İnam İndeksi - 06 / Vətəndaşların Prezident İlham Əliyevə inam və etimadı yüksək səviyyədədir - sosioloji təhlil

26.12.2021

Sosial Tədqiqatlar Mərkəzinin “İnam İndeksi” hesabatının VI buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.


“Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, “İnam İndeksi-06” sosioloji tədqiqatda Azərbaycan Prezidentinin 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib. Rəy sorğusu dövlətçilik tariximizdə ilk dəfə qədəm qoyduğumuz Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili, azad Qarabağda möhtəşəm bərpa və quruculuq mərhələsini əhatə edir.

Sonra “Prezident İlham Əliyevin fəaliyyəti ictimai rəydə - İnam İndeksi” adlı videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov bildirib ki, atasının didərgin düşdüyü Qubadlı rayonunda Prezident İlham Əliyevlə görüşüb və ürək sözlərini dövlətimizin başçısına çatdırıb. V.Yaqubov Vətən müharibəsinin tariximizi dəyişdirdiyini, kədərli işğal tarixlərinin qürurlu azadedilmə günləri ilə əvəzləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu öz qanı, canı ilə tarixi yenidən yazıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. Xüsusi nümayəndə bildirib: “Dədə-baba yurdlarından ayrı düşmüş soydaşlarımızı geri qaytarmağa çalışırıq. Bu, bizim şəhidlər, qəhrəmanlar qarşısında borcumuzdur. Bu il ərzində dünyanı heyrətə gətirən layihələr icra olunub. Onlardan ən diqqətçəkənlərdən biri Füzuli Beynəlxalq Hava Limanının tikilməsidir. Bundan əlavə, azad olunmuş ərazilərdə yol-kommunikasiya, su xətləri, elektrik sistemləri çəkilib. Qarabağda genişmiqyaslı minatəmizləmə işləri aparılır. Dövlətin bütün qurumları əlaqəli şəkildə fəaliyyət göstərərək 11 istiqamətdə quruculuq-abadlıq işləri aparılır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir”.

İqtisadi rayonların təsdiqlənməsinin çox önəmli addım olduğunu və ölkədə balanslaşdırma yaratdığını bildirən E.Hüseynov işğaldan azad olunmuş ərazilərin iki iqtisadi rayona bölünməsinin görüləcək işləri daha da asanlaşdırdığını qeyd edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən etibarən davamlı olaraq yüksək reytinqini qoruyub saxlayan liderlərdən biri olduğunu, türk dünyası və müsəlman aləmində xüsusi yer tutduğunu diqqətə çatdırıb. O, dövlətimizin başçısının apardığı siyasət, həssas təbəqələrə xüsusi qayğısı, sadəliyi, səmimiliyi ilə xalqın sevgisini qazandığını, atdığı qətiyyətli addımlarla ona olan inamı möhkəmləndirdiyini bildirib. Deyib ki, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycan xalqı işğal altında olan torpaqların azad ediləcəyinə əmin idi. Bu inam ötən il 44 günlük Vətən müharibəsində özünü doğrultdu. Qarabağ azad olunandan sonra müsəlman və türk xalqları Prezident İlham Əliyevlə fəxr etməyə başladılar. Qazanılan Zəfər ölkəmizin nüfuzunu bir qədər də artırdı, regiondakı vəziyyəti xeyrimizə dəyişdi. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızı və ölkəmizi parlaq gələcək, tərəqqi və davamlı inkişaf gözləyir.

Qeyd edək ki, rəy sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir. Sorğu Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər istisna olmaqla bütün regionlarını əhatə edib. 1162 respondentin rəyi öyrənilib.

Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir.

Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.

Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2 faiz tam etibar edirəm, 6,9 faiz əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir.

Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.

Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh ediblər.

Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).


İnam İndeksi - 06 / Sosioloji təhlil hesabatı