Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) uşaqların müdafiəsi ilə bağlı rusiyalılar arasında sorğu keçirib.
Sorğunun nəticələrinə görə, rusların yarıdan çoxu əmindir ki, indiki uşaqlar onlardan daha təhlükəli dövrlərdə yaşayırlar (58%). Digərlərindən daha çox qadınlar (64%) və pensiya yaşında olan respondentlər (69%) belə düşünürlər.
Uşaqlar üçün təhdidlərin önündə kompüterlər və qadcetlər ( texniki cihazlar: smartfonlar, planşetlər, pleyerlər və s) gəlir. Rusların fikrincə, müasir valideynlər uşaqlarını ən çox bu qurğulardan qorumalıdırlar (57%). Respondentlərin 43%-i narkotiklərdən istifadə təhlükəsini göstərib. Sorğu iştirakçlarının 39%-i isə həmyaşıdlarının aqressiya və sərtliyinin zorakılıq problemi kimi təhlükə ola biləcəyini düşünürlər. Hər üç rusdan biri ailədən, valideynlərdən lazımi diqqət, qayğı almamağı uşaqların əsas problemlərindən sayır (33%). Təxminən bənzər sayda respondentlər isə uşaqlar üçün alkoqolun və siqaretin təhlükələrinə diqqət çəkirlər (28%).
Rusların müasir uşaqlarla bağlı yüksək narahatlıqlarına baxmayaraq, respondentlərin 62%-i onların küçədə asudə vaxtlarını təhlükəsiz şəkildə keçirmələri üçün yaşadıqları yerdə lazımi şəraitin yaradıldığını qeyd edib. Bu fikri daha çox Moskva, Sankt-Peterburq sakinləri (72%) və 18-24 yaşlı respondentlər söyləyiblər. Yaşayış məntəqəsinin böyüklüyü də bu göstəriciyə təsir göstərir: kənd yerlərində gəzintilər daha təhlükəsiz hesab olunur (64%), böyük və əhalisi çox olan şəhərlərdə isə gəzinti üçün şərait daha təhlükəli kimi qiymətləndirilir (37–39% respondent təhlükəsiz hesab edir).
“Dünənki uşaqlar" – 18-24 yaşındakılar uşaqların problemləri ilə bağlı fərqli danışırlar. Onların fikrincə, ən böyük təhlükə narkotikdir (53%). Ondan sonrakı yerlərdə isə həmyaşıdların zorakılığı və təcavüzü (46%), spirtli içki və tütün istifadəsi (44%) gəlir. Ağıllı telefonlarsız, internetsiz böyüyən yuxarı yaşlılar isə (35-59 yaş arası) uşaqlar üçün əsas təhlükə kimi kompüterlər və qadcetləri görürlər (62-65% ).
Rusların uşaqlarla bağlı dəstəklədiyi üç sahədən biri idman və sağlam həyat tərzinin inkişafıdır (50% ). Respondentlərin 33%-i vətənpərvərlik proqramlarının hazırlanmasını önəmli sayır, 27%-i faizi isə onları zərərli informasiyalardan qorumağın vacibliyini vurğulayır.
Gənclər daha çox uşaqlar üçün ekoloji maarifləndirmənin (18-34 yaşlılar qrupunda 26-25%) və valideyn dəstəyinin (18-24 yaşlılar arasında 25%) önəmindən danışırlar.
Yaşlı qrup isə (45 yaşdan yuxarı) vətənpərvərlik təribiyəsinə (39%) və uşaqların tərbiyəsində məktəblərin rolunun artırılmasına diqqət çəkirlər (24-25%).