Yuxarıya
skip to main content

Azərbaycanda əhalinin kitab oxuma davranışı | Sosioloji sorğu

05.10.2021

Sosial Tədqiqatlar Mərkəzi 15-25 sentyabr 2021-ci il tarixlərində əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı 1067 respondentlə telefon sorğusu keçirib. Sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 3.0% təşkil edib.


Mütaliə vərdişləri

Sorğuda iştirak edənlərin yarısı (49.8%) adətən kitab oxuduğunu bildirib. Təxminən oxşar sayda respondentin (44%) ailəsində özündən başqa kitab oxuyan ailə üzvü yaşayır. Hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı 1-3 kitab aralığındadır. Respondentlərin 6.4%-i isə 10 kitabı tam oxuyub bitirib. 

Demoqrafik qruplar üzrə baxsaq, evlilərin 45.6%-i və subayların isə 72.9%-i adətən kitab oxuyur. İşləməyib, ancaq iş axtarışında olanların 61.6%-i, işləyənlərin isə 55%-i adətən kitab oxuduğunu bildirib. Yaş, təhsil və aylıq gəlir səviyyəsi artdıqca müntəzəm kitab mütaliə edənlərin sayı azalır. Məsələn, 18-25 və 26-35 yaş qruplarında müntəzəm kitab oxuyanların çəkisi müvafiq olaraq 76.5% və 52.3% təşkil edibsə, 36-65 yaş arasında olanların isə yarıdan az hissəsi kitab oxuyur. Gender cəhətdən statistik əhəmiyyətli fərq müşahidə edilməyib. 

Texnologiyanın inkişafına baxmayaraq, mütləq əksəriyyət (81.3%) kitabları əsasən hələ də çap  formasında oxuyur. 18-25 və 26-35 yaş qruplarında kitabları əsasən elektron formada oxuyanlar 21%-dən yuxarı olduğu halda, bu göstərici orta yaş qruplarında 5-10% aşağı, 65 yaşdan yuxarı isə 0% təşkil edib. 

Sorğuda iştirak edən oxucuların yarısından çoxu (54.3%) kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuduğunu deyib. Yaş cəhətdən bu cavabı seçən qruplar arasında gənc və orta yaşlılarla yuxarı yaşlılar arasında ciddi fərq müşahidə edilib. Belə ki, kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların 26%-i 18-25, 25%-i 26-35 və 23%-i 36-45 yaş aralıqlarındadır ki, bu da digər yaş qruplarından 2-3 dəfə daha yüksəkdir. Kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların demək olar ki, yarısının aylıq gəlir səviyyəsi 500 manatdan yüksək, 55%-i ali təhsilli və 54%-i hazırda işləyənlərdir. Oxucuların təxminən üçdə biri kitablara şəxsi inkişaf üçün müraciət edir. Maraqlıdır ki, hər 4 nəfərdən biri (27%) üçün kitab oxumaq istirahət sayılır. 

Niyə kitab oxumursunuz?

Kitab oxumayan 536 respondentin xüsusiyyətlərinə nəzər yetirsək, yaş cəhətdən onların arasında 26-45 yaşda olanlar (49%) üstünlük təşkil edir. Kitab oxumayanlar arasında aylıq gəlir səviyyəsi 0-250 manat olanlar təxminən 50%, orta təhsillilər isə 64% çəkiyə malikdir. Gender cəhətdən statistik əhəmiyyətli fərq müşahidə edilməyib. 

Kitab oxumayan 536 respondentin gətirdiyi başlıca iki səbəb kimi vaxtının (63.6%) və marağının olmaması (29.6%) qarşıya çıxır. Maraqlıdır ki, olduqca az sayda respondent (5.8%) maddi imkanının kitab almasına mane olduğunu bildirib. Vaxtının olmadığını bildirənlərin 60%-i 26-45 yaş aralığındadır. Mədəni status cəhətdən bu variant daha çox evli olanlar tərəfindən seçilib (66.4%). Tamamladığı ən yüksək təhsil səviyyəsi ali təhsil olanların 77.1%-i vaxtının olmamasını kitab oxumamağın əsas səbəblərindən biri kimi göstərib. Sosial şəbəkədən hər gün istifadə edənlərin 85.5%-i vaxtının olmamasını deyib. 

https://stm.az/storage/photos/shares/sorgu/1-ci%20hissə.png           

Hansı janrlar daha çox oxunur?

Ümumi romanlar (23.6%), tarixi romanlar (23.8%) və detektiv janrındakı (24%) əsərlər oxucular arasında daha geniş yayılıb. Elmi-kütləvi kitablar isə sorğuda iştirak edən oxucuların 9.8%-i tərəfindən oxunur. Bədii ədəbiyyata gəlincə isə oxucular arasında Azərbaycan (51.4%) və dünya ədəbiyyatı (21.9%) daha çox yayılıb. Hər 10 oxucudan 1-i isə əsasən rus ədəbiyyatı oxuyur. Detektiv, elmi-kütləvi və motivasiya (şəxsi inkişaf) janrları 18-25 və 26-35 yaş qrupları arasında, poeziya isə 56-65 yaş qrupu daxilində daha çox yayılıb. Tarixi romanlar daha çox orta və yuxarı yaş qrupları arasında oxunur.

Janr və dil arasındakı əlaqəyə nəzər yetirsək, detektiv janrı oxuyanların 83%-i azərbaycan, 34%-i isə rus dilində oxuyur. Ümumiyyətlə, bütün janrlar üzrə azərbaycan dilinə daha çox üstünlük verilir.

Kitabxanadan istifadə

Böyük əksəriyyət (77.3%) pandemiyadan öncə kitabxanalara getmədiyini bildirib. Müntəzəm qaydada - hər gün və yaxud həftədə bir neçə dəfə kitabxanalara gedənlərin çəkisi cəmi 3.4 % təşkil edib. 

https://stm.az/storage/photos/shares/sorgu/2-ci%20hissə.png

Əhali kitabları əsasən hansı dillərdə oxuyur?

Böyük əksəriyyət (84.5%) kitabları əsasən azərbaycan dilində, hər 4 və 7 nəfərdən biri isə müvafiq olaraq rus (24.6%) və türk dillərində (14.8%) oxuyur. Nəzərə çatdıraq ki, sualda respondentlərə 2 variant seçmək imkanı təqdim edilib. 26-35 yaş qrupu istisna olmaqla, bütün yaş qrupları üzrə Azərbaycan dilində kitab oxuyanların göstəricisi 80%-dən yüksəkdir. Orta yaş qruplarında rus dilində kitab oxuyanların çəkisi gənclərə nisbətən yüksəkdir. Türk dilində oxuyanların əsaslı hissəsi 18-25 və 26-35 yaş qruplarında cəmləşib. 

Tərcümə edilmiş kitabları oxuyan 295 respondentin (oxuyan respondentlərin 58%-i) 24.8%-i tərcümənin keyfiyyətindən çox, 60.3%-i isə əsasən razıdır. 15% isə müxtəlif dərəcələrdə narazıdır. 

https://stm.az/storage/photos/shares/sorgu/3-cü%20hissə.png
Kitabların qiyməti barədə rəy

Ölkədəki kitabların qiyməti barədə 35% fikir bildirməkdə çətinlik çəksə də, 45% qiymətlərin bu və ya digər dərəcədə baha olduğu qənaətindədir. Hər 5 nəfərdən biri isə qiymətlərin ucuz olduğunu hesab edir. Maraqlıdır ki, aylıq gəlir artdıqca qiymətlərin baha olduğunu deyənlərin sayı da artır. Bununla yanaşı, kitabların qiyməti mütaliə etməməyin əsas səbəblərindən kimi qarşıya çıxmır, çünki oxumayanların yalnız 6%-i bu amili qeyd edib. Lakin kitab oxuyanların qiymətlə bağlı rəyləri və kitab almaq vərdişlərinə nəzər yetirsək, dəyişənlər arası statistik əhəmiyyətli əlaqə aşkarlanmadığını görmək mümkündür. 

Kitabların alışı

Rəyi öyrənilənlərin kitab almaq tezliyi bir o qədər də yüksək deyil. 18.9% ildə bir dəfə özünə kitab alır ki, bu da digər tezlik qruplarından daha yüksək göstəricidir. 11.8% 3 ayda bir dəfə, 13.1% isə 6 ayda bir dəfə özünə kitab alır. Ailə üzvünə kitab almaq tezliyi bu göstəricilərdən bir o qədər də fərqlənmir. Beləliklə, respondentlərin daha çox hissəsi ildə bir dəfə kitab almaqla kifayətlənir.

Kitab seçərkən respondentlərin qərarına ən çox janr (54.3%), daha sonra isə dost-tanış tövsiyələri (20.7%) və müəllifin kimliyi (20.4%) təsir edir.

Son bir ildə kitab almağa sərf edilən vəsaitə gəlincə isə nisbətən daha çox respondent (13.3%) 21-50 manat aralığında vəsait sərf edib. 18-25 yaş qrupunda bu miqdarda vəsait sərf edənlər daha çoxdur. 51-100 manat aralığında vəsait sərf edənlərin çəkisi isə cəmi 2% azdır. Bu mənada yaş qrupu cəhətdən 36-45 yaşdakı respondentlər üstünlük təşkil edir. Aylıq gəlir səviyyəsi 500 manatdan yüksək olanlar bütün xərc qruplarında üstünlük təşkil edirlər – yəni kitaba daha çox pul xərcləyirlər. Oxşar hal təhsil səviyyəsi üçün də keçərlidir – ali təhsillilər kitaba daha çox vəsait sərf edirlər.

Kitabları əsasən yerli kitab mağazalarından təzə aldığını deyən respondentlərin çəkisi 21.2% təşkil edib. Diqqət çəkən məqamlardan biri də budur ki, 7.2% respondent ailə kitabxanasından istifadə edir.  6.8% isə kitabları kirayə götürür. Tələbələrin 40%-ə yaxın hissəsi kitabları əsasən yerli kitab mağazalarından təzə alır, 18%-i isə internetdən ödənişsiz yükləyir. İşləyənlərin və iş axtaranların demək olar ki, eyni qədər hissəsi yerli kitab mağazalarından təzə kitab almağa üstünlük verir. Kitabları kirayə götürənlər gənclər arasında nisbətən geniş yayılıb. Aylıq gəlir səviyyəsi artdıqca yerli kitab mağazalarından təzə kitab alanların sayı artır. 

Kitab alma tezliyindən asılı olmayaraq, özünə kitab alanların təxminən yarısı yerli kitab mağazalarından təzə kitab aldığını bildirib. 33.3% təzə kitab aldığını, 22.2%-i kirayə götürdüyünü bildirib. İkinci əl kitab mağalarından alanlar (11%) və internet üzərindən xaricdən sifariş verənlər (11%) də az deyil.

https://stm.az/storage/photos/shares/sorgu/4-cü%20hissə.png

Sosial şəbəkələr və mütaliə 

Sosial şəbəkələrdən istifadənin mütaliəyə təsir etməsinə dair fikirləri nəzərə alaraq, rəyi öyrənilənlər arasında sosial şəbəkələrdən istifadənin onların mütaliə davranışlarına təsir edib-etməməsi də öyrənilib. Respondentlərin üçdə ikisi (71.2%) sosial şəbəkə istifadəçisidir. İstifadəçilərin mütləq əksəriyyəti (85%) hər gün sosial şəbəkələrdən istifadə edir. Həmin 647 respondentin isə 33.4%-i gündəlik olaraq sosial şəbəkələrdən 1 saata qədər vaxt keçirir. Sosial şəbəkələrdə gündəlik olaraq, 1-3 saat vaxt sərf edənlərin göstəricisi isə 25.5% təşkil edir.

Maraqlıdır ki, sosial şəbəkələrdən istifadə edənlərin istifadə tezliyi onların mütaliə davranışlarına statistik əhəmiyyətli təsir göstərmir. 


Sorğu icmalı: Azərbaycanda əhalinin kitab oxuma davranışı