Yuxarıya
skip to main content

STM “Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrini açıqlayıb

27.12.2020

Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrini açıqlayıb.


Sorğunun nəticələrini Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dekabrın 24-də keçirdiyi brifinqdə təqdim edib. Zahid Oruc bildirib ki, rəy sorğusunda respondentlərə Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəliliyinin dəyərləndirilməsi, Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin öyrənilməsi, Vətən müharibəsində Qələbəmizi təmin edən əsas hansı amillərin olması, müharibə və pandemiya dövründə əhalinin hiss etdiyi əsas təhlükələrin öyrənilməsi və s. istiqamətləri üzrə suallar ünvanlanıb.

Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.

Bildirilib ki, respondentlərin 96,4 faizi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə Azərbaycan Prezidentinin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. 75,2 faiz respondent ölkə başçısının müharibə veteranları və yaralı hərbçilərlə görüşməsini və işğaldan azad olunmuş torpaqlara səfər etməsini təqdir edib. Bu il ərzində Prezidentin daha çox insan tərəfindən (68,5 faiz) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksək vəzifəli şəxslərin qanunazidd fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılması olub. Respondentlərin 65,6 faizi Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 faizi dövlət başçısının xarici kütləvi informasiya vasitələrinə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib. Prezidentin korrupsiyaya qarşı mübarizəni gücləndirməsi və sərt mövqe göstərməsi 60,2 faiz, pandemiyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti 60,1 faiz respondent tərəfindən təqdir olunub.

Prezident İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizənin idarə edilməsində strateji qərarların qəbul edilməsi 58,8 faiz respondent tərəfindən təqdir edilib. 57,1 faiz respondent Prezidentin beynəlxalq tədbirlərin təşəbbüskarı olmasını, 55 faiz respondent 2020-ci ildə ölkə başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin ictimailəşdirilməsini təqdir edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (83.3 faizi) 2020-ci ildə ölkə başçısının fəaliyyətində təqdir etmədiyi məqamın olmadığını qeyd edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həm Vətən müharibəsi dövründə, həm də ümumilikdə 2020-ci ildəki fəaliyyəti əhali tərəfindən səmərəli qiymətləndirilir. 2020-ci il COVID-19 pandemiyası fonunda bütün dünyada olduğu kimi, Azərbaycanda çətinliklərin yaşandığı il oldu. Buna baxmayaraq, 2020-ci il Azərbaycan dövlətinin tarixində torpaqlarımızın işğaldan azad olunması nəticəsində Zəfər ili oldu. Bu Qələbənin başında ölkə rəhbərinin geosiyasi vəziyyəti düzgün dəyərləndirməsi, resurslardan düzgün istifadəsi, diplomatik bacarıqları dayanır. Müsbət haldır ki, ölkə əhalisi Prezidentin bu fəaliyyətini dərindən təhlil edir və yüksək dəyərləndirir.

Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva bildirib ki, sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi əvvəlki dövrlərlə müqayisədə müharibə dövründə ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqeyini müsbət qiymətləndirib. Ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyini çox yaxşı qiymətləndirən 78,6 faiz respondentin 66,5 faizi Prezidentin xarici mediaya müsahibələrini müntəzəm olaraq izlədiklərini bildirib. Prezidentin xalqa müraciətlərini respondentlərin 72,2 faizi müntəzəm izləyib.

Vətən müharibəsindən sonra Prezidentin siyasi lider kimi şəxsi keyfiyyətlərinə ictimai münasibətə gəlincə, əhalinin mütləq əksəriyyəti (81,6 faiz) dövlətimizin başçısında yeni şəxsi keyfiyyətlər müşahidə edib.

Respondentlərin mütləq əksəriyyəti (93,7 faiz) müharibədə göstərdikləri xidmətlərə görə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirilib. Sentyabrın 27-nin Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olduğunu bəyan edənlər respondentlər rəyi öyrənilənlərin 96,7 faizini təşkil edir. Noyabrın 8-nin Qələbə günü kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 faiz civarındadır.

Respondentlərin mütləq əksəriyyəti Prezidentin rəhbərliyi ilə ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətində görülən işləri çox səmərəli qiymətləndirir (94,6 faiz çox səmərəli, 1 faiz əsasən səmərəli).

Sorğuda iştirak edənlərin 85,1 faizi Prezidentin xarici siyasət istiqamətindəki fəaliyyətini çox səmərəli, 10,4 faizi isə əsasən səmərəli qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin yaxın dövrlərdə bərpası ilə bağlı bəyanatlara inam mütləq çoxluqla (97,7 faiz) xarakterizə edilir.

http://stm.az/storage/photos/shares/sorgu/vm.jpg


Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidməti