Azərbaycan mediasında ailə obrazı
İstər Azərbaycan, istərsə də dünya mediasında ailə auditoriya üçün ən diqqətçəkən , sevilən mövzulardandır. Bunun səbəbləri çoxdur. Ailədaxili məsələlərin həllinə yönəlmiş proqramlar, ailə münaqişələrindən, məişət zorakılığından bəhs edən xəbərlər, ailə-mişət mövzusunda çəkilən seriallar bütün dünyada yüksək reytinqi ilə seçilir. Sirr deyil ki, özü-özünü maliyyələşdirən biznes strukturu olaraq medianın istehsal etdiyi kontentin oxunaqlı, baxımlı, yəni reytinqli olması onun əsas prioritetlərindəndir.
Araşdırmalar göstərir ki, reytinq auditoriyanın oxuduğu və ya izlədiyi kontentə emosional yanaşması üzərində qurulan sistemdir. Oxucu və ya izləyiciyə təqdim olunan material onda nə qədər çox emosiya, nə qədər dərin hisslər yarada bilirsə, kontent bir o qədər reytinqlidir. Gəlin düşünək, ən şiddətli emosiyanı nə yaradır? Əlbəttə ki, insanlar arasındakı münasibətlər, talelər və hekayələr, əsasən də münaqişə və zorakılıq, kriminal xəbərlər. Reytinq ölçən beynəlxalq təşkilatların nəticələri və reytinqin fəlsəfəsi ilə bağlı psixoloji araşdırmalar bunu deməyə əsas verir. Beləliklə, gündəlik xəbər axının içində ailə mövzusuna tez-tez rast gəlirik və adətən belə xəbərlərdə neqativ nə qədər çoxdursa, reytinq də bir o qədər yüksəkdir. Aydın məsələdir ki, ən isti və həssas münasibətlər, eləcə də ən böyük konfliktlər elə ailədaxilində yaşanır. Ailədaxili konfliktlər məhz reytinq vermə qabiliyyətinə görə daha çox efirlərə və onlayn mediaya daşınır. Bu təbiidir. Amma bu tip informasiyalar mütləq jurnalistlərin peşə etikası qaydaları və ölkə qanunvericiliyinin bu mövzuda jurnalsitlərə tanıdığı hüquqlar çərçivəsində işıqlandırımalıdır. Media subyektləri unutmamalıdırlar ki, onların ötürdüyü məlumatlar sayəsində gənclərdə ailəyə yanaşmalar formalaşır və nəticə etibarilə yetişən nəsilə ailə dəyərləri aşılanır. Jurnalist yaxşı bilir ki, onun manşetə çıxardığı xəbərin məzmunundan çox təqdimat tərzi oxucuda maraq doğurur. Media subyekti həssas mövzuları işıqlandırarkən hazırladığı sensasion başlıqlara, xəbərin təqdimat tərzinə diqqət yetirməlidir.
Azərbaycan Respublikasının Media haqqında qanununun 14-cü maddəsində mediada dərc olunan və yayımlanan informasiyaya tələblər nəzərdə tutulub. Bu tələblər arasında şəxsi və ailə həyatına aid sirrlərin mühafizəsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun müddəalarına əməl olunması kimi vacib məsələlər yer alır. Peşə etikası normaları da onu tələb edir ki, media ictimai əxlaqa, mənəvi dəyərlərə zərər gətirən informasiyanı yaymasın. Bu da medianın peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır .
Bu gün Azərbaycan mediasında düzgün ailə obrazının yaradılmasında əsas problem qeyri-peşəkar media ilə bağlıdır. Bəzən jurnalistlər unudur ki, ailə-məişət mövzusunda neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin aşırı dərəcədə tirajlanması yalnış ailə modelinin təbliğinə gətirib çıxarır. İctimai əhəmiyyət kəsb etməyən local xarakterli ailə münaqişələrinin durmadan gündəmə gətirilməsi yaxşı hal deyil. Xoşagəlməz nəticələrə gətirib çıxaran daha bir hal Azərbaycan qadının əxlaqı barədə yalnış təsəvvürlər formalaşdıran nümunələrin qabardılmasıdır. Təəsüflər olsun ki, bəzən azyaşlıların gələcək həyatına neqativ təsir göstərə biləcək mövzularda uşqlar müzakirələrin mərkəzinə gətirilir, onların siması açıq formada nümayiş etdirilir. Bəzən problemi olan ailələr ekspert qismində çıxış edən şəxslər tərəfindən yalnış mühakimə edilir. Artıq bəzi ailələr öz problemlərini media vasitəsilə nəinki işıqlandırmağa , hətta həll etməyə çalışırlar ki, bu da medianın fəaliyyət istiqamətini yalnış yerlərə yönləndirir. Burada qeyd etmək laızmdır ki, informasiya mənbəyi qismində çıxış edən qurumlar da jurnalistlərlə işləyərkən həssas olmaldırılar.
Biz şüuraltı olaraq oxuduğumuz və baxdığımız məlumatlarda öz həmfikirlərimizi, özümüzün bu informasiyada əksini axtarırıq və bunu tapanda izlədiyimiz kontentdəki obrazlar bizim üçün örnəyə çevrilə bilir. Bu mənada media düzgün nümunələri göstərməyə can atarsa və ya mənfi örnəklərin mənfi olduğunu düzgün formada auditoriyasına çatdıra bilərsə, ictimai rəydə düzgün təsəvvürlərin formalaşdırılmasında ciddi addım atmış alacaq. Belə həssas məqamların daim diqqətdə saxlanılması üçün hər bir media subyektinin öz redaksiya siyasətinin olması vacibdir. Redaksiya siyasəti dedikdə peşə etikası çərçivəsində davranış meyarlarını özündə əks etdirən qaydalar toplusunu nəzərdə tuturuq.
Bu yaxınlarda hər bir redaksiyasının peşə kodeksinin hazırlanması üçün köməklik göstərmək məqsədilə Meidanın İnkişafı Agentliyi tərəfindən həm saytlara, həm qəzetlərə, həm də televiziyalara nümunəvi forma təqdim olunub. Artıq media subyektlərində həmin nümunəvi formaya əsasən müzakirələr aparılıb, bir çox redaksiyalar öz peşə kodekslərini hazırlayaraq saytlarına yerləşdiriblər. Etik norma və davranış qaydalarında qeyd olunur ki, zorakılıq, cinayət və s. mənfi təzahürlü məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməlidir, əhalinin həssas qruplarına , uşaqların, yektinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərər vuran məlumat və təsvirlərdən istifadə olunmamalıdır. Uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti , kimliyi gizli saxlanılmalıdır. Zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyəti infikatorları tətbiq edilməlidir. Bu məsələ detallı formada “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda da öz əksini tapıb.
Müşahidələrimiz onu göstərir ki, mediada ailə obrazının yalnış tərzdə işıqlandırılmasına yol açan neqativ tendensiyalar daha çox media subyektinin ayrı-ayrı əməkdaşlarının qeyri-peşəkarlığından irəli gəlir. Bu da onu deməyə əsas verir ki, kadrların peşəkarlığını artırmaqla bu problemlərin həlli istiqmaətində tutarlı addım atmaq olar. Medianın İnkişafı Agentliyi jurnalistlərin peşə vərdişlərinin təkmilləşdirilməsi, jurnalist fəaliyyətinin səmərliliyinin artırılması üçün silsilə təlimlər həyata keçirir. Agentlik “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı əsasında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqı ilə birgə “Məişət zorakılığı media müstəvisində” adlı beynəlxalq təlimlər həyata keçirib. Bu təlimlərdə litvalı və avstriyalı ekspertlər iştirak ediblər. Azərbaycanın müxtəlif media subyektlərindən 50-ə yaxın media nümayəndəsi təlimlərə qatılıb. Mediada məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, məişət zorakılığı ilə bağlı geniş maarifləndirmənin aparılması, gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması istiqamətində KİV-in rolu təhlil edilib, media vasitəsilə ictimai dəstək mexanizmləri təkmilləşdirilib. Tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq beynəlxalq ekspertlər tərəfindən məişət zorakılığı qurbanlarla bağlı məlumatların mediada işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb.
Milli-mənəvi dəyərlərin təbliği dövlətin media siyasətinin əsas istiqamətlərindədir. Bu baxımdan istər onlayn, istər çap , istərsə də audiovizual media sahəsində islahatlar aparılır. Məsələn, televiziyalarda yayımlanan kontentin keyfiyyət baxımından yeni mərhəlyə qədəm qoyması istiqamətində Audiovizual Şura tərəfindən bir sıra addımlar atılır. İllər öncəki teleməkanla günümüzdəki reallığı müqayisə etsək görərik ki, artıq efirlərdə milli əxlaqa zidd olan, keyfiyyətsiz əcnəbi serialların yayımı yoxdur. Eyni zamanda ölkədə çəkilən milli serialların da yayımdan öncə məzmun dəyərləndirilməsi aparılır. Ana xəbər buraxılışlarında çox populyar olan kriminal və faciə xəbərləri ilə yanaşı ailə mövzusunda müsbət sosial mesajları olan reportajlar, sujetlər görürük.
Televiziyalarda hər saatın öz auditoriyası var və efir toruna yerləşdirilən materialların məzmunu tamaşaçı kateqoriyasına uyğunlaşdıırlmalıdır. Eyni zamanda uşaqların televiziya qarşısında vaxt keçirdiyi dönəmədə yayımlanan materialların məzmununa, burada yer alan görüntü və informasiyanın keyfiyyətinə diqqət yetirilmədir. Biz ötürmək istədiyimiz informasiyanı düzgün saartlarda efir toruna yerləşdirməklə çox gözəl sosial mesajlar verə və ailə dəyərlərinin təbliği ilə bağlı uğurlu nəticələr əldə edə bilərik. Efir məkanında “qadın saatı” hesab olunan zaman kəsiyində, yəni saat 10:00-dan 19:00-a kimi ailə münasibətlərinin tənzimlənməsi, qadın hüquqları, anaların övladı ilə düzgün rəftarı, onun problemlərinə düzgün yanaşmanı təbliğ edən materialları nümayiş etdirə bilərik. Unutmamalıyıq ki, “prime-time” həm də ailə saatıdır, odur ki, tamaşaçıların ekran qarşısında ən çox olduğu dönəmlərdə -saat 19:00-dan 23:00-a kimi milli-mənəvi dəyərləri aşılayan sosial mesajları auditoriyaya ötürə bilərik.
Gənclərə yönəlmiş mesajlarımız isə sosial media vasitəsilə ötürülə bilər. Gənclər onlayn platformada daha aktivdirlər və onlar sosial şəbəkələrdən daha çox informasiya əldə edirlər. Bu baxımdan peşəkar media kontentinin sosial şəbəkəyə inteqrasiyası da uğurlu nəticə verə bilər.
MEDİA Agentliyi hər il çap və onlayn media subyektləri üçün dəstək layihələri həyata keçirir. Layihəyə müraciət edən və müsabiqədən keçən media subyekti dövriliyindən asılı olaraq həftəlik və ya gündəlik əsasda
1. gender, ailə və demoqrafiya məsələlərini işıqlandırması,
2. uşaq və gənclərin fiziki-mənəvi inkişafı ,
3. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi
istiqamətlərində materiallar hazırlamalıdır. Bu tələb sözgüdən mövzuları diqqətdə saxlamaqla həm də mediada Azərbaycan ailəsinin düzgün obrazının formalaşdırılmasına yardımçı olur.
Peşə etikası qaydaları tələb edir ki, jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmasın və fəaliyyətində bu xətti inkişaf etdirsin. Mediada sağlam ailə obrazının yaradılması da bu baxımdan jurnalistikanın maarifçilik missiyasının bir hissəsidir. Biz Medianın İnkişafı Agentliyi olaraq ölkədə media mühitinin sağlamlaşdırılması istiqamətində faəliyyətimizi davam etdiririk. Düşünürük ki, media subyektərində çalışan əməkdaşların peşəkar bacarıqları artdıqca, medianın məzmunundakı problemlərin sayı azalacaq.
Səbinə Seyidova
Medianın İnkişafı Agentliyinin audiovizual media üzrə eksperti