Yuxarıya
skip to main content

Sosial elmlərdə devolyusiya: Sosial mühəndislik və sosial nəzarət

27.10.2021

Sosial Elmi Tədqiqat Şurasının qurucusu, bir neçə ABŞ prezidentinin məsləhətçisi olmuş Çarlz Edvard Merriam insani inkişaf və təkamülü istiqamətləndirmək üçün sosial nəzarət və sosial mühəndisliyin ilk pionerlərindən, proponentlərindən biri hesab edilir. O, yeni insanlıq quracaq sosioloqların nəzarətində bir “cəsur yeni dünya” düşünürdü. Siyasəti sosial elm şərtlərində yenidən müəyyən edən Merriama görə, yeni dünyada bu anlayış insan təkamülünə şüurlu nəzarəti ehtiva etməli idi. Texnologiya “beynəlmiləl məhkumiyyətlər” yaradacaq, və dövlətin qədim ideyası ya aradan qalxacaq, ya da modifikasiya ediləcəkdir. Elmin yeni dünyası ümumbəşəri miqyasda təbiət üzərində hökmran olacaq varlıqların yeni qövmünü ortaya çıxaracaq. 


Sosial və bioloji elmlər arasındakı doqmatik abizm ilə bağlı Ç.Merriam “sosial yetişdirmə və mühitin hər bir səthi müxtəlifiyi aşacağını bəyan edirdi. Əgər genetika bunun əksini göstərirsə, evgenika arzuolunmaz səciyyələri eliminasiya edə bilər. Merriam bildirir ki, psixoanaliz də effektiv sosial nəzarətdə bir rola sahibdir, gələcəkdə fərdlərin və böyük insan qruplarının bio-mühəndisliyində sosial psixologiyanın köməyi ilə biokimya da iştirak edəcək. Uşaq davranışlarının öyənilməsi bir sosial tədqiqatçıya gələcək vətəndaşın siyasi davranışlar və maraqlarını müəyyən etməyə imkan verəcək. 

Frankfurt Məktəbinin “Avtoritar şəxsiyyət”i və digər tədqiqatlarının sanki müjdəçisi olmaqla Merriam insanın vərdişlər, cavab reaksiyaları və davranışlarını qrafikləşdirməklə sosial siyasətin qurula biləcəyini, “nəzarət və modifikasiya edilə” bilmə imkanlarını bəyan edirdi. 

Elmdə qazanılan nailiyyətlər tradisional dünyanın qanunlar və normalarını əvəz edəcək. Bu yeni demokratik elm “bir qrup orqanizmdir yaxud onun ruhu varmı?” kimi sualları tərk edərək insanlığın ölçü və müqayisə vahidləri kimi öyrənməyə başladı. Bununla, hesablama-evi mentallığı elm üzərində dominant oldu. İngilis utilitarianizmi və materializmi tradisional dünyanın sonuncu qalıqlarını da yox etdi. Məhz burada Modernizm və Tradisionalizm, orqanik topluluq və sivil cəmiyyət arasındakı dixotomiya daha da aşkarlaşır. 

“Arasıkəsilməz proses”in variasiya və adaptasiyasına əsaslanan Darvin inqilabı ilə insanlıq rizomatik nomadlara çevriləcək və konstant axın halına daxil olacaqdı. Merriama görə, dünya dayanmadan yenidən orqanizasiya və yenidən tənzimləmə dünyasıdır. Bu, “yeni dünya”ya əngəl olan kultural irslərin eliminasiyasını tələb edir. Çünki yeni sosial elm yeni “adətlər yaratmalı”, insan qruplarının davranışlarını total şəkildə maddi olaraq modifikasiya etməyə qadir olmalıdır. Bu yeni “elmi inanc”a görə, Tanrı sadəcə bir növ magiyadır və indi o, yeni elmi inanc – sientizm ilə əvəzlənəcək. Zaman və məkanı aşaraq hər şeyi (liberal) demokratiya adı altında universallaşdıran bu “yeni elm” öz növbəsində yeni dünyada faydalı və “əxlaqlı” vətəndaşın nədən ibarət olmasını müəyyən edəcək. “Milli mədəniyyətlər”in interpretasiyasında BMT-nin öncülü olan Millətlər Liqasının fövqündə dayanacaq bu yeni dünya texnokratlar hökuməti, sosial nəzarət elmi, “yetişdirilmiş elektorat” tərəfindən dəstəklənilən sosial və siyasi nəzarət sistemi altında idarə olunacaq. Merriamın “yeni dünya” baxışları geniş rəğbət qazanmaqla yanaşı, onun planetar miqyaslı sosial mühəndislik doktrinasının realizasiyası finansal anlamda dəstəklənməyə başladı. 

Lakin 1954-cü ildə vergidən azad fondların konqressional araşdırılması ilə sosial elmlər də tənqidi inspeksiyaya tabe edildi. Konqressmen Kerol Ris rəhbərliyindəki araşdırma zamanı bəzi dissident sosioloqlar sosial elmlərdə istifadə edilən şübhəli metodlar ilə bağlı məktubla araşdırma komitəsinə müraciət etdilər. Onlardan ən məşhuru sosioloq Pitrim Sorokin idi. “Modern sosiologiyada dəblər və qüsurlar” adlı kitabında Sorokin qeyd edir: “modern psixo-sosial elmin qüsurlarının böyük əksəriyyəti fiziki elmlərin kor-koranə təqlididir. Sosiologiya və psixologiyadakı “eksperimental” tədqiqatların böyük çoxluğu psevdo-eksperimental olmaqla yanaşı, gerçək eksperimental metodlar ilə heç bir əlaqəsi yoxdur. Biz bütün vasitələr ilə real eksperimental metoddan istifadə etməliyik. Lakin özümüzü və digərlərini axmaq yerinə qoymamalıyıq. Onlar psixo-sosial fenomenlərin həqiqi biliyinə heç bir yardım etmir və edə bilməz. Əksinə, onlar real eksperimental metodu və psixo-sosial elmin özünü eroziyaya uğradır. 

Rene Vormser qeyd edir ki, Sorokin anket-sorğu metoduna gülür, onu öz məhsulundə qeyri-elmi, aberrant, qeyri-determinat, “hearsay” (dedi-qodu) adlandırırdı. Onların şayiələri tədqiqatçıların özü tərəfindən deyil, assistantları və tutduqları sorğuçular tərəfindən toplanılır. Bu şəkildə işləyən, topladıqları fikirləri cədvəlləşdirməklə, statistiki cədvəllər formasımda nəticələr verməklə “elmi” və “operasional” texnikaların “obyektivliy”inə iddia edən fiziklər və ya kimyaçılar düşünün. Sorokinə görə, nəyin yanlış və doğru olduğuna əksəriyyətin səsi – rəyi qərar verə bilməz. Tədqiqatın kvantitativ və empirik metodunun nəhəng dalğası elə güclüdür ki, psixo-sosial elmlərin çağdaş mərhələsi kvantofilia adlandırıla bilər. Bu sosial sientistlərin “Komptometr kompulsiyası”, “fakt aşkar etmə maniyası” onları əxlaqi nisbilik prinsipini qəbul etməyə vadar edir; yəni faktlar əxlaqi qanun diktə edir, onların aşkar etdiyi hər şey doğrudur. 

Lakin K.Risin rəhbrlik etdiyi araşdırma komitəsi işinə sona qədər davam edə bilmədi. Konqressmen Veyn Heys seksoloq Alfred Kinsinin maliyyələşdirilməsi ilə bağlı araşdırmalara əngəl oldu. 

Sosial mühəndisləri psevdo-elmi arsenal ilə təmin edən Biheviorizm (Davranışçılıq)  oldu. ABŞ-da  Biheviorizm Con Vatson və B.Skinnerin eksperimentləri ilə dəbə mindi. Marksizm və Biheviorizm arasında paralellər apardığı məqaləsində Stefen Foster qeyd edir: “Həm Marksizm, həm də Biheviorizm-də insanın rolu onu formalaşdıran qüvvələrin interpreterinə endirilir. Skinner üçün elmi analizin vəzifəsi bir fiziki sistem kimi şəxsin davranışının onun yaşadığı şərtlərə necə uyğun olduğunu analiz etməkdir. Marksa görə, bütün bəşər tarixinin ilk bazisi, postulatı canlı insan fərdlərinin ekzistensiyasıdır. Beləliklə, yaradılan ilk fakt bu fərdlərin fiziki orqanizasiyası və onların təbiətin geri qalan hissəsi ilə münasibətidir. 

Foster “Skinner Biheviorizmi”ni siyasi məqsədli (yəni, nəzarət) biheviorist texnologiya olaraq təsvir edir. “Bu baxışın ciddi siyasi implikasiyası var. Elmi tədqiqat öncədən təxmin etmə və nəzarət mümkünlüyünü təmin etməklə, insan məsələlərinin texnologiyasına gətirib çıxarır. Marksizmdə bu texnologiya inqilabi aktivlik, “Skinner Biheviorizmi”ndə isə texnologiyadır. Skinner dünyanı yönəldiyi katastrofaya əngəl olmaq üçün “nəzarət” vasitəsi kimi Biheviorizmin tərəfdarı idi. Ona görə də, Foster Skinnerin Biheviorizm məqsədlərini Ç.Merriamın sosial mühəndislik və sosial nəzarət məqsədləri ilə eyni olaraq görür:
“Skinnerin ali məqsədi bütün insani problemləri texnoloji problemlərə çevirməkdir. Belə ki, insan davranışın kauzal münasibətlərini anti-sosial və destruktiv fəaliyyətləri tənzimləyə, və tənzimləmə texnikası vasitəsilə istənilməyən davranışı aradan qaldıra bilər. Bu, tradisional olaraq etik anlamda dəyərləndirilən insani məsələlər domeninin qatı elmi domenə transformasiya edilməsi deməkdir. 

Fosterin Biheviorizmə şamil etdiyi doktrina Maarifçilik Əsrində eminens qazanan “insanın mükəmməlliyi”, Russo doktrinası, tradisional etika, əxlaq və dini sosial mühəndislik ilə əvəzləməyə çalışan liberal, marksist, modernist sosial doktrinalardır. Foster göstərir ki, Skinnerin “əxlaqın texnologiyaya transformasiyası” Marksın “dövlətin geri çəkilməsi və cəmiyyətin produktiv potensialının transformasiyası” ideyası ilə analojilik təşkil edir. Hər iki ideyaya görə, insan maddi dünya tərəfindən formalaşdırıldığını və ona görə davrandığını, maddi şərtləri yenidən düzənləməklə daha yaxşı dünyanın meydana çıxacağını etiraf etdiyi zaman ən böyük insani nailiyyətlər əldə olunacaq. Foster bildirir ki, həm Marksizm, həm də Biheviorizmdə hakim olan prezumpsiyaya görə, insanın sosial təcrübəsinin keyfiyyəti sosial institutlar gerçək insani ehtiyacların tətmininə fokuslandığı zaman yaxşılaşacaq. Bu insani ehtiyacların nə olması sosial sientistlər tərəfindən müəyyən edilməlidir. 


Biheviorizmin populyarlaşmasında J.Valter Tompson reklam agentliyinin vitse-preizdenti Con Vatsonun rolu mütləq qeyd edilməlidir. Onun Kolumbiya universitetindəki mühazirələri – “Bihevioristin baxdığı psixologiya” Behaviorist Manifesto kimi nəşr edildi. Biheviorizmi reklamçılığa tətbiq etməklə Vatson istehlakçıya bir məhsulu satmaq üçün 3 təməl emosiyadan: qorxu, hiddət və sevgidən istifadə edilə biləcəyini bəyan edirdi. Məsələn Johnson and Johnson uşaq pudrasını satmaq üçün infeksiya qorxusu “gənc valideynləri qorxutmaqda” bir mesaj idi. Vatson Biheviorizmi həm kapitalist marketinqə tətbiq edir, həm də Sosial Tədqiqatlar üzrə yeni məktəblərdə mühazirələrə dəvət edilirdi. 

Vatsonun diktumu, “heç bir irsi səciyyə yoxdur” – sosial elmləri genetikadan ayıran dominant doqma kimi qalırdı. Tədricən bu biheviorist doqma ABŞ və bütün dünyada sosial elmlərin bazisinə çevrildi. Onu da qeyd edək ki, Yakobin dövləti və ardınca bolşeviklər kütləvi terrorlarına, çağdaş qərb cəmiyyətləri isə yumuşaq diktatorluğa haqlılıq qazandırmaq üçün məhz bu doqmaya istinad edirlər. Rusiyada Biheviorizmin pioneri hesab edilən və Bolşeviklərin bir imtiyaz qazandırdığı Pavlovun laboratoriyasını Hab Zvart “öz heyvanlarının qayğısına qalan, amma istehsal faktorları üçün onların bədənlərini istismar edən patogenik bir mühit, totalitar rejim – olaraq təsvir edir. Qısacası, mikrokosmik bir kommunist dövləti. 

Pavlovun özünün məqsədlərinə rəğmən, onun tədqiqatlarının spesifik siyasi ideologiyanın “zeitgeist” və fəlsəfəsini, XX əsrin kredosu kommunizmin refleksiyası olduğu müşahidə edilə bilər. Şərti refleks sosial mühəndislik üçün güclü aləti təmsil edir. Pavlov psixologiyası manipulyasiya və istismar üçün “sübut əsaslı” alət rolunu oynadı. İdeal şəkildə, cəmiyyət bir bütövlük olaraq Pavlovun laboratoriyası kimi strukturlaşdırıla bilərdi. Dolayısı ilə, onun laboratoriyası kommunist gələcəyə bir pəncərə olaraq düşünülürdü. 

Pavlov ilə söhbətindən sonra Lenin rus xalqını bir heyvan yetişdirici kimi yenidən yetişdirmək arzusunu elan etdi. Kommunizmin nəhayi məqsədi insani varlıqları “təkmilləşdirmək” və insan təbiətini transformasiya etmək idi. Lenin Pavlovun işini inqilab üçün mühüm nailiyyət olaraq görürdü. Leninlə yanaşı insan irqini xam maddə, natamam emal edilmiş məhsul olaraq olaraq görən Trotski də 1923-cü ildə Pavlova yazırdı ki, Freydianistlər insan davranışı üzərində artistik bir mövqeyə sahibdir, Pavlov isə eksperimental, fizioloji yanaşma ilə çıxış edir. Onun refleks doktrinası Freydin nəzəriyyələri üçün fizioloji sub-struktur ola bilər. Trotskiyə görə, psixoanaliz şərti reflekslər doktrinasının xüsusi halı olaraq nəzərə alına bilər. Bundan sonra, SSRİ-də Pavlov psixologiyasının rəsmi doktrina olması ilə Freydin “dayanıqsız nəzəriyyələri” tamamilə dağıldı. 1921-ci il dekretinə görə isə, Pavlovun tədqiqatına ən yaxşı imkanlar yaratmaq üçün xüsusi komitə təsis edilməli idi. 

Hab Zvart məhz bu kontekstdə vurğulayır ki, sosial mühəndislik kimi kapitalist Amerika insanlığı “Biheviorizm”, SSRİ isə Pavlov-un ideyaları ilə yenidən inşa etmək yoluna qoyulmuşdu. Teylorizm, Fordizm və Amerikanizmin digər örnəkləri sosial mühəndislik və insan resursları menecmentinin oxşar dalğalarını təmsil edir. “Pavlov biliyi” kommunizm üçün elmi “input” təmin etsə də, onun tədqiqatları sosial mühəndislik ideologiyasının kondensasiyası və ya realizasiyası olaraq təsbit oluna bilər. 

Böyük etoloq Konrad Lorenz bildirir ki, instinkt və qeyri-şüurun çətinliklərindən yayınmaq üçün metod təklif etməsi Biheviorizmin ümumbəşəri qəbuluna zəmin hazırladı. Bu gün bir sosial mühəndis hər bir fərdin tamamilə “boş kağız parçası” kimi doğulduğunu və düşündüyü, hiss etdiyi, inandığı, bildiyi hər şeyin onun “şərtləndirilməsi”nin nəticəsi olduğunu iddia edə bilər. Bir halda ki belədir, o zaman o, yenidən şərtləndirilə bilə. Liberallar bunu azadedici, demokratik prinsip olaraq görürlər. Əgər hər kəs tabula rasa kimi doğulubsa, bərabər şərtlər altında insanlıq bir ideala uyğun yenidən formalaşdırıla bilər. 

Lorenz qeyd edir ki, ABŞ, Çin və SSRİ-də idarəedicilər və “policy-maker”lər insan davranışının şərtiliyinə əsaslanmada bir-birinə bənzəyirlər. O, “Biheviorizm”i bəşəriyyətin manipulyasiya və dehumanizasiyasını mümkün etdiyi üçün psevdo-demokratik, qeyri-insani və “satanik” adlandırır. “Həm kapitalist istehsalçı, həm də sovet funksioneri perspektivindən xalqları Hakslinin “Cəsur Yeni Dünya”da qeyd etdiyi kimi birformalı, müqavimət göstərməyən subyektlərə çevirmək üçün şərtləndirməsi eyni dərəcədə mühümdür. Lorenz, bu doktrinanın Qərb dünyasını təhdid edən əxlaqi və kultural kollapsın səbəbi olduğunu bildirir. Kapitalist və kommunist isteblişmentlər xalqları və millətləri bir “ideal”ın konsepsiyalarına uyğun yenidən şərtləndirirlər. “Biz, azad sivil Qərb insanları kütləvi istehsalçıların kommersial qərarları tərəfindən necə şərtləndirildiyimizin dərkində deyilik. Bütün zənaətlər qlobal istehlak cəmiyyətində tənəzzül edərkən, biz konstant şəkildə qlobal istehsalat taykunlarının tələblərinə uyğun istehlak etmək üçün şərtləndirilirik. Elmin özü belə dəbdə olana müvafiq şəkildə şərtləndirilir. Lorenzə görə, bu aldadıcı, illüziyonar elm Qərbin kultural xəstəliklərinin səbəbi deyil, onların nəticəsidir. Başqa sözlə, Qərbin sosial orqanizmində baş verən sosio-siyasi və dini-kultural aberrasiyaların ağuşunda sosial mühəndislər belə yüksək statusa sahib ola bildilər. 


Ədəbiyyat: 

Hub Zwart, Conditioned Reflexes and the Symbolic Order: A Lacanian Perspective of Ivan Pavlov’s Experimental Practice, Vestigia, Vol 1, No, 2Summer 2018

C. James Godwin, A History of Modern Psychology, New-Jersey, John Wiley & Sons 2015

Stephen Foster, Marxism & Behaviorism: Ideological Parallels, Wright State University, Vol 21, No.1, October 1978

Hon. B. Carroll Reece, US Congressional Record, 23 February 1955, A1184

Charles Merriam, New Aspects of Politics, Chicago, University of Chicago Press, 1931 (1925)

B. F. Skinner, Beyond Freedom and Dignity, New-York, Alfred Knopf, 1971

John B. Watson, Behaviorism, 1924, New-York, People’s Institute Publishing Co., 1924

Konrad Lorenz, Civilized Man’s Eight Deadly Sins, R. Piper & Co. Verlag, USA, 1974


 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.