Aşqabad görüşündə nələr baş verdi?/ TƏHLİL
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə ikitərəfli görüşü baş tutmuşdur. Bu görüşü iki ölkə münasibətlərdə tarixi dönüş nöqtəsi kimi dəyərləndirmək olar. Əvvəla vurğulayaq ki, Azərbaycan dövlət başçısının İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşü birinci baş tutan ikitərəfli görüşdür. Seyid İbrahim Rəisi 3 avqust tarixindən İran prezidenti vəzifəsini icra etsə də. o vaxtdan bəri iki qonşu ölkə başçıları arasında birbaşa görüş baş tutmamışdır. Əvəzində son aylar ərzində İran və Azərbaycan arasında bəzi siyasi qarşıdurmalar yer almışdır. Ardıcıl qarşılıqlı ittihamlar və iddialar səsləndirilsə də, nəticə etibarı ilə iki ölkə arasında münasibətlər Aşqabatda dövlət başçılarının görüşü və üçtərəfli enerji sazişinin imzalanması ilə yekunlaşdı. İran, Türkmənistan və Azərbaycan arasında Türkmənistan qazının Azərbaycana İran ərazisi üzrə nəql edilməsi haqqında müqavilə imzalanmışdır. Prezidentlərin görüşündən və saziş imzalanmasından sonra İran və Azərbaycanın enerji məsələləri üzrə ali dövlət rəsmiləri Türkmənistandan hər il 1,5-2 milyard m3 qazın nəql edilməsi üzrə saziş imzalamışlar.
Bu fakt o anlama gəlir ki, iki ölkə arasında ziddiyyətlər subyektiv səbəblərdən taktiki müstəvidə mümkün olsa da, strateji perspektivdə hər iki tərəf bir-birini rəqib yox, əməkdaş qismində görməyi arzulayır.
Üçtərəfli qaz sazişinin məğzini araşdırmamışdan öncə bir neçə qanunauyğun suala cavab tapmaq məqsədəuyğundur. Niyə Azərbaycan qazı ona coğrafi cəhətdən daha yaxın olan İrandan yox, Türkmənistandan almaq qərarına gəlib? Eyni ilə niyə Azərbaycan Rusiya ilə qaz sazişi imzalamaq əvəzinə qazı Türkmənistandan İran ərazisi vasitəsilə almağı qərarlaşdırdı? Düşünürük ki, hər iki halda geoiqtisadi yox, geosiyasi səbəblər öz sözünü deyib. Sözsüz ki, Azərbaycana qazı daha yaxın və bu resursla daha zəngin olan ölkələrdən (yəni Rusiya və İrandan) almaq iqtisadi cəhətdən sərf etmiş olardı. Amma Rusiya ilə strateji əhəmiyyətli qaz sazişinin imzalanması Qərb-Rusiya qarşıdurmasında Azərbaycanın ənənəvi balanslaşdırma siyasətindən kənara çıxmasına gətirərdi. Digər tərəfdən Rusiyanın mütəmadi olaraq enerji resurslarından siyasi təzyiq mexanizmi kimi istifadə etmə təcrübəsi Azərbaycanı narahat etməyə bilməz.
Məsələ İrana gəldikdə problemin Qərbin İran iqtisadiyyatına qoyduğu sanksiyalarda olduğunu böyük ehtimalla zənn etmək olar. Birləşmiş Ştatlar başda olmaqla əksər Qərb ölkələrinin İran şirkətləri ilə əməkdaşlığa dair mütəmadi sanksiyalar qəbul etməsi Azərbaycanı iqtisadi itkilər və siyasi seçim dilemması qarşısında çıxara bilər.
Bütün bunları nəzərə alıb, belə zənn etmək olar ki, Azərbaycan höküməti itkiləri minimallaşdırmaq, gəliri isə maksimallaşdırmaq məqsədilə qazı coğrafi cəhətdən yaxın olan Rusiya və İrandan yox, Türkmənistandan idxal etməyi üstün tutdu. Qazın Xəzər dənizi boyunca yox İran vasitəsilə nəql edilməsini isə Türkmənistan-İran-Azərbaycan əməkdaşlığını intensivləşdirmək baxımından izah etmək olar. Belə formatda İran tərəfindən spekulyasiyaların və siyasi şantajların həyata keçirilmə ehtimalı da nəzərəçarpan dərəcədə azalır. Beləki, belə addım atmış olduğu halda İran təkcə Azərbaycan ilə deyil, o cümlədən Türkmənistan ilə də münasibətləri korlamış olacaqdır. Unutmaq olmaz ki, Türkmənistan, İran və Azərbaycan o cümlədən Xəzər dənizi ölkələridir. Xəzər höfzəsi üzrə tərəflərin bir-birinə qeyri-səmimi münasibəti nəticə etibarı digər potensial əməkdaşlıq perspektivlərinə də zərər yetirməklə yanaşı, İranın Xəzər dənizi höfzəsində daha da təcridinə şərait yarada bilər.
Xüsusi vurğulayaq ki, enerji təminatı üzrə əməkdaşlıq enerjini ixrac edən, onu daşıyan və onu idxal edən tərəflər arasında stabil siyasi münasibətlərin olmasını tələb edir. Azərbaycanın İran və Türkmənistan ilə üçtərəfli qaz sazişini imzalaması ölkələr arasında gələcək münasibətlərə dair müəyyən etibardan xəbər verir. Qeyd edək ki, həm İran, həm də Türkmənistan orta və yaxın keçmişdə Azərbaycan ilə bir sıra iqtisadi və siyasi məsələlər üzrə ciddi fikir ayrılığı yaşamış ölkələrdir. Bu gərginlik hətta Aşqabad görüşündə də müəyyən dərəcədə hiss olunurdu. Ölkəmizin başçısı ilə görüşdə İran prezidenti bildirmişdi ki, “Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər”. Qonşu ölkə prezidentinin “digərləri” ifadəsi altında nəyi nəzərdə tutmasını biz İran xarici işlər nazirliyinin rəsmi saytında görüş barəsində verilən təfərrütlardan anlaya bilərik. Nazirliyin saytında bildirilir ki, İran prezidenti “İŞİD və sionist terrorizmini” regionda iki hədələyici faktor kimi qiymətləndirib, onlara qarşı mübarizə aparmağın zəruri sayır. İran Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycan mənbələrində əks olunmayan bir nüans yer almışdır. Nazirlik İran prezidentinin “Birləşmiş Ştatlar və sionist rejiminin İran və Azərbaycan arasında münasibətlərin dağıdılması məqsədlərinə” istinad edərək, xarici müdaxiləyə qarşı diqqətli olmalı olduğunu bildirdiyini qeyd edir. Vurğulayaq ki, bu cümlələr və bu kontekst Azərbaycanın rəsmi mənbələrində öz əksini tapmayıb. Belə şəraitdə İran xarici işlər nazirliyinin bunu daxili auditoriya üçün guya Azərbaycanı ABŞ və İsraildən uzaqlaşdıra bilməsi kimi təqdim etməsi mümkün bir fərziyyədir. Alternativ fərziyyə xarici auditoriyanın hədəfə alınmasını nəzərdə tutur. İran dövlət qurumlarının rəsmi saytları Azərbaycanın rəsmi saytlarından daha çox xarici aktorların diqqətini cəlb edir. Bu səbəbdən orda çıxan bütün məlumatlar ABŞ, İsrail və Avropa ölkələri başda olmaqla əksər böyük oyunçuların xüsusi xidmət orqanları və dövlət orqanları tərəfindən izlənib, onların əsasında ölkə başçılarına analitik məlumatlar göndərilir və siyasi qərarlar qəbul edilir. Belə fərz etmək olar ki, İran xarici işlər nazirliyinin rəsmi saytında bu cümlələrin yer alması Azərbaycanın guya ABŞ və İsrail ilə münasibətlər ziyanına İranla əməkdaşlığa meyl etməsi təəsüratını formalaşdırmaq məqsədini daşıyır.
Bütün bunlara rəğmən regional əməkdaşlıq İran daxil bütün tərəflərə faydalıdır. Rəisinin sözlərinə əsasən, İranın iqtisadi prioritetlərindən biri region iqtisadiyyatında payını iki dəfə - təxminən 40-50 milyard dollar qədər artırmaqdır. Öz növbəsində Türkmənistan da bu üçtərəfli qaz sazişində iqtisadi və siyasi mənfəət əldə edən vacib tərəfdir. Aşqabad görüşü zamanı çıxış edən Türkmənistan tərəfi ölkələrinin digər dövlətlə münasibətlərdə təmamilə neytral olduğunu və qarşılıqlı əməkdaşlığa heç bir məhduduiyyət qoymadığını bildirmişdir. Görüş zamanı Türkmənistan tərəfi İranla kənd təsərrüfatı, sənaye, dağ-mədən sənayesi və xidmətləri sahələri üzrə əməkdaşlıq etmək istəyini ifadə etmişdi.
- İstifadə olunan mənbələr:https://president.az/articles/54436
- https://en.mfa.gov.ir/portal/newsview/660360?fbclid=IwAR1-LpqHyLWANgIS-GKMBQdy2e2kJOtcRKthakwR22_3Qp1NF7zJ-tJ9-v8
- https://www.tehrantimes.com/news/467488/Iran-eyes-boosting-oil-production-capacity-to-pre-sanction-level
- https://www.tehrantimes.com/news/467489/Iran-Turkmenistan-stress-development-of-transport-infrastructure
- https://www.tehrantimes.com/news/467513/President-Raisi-meets-Iranian-expatriates-businesspersons-in
Elşən Məcidov
Siyasi ekspert, amerikaşünas, Azərbaycan Dillər Universitetinin müəllimi