Yuxarıya
skip to main content

Tarixöncəsi, tarix və hipertarix

08.10.2021

İnsan həyatını tarix və tarixöncəsi olaraq böldüyümüz zaman dərin texnoloji dəyişikliklərin nə qədər əhəmiyyətli olduğunu anlayırıq. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) kəşfi və inkişafı kim idik, kimik və kim olacağıq arasındakı fundamental fərqliləşməni müəyyən edən təməl faktora çevrilib. Hadisələr və informasiyanı qeydə alan, toplayan və gələcək nəsillərin istehlakı üçün nəql edən sistemlərin əlçatanlığı nəticəsində (yumuşaq və ya Lamarkian tərzdə) bəşəriyyət “tarix” mərhələsinə daxil oldu. 

Buna görə də, Luçiano Floridi, “tarix”in informasiya əsri ilə sinonim olduğunu qeyd edir. Belə bir arqumentasiya insanlığın ən azı Tunc dövründən (Mesopotamiya və dünyanın digər bölgələrində yazının icadı ilə qeyd olunan dövr) bəri müxtəlif informasiya cəmiyyətlərində yaşadığını özündə ehtiva edir. E.Ə. III minillikdə, Şumer mədəniyyətinə məxsus Ur şəhəri dünyada ən inkişaf etmiş və mərkəzləşdirilmiş dövləti təmsil edirdi. Körfəz müharibəsi (1991) və İraq müharibəsindən əvvəl (2003-2011) bu şəhər yüz minlərlə gil kitabələrdən ibarət kitabxanaya sahib idi. Bu kitabələr adi mətnlər və ya dini festival tarixlərini deyil, inventarlar, biznes transaksiyaları və administrativ sənədləri ehtiva edirdi. Lakin Ur, bir informasiya cəmiyyətindən bəhs etdiyimiz zaman tipik olaraq ağlımıza gələn şeyi təmsil etmirdi. Çünki modern və ya postmodern tərəqqi anlayışı, eləcə də rifah dövləti informasiyanın həyat tsiklinin səmərəli idarəetməsinə bağlı deyil, ondan effektiv dərəcədə asılıdır. 


Tarixöncəsi və tarix insanların nə zaman və harada yaşadıqları deyil, necə yaşadıqları haqqında bizə bəhs edir. Bu perspektivdən, insan cəmiyyətləri yaşam tərzi olaraq üç əsrə uzanır. Amazon regionunda bir-birilə əlaqəsiz tayfaların qeyri-müəyyən sayı ilə bağlı məlumatlara görə, eramızın II minilliyinin əvvəllərində sənədləri qeydə almadan – tarixöncəsi olaraq yaşayan bəzi cəmiyyətlər hələ də var idi. 

Lakin bu gün xalqların böyük əksəriyyyəti tarixi olaraq – hər döv datanı qeydə alan, nəql və istifadə edən İKT-lərə əsaslanaraq yaşayırlar. Amma bu texnologiyalar vital əhəmiyyət baxımından məsələn enerji ilə bağlı texnologiyaların yerini ala bilməyib.  Bununla belə, hipertarixi olaraq yaşayan daha az sayda xalqlar da var. Bu cəmiyyətlərdə İKT-lər və onların data emal etmə qabiliyyətləri sosietal rifah, şəxsi rifah və tərəqqinin gələcək inkişafını qoruyan və təmin edən mühüm deyil, essensial şərtlərdir. Məsələn, G7 qrupuna üzv olan ölkələr – ABŞ, Kanada, Yaponiya, İtaliya, Almaniya, Birləşmiş Krallıq və Fransa – hipetarixi cəmiyyətləri təmsil edir. Çünki sadalanan ölkələrin hər birisində ümumdaxili məhsulun ən azı 70 faizi ziraət (aqrikultural) və emalat proseslərinin fiziki məhsulu olmayan, informasiya ilə əlaqəli qeyri-maddi məhsullardan asılıdır. Onların iqtisadiyyatları informasiya əsaslı avuarlar (biliyə əsaslanan iqtisadiyyat), informasiya-intensiv xidmətlər (biznes və əmlak xidmətləri, kommunikasiyalar, maliyyə, sığorta və əyləncə) və informasiya istiqamətli ictimai sektorlardan (təhsil, dövlət idarəetməsi və səhiyyə) kəskin dərəcədə asılıdır. 

Yalnız hipertarixi olaraq yaşayan bir cəmiyyət informasional şəkildə - bir kiber hücum ilə təhdid edilə bilər. Yalnız rəqəmsal şəkildə yaşayan rəqəmsal şəkildə ölür. 

Ur şəhərini bir informasiya cəmiyyəti olaraq nəzərə almamağımızın səbəbi onun hipertarixi deyil, tarixi olması ilə bağlıdır. Daha aqrikultural texnologiyalardan asılı olan Şumer İKT-lərinin təmin etdiyi qeydə alma və nəql etmə infrastrukturu digər texnologiyaların eskalasiyasını başlatmaqla yanaşı, texnoloji asılılığımızın gələcək təməllərini qoydu. İKT-lərin qeydə alma və nəql etmə imkanlarının prosessinq imkanlarına doğru təkamülü yalnız bir minillik sonra – Quttenberq və Türinq arasındakı dövrdə - baş verməsinə rəğmən, İKT-lərin səbəb olduğu və tarix-hipertarix arasındakı bölgünü yaradan radikal transformasiyanı yaşayan XXI əsr insanlığıdır. 

Hipertarixi cəmiyyətləri doğuran təkamülün uzun bir zaman alması təəccüblü olmamalıdır. İnformasiyanın həyat tsikli aşağıdakı fazaları ehtiva edir: ortaya çıxarma (kəşf etmə, dizayn etmə), qeydə alma, transmissiya (şəbəkələşmə, distribusiya, əlçatımlılıq, yenidən əldə etmə), prosessinq (toplama, birləşdirmə, modifikasiya, orqanizasiya, indeksasiya, klassifikasiya, filtrasiya, depolama), istifadə (monitorinq, modelləşdirmə, analiz, interpretasiya, planlaşdırma, təxmin etmə, qərar vermə, öyrənmə, təhsilləndirmə, və s.) Tarixə nəzər yetirsək, Neolit dövründən Tunc dövrünə qədər kənd təsərrüfatı inqilabının tam effektləri ilə meydana çıxmasının 6 min il ərzində, İnformasiya inqilabının əsas – transformativ nəticələri ilə meydana çıxması isə əlavə bir 6 min il ərzində baş verdiyini görə bilərik: Tunc dövrünün sonundan eramızın II minilliyinin sonuna qədər. 

Buna görə də, insan təkamülünü üçmərhələli roket olaraq vizuallaşdırmaq olar. Tarixöncəsində deyil, tarixdə İKT-lər var, onlar qeydə alır və informasiyanı nəql edir, lakin insan cəmiyyətləri ilkin resurslar və enerji ilə bağlı digər növ texnologiyalardan asılıdır. Hipertarixdə, İKT-lər nəinki qeydə alır və nəql edir, onlar informasiyanı muxtar şəkildə emal edir və cəmiyyətlər tərəqqinin və rifahın fundamental resursu kimi onlardan, eləcə də informasiyadan asılı hala gəlir (Burada, Manuesl Kastells-in “informasional iqtisadiyyat” terminini qeyd etmək yerinə düşər). Üçüncü minilliyin əvvəllərində, innovasiya, rifah və əlavə dəyərin İKT-lərə bağlılıqdan İKT-lərdən asılılığa transformasiya olduğunu tarixçi gözü ilə müşahidə etmək olar. Belə bir dəyişiklik, prosessinq gücünün misligörünməmiş səviyyəsini və nəhəng data miqdarını tələb edirdi. 

Bir neçə il əvvəl, Berkeley İnformasiya Məktəbinin tədqiqatçıları kompüterlərin kommodifikasiyasına qədər insanlığın bütün tarix boyu 12 ekzabayt data topladığını hesablayıblar. Lakin 2006-cı ilə qədər bu göstərici 180 ekzabayta çatıb. Sonrakı tədqiqatlara görə isə, 2006-2011-ci ildə toplanılan total data miqdarı 1600 ekzabayta çatmaqla, zettabayt hüdudunu aşıb (1 zettabyat – 1000 ekzabayt). Bu rəqəm hər üç ildə dörd dəfə böyüyərək 2015-ci ildə 8 zettabayt təşkil edib. Əlbəttə ki, İKT cihazları bu “data okeanı”nda naviqasiyamızı qorumaq üçün konstant şəkildə işləyir. Daha çox datanın mənbələri olan bu cihazlar daha çox İKT-lər tələb və ya onları mümkün edir. Öz-özünü gücləndirən bu tiskl qarşısında “data-boğulma” hiss etməmək qeyri-təbii olardı. Burada, risklər haqqında əndişə, imkanlar ilə bağlı həyəcanlanma və nailiyyətlər ilə bağlı təəccüblənmənin qarışıq hisslərinin hökm sürdüyünü söyləyə bilərik. 

İKT-lər sayəsində, biz artıq “zettabayt əsri”nə daxil olmuşuq. Bizim nəslimiz zetta-axınını yaşayan, çevrəmizi istila edən “baytlar tsunamisi”ni təsvir etmək üçün bir neologizm – “Big Data”nı irəli sürən ilk nəsildir. Big Data ilə bağlı epistemoloji problem onun həddən ziyadə çox olmasıdır. Etik problem onun arzuolunmaz istiqamətlərdə, arzuolunmaz məqsədlər üçün istifadəsidir. Digər məsələ isə, epistemoloji problemlərə texnoloji həllyolunun irəli sürülməsidir. Belə ki, daha və daha çox texnoloji metodlar və texnologiyaların “Big Data”nı idarə oluna bilən ölçüyə geri qaytaracağı zənn edilir. Amma epistemoloji problem tamamilə müxtəlifdir və o texnoloji deyil, epistemoloji həll yolu tələb edir. Big Data “infoglut” və ya “ifrat informasiya yüklənməsi” kimi bütün ekspressiyalar ilə formulyasiya edilir. Bu, “çeynəyə bildiyimizdən daha çoxunu dişlədiyimiz hissi” ilə identiklik təşkil edən bir anlayışdır. 

Həzm sistemlərimizin gücünü aşan bu data axını intellektual qaraciyərlərimizi sıradan çıxarır. Daha təkmil texnologiyaların daha çox data istehsal etdiyi ortaya çıxdı. İKT-lər ifrat dərəcədə çox data problemini daha da kəskinləşdirir. Həzm sistemlərinin genişləndirilməsi isə çıxış yolu deyil. Daha güclü kompüterlər, daha ağıllı softveyr və yeni insan bacarıqları tələb edən data akkumulyasiyası yalnız reqressiv şəkildə işləyir. Bu, rəqəmsal amneziyadan əzab çəkən və hipertarixin inkişafında ilk dar boğazdır. 

Hipertarix “Big Data”dan asılıdır, lakin rəqəmsal yaddaşın asılılığı barəsində iki mifə diqqət yetirmək gərəkdir. İlk mif rəqəmsal yaddaşın “keyfiyyət”i ilə bağlıdır. İKT-lər unudula bilən yaddaş formasına malikdir. Onlar sürətlə arxaikləşir və volatil xarakterlidir. Əvvəlki rəqəmsal sənədlər artıq istifadə edilə bilir deyil, çünki “flopi” drayvlar və öncəki prosessinq softveyri əlçatımlı deyil. Yaradılmış lakin sonra tərk edilmiş və ya modifikasiya edilməmiş milyonlarla səhifə İnternetdə mövcuddur. 1998-ci ilin əvvəllərində tərk edilməmiş bir sənədin orta ömrü 75 gün idisə, bu gün bu 45 gün təşkil edir. Bu, “link böhranı” – onlayn resurslar ilə əlaqələndirici linklərin artıq işləməməsidir. 1993-cü ilin aprelində Avropa Nüvə Tədqiqatı Təşkilatı heç bir ödənişsiz və hər kəsə əlçatımlı olan World Wide Web-i elan etdi. Lakin iyirmi il sonra CERN-də tədqiqat qrupu orijinal Url ilə ilk veb-səhifəni yenidən yaratmalı oldu, çünki o artıq mövcud deyildi. Rəqəmsal yaddaş şifahi mədəniyyət qədər volatil, eyni zamanda qeyri-sabitdir. Rəqəmsal “hipertarix”nin paradoksu ondan ibarətdir ki, İKT-lər keçmişi gələcək istehlak üçün saxlamır və bizi “əbədi indi”də yaşamağa məhkum edir və bunun yaxın gələcəkdə daha basqıcı və təhdidkar xarakter alacağı qayğısı var. Yaddaş sadəcə depolama və səmərəli idarəetmə məsələsi deyil, o, ən həyati məsələlərin diqqətli kurasiyası, dolayısı ilə dəyişikliklərin düzənli seriyası kimi stabil sedimentasiya məsələsidir. 

“Hipermətn” və “hipermedia” anlayışlarını irəli sürən, İKT pionerlərindən biri Ted Nelson köhnə faylların kopyalarını heç bir zaman silməyəcək “Xanadu”nu dizayn etdi. Konstant şəkildə yenilənən bir veb-səhifə öz keçmişindən məhrum bir veb-səhifədir. İnsana bir dokumenti min dəfələrlə yenidən yazmağa icazə verən eyni dinamik sistem gələcək inspeksiya üçün keçmiş versiyaların yaddaşının mövcudluğunu qeyri-mümkün edir. “Bu sənədi saxla” əslində “onun köhnə versiyasını sil” anlamına gəlir. Hər bir eyni tip rəqəmsal sənəd eyni qeyri-tarixi təbiətin təcəssümüdür. Burada risk, müxtəlifliklərin aradan qalxması, alternativlərin amalqamasiyası, keçmişin davamlı şəkildə yenidən yazılması və tarixin perennial “burada və indi”yə endirilməsidir. Biliyimizin böyük əksəriyyəti unutqan yaddaşın əlində olduğu zaman, özümüzü “əbədi indi”yə həbs olmuş hesab edirik. Buna görə də, gələcək nəsillər üçün rəqəmsal kultural irsi qorumağa köklənmiş təşəbbüslər həyati əhəmiyyət kəsb edir. 


2007-ci ildən bəri dünya əlçatımlı yaddaşdan daha çox data istehsal edir. Bu fakta rəğmən, Krayder qanununa uyğun olaraq hard disk-lərin yaddaş sıxlığı Mur qanunundan daha sürətlə artır. Və artıq 2020-ci illərdə 14 terabaytlıq bir diskin ölçü etibarilə 2.5 inç və 40 dollara başa gələcəyi bildirilir. Lakin əfsus ki, bu da hələ tam kifayət deyil. Çünki Krayder qanununun irəli sürdüyü böyümə yeni data yaratma sürətimiz ilə müqayisədə yavaşdır. 

Tarix əsrində təməl problem saxlamaq idi: hansı qanunlar və ya adlar daşlar yaxud gil kitabələr üzərinə həkk olunacaq, hansı mətnlər papirus və ya vellum üzərində əllə yazılacaq, hansı xəbərlər kağız üzərində çap edilməyə dəyər və s. Hipertarixdə saxlamaq defolt opsiyadır. Problem nəyin silinməsi ilə bağlıdır. Yaddaş natamam olduğu zaman bir şey silinməli, yenidən yazılmalı və heç vaxt öncədən qeydə alınmamalıdır. Yenilənən veb-səhifələr köhnələrini, yeni şəkillər öncəkilərin erazisyasına səbəb olur. Yeni mesajlar və ən son e-maillər əvvəllkilərin yerinə sahib olur. 

Hipertarix illər öncəki datanı boşaltmaq üçün kifayət qədər yaddaş məkanına sahib deyil. Bu uçurum getdikcə daha da böyüməkdədir. İKT-lərin normal işləyişindən getdikcə daha çox asılı olan cəmiyyətlərdə prosessinq gücü artır və ucuzlaşır. Datanın həcmi düşünülə bilməz səviyyələrə çatır, şəbəkəmizin dəyəri də vertikal olaraq böyüyür. Lakin yaddaş potensialımız (məkan) və kommunikasiyalarımızın sürəti (zaman) geridə qalmaqdadır. Hipertarix insan inkişafında yeni bir era olsa da, bu planetdə həyatımızı hər zaman tənzimləyən zaman-məkan məhdudiyyətlərinə qarşı meydanoxuması nəticəsində, biz zaman (temproal) məhdudiyyətlərinin çox darlaşdığı, məkan hüdudlarının isə tədricən aradan qalxdığı bir əsrdə yaşayırıq. 


Ədəbiyyat:

1.    Lyman, P., and Varian, H. R. (2003). How much information 2003, available online
2.    Evans, D. (2011). The Internet of things: How the next evolution of the Internet is changing everything. CISCO white paper (April)
3.    IBIS World, Data Recovery Services Market Research Report, July 2012, available online
4.    ICT Data and Statistics Division, Telecommunication Development Bureau, International Telecommunication Union, The World in 2013, ICT Facts and Figures, available online
5.    Floridi, L. (2011). The philosophy of information. Oxford: Oxford University Press
6.    Floridi, L. The Fourth Revolution, Oxford University Press, 2014
7.    Castells, M. (2000). The rise of the network society (2nd edn.). Oxford: Blackwell 


 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.