Yuxarıya
skip to main content

Aclıq və "Tortilla Böhranı"na doğru həmlələr

02.06.2022

Dünyada siyasi gərginliyin artdığı hər bir an eyni formada iqtisadiyyatda təlaşlanmalara, qlobal qida zəncirində neqativ həyəcanlara və qarşısıalınmaz təlatümlərə səbəb olur. Dövlətlərin aldığı məsuliyyətsiz qərarlar çox vaxt eyni coğrafiyanın areallarını aşaraq daha geniş spektrli bədbin situasiyalara səbəb olur.

Ukraynadakı müharibə qlobal ərzaq qiymətlərində partlayışa səbəb olub. Rusiyanın Ukraynaya hücumundan əvvəl dünya buğda ixracının 10% -i , arpanın 13% -i , günəbaxan yağının 50%-dən çoxu, kolza yağının 5% -i, qarğıdalının 15%-i Ukraynanın payına düşürdü.

Aprel ayında FAO-nun qlobal ərzaq qiymətləri indeksi artıq illik müqayisədə 30%, orta hesabla 2020-ci ilə nisbətən isə 62% yüksək olub. Bu ilin məhsulu ilə bağlı təhdidlər əlavə qiymət artımlarını labüd edir.

Yüksək ərzaq qiymətləri bütün dünyada istehlakçılara təsir edir. Amma kasıb ölkələr xüsusilə həssasdır. Çünki onlar onsuz da gəlirlərinin ən böyük hissəsini ərzağa xərcləməlidirlər, sadəcə olaraq, qiymətlər qalxanda başqa ölkələrlə rəqabət apara bilmirlər. Yoxsulluğun, aclığın artması həssas coğrafiyalarda kütləvi xalq etirazları ilə nəticələnə bilər. Özəlliklə Afrikada vəziyyətin nəzarətdən çıxma imkanları mövcuddur.

Münxen Universitetinin professoru Hans Verner ona görə “tortilla böhranı”na diqqət çəkərək həmin vəziyyətlə indiki dövrün analogiyasını aparır. 2007-ci ilin “ tortilla böhranı bizi nələrin gözlədiyinə dair bir baxış təqdim edir. ABŞ-da və digər ölkələrdə bioetanol yanacağının istehsalını təşviq etmək üçün dövlət subsidiyaları sayəsində qida və heyvan yemi kimi istifadə üçün mövcud olan qarğıdalı tədarükü tədricən azalırdı. Nəticədə, qarğıdalı qiymətləri 2005-06 və 2006-07-ci illərin qışları arasında iki dəfə artdı və tortillalar 35% bahalaşdı . 2007-ci ilin yanvarında Mexikoda aclıq etirazları başladı, çünki insanların artıq tortilla almağa imkanı yox idi.

Qarğıdalı qiymətlərindəki bu artımdan sonra fermerlər əvvəllər buğda yetişdirmək üçün istifadə edilmiş torpaq sahələrini yenidən bölüşdürməyə başladılar ki, bu da öz növbəsində 2008-ci ildə buğda qiymətlərinin qalxmasına səbəb oldu .

2008-ci ilə qədər buğda, qarğıdalı və düyü qiymətləri 2006-cı il səviyyəsindən üç dəfə artıb. 

Bu gün bu nümunə artıq təkrarlanır: Hindistan buğda ixracına qadağa qoymağa başlayıb və tezliklə digər ölkələr də buna əməl edəcək.

Ərzaq qiymətləri artmağa davam etdikcə, daha çox ölkədə sosial narazılıq yaranacaq. Meksikada başlayan etirazlar növbəti il ​​ərzində bir çox inkişaf etməkdə olan və inkişaf etməkdə olan iqtisadiyyatlara yayılmışdı. Əksəriyyəti şiddətli olan aclıq etirazları 37 ölkədə baş verib .

Hazırda Azərbaycan bu sahədə bir çox dünya dövlətlərinə misal göstəriləcək peventiv addımlar atır. Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabat verən Baş nazir Əli Əsədov Azərbaycanın kifayət qədər taxıl ehtiyatının olduğunu bildirmiş və ölkəmizin bu sahədə ciddi problemlər yaşamayacağını diqqətə çatdırmışdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarı bu istiqamətdə atılan mühüm addımlardan biridir. Qərara əsasən, heyvanların yemlənməsi üçün nəzərdə tutulan bir sıra məhsullar, o cümlədən yem əlavəsi gömrük rüsumlarından azad edilib. Nəticədə Azərbaycan yeni rəqəmsal texnologiya ilə öz aqrar sənayesini qurana qədər ölkəyə gətirilən bir çox heyvan yemlərinin maya dəyəri sahibkarlar üçün daha ucuz başa gələcək, bu da təbii ki, istehlak bazarındakı qiymətlərə təsir göstərəcək.

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır