COVID-19 pandemiyası ilə qloballaşma, insan mobilliyi və beynəlxalq hüquqi öhdəliklərlə ziddiyyət
COVID-19 pandemiyası bir çox sahə kimi insanların mobilliyi və miqrasiya məsələlərinə də öz təsirini göstərir. Qloballaşma və insan mobilliyinin pandemiya ilə əlaqəsi nəzərə alındıqda, bu məsələlərə yanaşmada və həyata keçirilən siyasətlərdə bəzi düzəlişlərə tələbat və zərurət halını alır.
Pandemiyadan əvvəl dünyanın ən müəyyənedici xüsusiyyətlərindən biri qlobal miqyasda insan mobilliyinin bu vaxta qədər görünməmiş dərəcədə artması idi. Əslində Çinin bir vilayətində başlayan epidemiyanın dünyanın hər tərəfinə bu qədər sürətlə yayıla bilməsi yalnız belə qloballaşma sayəsində mümkün olmuşdur. Pandemiyaya qarşı mübarizə çərçivəsində ölkələr nəqliyyat və səyahət məhdudiyyətləri tətbiq etdilər və bu gün özəl beynəlxalq nəqliyyat strukturu böhrandan əvvəlki dövrlə müqayisədə demək olar ki, durğunluq nöqtəsindədir. Pandemiyanın təsirlərinin bu sahədə uzun müddət hiss ediləcəyi gözləniləndir. Ölkələr həm əhalinin sağlamlığı ilə bağlı əlavə tədbirlər işləyib hazırlayır, həm də insanların səyahət seçimləri müəyyən təsirlərə məruz qalır. Bu kontekstdə əlbəttə ki, bir çox ölkələrin sərhədlərini bağlanması gözlənilən olmasa da, ölkələrin daha çox daxilə fokuslanması, insan mobilliyinin əhəmiyyətli dərəcədə azalmasına və qloballaşma prosesinin geriləməsinə təsir edir.
COVID-19 pandemiyasının miqrasiya siyasətlərinə təsirləri
Pandemiya prosesinin miqrasiya və anti-immiqrant mahiyyətli siyasi gündəliklər istiqamətində istifadə edildiyi xüsusilə inkişaf etmiş ölkələrdə müşahidə olunur. Məsələn, ABŞ-da pandemiyanin vüsət aldığı ilk aylar ərzində epidemiyaya qarşı mübarizə ilə əlaqədar olaraq sərhədə çatıb sığınacaq üçün müraciət edən minlərlə immiqrant, müraciətləri qəbul edilmədən deportasiya edilmişdi. Bu fakt mövcud böhran vəziyyətinin arzu edilməyən miqrasiyaya qarşı beynəlxalq hüquqi öhdəliklərə zidd olaraq istifadə edilə biləcəyini göstərir. Yaxın gələcəkdə inkişaf etmiş ölkələrin bir tərəfdən iqtisadiyyatları üçün zəruri hesab etdikləri mühacirləri cəlb etməyə çalışacaqları, digər tərəfdən də sığınacaq axtaranlara və qeyri-qanuni miqrantlara qarşı oxşar neqativ tədbirlər və siyasətlərini gücləndirmələri ehtimalı artıq yavaş-yavaş reallıqda əks olunmağa başlayır.
Cəmiyyətdəki anti-immiqrant əhval-ruhiyyənin artması
Pandemiya bir çox cəmiyyətlərdə anti-immiqrant çağrışlarının artmasına və bəzilərində immiqrantlara qarşı hücumların güclənməsinə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə immiqrantlar və əcnəbi vətəndaşlar ölkədə xəstəliyi yaymaqda təqsirləndirilir, inkişaf etmiş ölkələrdə isə onsuz da mövcud olan immiqrantlar əleyhinə qruplar miqrantları xəstəliyin yayılmasında daha məsuliyyətsiz davranmaqla və səhiyyə sisteminin yükünü artırmaqla ittiham edirlər. İqtisadi çətinliklər dövründə də immiqrantlara münasibətdə neqativ əhval-ruhiyyənin artdığını nəzərə alsaq, gələcək dövrlərdə miqrantlar əleyhinə mövqedə artım gözlənilə bilər. Bu da öz növbəsində yuxarıda bəhs edilən daxilə fokuslanma tendensiyasının intensivləşməsinə və qloballaşma prosesinin geriləməsinə kömək edə bilər.
Geriyə qayıdış
Pandemiya cəmiyyətin müxtəlif təbəqələrinə müxtəlif dərəcədə təsir göstərdiyi kimi, miqrantlara da təsiri daha güclü oldu. Getdikləri ölkənin vətəndaşı olmadıqları üçün yaşadıqları ölkənin səhiyyə sisteminin xidmətindən istifadə imkanları məhdud olan və ya heç olmayan immiqrantlar, xəstəliyin yayılması prosesində xəstəliyin diaqnozunun qoyulması, xəstənin təcrid edilməsi və müalicəsi mümkün olmadığına görə virusun yayılması baxımından daha çox risk altında olurlar. Portuqaliya kimi bəzi ölkələr, belə hallarda ölkədə rəsmi statusla qalan (immiqrantlar, qaçqınlar və hətta müraciətləri yekunlaşmasa da, sığınacaq üçün müraciət edənlər) immiqrantların hamısına bütün bu müddət ərzində səhiyyə təşkilatlarının xidmətindən tam istifadə imkanı yaratmışdır. Ölkələrin əksəriyyəti isə öz vətəndaşlarına kifayət qədər xidmət göstərə bilməmələri səbəbilə immiqrantlara bu cür hüquqlar tanımırlar. Belə olan halda, xüsusən də az inkişaf etmiş ölkələrdə olan immiqrantlar, həm pandemiya səbəbilə iqtisadiyyatın zəifləməsi, həm də səhiyyə sisteminin xidmətlərindən istifadə edə bilməmələri səbəbindən öz ölkələrinə qayıtmağa meylli və məcburdurlar. Buna misal olaraq işçilərin Kolumbiyadan Venesuelaya, İran və Pakistandan Əfqanıstana, Hindistandan ətrafdakı daha kiçik ölkələrə qayıtmasını göstərmək olar. Gələcəkdə də ölkələrin iqtisadi baxımdan zəifləməsi, qloballaşma prosesinin geriləməsi və daha çox daxilə fokuslanan iqtisadiyyatların formalaşmasının təsiri ilə immiqrasiya prosesində dinamikanın azalması ilə yanaşı, mövcud miqrantlar arasında çox sayda öz ölkələrinə qayıtma meyli müşahidə oluna bilər.
Qaçqın və repartasiya düşərgələri
Qaçqınlar, xüsusən də qaçqın düşərgələrində qalanlar, pandemiyanın qeyri-bərabər təsirinə məruz qalan qrupların ilk sıralarında yer tuturlar. Dünya miqyasında qaçqınların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə, on minlərlə qaçqının bir yerdə qaldığı, sağlamlıq vəziyyəti və gigieniya şəraiti aşağı həddə olan düşərgələrdə qalırlar. Bu səbəbdən, qaçqın düşərgələri panika halında hərəkət edəcək qaçqınların xəstəliyin yayılmasını sürətləndirə biləcəyini nəzərə alaraq, ilk növbədə düşərgələrdə yaşayan qaçqınlar və daha sonra bütün cəmiyyətlər üçün böyük risk yaradır.
Eynilə, qeyri-qanuni miqrantların və ya sığınacaq almaq üçün müraciət edənlərin müraciətləri qəbul olunmadığına görə Təcridxanalar (Detention Centers) da ciddi risk mənbəyi təşkil edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı başda olmaqla beynəlxalq təşkilatlar həmin düşərgə və müəssisələrdə saxlanılan miqrantların qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması və mümkün olduğu qədər təcili şəkildə daimi yerləşdirilmələri üçün beynəlxalq ictimaiyyətə çağırışlar edir. Bu proses perspektivdə sığınacaq alınması və qaçqınlar məsələsində beynəlxalq əməkdaşlığın daha da güclənməsinə gətirib çıxara bilər.
Miqrant göndərən, inkişaf etməmiş ölkələrə iqtisadi baxımdan mənfi təsirləri: İqtisadiyyatı xarici miqrasiyadan və xaricdəki immiqrantlardan əhəmiyyətli dərəcədə asılı olan bəzi inkişaf etməkdə olan ölkələr də pandemiya prosesinin mənfi təsirlərinə məruz qalırlar. Filippin, Somali və Meksika kimi ölkələr həm öz iqtisadiyyatlarında işsizlik səviyyəsinin azaldılması, həm də xaricdən pul köçürmələrin ÜDM-da əhəmiyyətli bir yer tutması səbəbilə pandemiyanın mənfi təsirinə məruz qalırlar. Bunun səbəbləri kimi iqtisadi geriləmələr, əsasən kvalifikasiya tələb olunmayan işlərdə işlədikləri üçün miqrant işçilərin işdən çıxarılan ilk qrupları təşkil etməsi və yaşadıqları ölkələrdə səhiyyə xidmətindən istifadə edə bilməyənlərin ölkələrinə qayıtmağa meylli və məcbur olmaları qeyd edilə bilər. Pandemiyanın hər bir ölkə iqtisadiyyatı üçün yaradacağı iqtisadi xərclərə əlavə olaraq, miqrant göndərən ölkələrin iqtisadiyyatının gələcəkdə bu amillərə görə iqtisadi böhranlarla qarşılaşmaları mümkündür.
Səhiyyə işçisi olan miqrantların xidmətindən istifadə tendensiyası yüksək kvalifikasiyalı miqrantlar arasında rəqabəti gücləndirə bilər. Bəzi ölkələr səhiyyə sisteminin böyük yükünü azaltmaq üçün immiqrasiya siyasətlərini yumşaltmağa çalışaraq səhiyyə işçisi olan miqrantların gəlməsi və/və ya səhiyyə sahəsində işlə təmin olunmasını asanlaşdırmaq istiqamətində işlərə başlayıblar. Bundan əvvəl səhiyyə sahəsində ixtisaslı immiqrantların müxtəlif uyğunluq tələbləri ilə işləməsini çətinləşdirən ABŞ, Almaniya və İspaniya bu günə qədər həmin sahədə müəyyən addımlar atıbar, eyni zamanda Birləşmiş Krallıqda da belə çağırışlar edilir. Qarşıdakı dövrdə, xüsusən də səhiyyə sahəsində işləyən immiqrantlar başda olmaqla yüksək ixtisaslı miqrantları öz ölkələrinə cəlb etmək üçün onsuz da mövcud olan beynəlxalq rəqabətin daha da güclənəcəyini gözləmək olar.
Böhran və münaqişə bölgələrində yüksək epidemiya riski
Böhran və münaqişə bölgələrində epidemik risklər artır. BMT-nin münaqişə olan bölgələrdə atəşkəs çağırışlarına davam etməsinə baxmayaraq, mərkəzi idarəetmə orqanlarının bütün diqqət və enerjilərini epidemiyaya qarşı mübarizəyə cəmləşdirmələrindən faydalanmaq istəyən qruplar zorakılığı daha da artırırlar. Artan zorakılıqla yanaşı münaqişə bölgələrində yaşayan insanların özlərini pandemiyadan qorumaları ehtimalı azdır və səhiyyə xidmətlərindən istifadə imkanları get-gedə zəifləyir. Bu vəziyyət, öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalan çox sayda insanın öz ölkəsində daha təhlükəsiz yerlərə köçməsi və ya ölkələrini tərk edərək mühacirət etmək hallarını artırır.
Pandemiya dövründə davam edən qeyri-qanuni miqrasiya
Qeyri-qanuni miqrasiya, Aralıq dənizi regionu başda olmaqla müxtəlif bölgələrdə davam edir. Bəzi miqrantlar yaşadıqları qeyri-normal şərait və səhiyyə xidmətindən istifadə edə bilməmələri səbəbilə məcburiyyət qarşısında qalıb, bəziləri də dövlətlərin bütün diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirməsini fürsət bilib miqrasiya etməyə davam edirlər. Digər tərəfdən, həmin ölkələr bu miqrantları qəbul etməmək üçün bütün vasitələrdən istifadə edir və pandemiyanı müşaiyət edən böhrandan istifadə edərək sərt tədbirlər görürlər.
İstiadə edilən mənbələr:
2) https://www.nytimes.com/2021/03/14/world/americas/mexico-border-biden.html
3) https://migrationdataportal.org/themes/return-migration
4) https://migrationdataportal.org/themes/migration-data-relevant-covid-19-pandemic
Elnara Garibova
Acquired legal education at Baku State University and the doctoral degree at the Faculty of European Union and International Economic Relations of Ankara University, majoring in EU law. Areas of research: EU law and relations, constitutional law and citizenship, human rights, migration processed, Europeanization, European identity, etc.