Yuxarıya
skip to main content

STM bayraqla bağlı sorğu keçirdi (Press-Reliz)

09.11.2020

Hər bir millətin ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti, milli azadlığının məmzunu onun dövlət rəmzlərində öz əksini tapır. Azərbaycan xalqının milli düşüncəsində də əsrlərə söykənən dövlətçilik tarixinin xatirəsi sayılan, özünü təsdiq simvolu olan Dövlət bayrağı tariximizin ən dəyərli atributları sırasında yer tutur. Xalqımızın milli mövcudluq nişanəsi olan bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib və bu gün də hər bir azərbaycanlı dövlət bayrağına böyük ehtiramla yanaşır.

Bu gün mənəvi dünyası Dövlət bayrağıyla bağlı olan hər bir vətəndaş Azərbaycanın hər bir yerində, o cümlədən işğaldan azad olunan torpaqlarda əzəmətlə dalğalanan üçrəngli bayrağımızla qürur hissi keçirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi və müzəffər ordumuzun şücayəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə yazılan qələbə tarixi dövlətin, millətin milli qürur mənbəyi olan bayrağımızın rəmzi mənasına əlavə dəyərlər qatır. Məhz bunun nəticəsidir ki, özünütəsdiq simvolu olan bayraq həm də Qarabağda qələbənin rəmzi olaraq qəbul edilir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğunun məqsədi də vətəndaşların Dövlət bayrağına, eləcə də İkinci Qarabağ müharibəsinin milli şüurda Azərbaycanın Dövlət bayrağının rəmzi mənasına gətirdiyi əlavə dəyərlərə ictimai münasibətini öyrənməkdir.

  • Seçmədəki respondentlərin 81.3%-i Dövlət bayrağını görəndə qürur hissi keçirir. Təxminən hər on nəfərdən biri (10.7%) qələbə, 14.8% isə sevinc hissi yaşayır.
  • Respondentlərin böyük əksəriyyəti (86%) üçün Dövlət bayrağı Qarabağda qələbənin, hər üç nəfərdən biri (35.7%) üçün müstəqilliyin, seçmənin digər üçdə biri (31.5%) üçün isə dövlətçiliyin rəmzidir. Cəmi 25.5% bayrağı milli birliyin rəmzi kimi görür.
  • Bayrağın işğaldan azad olunan torpaqlarda dalğalandığını görmək (90.1%) və Ali Baş Komandanın qələbə xəbərlərini verməsi fonunda görmək (90%) respondentlərin mütləq əksəriyyətinin Dövlət bayrağıyla qürur duymasının əsas səbəbidir.
  • Seçmənin yarısı (56.3%) isə bayrağımız başqa ölkələrin bayraqları ilə yanaşı dalğalananda qürur hissi duyur. Hər üç nəfərdən biri (35.7%) isə bayrağımızı beynəlxalq idman yarışlarında və şəhərin/rayonun müxtəlif yerlərində görəndə (32.3%) qürur hissi keçirir.
  • Respondentlərin mütləq əksəriyyəti (98.2%) müstəqil Azərbaycan Respublikasının mövcud Dövlət bayrağının quruluşu ilə tam razıdır və bu forma onları tam qane edir. 
  • 79.2% respondent Dövlət bayrağının rənglərini ardıcıllıqla sadalaya bilib. Belə ki, yaşlılarla müqayisədə Dövlət bayrağının rəngini düzgün ardıcıllıqla bilənlər gənclər arasında üstünlük təşkil edir. 
  • 55.2% respondent isə bayraq gününün qeyd edildiyi tarixi düzgün bilir. 44.8% respondent isə Dövlət Bayraq Gününün 9 noyabr tarixində keçirildiyini bilmir.  Yaş amilinə gəlincə isə yaş artdıqca bayraq gününün qeyd edildiyi tarixi düzgün bilənlərin sayı azalır
  • Respondentlərin mütləq əksəriyyəti (97.7%) belə qənaətdədir ki, vətəndaşlarımız Dövlət bayrağımıza hörmətlə yanaşır.
  • Dövlət bayrağının məişət əşyaları və geyimlərin üzərində əks olunmasına münasibət birmənalı deyil. Belə ki, seçmənin üçdə ikisi (66.6%) buna müxtəlif dərəcələrdə yaxşı baxır (38.5% “çox yaxşı”, 28.1% “əsasən yaxşı”).
  • Hər beş respondentdən birinin (20.1%) Dövlət bayrağının məişət əşyaları və geyimlərin üzərində əks olunmasına münasibəti çox pisdir.
  • Lakin Dövlət bayrağının müxtəlif binaların üzərində əks olunmasına ictimai münasibət əhəmiyyətli dərəcədə daha yaxşıdır (97.9%).
  • Respondentlərin böyük əksəriyyəti (77.6%) hesab edir ki, II Qarabağ müharibəsi nəticəsində vətəndaşlar Dövlət bayrağını qələbənin rəmzi kimi qəbul etməyə başladılar.
  • Sorğu müəyyən etdi ki, seçmənin yarısından çoxu (53.1%) Qarabağ müharibəsi başlayandan sonra bayraq alıb.
  • Hər üç nəfərdən biri isə (35.2%) daha əvvəldən bayraq sahibi olduğundan, onu almağa ehtiyac duymayıb.
  • Müəyyən qədər narahatedici məqam bundan ibarətdir ki, təxminən 6.8% respondent onun qiymətinin baha olması, yaxud satışda tapa bilməməsi ucbatından bayraq ala bilməyib.
  • Belə ki, bayraqların qiymətinin dəyişdiyini müşahidə edən 41.9%-in əsaslı hissəsi (96.3%) artım olduğunu bildirib.
  • Respondentlərin əsaslı hissəsi (95.1%) Türkiyə bayrağına, yarısı isə (47.9%) Pakistan bayrağına simpatiya duyur.

Dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasını ən böyük şərəf hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” demişdir. Bu gün dünya xalqları və dövlətləri tarixində bayrağına ən ali ehtiramı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu göstərərək, onu 1700 metr yüksəklikdə-Qarabağımızın tacı olan Şuşada yüksəltdi. Bununla, Azərbaycan oğlu vətəninə, millətinə, bayrağına sonsuz sevgisini, sədaqətinin bir daha dünyaya nümayiş etdirdi.  Dövlət bayrağımıza olan ictimai münasibəti müəyyənləşdirmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış rəy sorğusunun nəticələri də sübut etdi ki, hər bir azərbaycanlı üçün bayraq qürur mənbəyidir.