Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili siyasət və islahatlar
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında baş verən çevriliş ilə hakimiyyətdən getdilər. Ona görə də, Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər və onlar 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan və Qafqazda yaşayan digər xalqlardan olan nümayəndələrin də iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini qurdular (1). Seymdə Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Zaqafqaziyanın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də Seymdəki Azərbaycan Fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. İclasda Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən Bəy Ağayev və Mir Hidayət Seyidov isə müavinləri seçildilər. 28 may 1918-ci ildə Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Həmin vaxt Məmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar apardığı üçün onun yerinə iclasa sədr müavini Həsən Bəy Ağayev sədrlik etmişdir. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqda İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etmişdir. Qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan millətinin varlığını dünya-aləmə bəyanı demək idi (2). Azərbaycan Milli Şurası tərəfindən həmin iclasında eyni zamanda Fətəli Xan Xoyskinin başçılığı ilə AXС-nin birinci hökuməti qurulmuşdu.
Bakıya nisbətən Gəncədə vəziyyət qismən sabit idi. Buna baxmayaraq erməni daşnak dəstələri və Bakı Sovetinə bağlı könüllülər Gəncənin rus və erməni məhəllələrində barrikada quraraq şəhərin bir hissəsinə nəzarət edirdi.
4 iyun 1918-ci ildə Azərbaycanla imzalanan müqavilənin 3 və 4-cü bəndlərini əsas tutaraq, Nuri Paşa komandanlığında Gəncəyə gələn Qafqaz İslam Ordusundan bir qrup və Azərbaycan bölmələrinin apardıqları döyüş əməliyyatları ilə şəhər düşmən qüvvələrdən təmizləndi. Tiflisdə istiqlalını elan edən AXC hökuməti 16 iyun 1918-ci ildə Gəncə şəhərinə köçdü. Gəncə şəhəri AXC-nin müvəqqəti paytaxtı elan edildi (3). Iyunun 17-də axşam Gəncədə Fətəli Xan Xoyski rəhbərliyində ikinci hökumət quruldu. İyunun 19-da hökumət Azərbaycandakı gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. Osmanlı ordusuna mənsub Mürsəl Paşa komandanlığındakı diviziya döyüşlə Gümrü-Dilican-Akstafayı keçərək Gəncəyə gəldi. Ənvər Paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusu, Nuri Paşa Killigilin komandanlığındakı Osmanlı ordusuna mənsub beşinci piyada diviziyası və general-leytinant Əliağa Şıxlınskinin başçılıq etdiyi Müsəlman Korpusu əsasında yaradılmışdı. Ordunun tərkibinə 12 min əsgər və zabit daxil idi. Daha sonra Türkiyədən gələn və Azərbaycandan qoşulanlar ilə birlikdə əsgər sayı 20 min olmuşdu.
Bakıda möhkəmlənən Stepan Şaumyan rəhbərliyindəki Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan AXC-ni devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən bu ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl hadisələri törədirdi. Bakı Soveti ordusu, iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya tərəf irəlləməyə çalışırkən Qafqaz İslam Ordusunun hücumuna məruz qalmışdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub edilmiş və çox ağır itki verərək müqavimət gücünü itirmişdir. Bu müharibənin dönüş nöqtəsi idi. Bakı istiqamətində aparılan istiqlal müharibəsi ilə iyunun 20-də strateji bölgə olan Şamaxı azad edildi. Üst-üstə alınan məğlubiyyət Bakı Soveti hökumətinin sonu oldu. Şaumyan rəhbərliyində olan 33 Bakı Soveti nümayəndəsi istefa verdi. Onun yerinə 1 avqust 1918-ci ildə Bakıda, İngilislərin köməyi ilə daşnak, eser, menşeviklərdən ibarət daha qəddar “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə irəlləyişinə mane ola bilmədi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu AXC-nin quruluşundan sonra yaşanan ikinci tarixi hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının qurtuluşuna həsr edilən hərbi parad keçirildi. Onun ertəsi günü isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı AXC-nin yeni paytaxtı elan edildi. Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti bölgələrdə də öz hakimiyyətini qura bildi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edildi. Milli Şura həmin il dekabrın 3-də, Müəssislər Məclisinin geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanunu qəbul edərək Milli Şura və onun rəhbərinin seçkilərə qədər səlahiyyətli olmaq şərti ilə fəaliyyətlərini davam etdirmə qərarı aldı.
1918-ci il dekabrın 7-də gündüz saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli mərasimlə açılışı oldu. Məmməd Əmin Rəsulzadənin açılış çıxışı ilə parlamentin ilk iclası başladı. Parlamentin iclasında Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Parlamentə Həsən bəy Ağayev sədrlik edirdi. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiyası-38 nəfər, “İttihad”-13 nəfər, “Əhrar”-6 nəfər, “Sosialistlər” bloku-13 nəfər, partiyasızlar-4 nəfər, müstəqillər-3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası-5 nəfər, erməni fraksiyası-5 nəfər, “Daşnaksutyun” fraksiyası-6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası-4 nəfər (3). AXC-nin parlamentçilik tarixi 1918-ci il dekabrın 7-dən, 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də saat 13:00-da, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdi.
- Fəaliyyəti dövründə Parlamentin cəmi 145 iclası olmuşdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdi;
- İclaslarda Parlament, İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi;
- Qəbul edilən qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun-qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi;
- AXC “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideya və prinsiplərini əsas olaraq götürmüşdü;
- Hökumət tərəfindən 24 iyun 1918-ci ildə əvvəlcə, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 9 noyabr 1918-ci ildə isə həmin bayraq üç rəngli-mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəz olundu;
- Hökumətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb edildi.
- 27 iyun 1918-ci ildə Azərbaycan (Türk) dilinin dövlət dili elan edilməsi haqqında qanun imzalandı (4)
Fəqət, milli dildə mövcud kadr çatışmamazlığını nəzərə alaraq dövlət idarələri də daxil olmaq üzrə bir çox yerdə müvəqqəti olaraq rus dilindən də istifadə etmə hüququ verilirdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi.
- 26 iyun 1918-ci ildə Azərbaycan ordusunun yaradılması haqqında qanun qəbul olundu;
- 1918-ci il avqustun 11-də isə ümumi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldı;
- 1918-ci il sentyabr ayının 1-də isə Hərbi Nazirliyin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Həmin il dekabr ayının 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər;
- Nizami ordu qurmaq məqsədi ilə büdcədən 400 milyon manat vəsait ayırmışdı;
- Xalqın da fədakarlığı ilə 1920-ci il yanvar ayında ordu quruculuğu işi tamamlanmış və Azərbaycan 30 mini piyada, 10 mini süvarilərdən təşkil edilən, 40 min nəfərlik nizami orduya sahib olmuşdu.
Azərbaycan dinc, mədəni, qonaqpərvər, çox millətli və çox mədəniyyətli bir cəmiyyətdir. Bu xüsusiyyətləri ilə Qafqazın və dünyanın mədəni ölkələrindən hesab olunur.
- Xalq Cümhuriyyəti dövründə də, multikultural dəyərlər qorunmuş və qanunla da dəstəklənmişdir;
- 21 iyul 1919-cu ildə Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə”sini təsdiq etdi. Əsasnamə 4 fəsildən və 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən aslı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdi;
- Dünya tarixi üçün mühüm sayılan hadisə isə, Türk Dünyasında və Müsəlman Aləmində, ilk dəfə qadına seçmək və seçilmək hüququ verən ölkə Azərbaycan idi;
- Dünya ilə müqayisədə isə ABŞ, Almaniya, Fransa və İsveçrədən əvvəl Azərbaycan qadına seçmə və seçilmə hüququ vermişdi
Eyni il avqust ayının 11-də parlamentdə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə; “Özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri, milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur” deyilirdi. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, hökumət elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı.
- Orta tədris məktəblərinin yarısı milliləşdirildi və məktəblərdə milli tarix tədris olunmağa başladı(5);
- Məktəblərdə Azərbaycan (Türk) dili məcburi tədris dili hesab edildi;
- Ölkədə müxtəlif dərəcəli məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı;
- Xəstəxanalar tikilir, kənd yerlərində feldşer məntəqələri şəbəkəsi yaradılaraq, xəstəliklərə qarşı mübarizə aparılırdı;
- 1919-cu il martın 7-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. 1919-cu il 30 sentyabr tarixində isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu;
- 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul olundu. Dərslər noyabr ayının 15-də başladı;
- Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul edildi;
- Dövlət hesabına yüzə yaxın gənc ali təhsil almaq üçün Türkiyə və Avropanın müxtəlif universitetlərinə göndərildi;
- 1919-cu ilin oktyabr ayında mətbuat üzərindən senzura götürüldü və mətbuat azadlığı elan edildi;
- Daxili və xarici ticarəti dirçəltmək məqsədi ilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi;
- Həmin il oktyabrın 30-da isə ticarət donanmasının fəaliyyəti bərpa olundu və 1919-cu ilin yay ayında Bakını tərk edən ingilislər hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə verdilər və bu verilən gəmilər hesabına Azərbaycan Xəzər donanması yaradıldı
Sovet Rusiya Azərbaycan Cümhuriyyətini yıxma planını həyata keçirmək üçün Azərbaycandakı daşnak və bolşevikləri hərəkətə keçirdi. Məhz, Moskvanın təhriki ilə daşnaklar və bolşeviklər 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bolşevik planının bir hissəsi olan bu qiyamların qarşısını almaq məqsədi ilə Azərbaycan hökuməti özünün əsas qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı (6). Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirdi. 1920-ci ilin aprelində Denikin qoşunlarının məğlub edən XI qırmızı ordu hissələri Azərbaycan sərhədlərinə çıxdılar. Aprelin 27-də XI qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Yalamadakı az saydakı ordu bölmələri qəhrəmanlıq nümayiş etdirməsinə baxmayaraq bolşeviklərə uzun müddət müqavimət göstərə bilmədi. Daxildəki xəyanətkarların köməyi ilə donanma gəmiləri isə bolşeviklərin əlinə keçmiş hərbi gəmilərin topları parlament binasına tuşlanmışdı. XI qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi(7). Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün, Azərbaycan parlamenti həmin gün axşam saat 22:00-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
AXC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik Respublikalarından heç də geri qalmırdı.
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan dilində:
(1)Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə təlif edilmiş toplu. 28 may 1919-cu il Bakı. Hökumət mətbəəsi. s 13
(2)Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 1, 1918-1920-ci illər, s.1, 3
(3)Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə təlif edilmiş toplu. 28 may 1919-cu il Bakı. Hökumət mətbəəsi. s 19-20.
(4)ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 2, saxlanma vahidi 176-186
(5) Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab, Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, s.984-992
(6) Azərbaycan Demokratik Respublikası, Gənclik Nəşriyyatı, Bakı, 1990, s, 26.
Türk dilində:
(7) Azerbaycan Dergisi, Yıl; 23, Sayı; 210, Nisan – Mayıs – Haziran, Ankara, 1974, s, 28-30.
Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru
Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.