakı Dövlət Universitetində Politologiya, magistr təhsilini isə Azərbaycan Texnologiya Universiteti və Erasmus proqramı çərçivəsində İspaniyanın Xaen Universitetində Biznesin Təşkili və İdarəolunması üzrə almışdır.