Yuxarıya
skip to main content

Abstrakt cəmiyyət və insan (I hissə)

17.05.2021

Qədim Yunan cəmiyyətində insan tsiklik olaraq dərk olunan və sabitliyin dominant olduğu, hər bir dəyişikliyin daha öncə baş verənin repetisiyası kimi görüldüyü kosmos daxilində yaşayırdı. Lakin modern insan koordinatları dağılan açıq bir “universum”da yaşayır. O, dərin mahiyyətsizlik, absurdluq və qeyri-reallıq hissi ilə yalnızlığa tərk edilib. Buna qarşı, həm Antik, həm də Orta Əsrlər (mediyeval) dövrünün sosial həyat və insan şüurunun oxşar strukturlarını əks etdirdiyini söyləyə bilərik. Həm Yunan, həm Roma, həm də Mediyeval insan həyatı qapalı və stabil kosmosa “məhkum olmuşcasına” yaşayırdı. O, dünyanı formalaşmış bir Gestalt, qapalı bir struktur olaraq təcrübə edirdi.

Ptolomey kosmosunda insan konstant şəkildə dəyişən tarixin axıcı prosesində öz mahiyyət, reallıq və azadlığını özü reallaşdıran varlıq olaraq deyil, stabil kosmosun bir zərrəsi olaraq görülürdü. O, özünəməxsus subyektivlik və mövcudiyyət tərzi ilə unikal fərd deyil, nəhəng, düzənli bir “universum”da partikl idi. Onun aktları özünü tarixə təlqin edən essensial səciyyə deyil, kosmosun tsiklik və rasional kursunda izah edilə bilən aksidental element idi. O, dünyada öz yerini bilən insan idi. Bu dünyanın sosial strukturları daha az differensiallaşmış və daha çox idrak edilə bilirdi.

Antik və Orta əsrlər dövründə sosial həyat hər şeyi koordinasiya edən rasional prinsip kimi “Logos” tərəfindən idarə edilirdi. Həm Antik, həm də Mediyeval dövrün insanı Tanrının sadəcə bu dünyanı yaratdığı və onun davamlılığını təmin etdiyinə deyil, həmçinin də cəmiyyət, onun institutları və iyerarxiyası üzərində dominant olduğuna inanırdı. Yunan “Logos”u və Orta Əsrlər Tanrısı dünyanın oxşar idarəedici prinsipləri idi. Əlbəttə, onlar abstrakt proyeksiyalar olsa da, “Polis”in düzəni və Kilsə iyerarxiyasında ehtiva edildiyi üçün gündəlik həyatda konkret reallıq olaraq dərk edilirdi. Bu dünya öncədən yaradılmış harmoniya, tarazılıqda mükəmməl sistem idi.

Bir yunanın qayğısını hiss və dərk etdiyi “polis”inin makro-kosmik düzəni əks etdirən bir mikro-kosmos olduğuna inanılırdı. “Polis”in qanunlarına riayət etməklə bir yunan azadlığının reallaşdığını hiss edirdi. Onun strukturları yadlaşdırıcı obyektiv şeylər olaraq görülmürdü. Antik dövrün insanı orqanik bütövlüyün bir parçası kimi cəmiyyətinə bağlı idi.

Polis-inin sığınacağını hiss etməklə bir yunan öz rasional təbiəti və kosmosun rasionallığı arasında möhkəm bağın olduğunu dərk edirdi. İstəklərə nəzarət və təvazö Yunan etikasının fundamental fəzilətləri idi. Bu kosmik harmoniya və rasional düzəndə “etiraz”, “inqilab” və s. kimi fenomenlərə yer yox idi. Çünki mikro-kosmik anlamda ən kiçik düzənsizlik makro-kosmik mexanizmdə katastrofik böhranlara səbəb ola bilərdi.

Təbii ki, fransız tarixçisi Füstel de Kulanjın vurğuladığı kimi, “birbaşa demokratiya”nın mükəmməl örnəyi olaraq Yunan polis-ini romantikləşdirməməliyik. (2) Bununla belə, azadlığın modernist-fərdiyyətçi konseptini də bu cəmiyyətə proyeksiya edə bilmərik. Çünki həm antik, həm də mediyeval cəmiyyətdə bir kollektivlikdən kənar heç bir fərdiyyətçilik düşünülə bilməzdi. Fərdi azadlıq kollektivlik tərəfindən vücuda gətirilirdi. Fərdiliyin zamini polis - orqanik totallıq, onun da təməli makro-kosmik “universum” idi.

Həyat açıq dünyada bir gələcəyə doğru insani təşəbbüs(lər) tərəfindən realizə olunan açıq mümkünlük olaraq deyil, “əbədi qayıdış”ın məntiqi ilə şərtləndirilən Müqəddərat – Fatum kimi yaşanılırdı. Kosmik tsikldə hər şeyin, hətta zaman dimensiyasının da bir yerinin olduğu bu düzəndə tarix “əbədi qayıdış”dan başqa heç nə idi. Herodot, Tukiddid və Polibiusun tarixşünaslığı həyat və tarixin bu kosmik konsepsiyası tərəfindən şərtləndirilirdi. Ona görə də, rumıniyalı filosof və din tarixçisi Mirça Eliade “tarixin neytralizasiyası”nı Yunan fəlsəfəsinə şamil edirdi. (1)

Lakin qeyd edilən cəmiyyətin homogenliyi ilə müqayisədə, industrial cəmiyyət yüksək dərəcədə struktural differensiasiya nümayiş etdirir. Bu, xüsusən də Ralf Darendorfun sənaye cəmiyyətində “institusional izolyasiya” olaraq adlandırdığı anlayışda aşkardır. Bu, din, təhsil, idarəetmə, hərbi sistem, texnoloji sistem və s. kimi institusional sektorların muxtariyyət qazanması tendensiyasıdır. Onların muxtariyyət qazandıqca fərd üzərində nəzarəti də artmağa başladı. Bu perspektivdən, Darendorf sənayeni cəmiyyət daxilində bir cəmiyyət, özlüyündə struktural element, hüdudlarını aşmayan və digər strukturlar, assosiasiyalar ilə üst-üstə düşməyən fenomen kimi təhlil edir. (3)

Belə plüralist cəmiyyətdə differensiallaşmış və bir-birindən təcrid edilmiş institusional sektorların xaotik çoxluğu kəskin dərəcədə koordinasiyaedici prinsipə ehtiyac duyur. Plüralistləşən cəmiyyətdə fərd öz “identikliyi”ni formalaşdırmada ciddi problemlər ilə üz-üzə qalır. İdentiklik konstruksiyasında müxtəlif seçimlər ilə qarşılaşan və hər biri öz muxtar dəyərlər və normaları ilə uyğunlaşan davranış tələb edən müxtəlif institusional sektorlar arasında qalan insan avtomatik olaraq plüralist identiklik mənimsəyir. Belə plüralist identiklik də onun çiyinlərində ağır yük təşkil edir. Müxtəlif institusional sektorlar arasında hərəkət edən modern fərd qarderobunun paltarlarını dəyişdiyi kimi rollarını dəyişməyə məcbur edilir. “Öz”ü və rolları arasında böyüyən distansiya nəticəsində o, “yadlaşma” adlandırılan mahiyyət və reallıq itkisi yaşayır. Sosial rolların muxtar şəkildə genişlənməsi fərdin identiklik və əxlaqı üzərində dərin implikasiyalar doğurur.

Totallıq və reallığın itkisi ilə belə abstrakt cəmiyyət insan şüur və biliyini də transformasiyaya uğradıb. Tradisional sənaye öncəsi insan ilə müqayisədə modern insan tamamilə müxtəlif bilik və şüurluluq forması ilə əməliyyat aparır. Dolayısı ilə, dünyanı müxtəlif şəkildə görən, təcrübə edən və bilən insan kontekstində, modernizasiya prosesinin sadəcə sosio-iqtisadi və sosio-kultural strukturları deyil, insanın epistemoloji və psixoloji konstitusiyasını da dəyişdirdiyini qeyd edə bilərik.

İnstitusional sektorlar daxilində artan əmək bölgüsünün məcburiliyi institusional kompleksliliyi də kəskinləşdirdi. Artıq, institusional sektorlar daxilində “daxili plüralizm” həm də “zahiri plüralizm”i müşaiyət edirdi. Sektorlar sub-sektorlara, funksiyalara alt-funksiyalara bölünməyə başlandı. Fərddən isə bu institusional labirint daxilində koherant “həyat məkanı” konstruksiya etmək tələb olunurdu.

Bu plüralizm insani düşüncə və intellekt domenində xüsusilə aşkardır. Öncəki əsrlərin intellektual səhnəsini tədqiq etdiyimiz zaman insani reallığı bütövlükdə “quş baxışı nəzəri”ndə dərk etmək cəhdlərini müşahidə edirik. Kont və Hegelin fəlsəfələri bu “intellektual totalitarizm”in ən tipik örnəklərdir. İntellektual totalitarizm gündəlik həyatda totallığın itkisinin kompensasiyası, habelə mahiyyət, reallıq və azadlığın koherant çərçivəsini bərpa edəcək psevdo-totallıq axtarışı olaraq dərk edilməlidir.

Modern plüralizmə əks reaksiya elmlərin ixtisaslaşmasıdır. İntellektual totalitarizm fraqmentasiyaya uğramış reallığa totallıq təlqin etməyə çalışarkən, ixtisaslaşmanın bu fraqmentasiyanın refleksiyası olduğu görünür. Başqa sözlə, modern ağıl reallığı kiçik zərrələrə bölən ixtisaslaşma vasitəsilə dünyanın plüralizasiyasına uyğunlaşıb. Hər bir partikl artıq ekspertlərin kiçik qrupunun domenidir. A.Zeyderveld “intellektual totalitarizm”in əksi olaraq bu fenomeni “intellektual Teylorizm” adlandırır. Reallığın bütöv anlayışını itirmək təhlükəsi ilə üz-üzə qalan bir elm adamı öz “kiçik dünyası”nı aşan bütün məsələlərdə passiv tamaşaçıdır. O, əsrimizin kompleks problemləri ilə üzləşmədə də köməksizdir. Bütün substansiallığı neytrallaşdıran bu abstrakt formalizm abstrakt cəmiyyətin mühüm səciyyələrindən biridir. (4)

Alman antropoloqu Arnold Gehlen modern insanın bilik qabiliyyətləri üzərində mühüm müşahidələrə sahibdir. Texnologiyanın yüksəlişinin ən bariz aspektlərindən biri, Gehlenə görə, qeyri-orqanikin orqanikə üstün gəlməsi, “böyük üçlüyün” (elm, sənaye və texnologiya) hegemoniyasında kultural superstrukturun meydana çıxmasıdır. Qeyri-orqanikin bu dünyasında eksperiment və davamlı abstraktsiya dominantdır. Modern insan orqanik enerjini qeyri-orqanik güc ilə əvəzləyib. Qeyri-orqanik həyat asanlıqla əl çatıla və manipulyasiya edilə bildiyi üçün insan orqaniki mümkün olduğu qədər çox qeyri-orqanik ilə əvəzləməyə çalışır. Maşınlar, instrumentlər, eksperimentlər, ölçülə bilmə, funksionallıq, rasionallıq və abstraktlaşma ilə xarakterizə olunan bu yeni dünyanın insanı təbiətin daha yaxşı dərki üçün kibernetik modellər və metaforalara müraciət edir. (6) Bu intellektualizasiya və primitivizasiya ağuşunda insanda abstrakt modellər və formalist kateqoriyalar çərçivəsində düşünmək və danışmaq, özünü şüarlarda ifadə etmək tendensiyası meydana çıxır. Rasionallaşan və funksionallaşan ekspertlər hesablana bilən məqsədlərin reallaşmasında faktorlar olmaq üçün dərin dehumanizasiya yaşayırlar. Bu degenerasiyanın nəticəsi Markuzenin qeyd etdiyi “birölçülü insan”ın meydana çıxmasıdır.

Sosial bacarıqların unudulması və atrofiyası Abstrakt cəmiyyətin digər mühüm səciyyəsidir. İnsanın öz bacarıqları və daxili resursları ilə birgə saxlanılan hər şeyə bazarda satılan, texnoloji olaraq istehsal olunmuş məhsullar nüfuz edib. Belə alətlər olmadığı zaman partnyorluqlar və qruplar dezinteqrasiyaya uğrayır. Sadəcə fərdi ehtiyacların tətmini deyil, həm də komandalar və kollektivliklərin mövcudiyyəti də böyük ölçüdə bazardan asılıdır. (5)

İçində var olduğumuz maddi və sosial dünya haqqında radikal qeyri-müəyyənliyi formalaşdıran faktor simulakrumlar sənayesinin bizə təklif etdiyidir. Effektiv kultural media tərəfindən nəhəng inandırıcılıq gücü ilə müşaiyət edilən bu simulakrumlar qəbulediciləri tərəfindən öz həyat təcrübələrinin təməlinə qarşı olaraq qəbul edilir. Simulakrumların mesajı dünyanın axıcılığı, yumuşaqlıq və qeyri-müəyyənliyinin mesajıdır. Bu dünyada hər şey baş verə və hər şey edilə bilər, lakin heç nə birdəfəlik edilə bilməz. Bu dünyada insani bağlar bir-birini əvəz edən rastlaşmalara, identikliklər bir-birini əvəzləyərək geyilən maskalara, həyat yaddaşı yalnız efemeral yaddaşda davam edən epizodlar seriyasına parçalanır. Heç nə əminliklə bilinə bilməz, möhkəm və sarsılmaz olan çox az şey mövcuddur. İnsanın həyat yolunu üzərinə toxuya biləcəyi sərt kətandan heç nə qalmayıb.


 

 

Ədəbiyyat:

1.  Mircea Eliade, The Myth of Eternal Return, London, Routledge-Keagan Paul, 1954

2. N.D.Fustel de Coulange, The Ancient City, NY, Doubleday Anchor, p.220

3. Ralf Dahrendorf, Class and Class Conflict in Industrial Society, London, 1968, p.13

  1. Anton Zijderveld, The Abstract Society, Penguin Books, Middlesex, England, 1970
  2. Zygmunt Bauman, The Individualized Society, Polity Press, 65 Bridge Street, Cambridge, 2001
  3. Arnold Gehlen, L'uomo nell'era della tecnica : Problemi socio-psicologici della civiltà industriale, a cura di M.T.Pansera, Armando Editiore, 2003

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.