Azərbaycanda tarixi varisik, müstəqilliyə aparan yollar, hüquqi islahatlar/ Üçüncü Hissə
Şərqdə və İslam ələmində “Qadın Hüquqları Hərəkatının” tarixi zəmini
Azərbaycan qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı tırırindın təsis edilən "Şərqi-Rus" qəzetində qaldırıldı. Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edərək, yazılarını əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr edirdi.
20-ci əsrin əvvəllərində maarifçi ziyalıların səyləri nəticəsində Azərbaycan qadınları ictimai-siyasi həyatda görünməyə başladılar. Hətta onlar artıq problemlərin qadınların özləri tərəfindən ictimai rəyə çatdıran "İşıq" qadın qəzetinin təsisi edilməsinə nail oldular. H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri oldu. Ancaq Azərbaycanda milli qadın siyasəti ilk dəfə Azərbaycan Demokrtaik Respublikası (ADR) dövründə dövlət statusu aldı.
ADR dövrünün ziyalılarından biri olan Əhməd bəy Ağaoğlu ADR dönəmində millətə əsaslanan dövlət görüşünün mücadiləsini aparmışdı. Fərdin haqq və hürriyyətlərini qoruyan dövlət görüşünü mənimsəmişdi. Ə.Ağaoğlu İslam topluluqlarının qurtuluş və tərəqqisini təmin etmək üçün xüsusilə, iki əhəmiyyətli məsələnin həll edilməli olduğunu bildirir. Bunlar - qadm və əlifba məsələləridir. Ə.Ağaoğlunun bu görüşləri böyüdüyü Azərbaycanda və təhsil aldığı Avropada inkişaf etmişdi .
1919-cu ildə Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dövründəo dövr üçün hələ Avropa dovlətlərinə uzaq görünən, demokratik ənənələri özündə bərqərar edənqadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib . Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Bu gün ölkə rəhbəri tərəfindən imzalanan sərəncam və fərmanlara əsasən Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir.
Seçki hüququ-fundamental insan hüququdur, seçki hüququ vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. ADR dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi məhz Azərbaycanda mövcud olub.
ADR dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində ADR hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cımiyyətdə qadının da rolunu artırırdı.
Millətin bilik, siyasi və mədəni səviyyəsinin inkişafı yolunda böyük əhəmiyyət kəsb edən, “Əkinçi” qəzetində H.B.Zərdabinin dilə gətirdiyi qadın mövzusunu cəhalətin hökm sürdüyü bir dövrdə milli mətbuatımızın yaradıcıları cəsarətlə öz qəzetlərində, jurnallarında işıqlandırırdılar.
1918-ci il sentyabrın 15-də milli mətbuatımızın tarixində şərəfli yer müstəqil dövlətimizin ilk mübariz orqanı “Azərbaycan” qəzeti qadınlarımızın həyatına, azadlıq, tərəqqi yollarına mayak kimi işıq saçmağa başladı. “Azərbaycan” qəzeti Şəfiqə xanım Əfəndizadənin publisistik fəaliyyəti üçün geniş meydan oldu. Şəfiqə xanım bumətbu orqanın redaksiya heyətinə üzv seçildi. Qadınların həyatı, mübarizəsi, hüquqları, təhsili, maariflənməsi haqqında bir sıra dəyərli məqalələr, hekayələr yazdı.
Azərbaycan parlamentinin qəbul etdiyi əsasnaməyə görə qadınlar seçki hüququna malik idilər. 4 fəsildən, 116 bənddən ibarət olan bu əsasnaməyə görə, 20 yaşına çatmış respublikanın bütün vətəndaşları Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hüquqlardan, maarif və mədəniyyətin inkişaf etdirilməsi üçün yaratdığı şərait və imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar. Bu dövrdə maarifpərvər qadınlar milli məktəblərin yaradılmasında fəal çalışırdılar.
Azərbaycanın zəngin mədəni irsinin bir hissəsinə çevrilən və islahatlarla yaradılan yeni mədəniyyət nümunələri
Beləliklə, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində ölkədə maarifçilik və intibah dövrünün mədəniyyət sferasında yaratdığı canlanmanın yeni zirvəyə yüksəlməsi üçün əlverişli şərait meydana gəldi. Milli dövlətin yaranması ilə mədəniyyətin, incəsənətin daha azad və milli maraqlara uyğun inkişafı mümkün oldu.
Xatırladaq ki, ADR +dövründə Azərbaycanda milli cəmiyyətlər, o cümlədən məqsədi əhali arasında türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmək olan “Türk Ocağı” Cəmiyyəti yaradılmışdı.
Eyni zamanda, 1919-cu il dekabrın 29-da təsis edilən “Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti” Azərbaycanın orta əsr maddi mədəniyyət abidələrinin öyrənilməsinə də böyük diqqət yetirirdi. Sözügedən qurum öyrənilmiş materiallar əsasında sərgilər təşkil edirdi ki, bu da xalqımızın öz tarixi keçmişinə marağını artırır, onlarda vətənpərvərlik hissini gücləndirirdi .
Tarixi materiallardan da məlum olduğu kimi, ADR hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Məsələn, mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan “İstiqlal” muzeyi məhz o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib .
ADR dövründə milli rəssamlıq sənətinin inkişafına da xüsusi əhəmiyyət verilirdi. Belə ki, 1919-cu ildə nəşr olunan “Zənbur” jurnalında Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu. Onun rəsmlərində cəhalət, nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc əməlləri ifşa edilirdi. Bu mövzu rəssam Bəhruz Kəngərlinin də yaradıcılığında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur “Qaçqınlar” silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi.
Azərbaycan Demokratik Respublikasının yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal dəstəyi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı. ADR dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa “Hacıbəyli qardaşları” olub. Truppa tanınmış sənətkarları bir yerə toplayaraq, həftə ərzində növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərirdi.
Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti ADR dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açıldı. Teatr binasında xeyriyyə tamaşaları da təşkil olunur.
1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” bu gün Azərbaycan Respublikasının Dövlət Himni olmaqla yanaşı, milli musiqimizin möhtəşəm nümunəsidir.
ADR Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən dövrünün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu.
Beləliklə, yuxarıda sadalananları nəzərə alsaq deyə bilərik ki, ADR dövrü Azərbaycan mədəniyyətinin, incəsənətinin müxtəlif sahələrinin yüksəlişi ilə tarixə həkk olub. Bu dövrdə yaradılan yeni maddi və mənəvi mədəniyyət nümunələri Azərbaycanın zəngin mədəni irsinin dəyərli parçasına çevrilib.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Demokratik Respublikası, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. ADR özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın demokratik respublikaları bərbərində idi.
Azərbaycan Demokratik Respublikası fəaliyyət müddətində bütün sahələrdə ciddi dönüş yaratmağa müvəffəq oldu. Bu, ADR-in xalqın maraqlarına xidmət etdiyini təsdiqləyən fakt kimi hər zaman qiymətləndirilə bilər. Mövcud olduğu qısa vaxt ərzində ADR hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı islahatlar apardı, bununla da ölkədə davamlı inkişaf prosesinin əsası qoyuldu. Azərbaycanın görkəmli ziyalıları və ictimai-siyasi xadimləri bu prosesin daim ön sıralarında getdilər və məhz onların fərdi təşəbbüskarlığı, qətiyyəti və intellektual səviyyəsi həmin islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə geniş imkanlar yaratdı.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, ADR hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ADR-in ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ümdə demokratik dəyərləri bəyan etməklə yanaşı, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir .
1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin 20-ci əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun yaşadığını təsdiqlədi. 1991-ci ildə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcı oldu.
Bu gün ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.
İstifadə edilən mənbələr:
1) Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı
2) M. Gasimly, The First Democratic Republic in the Muslim East, “Xalq”[Khalg] newspaper, 25.05.2016, http://www.xalqqazeti.com/az/news/politics/71716,
3) Y. Mahmudov, Encyclopedia of People’s Republic of Azerbaijan: Vol. I, Lider Nashriyyat, 2004, p. 28
4) Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət, 06.04.2018, http://www.azerbaijan-news.az/view-143712/Az%C9%99rbaycan-Xalq-C%C3%BCmhuriyy%C9%99ti-d%C3%B6vr%C3%BCnd % C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sosial-siyas%C9%99t,
5) Y. Mahmudov, Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi, “Xalq” newspaper,28.05. 2016. .№115. p. 6-7.
6) Z. Əskərov, Müsəlman Şərqinin və Azərbaycanın 100 yaşlı parlamenti, 19.09.2018, http://www.azerbaijan-news.az/view-154319/M%C3%BCs%C9%99lman-%C5%9E%C9%99rqinin-v%C9%99-Az%C9%99rbaycan%C4%B1n-100-ya%C5%9Fl%C4%B1-parlamenti
1) Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, AzAtaM, 2004, 164. s.40-70
7) C. Nəsirov, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır, 30.03. 2018 http://barassociation.az/frompress/63
8) Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi xanım kim idi?.. 03.07.2018, http://modern.az/ az/news/146685#gsc.tab=0,
9) Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004, p. 129
10) Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition,New York: Columbia University Press, 1995. p. 69
11) N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018.
12) http://www.azerbaijan-news.az/index.php?mod=3&id=142726
13) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tarixi, http://ses.gov.az/tarixi
14) Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət, Hərbi And. 13.04.2018. № 14. p.6 http://www.elibrary.az/docs/qazet/qzt2018_1864.htm
15) N.Bayramlı, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi islahatlar mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına təkan verdi, “Yeni Azərbaycan”. 10.04.2018. № 68 .p.3.
16) Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəni inkişaf, “Olaylar”.25.05.2018.- p.8, http://www.anl.az/ down/meqale/olaylar/2018/may/592731.htm