Yuxarıya
skip to main content

STM-in də təşkilatçılığı və 25 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirilib

22.02.2022

17 fevral 2022-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzi və dünyanın 25 dövlətindən olan universitet, təhsil institutları, beyin mərkəzlərinin təşkilatçılığı ilə “Təhsil Sistemində Aktual Problemlər: Ümumtəhsil Müəssisəsi – Ali Məktəbəqədər Hazırlıq – Ali Təhsil Müəssisəsi” (Actual Problems in the System of Educatıon: General Secondary Education Institution-Pre-University Training-Higher Education Institution”) mövzusunda, "Zoom" platforması vasitəsilə onlayn formatında III Beynəlxalq elmi-praktik konfrans keçirilib.


Konfransın təşkilatçıları sırasında Sosial Tədqiqatlar Mərkəzi, Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Aviasiya Universiteti, Təhsilin İnkişafı və Elmi İnstitutu, Böyük Britaniyanın Koventri Universiteti,  Dubay Universiteti (BƏƏ),Tallinn Texnologiya Universiteti, Latviya Universiteti, Türkiyənin Necmettin Erbakan Universiteti, Konya, Türkiyənin Üsküdar Universiteti, Bingöl Universiteti, Bolqarıstanın Sofiya  «St.Kliment Ohridski» Universiteti,  Hindistanın  Banqalor Universiteti, Qırğızıstan Dövlət Universiteti, Tacikistan Milli Universiteti,  Pakistanın Lahor Universiteti, Belarus Dövlət Universiteti,  Kiyev Milli İqtisad Universiteti,  Azərbaycan İqtisad Universiteti, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası və s. yer alıb.

STM-nin də təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə konfransın təşkilat komitəsinin üzvü, STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova “Search for a new paradigm in the education system in the era of artificial intelligence and digital technologies: challenges, opportunities (Süni intellekt və rəqəmsal texnologiyalar dövründə təhsil sistemində yeni paradiqmanın axtarışı: problemlər, imkanlar) ”mövzusunda  məruzə ilə çıxış edib.

Konfransda müasir dünyada təhsil sisteminin qlobal və lokal miqyaslı problemləri, rəqəmsal sivilizasiya, pandemiya və süni intellekt texnologiyaları kimi çağırışlar fonunda yeni təhsil modellərinin axtarışları ilə bağlı yüzə yaxın  məruzə dinlənilib.


www.stm.az