30 il ədalət gözləyən insanlıq faciəsi: Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində
1987-ci ilin sonunda Ermənistan SSR-i Azərbaycan SSR-nin Dağlıq Qqarabağ Muxtar Vilayətinin (DQMV) ərazisinə aşkarcasına iddia irəli sürdü. Bundan sonra azərbaycanlılar Ermənistan Sovet Sosialist Respublikasından (SSR) və DQMV-dən növbəti dəfə qovulmağa başladı. Həmçinin bu regionun Azərbaycandan birtərəfli şəkildə ayrılması prosesinin həyata keçirilməsi üçün həm Ermənistan, həm də “Dağlıq Qarabağın” erməni icması tərəfindən bir sıra qanunsuz qərarlar qəbul edildi.
22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər dinc azərbaycanlı nümayişçilərinə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
Dağlıq Qarabağa iddialar irəli sürdükdən sonra Ermənistan dövlət orqanları 300 minə yaxın azərbaycanlının Ermənistandakı evlərindən məcburi şəkildə deportasiyası ilə nəticələnən qərarlar qəbul etdilər. Deportasiya prosesi bütün Ermənistan boyunca genişmiqyaslı və sistemli öldürmə, işgəncə vermə, əmlakın məhvi və soyğunçuluq halları ilə müşayiət olundu. Bütövlükdə bu proses nəticəsində 1987-1989-cu illərdə Ermənistanda 217 nəfər azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və yaşlılar öldürüldü. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. [1]
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi
1991-ci ildə Sovet İttifaqı süqut etdikdən sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq subyekt kimi tanındı, silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Ermənistan müharibəyə başladı, Azərbaycana qarşı silahlı qüvvə tətbiq etdi və Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla onun ərazilərini işğal etdi. Ermənistan bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti həyata keçirdi və münaqişə zamanı digər ciddi cinayətlər törətdi. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.
Xocalı 940 kv. km əraziyə və işğaldan qabaq 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalıda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var və ona qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşadır.
Xocalı Qarabağ regionunda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi sayılırdı. Xocalı Mərkəzi Asiyada etnik zəmində baş verən qanlı toqquşmalardan xilas olmaq üçün Məhsəti / Ahıska türkləri, həmçinin Ermənistandan qovulan Azərbaycan qaçqınları üçün sığınacaq təşkil edirdi.
1991-ci ilin oktyabr ayından etibarən Xocalı tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır.[2] Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Yanvar ayında Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Xocalıya sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də, sonuncu hərbi vertolyot isə fevralın 13-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içərisindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi. Xocalılar öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi və yerli milis qüvvələrindən təşkil olunmuşdu.[3]
Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.
Xocalı elə bir yaşayış məskəni idi ki, burada Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələri əks olunurdu. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Burada qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV -VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.[4] Erməniləri narahat edən məsələlərdən biri də Xocalının Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi idi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin maraq dairəsində idi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.[5]
Qeyd edilməlidir ki, Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir. [6]
Bəşəriyyət tarixindəki ən dəhşətli cinayətlərdən biri-Xocalı faciəsi:
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.[7]
Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.
28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi - sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu.[8] 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür.[9]
Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi[10], ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi...”.[11]
Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.[12] Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.[13]
Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir.
Burada digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir.[14] Dəhliz iddiasının zəifliyi və əsassızlığı təşəkkül tapmış sübutlar, o cümlədən şahidlərin ifadələri, eləcə də beynəlxalq hesabatlar, hətta erməni rəsmilərinin etirafları fonunda asanlıqla görünə bilər. Bu sübutlar onu göstərir ki, əhali şəhəri məqsədsiz, xaotik, heç bir təlimat və qabaqcadan məlumatlandırma olmadan tərk etmişdir. Əgər bu cür “dəhliz” mövcud olsaydı əhali ondan xəbərdar olardı. Bundan əlavə, Ermənistanın niyyəti humanitar çıxış təmin etmək idisə, onda o, nə üçün əhali azərbaycanlıların nəzarətində olan Ağdam şəhərinə çatmaq üçün şəhəri tərk edən kimi onların yol boyunca - həmin “dəhliz”də - Ermənistan hərbçiləri tərəfindən pusquya salındığını və öldürüldüyünü izah etməlidir.[15]
Britaniyalı jurnalist Tomas de Vaal baş verən bu dəhşətli hadisəyə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyini yazırdı. O, “Black Qarden” kitabında Serj Sarkisyandan aldığı müsahibəni dərc etməklə bu faktı təsdiqləmişdi. S.Sarkisyan Tomas de Vaala verdiyi müsahibəsində deyib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik.”[16] Ermənilərin törətdikləri faciə o qədər dəhşətli idi ki, hətta onların özlərini də sonradan heyrətləndirmişdi. Məsələn, Beyrutdan olan – soyqırımının iştirakçılarından biri erməni - David Xeyriyan sonradan çap etdirdiyi “Xaç naminə” kitabında yazırdı: “Martın 2-də meyitlərin yandırılması işini həyata keçirən “Qaflan” adlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən 1 kilometr aralıda yandırdılar... Bir anlıq yanan meyitlərin içindən birinin çığırdığını eşidər kimi oldum, sanki biri yardım və mərhəmət diləyirdi... Mən bunlardan sonra daha irəli gedə bilmədim, geri döndüm. Digərləri isə xaç naminə savaşlarına davam etdilər.”
Jurnalist Tomas Qoltz “Azərbaycan gündəliyi” kitabında Xocalı qətliamı haqqında: “Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə Ermənistan silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycanın şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər. Anklavın paytaxtı Stepanakertdən (Xankənidən) şimal-şərq məsafədə yerləşən 6000 nəfərlik Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar da daxil olmaqla 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü iddia edirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin rəsmisi Səid Muan oğlu Sadıqov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsinin qurbanının adını qeydiyyatdan keçirmişlər.”[17]
Beynəlxalq hüquqa müstəvisində Xocalı qətlıamının cinayət tövsifi və yaratdığı məsuliyyət
Beynəlxalq hüquqa görə cinayət kimi qiymətləndirilən beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə pozulması hallarına görə Ermənistan Respublikası hökumətinin və beynəlxalq hüquqa görə onun cavabdeh olduğu tabeli qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Ermənistan tərəfindən müharibənin aparılması qaydalarının pozulması halları sırasına: mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumlar; girov götürmə və saxlama; müharibə əsir və girovları ilə qəddar rəftar etmə və onların lazımi hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi daxildir.
Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.[18]
Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa, xüsusən də Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyaya əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırım cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi); cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu; və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırım niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi. [19]
Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş pozuntular beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır. Ermənistan Respublikasının beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən beynəlxalq hüquq pozuntularına görə dövlət qismində məsuliyyəti ilə yanaşı, silahlı münaqişə kontekstində, o cümlədən Xocalıda törədilmiş müəyyən əməllər beynəlxalq cinayətlər hesab olunur və bu əməlləri törətmiş şəxslərin, onların iştirakçıları və yardımçılarının fərdi məsuliyyətinə səbəb olur.
Məlum olduğu kimi Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryan, həmçinin bu dövlətin bir çox digər yüksək vəzifəli siyasi və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri Azərbaycan torpaqlarının işğalında və Azərbaycanlı mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş əməllərdə şəxsən iştirak etmişlər.[20] Aydındır ki, onların törətdikləri əməllərin miqyası və ağırlığı bu şəxslərə qarşı cinayət təqibinin aparılmasının zəruriliyini şərtləndirir.
Xocalı faciəsinin sahid ifadələri[21], hökumət, hökumətlər-arası və qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri də daxil olmaqla müxtəlif mənbələrin yazılarında Ermənistanın, o cümlədən onun siyasi və hərbi rəhbərliyinin və tabeli separatçı silahlı qruplarının Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıdığını göstərən kifayət qədər sübutlar mövcuddur.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında qeyd edir: “Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur”.
Öz kitabını qardaşı, məşhur beynəlxalq terrorçu Monte Melikonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir. Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri “erməni əsgərləri onları təqib edənədək” təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, “əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və onları bıçaqlamağa başladılar”.[22]
Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”.[23] Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına cənab Sarkisyan utanmadan cavab vermişdir: “Mən heç bir təəssüf keçirmirəm” çünki, “hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri əlavə şərhi lüzumsuz edir və münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək üzrə səyləri heçə endirir.[24]
Xocalı soyqırımı beynəlxalq cinayət kimi
Yuxarıda da qeyd edildi kimi, “soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:
- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. [25]
Qeyd edilənlər soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. [26]
Bu obyektiv cizgi soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Yuxarıdada qeyd edildiyi kimi bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:
- məlum milli, etnik, irqi və ya dini qrupun varlığı;
- belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea);
- məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).[27]
Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz. Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir.
Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:
- niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;
- niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;
- niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;
- niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.
Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.
Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.
Beynəlxalq Ədalət Məhkəməsi "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.[28]
Beynəlxalq Hüququ müstəvisisndə Xocalı qətliamının soyqırım cinayəti aktı olaraq tanınmasının hüquqi əsasları
Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:
1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyası.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
3. Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə
4. Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (maddə 6).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
7.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.
Xocalı qətliamının hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:
1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.
2. Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.
3. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
4. Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.
5. Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
7. Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.
8. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.
Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
“Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir” başlıqlı sənəd Azərbaycan Respublikasının Milli Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beynəlxalq təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və nəticədə onun torpaqlarının işğal edilməsini mütəmadi olaraq pisləmiş və qınamışdır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün üzvləri adından çıxış edərək BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etməklə Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pisləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionun Azərbaycanın bir hissəsi olduğunu bir daha təsdiq etmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və heç bir qeyd-şərt olmadan çıxarılmasını tələb etmişdir. BMT Baş Assambleyası bu münaqişə üzrə üç qətnamə (20 dekabr 1993-cü il tarixli 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı) qəbul etmiş və özünün müntəzəm sessiyalarının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı xüsusi bənd daxil etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirmələrinə baxmayaraq Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı ilə başlayan 44 günlük müharibənin nəticəsində işğal edilmiş torpaqlarımız azad edimişdir. Müharibənin gedişatında Ermənistan siyasi-hərbi rəhbərliyi əvvəlki illərdə olduğu kimi mülki əhalini hədəfə almış və münaqişə ərazisindən onlarla kilomet aralıda olan Azərbaycan şəhərlərini bombalamışdır. Nəticədə 93 nəfər, o cümlədən 12 uşaq həlak olmuş, 400-dən çox mülki şəxs isə yaralanmışdır.
Beynəlxalq erməni terroruna qarşı tarixin fərqli dövrlərində faciələrindən dirçələn Qalib Azərbaycan
44 günlük müharibə Azərbaycan ordusunun gücü, qüdrəti sayəsində ölkəmizin hərbi-siyasi qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı, dünyanın xarici siyasətində yeniliklər etdi. Bu gün artıq 30 il münaqişə meydanına çevrilən regionda yeni əməkdaşlıq formatlarının yaradılmasından bəhs edilir. 30 ilin işğalına son qoyulmaqla bir daha bu reallıq da işğalçı dövlət Ermənistana və onun havadarlırına çatıdrıldı ki, tarix saxtakarlığı sevmir, hər zaman faktlara əsaslanır. Tarixi həqiqətlər, real faktlar təsdiqləyir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Son iki yüz ildə ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri aşikar və danılmaz faktdır. Bu dünyanın apaprıcı media orqanlarında da işıqlanıb və dünya birliyinə rəsmi sənədlər əsasında hazırlanmış faktaloji sənədlər göndərilib. Xocalı faciəsi XX əsrin son on illiyinin ən dəhşətli faciələrindən biridir. Yüzlərlə günahsız insanın, xüsusilə qadınların, qocaların, uşaqların bir gecədə qətlə yetirilməsi dünya tarixində az rast gəlinən faciələrdəndir. 30 il ərzində faciənin mahiyyətini bütün təfərrüatı ilə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ciddi səylər göstərilib. Amma dünya “nədənsə” Xocalı harayına cavab vermək istəməyib. Azərbaycanın 44 gündə Ermənistana və ona 30 ildə havadarlıq edən dövlətlərə keçdiyi tarix, hüquq və qürur dərsi Xocalı faciəsinə həqiqət gözü ilə baxmağı bir tələbə çevirir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətlamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə bir sırada dayanır.
İstifadə edilən mənbələr:
- Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War", New York University Press - Nyu York and London, 2003, səh. 172. http://library.asue.am/open/1876.pdf
- Thomas Goltz, Nagorno –Karabakh Victims Buried in Azerbaijani Town, February 28, 1992 https://www.washingtonpost.com/archive/politics/1992/02/28/nagorno-karabakh-victims-buried-in-azerbaijani-town/9d179769-e6bb-4476-8807-8d5133d40205/
- Сванте КОРНЕЛЛ, Конфликт в Нагорном Карабахе: динамика и перспективы решения https://old.sakharov-center.ru/publications/ azrus/az_015.htm
- Rome Statute of the International Criminal Court, https://www.icc-cpi.int/resource-library/Documents/RS-Eng.pdf
- Jill Smolowe, Tragedy Massacre in Khojaly-The blood feud between Armenians and Azerbaijanis claims 200 civilians, Mar. 16, 1992, http://content.time.com/time/subscriber/article/0,33009,975096,00.html
- Convention on the Prevention and Punishment of the Crime of Genocide, https://www.un.org/en/ genocideprevention/documents/atrocity-crimes/Doc.1Convention%20on%20the%20Prevention% 20and%20Punishment%20of%20the%20Crime%20of%20Genocide.pdf
- Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 97-IQ nömrəli Qanunu ilə Konvensiyaya qoşulmuşdur, https://www.karabakh.center/storage/ libraries/Q4jU0GN91G3KlWIC6Dxqse3xhUOgmKfi7UF9hRFd.pdf
- Markar Melkonyan, "My Brother’s Road: An American’s Fateful Journey to Armenia" (London və Nyu York, 2005), səh. 213-214
- http://anl.az/down/meqale/azerbaycan/2011/fevral/156832.htm
- Məmmədova İradə, İrəvan xanlığının əhalisi, Azərbaycan Tarixçilər İctimai Birliyi, Bakı 2017.
- Yaqub Mahmudov, Kərim Şükürov, Qarabağ – Real tarix, faktlar, sənədlər. Bakı, Təhsil Nəşriyyatı 2005. http://anl.az/el/Kitab/2014/i-37230.pdf
- http://www.e-qanun.az/framewor
- İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, Bakı 2010. file:///C:/Users/User/Downloads/Irevan_xanligi_ Rusiya_ishgali_ve_ermenilerin_SHimali_Azerbaycan_torpaqlarina_kochurulmesi.pdf
- https://www.un.org/en/genocideprevention/genocide.shtml
- https://files.preslib.az/projects/khojali/azkhojali/gl1.pdf
- https://story.karabakh.center/az/xocali-soyqirimi-besheriyyet-tarixinin-en-dehshetli-sehifesi
- https://web.archive.org/web/20170627134208/5)
- Justice for Khojaly https://justiceforkhojaly.org/az/content/soyqirimin-t%C3%B6r%C9%99dilm %C9%99si
- http://anl.az/down/Xocali_29.pdf
- http://supremecourt.gov.az/static/view/175
- http://library.asue.am/open/1876.pdf
- http://supremecourt.gov.az/static/view/175
- https://az.trend.az/azerbaijan/politics/3318700.html
- https://ict.az/az/news/5719/
[1]Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI, https://files.preslib.az/site/karabakh/gl1.pdf
[7] Сванте КОРНЕЛЛ, Конфликт в Нагорном Карабахе: динамика и перспективы решения https://old.sakharov-center.ru/publications/azrus/az_015.htm
[9] Сванте КОРНЕЛЛ, Конфликт в Нагорном Карабахе: динамика и перспективы решения https://old.sakharov-center.ru/publications/azrus/az_015.htm
[12] Сванте КОРНЕЛЛ, Конфликт в Нагорном Карабахе: динамика и перспективы решения, https://old.sakharov-center.ru/publications/azrus/az_015.htm
[16] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War", New York University Press - Nyu York and London, 2003, səh. 172. http://library.asue.am/open/1876.pdf
[17] Nagorno –Karabakh Victims Buried inAzerbaijaniTown By Thomas Goltz, February 28, 1992 https://www.washingtonpost.com/archive/politics/1992/02/28/nagorno-karabakh-victims-buried-in-azerbaijani-town/9d179769-e6bb-4476-8807-8d5133d40205/
[20] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War", New York University Press - Nyu York and London, 2003, səh. 172. http://library.asue.am/open/1876.pdf
[22] Markar Melkonyan, "My Brother’s Road: An American’s Fateful Journey to Armenia" (London və Nyu York, 2005), səh. 213-214
[23] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War", New York University Press - Nyu York and London, 2003, səh. 172. http://library.asue.am/open/1876.pdf
[24] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War", New York University Press - Nyu York and London, 2003,. http://library.asue.am/open/1876.pdf
[25] Convention on the Prevention and Punishment of the Crime of Genocide, Article 2, https://www.un.org/en/ genocideprevention/documents/atrocity-crimes/Doc.1Convention%20on%20the%20Prevention% 20and%20Punishment%20of%20the%20Crime%20of%20Genocide.pdf
[26] Rome Statute of the International Criminal Court, Article 6. https://www.icc-cpi.int/resource-library/Documents/RS-Eng.pdf
[27] Rome Statute of the International Criminal Court, https://www.icc-cpi.int/resource-library/Documents/RS-Eng.pdfhttp://supremecourt.gov.az/static/view/175
[28] Rome Statute of the International Criminal Court, https://www.icc-cpi.int/resource-library/Documents/RS-Eng.pdf