Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının gündəlik həyatlarını pisləşdirdiyini düşünən Britaniyalıların faizi yüksəlib.
Bunu “Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin Avropa Birliyi Böyük Britaniya Forumu ilə birgə keçirdiyi sorğunun nəticələri deməyə imkan verir.
Belə ki, 2021-ci ilin iyun ayı ilə müqayisədə belə düşünən britaniyalıların göstəricisi onda üçdən 45%-ə yüksəlib. Bunun heç bir fərq yaratmadığını düşünənlərin nisbəti isə 2021-ci illə müqayisədə yarıdan təxminən üçdə birə düşüb.
Brexit-in gündəlik həyatlarını yaxşılaşdırdığını deyənlərin nisbəti də artıb, baxmayaraq ki, onlar kiçik qrup olaraq qalır. 2021-ci ilin iyun ayında 10 nəfərdən biri belə düşünürdüsə, hazırda onların göstəricisi 17%-dir.
Sorğu həmçinin göstərir ki, Avropa və Aİ Böyük Britaniya üçün mühüm tərəfdaş olaraq qalır. Hər on nəfərdən dördü Avropayla əlaqələri ən vacib əlaqə sayır. Millətlər Birliyi ilə bağlı bu fikirdə olanların göstəricisi 23%, ABŞ-la isə 15%-dir.
Bundan əlavə, Avropa İttifaqından çıxmağa səs verənlərin 72%-i daxil olmaqla, hər on nəfərdən səkkizi Britaniyanın Avropa İttifaqı ilə sıx əlaqə saxlamasının vacib olduğunu bildirir.
Bununla belə, ictimaiyyət AB və Böyük Britaniyanın reallıqda yaxın münasibətlərə malik olacağına daha az inanır: bunun mümkün olduğunu və olmadığını düşünənlərin nisbəti bərabərdir (hər biri 45%). Böyük Britaniya ilə Avropa İttifaqının gələcək münasibətlərinin prioritetlərinə gəldikdə isə britaniyalıların dörddə birindən çoxu (28%-i) hər ikisinin maraqlarının eyni olduğunu, hər beş nəfərdən biri isə ziddiyyət təşkil etdiyini düşünür.
Ticarət Britaniyanın Aİ ilə münasibətləri üçün ictimai prioritetlər siyahısında birinci yerdədir. Respondentlərin 33 %-i malların alışı və satışını asanlaşdırmaq üçün ticarət müqaviləsinin təkmilləşdirilməsini öncəlik sayır, bundan sonra isə Britaniyaya qeyri-qanuni immiqrasiyanın azalması, Rusiyanın Ukraynanı işğalına cavab verilməsi gəlir (22%).
Bununla belə, ictimaiyyətin demək olar ki, yarısı (49%) Britaniya və Aİ-nin ən vacib hesab etdikləri prioritetlər üzrə qənaətbəxş nəticə əldə etmək üçün birgə işləməsinin çətin olduğunu düşünür, baxmayaraq ki, 41%-i buna daha ümidlidir.
İctimaiyyət, xüsusilə, Aİ və Böyük Britaniya arasında iki məsələ üzrə razılaşma səviyyəsinə mənfi yanaşır: La-Manş boğazı boyunca qeyri-qanuni immiqrasiyanın və Şimali İrlandiya arasında dövriyə edən malların sərhəd yoxlamalarının idarə edilməsi.
Bununla belə, günün digər böyük məsələləri ilə bağlı isə daha çox razılıq hissi var. Xüsusilə, ictimaiyyət Aİ və Böyük Britaniyanın cinayət və terrorizmin aşkar edilməsi və qarşısının alınmasında (54%), Ukraynanın işğalından sonra Rusiya ilə işləməkdə (52%) və xalis sıfır hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılmasında (46%) ortaq maraqları olduğunu düşünür.