Yuxarıya
skip to main content

Pandemiya hələ bitməyib...

15.07.2022

Dünyada koronavirusa yoluxma sayında ciddi artımlar müşahidə edilir.

Bununla bağlı həkim-infeksionist Günel Quliyeva STM-ə bildirib ki, indiki variantlar daha çox yoluxdurucu qabiliyyətə malikdir.

Bununla da dünyada olduğu kimi ölkəmizdə də son günlər yoluxma halları artır. Omikronun B4, B5 variantı Sars Cov 2 ilə müqayisədə daha sürətlə yayılır. Xəstəliyin ciddi simptomlarla müşahidə olunması və yayılması müraciətləri artırdığı kimi dünyasını dəyişənlərin sayında da ciddi fərq yaradır. Əsas məsələ eytiyat tədbirlərinə riayət etməyimizdir. Maska, sosial məsafə və dezinfeksiyaedici vasitələrdən istifadə. Vaksinasiya isə yoluxma riskini minimuma endirən yeganə vasitədir. Bəzi ölkələrdə 4-cü, 5-ci doza peyvənddən istifadə olunur. Hətta tibb işçilərinə 6-cı dozanın vurulması müzakirə edilir. Əsas odur ki ilk iki doza eyni vaksin olsun. Yaşı 50-dən yuxarı olan, xroniki xəstəlikdən əziyyət çəkən və immun sistemi zəif olan şəxslərin peyvənd olunması mütləqdir. Bir çox ölkələrdə xüsusən də hamilə, süd verən qadınlarda vaksinin hər hansı yan təsirinin olmadığı təsdiqini tapıb. Buna görə də hər hansı narahatlığa əsas yoxdur. Qidalanmaya da diqqət etmək zəruridir. Çünki immmun sisteminin möhkəmləndirilməsi nəinki COVİD 19-a, eyni zamanda digər infeksion xəstəliklərə qarşı mübarizədə də qalxan rolunu oynayır.

Dünya Səhiyyə Təşkilatı həm də bildirir ki, siqaret və digər tütün məmulatlarından istifadə edə yoluxma riskini artırır. Məsələn, siqaret çəkəndə barmaqlar ağız və ya dodaqlara toxunur və bu, virusun nəfəs yollarına keçmə ehtimalını yüksəldir. Qəlyan başlıqlarını da buna misal göstərə bilərik.

Sahibkarlar və digər müəssisələr də həm personalın, həm də müştərilərin rahat istifadəsi üçün dezinfeksiyaedici məhlullara yer verməlidirlər. Artıq bir neçə ildir ki, bütün dünya bu virusla tanışdır. Sadəcə sosial məsuliyyətimizin fərqinə varıb, özümüzü və ətrafımıız qorumalıyıq.