Yuxarıya
skip to main content

Abstrakt cəmiyyət və insan (II hissə)

15.07.2021

Kornelius Kastoriadisin vurğuladığı kimi, bu yeni cəmiyyətin digər yalnışlığı onun öz-özünü sorğulamaması, “ümumi xeyir”, “ədalətli cəmiyyət” üzərində deyil, şəxsi mənfəət və marağı üzərində fokuslanan eqotist fərdiyyətçiliyin zəfərinə və ictimai domenin çöküşünə yol açmasıdır. Bəli, bunlar asbtraktlaşan cəmiyyətin mühüm xarakterizasiyalarıdır. (10)


Özünə heç bir alternativ tanımayan və fərziyyələrinin keçərliliyini təhlil etmək, onlara haqlılıq qazandırmaq vəzifəsindən azad olan bir cəmiyyət... Bu cəmiyyət tənqidi düşüncəni aradan qaldırmadı və ya onun üzvləri tənqidin ifadəsindən qorxmur. Əksinə, o, reallığın tənqidini – ona qarşı tətminsizliyi hər kəsin gündəlik həyatının zəruri bir hissəsinə çevirdi. Bununla, biz “həyat-siyasətinə” daxil olmaqla hər bir hərəkətinə nəzarət edən və onun nəticələrindən nadir hallarda tətmin olan refleksiv varlıqlara transformasiya olduq.

Tənqidi anlamda öncədən təmin olunsaq da, bizim tənqidimiz “dişsiz”dir və “həyat-siyasi” seçimlərimiz üçün hazırlanan agendaya təsir etmək gücündə deyil. Modern cəmiyyətin öz üzvlərinə təklif etdiyi misligörünməmiş azadlığın misligörünməmiş acizlik ilə birlikdə gəldiyini qeyd etməməyə bilmərik. 

Bəzən modern və ya postmodern nəzəriyyəçilər modernist cəmiyyətin tənqidə qapalı olduğunu qeyd edir. Lakin bu düşüncənin mövcud dəyişikliyin təbiətinin refleksiyası ola bilmədiyini müşahidə edirik. Çünki çağdaş cəmiyyət “tənqidə açıqlığa” tamamilə yeni anlam verdi və tənqidə qarşı toxunulmaz qalmaqla tənqidi düşüncə və fəaliyyətə uyğunlaşmanın yeni yolunu ortaya çıxardı. İstehsalçı tənqidini istehlakçı tənqidi əvəzlədi. Bu, ictimai ruh halı dəyişikliyi, sosial reform istəklərində azalma, siyasi mübarizənin populyarlığında bir eniş, hedonist və “öncə mən” duyğularında yüksəliş ilə interpretasiya edilə bilər. 

Modern cəmiyyətdə hər kəs seçdiyi üçün deyil, zərurət etibarilə bir fərddir. De-fakto fərd olub-olmadığımız nəzərə alınmadan hamımız de-yure fərdlərik. Öz identikliyini qazanma, öz-özünü idarəetmə və öz-özünü qəbul etdirmə hər bir kəsin ali vəzifəsidir. Modern cəmiyyətin insanları həqiqi fərd ola bilmədən fərdiləşdirildi və onların çoxu fərdiləşmənin nəticələri ilə üzləşə biləcəklərinə dair şübhə içərisində olan qeyri-yetkin fərdlərdir. Bu fərd sistemik ziddiyyətlər və problemlərə fərdi bioqrafik həll yolları tapmağa məcbur edilir. De-yure fərd olmaq insanın öz səfalətinə görə tənbəlliyi və bacarıqsızlığından başqa heç kimi və heç nəyi təqsirləndirməməsi, getdikcə daha çətin təcrübələrə daxil olmaq məcburiyyəti anlamına gəlir. Bu, insanda çox kəskin güvənsizlik – Unsicherheit duyğusunu yaradır. Öz performansları üzərində fokuslanan və fərdi varlığının ziddiyyətlərinin kollektiv olaraq “istehsal edildiyi”nə inanan bu fərd  təbii olaraq sosial domendən uzaqlaşaraq bu məşəqqətləri azaltmağa çalışır. Bioqrafik həll yolları zəhmətli və sıxıcıdır. Ümumən, sistemik ziddiyyətlərə bioqrafik həll yolu yoxdur. 

De-yure fərdlərin bu halı ilə onların öz müqəddəratına nəzarət etmək, həqiqətən arzuladıqları seçimləri əldə etmək üçün de-fakto fərdlər halına gəlmə şansları arasında böyük uçurum yaranıb. Bu uçurum ictimai məkanın, xüsusən də “həyat siyasəti”nin Siyasət ilə görüşdüyü ictimai/özəl ara məkan olaraq “aqora”nın boşalması ilə ortaya çıxdı və genişləndi. Bu məkanda özəl problemlər ictimai problemlərə çevrilir və özəl narahatlıqlar üçün ictimai həll yolları axtarılır, müzakirə edilir və təsdiqlənir. Fərd üçün ictimai domen böyük bir monitordan başqa bir şey deyildir. Özəl əndişələr görüntü böyüdülərkən özəl olmadan çıxmayaraq bu monitora proyeksiya edilir. (6)

Bu gün “ictimai”nin “özəl”i müstəmləkələşdirdiyi doğru deyil. Bunun tamamilə əksi keçərlidir. Özəl mənfəət və maraqlara çevrilə bilməyən hər şeyi əzərək ictimai domeni müstəmləkələşdirən özəl məkandır. Tokvilin 200 il əvvəl qeyd etdiyi kimi, fərd vətəndaşın ən pis düşmənidir. De yure fərd vətəndaşa çevrilmədən de-fakto fərdə çevrilə bilməz. Buna görə də, boşaldılmış ictimai məkanın, özəl və ictimai mənfəət arasında görüşmə və müzakirə yeri kimi “agora”nın bərpası çoxölüçülü (multi-dimensional), mürəkkəb insana qayıdışda, de-yure fərddən de-fakto fərdə keçiddə essensial rol oynayır.

Hər şey kimi insani identikliklər də snapshot-lar kolleksiyasına parçalanıb. Bu snapshot-ların hər biri digərinə istinad etmədən öz dəyər və mahiyyətini ifadə edir. İnsan tavan, döşəmə, otaqlar və əlaqələndirici pilləkənlərdən bir ev qurduğu kimi təmkinlə və əzmlə bir identiklik qurmaq əvəzinə, ani bir şəkildə toplanan və eyni bir sürətlə də yox olan eksperimentlər ilə tamamilə silinib üzərinə yenisi yazıla bilən bir palimsest identiklik qurur. Bu identiklik forması unutmaq sənətinin xatırlamaq sənətindən daha çox zəruri olduğu bir dünyaya adekvatdır. Öyrənmə deyil, unutmaq davamlı fitness-in ön şərtidir. Yeni şeylər və insanlar statsionar diqqət kamerasının görüntü sahəsinə daxil olur və çıxır. Yaddaş bir video-tape kimi hər zaman yeni obrazların qəbulu üçün təmizlənməyə hazırdır.  (1)

Hegeldən bəri bilirik ki, müdriklik Tanrıçası Minervanın bayquşu tədbirli davranaraq qanadlarını alaqaranlıqda açır. Bilik günün sonunda, günəşin batdığı, şeylər artıq parlaq bir işıqla aydınlanmadığı, asanlıqla tapılıb ələ keçirilmədiyi zaman ortaya çıxır. Hegeldən daha əvvəl də, Sofokl ən aydın görmə qabiliyyətini kor Teiresiasın inhisarına verirdi. Haydegger Zuhandenheit-ın Vorhandenheit (birincisi “ hər zaman əl altında olan”, ikincisi isə “əldə mövcud olan, “əldə tapılan” və itirilə bilən bir şey anlamına gəlir) üzərində öncəliyi və “katastrofik” mənşəyi ilə bağlı diskussiyasında Hegelin aforizminə yeni bir konvulsiya əlavə edir. İfrat aydınlıq həqiqi korluqdur. İnsan çox bariz olanı görməz, “daima orada olan”a diqqət etməz, şeylərə ortadan yox olduğu zaman diqqət edilər. Arland Usşer də qeyd edir ki, mənim üçün dünya olaraq dünya ancaq işlər qaydasında getmədiyi zaman aşkara çıxar. (2) Və ya Vinsent Visinasın dili ilə: “dünyam hər nədən ibarətdirsə yalnız yox olmağa başladığı və ya anidən birformalı şəkildə davranmağa son verdiyi, faydalılığını itirdiyi, onu istifadə etmə təşəbbüslərinə “hazır olmadığı”nı göstərdiyi zaman diqqətimi çəkər. Özünü zorla bizim görüş, düşüncə və maraq dairəmizə daxil edən şeylər uyğunsuz, idarəedilməsi çətin, güvənilməz və xəyal qırıqlığı yaradan şeylərdir. (3)

Modernizm zuhanden şeyləri vorhanden şeylərə transformasiya etməkdə artıq mütəxəssisləşib. O, dünyanı “hərəkətə keçirərək” şeylərin kövrəkliyi və dəyişkənliyini aşkara çıxarmaqla yanaşı, onları yenidən biçimləndirmə imkanı və ehtiyacını doğurdu. Marks və Engels insanların yaradıcı gücünü yüzillər boyu təzyiq altında saxlayan “qatılıqları buxarlaşdırdığı və müqəddəs olanları dünyəviləşdirdikləri üçün”  kapitalistləri, burjua inqilabçılarını tərifləyirdilər. Aleksis de Tokvil isə modernləşmənin istiliyində ərimək üzrə olan qatılıqların təbiət və cəmiyyətin modernist təftişinin başlanmasından öncə kəskin bir destruksiya mərhələsində olduğunu qeyd edirdi. Bir vaxtlar qalıcı olaraq qəbul edilən və İlahi yaradılışın mütləq mirası olaraq görülən insan təbiəti İlahi yaradılışın geri qalanı ilə birlikdə bir əritmə səbətinə atıldı. O, artıq “verilmiş” olaraq görülmürdü və bir “missiya”ya – hər kişi və qadının üz-üzə gəlməkdən, bütün qabiliyyətlərini istifadə edərək yerinə gətirməkdən başqa heç bir seçiminin olmadığı  bir missiyaya çevrildi. “İlahi təqdir” “həyat proyekti”, müqəddərat bir vokasiya, fərdin içində doğulduğu “insani essensiya” isə onun özünə biçib yerləşdirdiyi “identiklik” ilə əvəz olundu. 

İntibah filosofları insan təbiətinin “natamamlığını”, nəfəskəsən vista-ların reallaşdırılmaq üçün hələ qarşıda olduğunu elan edirdilər. Leon Battista Alberti qürurla “insanlar niyyət etdiklərini edə bilərlər”, Piko della Mirandolla isə sevinclə “insanlar niyyət etdikləri ola bilərlər” deyirdi. Arzu etdiyində ani bir sürətlə gənc insandan aslana, bir vəhşi donuza, ilana və ağac yaxud daşa çevrilə bilən Ovidusun Proteusu modern insanın özünü yenidən formalaşdırma və təsdiq etmə fəzilətinin örnəyi halına gəldi. Jan Jak Russo da, “mükəmməlləşə” bilmək qabiliyyətini təbiətin insan irqinə bəxş etdiyi yeganə seçimsiz xüsusiyyət adlandırır və özünütransformasiya bacarığını “insani öz” və hamımızın ortaq səciyyəsi olduğunu bildirirdi. (5) İnsan artıq özünü yenidən yaratmaqda azad idi. Onun nə olduğu İlahi təqdirin hökmü ilə əlaqələndirilən müqəddərat məsələsi deyildi. 
Bu insanın istər-istəməz sulara qapılıb sürüklənməyə məhkum olduğu anlamına gəlməz. Proteus özünüyaratmaq gücünün simvolu ola bilər, amma protean mövcudiyyət azad insani varlıqların heç də ilk seçimi deyil. Qatılıqlar əridilə bilər, lakin bu, keçmişə nisbətən daha yaxşı biçimləndirilən, insan xoşbəxtliyinə daha uyğun və daha kəskin digər qatılıqların qəlibə tökülməsi üçün edilir. 

“Fərdiləşmə” ideyasının özündə ehtiva etdiyi şey öz sosial xarakterinin miras alınan və doğuşdan qazanılan determinasiyadan emansipasiyadır. Qısacası, individualizasiya insani “identikliyin” verilmiş olandan bir vəzifəyə transformasiyasından və aktorlara bu missiyanı yerinə yetirmənin, onun yaratdığı nəticələrin məsuliyyətinin yüklənməsindən, yəni de-fakto olmasa da, de-yure muxtariyyət formalaşdırmaqdan ibarətdir. İnsanın cəmiyyət içindəki və onun sosietal definisiyası “zuhanden” olmaqdan çıxaraq “vorhanden” halına gəlib. İnsanın cəmiyyət daxilində yeri artıq bir nemət (istənilən və istənilməyən) deyil. (Jan Pol Sartrın məşhur bir ifadəsində qeyd etdiyi kimi: bir burjua kimi doğulmaq kifayət deyil, burjua kimi yaşanılmalıdır). İnsanın olduğu kimi olma ehtiyacı modern yaşamın xarakteridir. Modernizm sosial durumun determinasiyasını məcburi və kompulziv özünü-determinasiya ilə əvəzləyib. 

Silklər sərt çərçivələr ilə uyğun tərzdə yaşama, oturuşmuş sosial tiplər və idarə modellərinə adaptasiya, yüksək silkin mannerizmini təqlid etmənin, normaldan sapmamanın, “mədəniləşmə”nin dayağı idi. Bu çərçivələr qırıldığı zaman qadınlar və kişilərin önünə “özünüyaratma” missiyası qoyuldu. Silklərin fraqmentasiyası fərdləri axına tərk etmədi, onları siniflər əvəzlədi. Silklər bir istinad məsələsi ikən, sinif üzvlüyü bir nailiyyət meyarını zəruriləşdirirdi. Silklərdən fərqli olaraq siniflərə “qoşulmaq” lazım idi. Üzvlüyün davamlı olaraq təsdiqlənməsi və sənədləşdirilməsi şərt idi. Sinfi bölgü silklərdən fərqli olaraq irsi və ya doğuluşdan deyil, sonradan formalaşdırılmış, sövdələşməsi edilən, manipulyativ bir anlayış idi. 

İngilis tarixçisi Erik Hobsbaum qeyd edir ki, “topluluq” ifadəsi heç bir zaman, sosioloji anlamda topluluqların gerçək həyatda aşkar olunmasının çətin olduğu illərdən daha diskriminativ və anlamsız formada istifadə edilmədi. (7) Kişilər və qadınlar hər şeyin hərəkət halında və dəyişməkdə olduğu, heç nəyin müəyyən olmadığı dünyada əbədiyyən mənsub ola biləcəkləri qruplar axtarışdadırlar. Cok Yanq dərin bir interpretasiya ilə qeyd edir ki, topluluq kollapsa uğradıqca identiklik icad edilir. (8) İdentikliyin cəlb etdiyi maraq və yol açdığı ehtiraslar bir “topluluq surroqatı” olmağa borcludur. O, sürətlə özəlləşən, fərdiləşən və həm də qloballaşan dünyada əldə edilə bilən olmayan və bu səbəblə də hərarətlə arzulanan bir təhlükəsizlik sığınacağı olaraq xəyal edilən “təbii yurd”a çevrilib. Paradoks isə ondan ibarətdir ki, zərrə qədər təhlükəsizlik duyğusunu təmin etmək və sağlamlaşdırıcı rolunu reallaşdırmaq üçün identikliyin öz kökünü örtmək, bir surroqat olduğunu, əvəzləməyə çalışdığı cəmiyyətin tamamilə bir xəyalatını icad etmək üçün əlindən gələni etdiyini inkar etmək məcburiyyətindədir. İdentiklik cəmiyyətin məzarlığında cücərir, amma ölünü diriltmə vədi sayəsində inkişaf edib böyüyür. 

Bəlkə də irsi və ya qazanılmış identikliklər yerinə,  məcburən və ya seçərək davam etdirdiyimiz, əsla sona çatmayan, daima yetərsiz qalan bir aktivlikdən – identifikasiya-dan bəhs etmək qloballaşan dünyanın reallıqları ilə daha çox uyğunluq təşkil edir. Bu aktivliyin yaydığı gərginlik, ziddləşmə və toqquşmaların yumuşalma şansı çox azdır. Çılğınca identiklik axtarışı qloballaşma öncəsinin məhv olmamış bir qalığı deyil. Bu axtarış qloballaşma və fərdiləşmənin birlikdə yaratdığı təzyiq və gərginliyin yan məhsuludur. İdentifikasiya müharibələri qloballaşma tendensiyasına nə ziddir, nə də ona əngəl olur. Onlar qloballaşmanın legitim uşağı, təbii ortağı və onun çarxlarını yağlayan bir qüvvədir. 


Ədəbiyyat: 
1.    Stuart Hall, "Who needs 'identity'", Stuart Hall ve Paul du Gay (der.), Questions of Cultural identity (London: Sage, 1996), s. 1
2.    Ariand Ussher, Journey through Dread (New York: Devin·Adair, 1 955), s. 80
3.    Vincent Vycinas, Earth and Gods (The Hague: Marlinus Nijhoff. 1969), s. 36-7
4.    Stevie Davias, Renaissance View of Man (Manchester: Manchester University Press, 1978), s. 62
5.    Jean-Jacques Rousseau, The First and Second Discourses, New york: Harpar and Row, 1986), s. 148
6.    Christopher Lasch, Tha Minimal Self: Psychic Survival in Troubled Times London: Pan Books, 1984), p. 38
7.    Eric Hobsbawm, The Age of Extremes (London: Michael Joseph, 1 994), p. 428
8.    Jock Young, The Exclusive Society (London: Sage, 1 999), p. 164
9.    Jonathan Friedman, "The hybridization of roots and the abhorrence of the bush", Mike Featherstone and Scott Lash (der.), Spaces of Culture ( Sage, 1999), p. 241
10.     Cornelius Castoriadis, La Montée de L’insignifiance (Paris: Seuil, 1996)

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.