Rusiyada keçirilən sorğularda hansı məqamlar üzə çıxdı?

07.06.2022

"Levada" Sorğu Mərkəzi Rusiya əhalisi arasında NATO-ya münasibət baxımından araşdırma həyata keçirib.

22 may tarixinə görə Rusiya əhalisinin 7 faizi müsbət, 82 faizi isə NATO-ya mənfi münasibət bəsləyir. Mart ayından bəri NATO-ya onsuz da mənfi olan münasibət daha da pisləşib. Martın 18-də NATO-ya 76 faiz mənfi münasibət bəsləyirdisə, martın 22-də bu göstərici 78 faizə qalxmışdı. İki aya bu göstərici 10 faiz mənfiyə doğru dəyişib.

Yaş kateqoriyasına görə məsələyə münasibət bildirdikdə qanunauyğun belədir ki, daha yaşlı nəsil NATO-ya daha pis münasibət bəsləyir. İnsanların yaşı azaldıqca NATO-ya mənfi münasibət göstəricisi də ona uyğun azalır. Məsələn 55+ yaş kateqoriyasına aid qrupda mənfi münasibət 88 faiz olduğu halda 18-24 yaş kateqoriyasında NATO-ya mənfi münasibət bəlsəyənlərin göstəricisi 73 faizdir.

Respondentlərin 60 faizi hesab edir ki, Rusiyanın NATO-dan ehtiyat etməyi üçün əsası var, 35 faiz isə əks düşüncəni bölüşür.

"NATO-ya daxil ölkələrin Rusiyadan ehtiyat etməyə əsası varmı" sualında 60 faiz respondent hesab edir ki, Qərb ölkələrinin Rusiyadan qorxmaları üçün əsas var, 34 faiz düşünür ki, heç bir əsas yoxdur. Maraqlı məqam bundadır ki, 2020-ci ilin yanvarında bu göstəricilər tam əks idi: təxminən 60 faiz insan düşünürdü ki, NATO ölkələrinin Rusiyadan ehtiyat etməsinə heç bir əsas yoxdur, 34 faiz iştirakçı isə belə əsasın olduğu qənaətində idilər. 2014-cü ildə yəni Krımın ilhaq olunduğu ildə isə bu göstəricilər bir-birinə çox yaxın olub.

 Respondentlərin 52 faizi düşünür ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yaradır, 19 faiz müəyyən dərəcəli təhdid, 9 faiz kiçik təhdid yaratdığını düşünür. Rusiya ilə 1200 km-lik sərhədə malik Finlandiyanın və cənub qonşusu olan Gürcüstanın üzvlüyünü 34 faiz insan çox ciddi təhlükə kimi nəzərdən keçirir.

Gürcüstanın NATO-ya üzvlüyünə Rusiyada qismən daha tolerant münasibət var. 57 faiz iştirakçı bunu ciddi təhlükə kimi nəzərdən keçirtdiyi halda, 31 faiz insan bunu ciddi təhlükə kimi nəzərdən keçirmir.

Ukraynada vəziyyət daha fərqlidir. 72 faiz insan Ukraynanın NATO-ya üzvlüyünü ciddi təhlükə kimi nəzərdən keçirirlər və cəmi 21 faiz iştirakçı bunun praktiki təhdid olmadığı qənaətindədir.

"Qərb ölkələri ilə müharibə şəraitində Putin nüvə silahından birinci istifadə etmək əmrini verə bilərmi" sualına 10 faiz "böyük ehtimalla", 24 faiz "ola bilər", 36 faiz "az ehtimal olunan", 22 faiz "birmənalı şəkildə yox" cavabı verib. Mart ayının 15-dən bəri bu göstərici elə də ciddi dəyişikliyə məruz qalmayıb

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi də ("VÇİOM")  maraqlı bir sorğu həyata keçirib

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, 53 faiz iştirakçı bəzi Qərb ölkələrinin Rusiya mədəniyyətini ictimai məkandan sıxışdırmaq cəhdlərindən narahatdır. 37 faiz respondent hesab edir ki, mədəni sektorda qəbul edilmiş sanksiyalar Rusiyanın mədəniyyətinə zərər yetirə bilər. 73 faiz insansa düşünür ki, buna cavab olaraq qarşılıqlı mədəni sanksiyaların qəbul edilməsi lazım deyil.

Mədəni sektorda qəbul edilmiş sanksiyaların Rusiya mədəniyyətinə mənfi təsir edəcəyini ən çox 18-24 arası yaş kateqoriyasına aid insanlar düşünür (49 faiz). 33 faiz respondent sanksiyaların mədəniyyətə heç cür təsir göstərməyəcəyini, 23 faiz insan isə əksinə mədəniyyətin inkişafına təsir göstərəcəyini düşünür

Rusiya mədəniyyətinin "ləğv edilmə" cəhdlərindən daha çox qadınlar (57 faiz), təqaüdçülər (58 faiz) və televiziyanı internetdən üstün tutanlar (61 faiz) narahatdır.

Mədəniyyət və incəsənət sferasının işçilərinin əksəriyyəti (58 faiz) bundan narahatdır və bu sanksiyaların Rusiya mədəniyyətinə mənfi təsir göstərəcəyini düşünür (51 faiz). Yalnız 12 faiz mədəniyyət və incəsənət işçiləri sanksiyaların mədəni inkişafa müsbət təsir göstərəcəyini düşünür..

Əhalinin 2/3 hissəsi qarşılıqlı mədəni sanksiyaların qəbul edilməsini düzgün saymır. Bu mövqe Sankt-Peterburq və Moskva şəhərlərinin ali təhsilli insanlarına daha çox xasdır (80 %). 22 faiz insan isə cavab mədəni sanksiyaların qəbul edilməsini düzgün sayır

"VÇİOM"-un 3 iyun tarixi üçün apardığı araşdırmaya əsasən prezident V.Putinə 81,0% insan etibar edir, 78,2% insan isə onun prezident vəzifəsində fəaliyyətini dəstəkləyir.

Baş nazir və hökümətin fəaliyyətinə dəstək reytinqi isə 52,5 və 51,1 faiz təşkil edib.

Mixail Mişustinə 63,3 faiz, Q.Zyuqanova 32 faiz, Sergey Mironova 28,8 faiz, Aleksey Neçayevə isə 8,6 faiz insan etibar edir.

Əhalinin 40,7 faizi hakim Yedinaya Rossiya partiyasını, 10,9 faizi Kommunist partiyasını, 8,0 faiz LDPR-i, 5,9 faizi "Ədalətli Rusiya - Vətənpərvərlər - haqq naminə" birliyini, 4,7 faiz isə "Yeni insanlar" partiyasını dəstəkləyirlər

20 il ərzində Rusiyada Vətənpərvərlik anlayışı hissolunan dəyişikliyə uğrayıb. 2000-ci ildə ümumilikdə 84 faiz insan özünü vətənpərvər adlandırırdı. 2022-ci ildə isə bu göstərici 92 faizə bərabərdir. Vətənpərvərlik göstəricisi hakim partiyanın elektoral nüvəsindən və ya hətta prezidentin şəxsi reytinqindən yüksəkdir. Bu isə o deməkdir ki, Rusiyada bütün qüvvələr verdikləri bəyanat və atdıqları addımlarda vətənpərvərlik ideologiyasına bürünəcəklər.


Tural İsmayılov