ABŞ, İran və Şimali Koreya... Sorğudan çıxan nəticələr
2020-ci ildə dünyaşöhrətli Gellap sorğu mərkəzinin Amerika vətəndaşları arasında apardığı araşdırma ABŞ-a ən yaxın və ən uzaq ölkələrin kimliyini müəyyən etmişdi. Aparılan sorğu Amerika əhalisinin ən neqativ münasibəti İrana qarşı bəslədiyini müəyyən etmişdi. İrana cəmi 11% əhali müsbət münasibət bəslədiyi halda, araşdırma 88% əhalinin İrana mənfi münasibət bəslədiyini hesablamışdır.
Vurğulayaq ki, İran reytinqdə ən aşağı yerdə durub, öz göstəricilərinə görə hətta Şimali Koreya kimi təcavüzkar və qeyri-demokratik ölkədən geri qalırdı. İrandan fərqli olaraq Koreya Xalq Demokratik Respublikasına sıravi amerikalıların 12%-i müsbət, 86% isə mənfi münasibət bəsləyirdi. Aparılan sorğu ilə bağlı daha bir vacib fakt - İrana qarşı mənfi reaksiyanın davamlı bir fenomen olması ilə bağlıdır. İrana qarşı müsbət reaksiyanın ən yüksək göstəriciləri cəmi iki dəfə (2004 və 2018-ci ildə) müşahidə olunmuş və cəmi 17%-ə bərabər olmuşdur. Müsbət reaksiyanın ən aşağı göstəricisi ilə 1989-cu ildə 5% göstərici ilə müşahidə olunub. Reytinqin ilk beşliyində 93% göstərici ilə Kanada, ardınca 90% göstərici ilə Böyük Britaniya, 85% göstərici ilə Almaniya, daha sonra isə 84% və 83% göstəricilərlə Fransa və Yaponiya gəlir. Böyük Britaniyadan savayı reytinqdə Azərbaycanla xüsusi münasibətlərlə malik ölkələr içərisində 74% müsbət, 25% mənfi münasibət ilə İsrail (7-ci yer), 57% müsbət, 40% mənfi göstərici ilə Ukrayna (10-cu yer) və 44% müsbət, 53% mənfi münasibət göstəricisi isə Türkiyə (12-ci yer) də vardır. Azərbaycanın şimal qonşusu olan Rusiya Federasiyasına mənfi münasibət 72%, müsbət isə cəmi 28%-ə bərabər idi. Amerika cəmiyyətində İrana qarşı sərt reaksiya Gellap tərəfindən 2020-ci ildə keçirilən başqa bir araşdırma ilə də təsdiqlənir. Bu dəfə Gellap İnstitutu ABŞ-ın əsas rəqib və düşmənlərini müəyyən etmək üçün əhali içərisində sorğu keçirtmişdi. Sorğu nəticələrinə görə amerikalıların əksəriyyəti öz ölkələrinin əsas rəqibi qismində birinci Rusiyanı, ardınca Çini, üçüncü yerdə isə İranı nəzərdən keçirirlər. Araşdırmalar Rusiya və Çin arasında fərqin 1, İranla Çin arasında fərqin isə cəmi 2% (Rusiya ilə isə beləliklə 3%) olmasını müəyyən etmişdir. Bu o deməkdir ki, İran Çin və Rusiyadan daha zəif aktor olsa da, Amerika əhalisi üçün İran hədə və düşmən kimi Çin və Rusiyadan bir o qədər də fərqlənmir.
Müqayisə üçün Şimali Koreyanın göstəricilərinə diqqət yetirmək olar: Şimali Koreyanı 12% əhali ABŞ-a əsas təhlükə kimi nəzərdən keçirmişdir ki, bu da İranın göstəricisindən 7% daha azdır. Halbuki İrandan fərqli olaraq Şimali Koreyanın nüvə silahına və nüvə başlığı daşıya bilən ballistik raketlərə malik olması və vaxtaşırı raket sınaqlarını həyata keçirməsi amerikalılara yaxşı məlumdur.
Sorğu əsas "düşmənlərin" müəyyən edilməsində partiya mənsubiyyətinin böyük rola malik olmasını müəyyən etmişdir. Rusiyanı əsas düşmən qismində demokratlar (43%), Çini və İranı isə respublikaçılar (31% və 30%) nəzərdən keçirirlər. Bu o deməkdir ki, İrana qarşı maksimal effektiv dəstək qazanmaq məqsədilə Azərbaycanın respublikaçı vətəndaşlara istiqamətən təbliğat təşkil etməsi prioritet vəzifə daşıyır.
Sorğular nəticəsində müəyyən olunan faktlar ilk növbədə, Azərbaycanın Amerikada müsbət imicinin formalaşdırılması istiqamətində aparıla biləcək təbliğat işləri nöqteyi-nəzərindən vacib əhəmiyyət kəsb edir. Səfirlik, diaspora və ya digər dövlət qurumları tərəfindən aparılacaq təbliğat Azərbaycanın adını Amerika cəmiyyətində müsbət imicə malik ölkələrlə birlikdə işlədilməsinə istiqamətlənməlidir. Belə olan halda, Amerika cəmiyyətində yaxşı obraza malik ölkələrə müsbət münasibət bizə də şamil olunacaqdır.
Bu tezisi alimlər tərəfindən aparılan bir sıra elmi eksperimentlərlə əsaslandırmaq mümkündür. Psixologiyada buna “peşəkar güzəştə getmə” fenomeni deyilir. Byerli (“Bierley”), Maksviniy (“McSweeney”) və Saniekerk (“Vannieuwkerk”) tərəfindən 1985-ci ildə, Korn (“Corn”) tərəfindən isə 1982-ci ildə keçirilən eksperimentlər “peşəkar güzəştə getmə” effektinin gerçəkliyini təsdiqləmişlər. Çoxsaylı eksperimentlər içərisində Riçard Faynberq (“Feinberg”) tərəfindən 1986-cı ildə keçirilən eksperimentə diqqət çəkmək məqsədəuyğundur. Alim öz araşdırmalarında kredit kartları və xərclər arasında qarşılıqlı əlaqəni müəyyən etmişdir. ABŞ-da kredit kartları o dövrdə yeni bir kəşf hesab olunsa da, mal və xidmətləri asanlıqla əldə etməyə imkan verdiyinə görə cəmiyyətdə müsbət assosiasiyalar formalaşdırırdı. R. Faynberq kredit kartlarının insanların xərclərinə necə təsir etməsini müəyyənləşdirmək üçün İndiana ştatının Qərbi Lafayett əyalətində müşahidələr aparmış və müəyyən etmişdir ki, daimi müştərilər ofisiantlara daha çox əlavə pul, hesabı kredit kartları ilə ödədikdə saxlayırlar. Kollec tələbələri üzərində keçirilən eksperimentdə müəyyən olunmuşdur ki, “MasterCard” kimi kredit kartlarının təsvirləri olan otaqda tələbələr poçt vasitəsilə kataloqdan lazımı əşyaların sifariş olunmasına belə təsvir olmayan otaqdakı tələbələrlə müqayisədə 29% daha çox pul xərcləyirlər. Digər bir eksperimentdə tələbələrdən “The United Way” xeyriyyə təşkilatına könüllü ianə etmə xahiş olunmuşdur. Araşdırmalar göstərdi ki, “MasterCard” təsvirləri olan otaqlardakı tələbələr belə təsvirlər olmayan otaqlardakı tələbələrdən xeyriyyəçilikdə daha çox iştirak edirdilər. Belə təsvirlərin olduğu otaqda tələbələrin 87%-i xeyriyyəçilikdə iştirak etdiyi halda, “MasterCard” təsvirinin olmadığı otaqda isə tələbələrin cəmi 33%-i xeyriyyəçilikdə iştirak etmişdir. ABŞ Soyuq Müharibə zamanı Aya ekspedisiya göndərdikdən sonra ölkədə ən çox satılan sərinləşdirici içkilərin üzərində Ay ekspedisiyasına işarə edəcək təsvirlər və siqnallar var idi.
Beləliklə, bu istiqamətdə aparıla çoxsaylı müşahidə və eksperimentlər insanların müsbət assosiasiyalar yaradan əşyaların təsiri altında digər obyekt, subyekt və proseslərə də müsbət münasibət bəsləməsini müəyyən etmişdir. Bu səbəbdən Azərbaycanın leyhinə təbliğat tədbirləri aparanda, sərgilərin təşkil edilməsində, videoçarxlar və s. hazırlanmasında Amerika əhalisi arasında müsbət obraz yaratmış Böyük Britaniya (məsələn, Azərbaycanın İngiltərə ilə iqtisadi əməkdaşlığı), İsrail (Azərbaycanda yəhudilərin təhlükəsiz yaşaması, İsrail ilə dostluq), Ukrayna və s. kimi ölkələrlə Azərbaycanı yanaşı, kombinə edilmiş formada təqdim etmək məqsədəuyğundur. Belə olan halda bu ölkələrin amerikalıların təhtəlşüurunda yaratdığı müsbət assosiasiyalar Azərbaycan haqqında müsbət obrazın yaradılmasına yardımçı olacaqdır. Bütün bunlar həmçinin Azərbaycana İranın mümkün təxribatları şəraitində Amerika cəmiyyətində dəstək qazanmasına yardımçı ola bilər.
Qeyd edək ki, bu tezisin əksi də gerçəkdir. Tədqiqatlar göstərir ki, mənfi assosiasiyalar yaradan hadisələr onlarla əlaqəli məfhumlara da ötürülür. Məsələn, yuxarıda təsvir olunmuş “MasterCard” ilə bağlı eksperimentldə xeyriyyəçiliyə yalnız kartlarla müsbət assosiasiyalar yaşamış şəxslər ianə edirdilər. Kredit kartları səbəbindən müəyyən iqtisadi problemlərlə qarşılaşanlar isə “MasterCard” təsvirləri olan otaqda olarkən xeyriyyəçiliyə ianə etmək meylliliyini nümayiş etdirmirdilər. Ermənistan haqqında mənfi obraz yaratmaq, erməni diasporunun mövqelərini sarsıtmaq baxımından onun İranla əməkdaşlığı və səmimi dostluğuna vurğunu etmək məntiqidir. Bu istiqamətdə iki ölkə arasında dostluq münasibətlərinə dair şəkil, video və mətnlərin hazırlanması məqsədəuyğundur. Nəticə etibarı ilə İranla assosiasiya olunan mənfi obraz Ermənistanın da üzərinə yayılıb, erməni diasporunun mövqelərini sarsıdacaqdır.
Şüur səviyyəsində dövlətlərin bir-biri ilə əməkdaşlığı və ya rəqabəti öz-özlüyündə heç nə demir. Yəni, rasional prizmadan yanaşdıqda Ermənistanın Amerikada mənfi imicə malik İran ilə əməkdaşlıq etməsi onun pis və ya yaxşı olmasına dəlalət edən faktor deyil. Dövlətlər arasında əməkdaşlıq ilk növbədə zərurət və maraqlar əsasında qurulur. Amma əhali siyasətə adətən bir o qədər rasional yanaşmadığına görə biz stereotiplər, emosiyalar və assosiasiyaların üstünlük təşkil edəcəyini, təhtəlşüurun şüur üzərində qələbə çalaraq, Ermənistanın imicinə zərbə endirəcəyini gözləyə bilərik.
İstifadə edilən mənbələr:
- https://news.gallup.com/poll/287153/iran-north-korea-liked-least-americans.aspx
- https://news.gallup.com/poll/287108/fewer-regard-china-favorably-leading-economy.aspx
- Robert B. Cialdini. Influence. Science and Practice, 4th ed., 2001
Elşən Məcidov
Siyasi ekspert, amerikaşünas, Azərbaycan Dillər Universitetinin müəllimi