STM bir ildə: hesabat, görülən işlər, tədqiqatlar və planlar
2019-cu ilin əvvəlində ölkə başcısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri analiz edən, yeni reallıqların hesabatını aparacaq rəy dövlətini yaradacaq bir qurum, gələcəkdə həm dövlət idarəetməsində, həm dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsində körpü rolunu oynayacaq beyin mərkəzi- Sosial Tədqiqatlar Mərkəzi yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 saylı Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vəzifələrini ümumi olaraq bu cür təsnif etdi: “STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir”.
Prezidentin 2019-cu il 11 fevral tarixli 950 saylı Sərənacamı ilə Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ölkə Prezidenti 2019-cu il 12 aprel tarixində Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında 624 nömrəli Fərman imzalayaraq, Mərkəzin Nizamnaməsini təsdiq edib. Mərkəzin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərmanda digər məsələlərin həlli də müvafiq qurumlara tapşırılıb və ötən dövr ərzində mərkəzin fəaliyyət göstərməsi üçün zəruri maliyyə vəsaitləri, bina və avadanlaqlarla təmin olunması və s. öz həllini tapıb.
Ötən bir ildə Mərkəzin fəaliyyətini əsasən iki hissəyə bölmək olar:
- Sosial Tədqiqatlar Mərkəzinin bir beyin mərkəzi-publik hüquqi şəxs olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq formalaşdırılması, təsisata çevrilməsi və Mərkəzin nizamnaməsindən irəli gələn vəzifələrin icrası. Mərkəz hazırda müvəqqəti ofisdə yerləşir. Bununla belə, Mərkəz ötən dövr ərzində insan resurslarının formalaşdırılması və onların bilik və bacarıqlarının artırılması, maliyyə-təsərrüfat fəaliyyətinin qurulması, kargüzalıq işinin təşkili istiqamətində çətin olan bir işin öhdəsindən uğurla gələ bilib. Sayca az olan, lakin intellektual məhsul istehsal etmək bacarığına malik olan kadr potensialı formaladırılıb, idarəçilik təmin edilib.
Nizamnamədən irəli gələn vəzifələrin icrası istiqamətində də ötən dövrü məhsuldar hesab etmək olar. Belə ki, Mərkəzin faktiki fəaliyyətə başladığı aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyatı qurumlara və ictimaiyyətə təqdim edilib.
Ötən bir il müddətdə Mərkəz nizamnamə üzrə fəaliyyət göstərərək, çoxvektorlu istiqamətlərdə data bazalar formalaşdıra bilib. Mərkəz Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edib.
Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək kimi vəzifələri reallaşdıra bilib.
Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentinin başlatdığı tendensiya dalğasında özünün də yerini və rolunu müəyyənləşdirən Mərkəz açıq və qapalı arayışları, hesabatları və sorğu sənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edə bilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinad edib.
Mərkəz ölkədə dərinləşməkdə olan sosial, iqtisadi, kadr və s. sahələrdə həyata keçirilən islahatların gedişini izləməklə qalmayaraq, müvafiq metodologiyalar əsasında təhlillər apararaq, sənədlər hazırlayaraq fəaliyyətini uğurla davam etdirib.
Ötən müddət ərzində Mərkəzin açıqladığı hesabatlar vəzifəli şəxslərin, dövlət qurumlarının fəaliyyətlərinin qiymətləndirilməsi, il ərzində davam edən iqtisadi, sosial və kadr islahatlarının ictimai rəydəki yerinin öyrənilməsi kimi məsələləri reallaşdırıb Ölkə rəhbərinin 2019-cu ilin son rübündə daxili və xarici siyasətdəki addımlarının ölkədə doğurduğu ciddi dəstəyi özündə əks etdirən “Prezidentin fəaliyyəti ictimai rəydə” adlı hesabatı dərc edilib, "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat çap edilərək müvafiq qurumlara və ictimaiyyətə təqdim olunub. Bələdiyyələr, media landşaftı və s. mövzularda onlarla qapalı arayış hazırlanaraq dövlət rəhbərliyinə göndərilib.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi tərəfindən kadr potensialının inkişafı ilə bağlı vaxtaşırı təlimlər, layihələr və görüşlər təşkil edilib.
Bu tədbirlərin əsas məqədləri təlim prosesini daha səmərəli qurmaqla STM-in nizamnaməsində nəzərdə tutulan fəaliyyətləri uğurla reallaşdırmaq, strategiyaların hazırlanma peşəkarlığını artırmaq, əməkdaşların fəaliyyət mexanizmlərini vahid məqsəd istiqamətində birləşdirmək, bu məqsədə çatmaq yolunda istifadə olunan forma, metod, üsul və vasitələri öyrənmək və tətbiq etmək, onların yaradıcılıq potensialını aşkar edib üzə çıxarmaq kimi məsələlər olub.
Mərkəzdə müasir yanaşmaların işə salınması, dünyada tətbiq edilən ən innovativ sorğu aparmaq üsulunun öyrənilməsi, SurveyToGo tətbiqinin istifadə edilməsi, məlumatların işlənilməsi və təhlili istiqamətində istifadə edilən ən müasir data yanaşmanın - SPSS proqramının tətbiqi, layihələrin idarə edilməsi, effektiv və səmərəlilik yanaşmasının üstünlüyü, analitik proqaramlarla iş bacarığı, təhlillərin aparılması qaydaları və s. mövzularda təlimlər, təcrübə dərsləri keçirilib.
Ölkənin ən tanınmış elm xadimləri, xüsusi proqramlarla fəaliyyət göstərən ekspertlər, mütəxəssislər, dövlət xadimləri ilə görüşlər keçirilib, seminarlar, dərslər təşkil edilib və Mərkəzin əməkdaşları ilə fikir mübadiləsi aparılıb.
“Layihələrin idarə edilməsi”, "Sosiologiyanın müasir tendensiyaları","Sosioloji sorğuların keçirilməsinin metodologiyası", "İqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması yolları", "İcbari tibbi sığorta sisteminin tətbiq olunmasının əhəmiyyəti", "Demokratik, dünyəvi, hüquqi dövlət", "Data Analitika və Data əsaslı həllər", "Sosiologiyanın fəlsəfəsi", "Natiqlik dərsləri", "Policy paper" və s. mövzularda təlimlər keçirilib və siyasət sənədlərinin hazırlaması üsulları öyrənilib.
Nizamnaməsinə əsasən STM-ə xüsusi bülletenlər və digər nəşrlər dərc etmək hüququ verilib. Bunu nəzərə alaraq Mərkəz elmi akademik dairələrlə əməkdaşlıq əlaqələri qurmaq və fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə 3 elmi jurnal təsis edib. “Sosial tədqiqatlar” və “Azərbaycan barometri” jurnalları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 06 avqust 2019-cu il tarixində müvafiq qeydiyyat nömrəsi ilə dövlət reyestrinə daxil edilib. “İnam indeksi” jurnalının qeydiyyatdan keçirilməsi üçün hazırlıq işləri tamamlanıb və yaxın günlərdə sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim ediləcək.
Qeyd edək ki, “Sosial tədqiqatlar” jurnalı müstəqil, resenziyalı, elmi nəşrdir. Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələr dərc olunur. Hesabat ili ərzində jurnalın Beynəlxalq Redaksiya Heyətinin tərkibi formalaşdırılıb, məqalələrin dərci üçün “Müəlliflər üçün qaydalar” hazırlanıb, qeyd olunan istiqamətlərdə elmi məqalələrin toplanılmasına başlanılıb və digər hazırlıq işləri görülüb.
Nizamnaməsinə uyğun olaraq STM müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir. Bunu nəzərə alaraq “Azərbaycan barometri” jurnalında əsasən STM əməkdaşlarının və kənar ekspertlərin birgə hazırladıqları hesabatların və ictimai rəy sorğularının nəticələrinin dərcinə üstünlük verilir. 2019-cu ildə “Azərbaycan barometri” jurnalının 5 sayı çap edilib və aidiyyatı qurumlara paylanılıb.
STM həm də beynəlxalq beyin mərkəzlərinin dünyada geniş yayılmış mövcud ənənələrindən və iş praktikasından, tətbiqlərindən faydalanaraq hakimiyyət institutları ilə bağlı ictimaiyyətin düşüncəsini öyrənir. Məhz bu baxımdan dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gələrək yaradılan STM məqsədinə uyğun olaraq hakimiyyət institutlarına ictimaiyyətin münasibətini vaxtaşırı test edir və eyni zamanda ölkə rəhbərinin aylıq fəaliyyəti barədə ictimai düşüncənin monitorinqini də aparır. Bütün bunlar “İnam indeksi” jurnalında öz geniş əksini tapır. Jurnalın ilk xüsusi buraxılışı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabr ayındakı fəaliyyətinə həsr olunub və “Prezidentin fəaliyyəti ictimai rəydə” adı ilə çap edilib.
STM-in gündəlik fəaliyyətini, arayışlarını, sorğu sənədlərini, hesabatlarını işıqlandırmaq, İdarə Heyəti və əməkdaşlar barədə məlumatlar vermək, həyata keçirilən, reallaşdırılan tədqiqat sənədlərinin data –bazalarını yerləşdirmək və oxucular üçün informasiya resurslarını əlçatan etmək üçün 2019-cu ilin sentyabr ayından etibarən STM.az domeni ilə qurumun saytı fəaliyyətə başlayıb.
Saytdakı müxtəlif bölmələr daim yenilənir. Sayta hər gün yeni bir müəllif məqaləsi yüklənir. Həmçinin, qurumun rəsmi orqanı olan “Azərbaycan barometri” jurnalının bütün sayları daim sayta yüklənir. Burada ictimai rəy sorğularının icmalı və məzmununa da rast gəlmək mümkündür.
STM.az artıq qurumun rəsmi saytı olmaqla yanaşı, içərisində dəyərli yazılar olan bir oxu platformasına çevrilir. Saytda daim maraqlı tərcümələr də yer alır. STM-in elanları, tədbirləri, press-relizləri ilə sayt vasitəsilə tanış olmaq olar. Saytdakı “Ekspert rəyləri” və “Günün nəbzi” bölməsi vasitəsiylə müxtəlif hadisələrlə bağlı aktual tərcümələr və şərhlər daim yenilənir.
Mərkəz kadr potensialının formalaşdırılması ilə bağlı xüsusi yanaşma tətbiq edib, sosial tədqiqatlar sahəsində xüsusi biliyi, peşəkarlığı, akademik yanaşmaları, eyni zamanda analitik təfəkkürü yüksək, xarici dilləri mükəmməl şəkildə öyrənmiş yerli mütəxəssisləri əməkdaşlığa cəlb edib, Mərkəz əməkdaşlarının əksəriyyətini gənclər təşkil etməklə yanaşı, xaricdə, ən nüfuzlu ali məktəblərdə təhsil alıblar.
Mərkəzin fəaliyyət istiqamətlərindən biri də sosial-iqtisadi tədqiqatlar sahəsində təcrübə və yeniliklərin gənclərə çatdırılmasıdır. Bu səbəbdən STM əməkdaşlarının respublikanın bir sıra ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmaları mühüm əhəmiyyət kəsb edir.
Qısa müddət ərzində STM bir beyin mərkəzi kimi öz strukturunu və kadr potensialını formalaşdıra bilib. Mərkəzdə Azərbaycanda və xarici ölkələrin universitetlərində təhsil almış ekspertlər çalışır.
Mərkəzin strukturuna üç departament daxildir: Daxili siyasətin təhlili, İctimai rəyin öyrənilməsi və Sosial-iqtisadi təhlil.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları mütəmadi olaraq ölkənin populyar media qurumları tərəfindən ekspert kimi dəvət olunurlar. Onlar həm televiziyalarda, həm müxtəlif media orqanlarında fəal şəkildə çıxış edir, müsahibələr verirlər. STM əməkdaşları müxtəlif istiqamətlər üzrə ixtisaslaşdığı üçün fəaliyyət istiqamətləri də müxtəlifdir. Həm STM-in keçirdiyi rəy sorğuları və onların nəticələri, həm də ölkənin sosial, iqtisadi, siyasi həyatından bəhs edilən verilişlərdə STM əməkdaşları daimi ekspert kimi dəyərləndirirlər.
Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Nizamnaməsinə uyğun olaraq, STM dünyanın bir sıra nüfuzlu beyin mərkəzləri ilə əlaqələr qurmağa başlayıb. Bu qurumların data-bazalarından istifadə, təcrübə mübadilələri, qarşılıqlı layihələrin həyata keçirilməsi, beynəlxalq aləmdə nüfuzlu beyin mərkəzinə çevrilmək yolunda mühüm addımlar atılıb.
STM-in əməkdaşlıq memorandumu imzaladığı beynəlxalq tərəfdaşların sırasında Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanası, Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi, Ankara Universiteti, Asiya-Sakit Okean Tədqiqatlar Mərkəzi, Hacettəpə Universiteti, Hacı Bayram Vəli Universiteti, Çanaqqala Savaşları İnsitutu, Çanaqqala On səkkiz Mart Universiteti, Sonar Sorğu və Araşdırma Mərkəzi, Rusiyanın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi, İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi, “Roskonqres” Fondu və Çinin nüfuzlu Sosial Elmlər Akademiyasının adını çəkmək olar.
Bundan başqa isə digər beyin mərkəzləri ilə də müəyyən formada əməkdaşlıqlar qurulub. Bu tərəfdaşlıqlar ölkələr arasında münsibətlərə töhfə vermək, mərkəzin nizanaməsinin verdiyi səlahiyyətlər çərçivəsində sosial, elmi, siyasi, mədəni sahədə əməkdaşlıq etmək, eyni zamanda birgə layihələr və tədqiqatlar həyata keçirmək xarakteri daşıyır.
STM-in ilk irimiqyaslı tədbiri “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda 2019-cu ilin 24 sentyabrında keçirilmiş hesabat-konfrans olub. Tədbirin önəmi təkcə Mərkəzin ilk hesabat xarakterli tədbiri olması, eyni zamanda, saytının təqdimatı və ya geniş tərkibdə olan auditoriya, izdihamlı media və elm-ictimaiyyət nümayəndələrindən ibarət çoxsaylı iştirakçı tərkibi ilə yadda qalması deyil, daha çox Sosial Tədqiqatlar Mərkəzinin ölkədə baş verən prosesləri ilk dəfə olaraq ictimai qiymətləndirilmə meyarları ilə ciddi sosial dəyərləndirmə prosesinə daxil etməklə ölkə gündəmində əhəmiyyətli hadisəyə çevrilməsi və beləliklə, Prezidentin sərəncamı əsasında yaradılma məqsədlərinə uyğun olaraq ölkədə ictimai rəy institutunun formalaşdırılmasında atdığı önəmli addım idi.
Qeyd edilənlər baxımından, Mərkəzin ilk genişmiqyaslı tədbirinin əsas mövzusunun da elə məhz ölkə Prezidentinin fəaliyyətinin, onun başlatdığı islahatlar kursunun cəmiyyət üzvləri tərəfindən rəy bildirilməsi əsasında ictimai qiymətləndirilməsinə dair əsas ölçülər və göstəricilərin təqdimatına həsr olunması cəmiyyətin ictimai-siyasi həyatında olduqca önəmli hadisəyə çevrildi.
Tədbirin Mərkəz tərəfindən keçirilən digər ictimai rəy sorğuları barədə nəticələr, sorğuların metodologiyası və etibarlılıq indeksinə dair diskussiyalarla yanaşı, məruzəçilərin, əsas çıxışçılar və digər qonaqların əhəmiyyətli fikirləri ilə yadda qalması, bununla yanaşı, STM-in yaradılmasının əsas ideya və missiyası, fəaliyyət prinsipləri, aparılmış tədqiqatlar və görüləcək yeni işlər ətrafında cəmiyyət nümayəndələrinə geniş məlumat verilməsi ilə geniş müzakirələrə səbəb olması Mərkəzin yaradılmasından etibarən öz qısa tarixində əhəmiyyətli yer aldı.
- “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatında isə Prezidentin beynəlxalq arenada Ermənistanın işğalçı mövqeyi və Dağlıq Qarabağ problemi barədə çıxışları;
- Oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və sutruktur islahatları;
- Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə dəyərləndirilməsi yer aldı.
Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapıb və bu fikir aparılan kadr islahatlarına da aid edilib. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirib, ona olan etimadın artdığını qeyd edib. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu heab edib.
Sosial Tədqiqatlar tərəfindən hazırlanan “Azərbaycan Respublikasında miqrasiya və urbanizasiyanın sosial aspektləri” elmi-tədqiqat hesabatında daxili miqrasiya və urbanizasiya proseslərinin sosial tərəfləri ölkənin iqtisadi rayonları üzrə tədqiq və təhlil edilmişdir. Bu elmi tədqiqat sənədinin hazırlanmasında çoxalətli metodlardan: keyfiyyət sorğusu, dövlət qurumlarının təqdim etdiyi rəsmi statistik məlumatlar, mövzu üzrə təyin edilmiş ekspert qrupunun ictimai rəy sorğusu, elmi mənbələr və s.-dən istifadə edilmişdir.
STM tərəfindən dekabrın 18-də ölkənin təhsil və elm ictimaiyyətinin, tanınmış ictimai-siyasi xadimlərin, KİV nümayəndələrinin iştirakı ilə "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans keçirilib. Konfransda 2019-cu ildə buraxılış və qəbul imtahanlarında tətbiq edilən yeni imtahan modeli ilə bağlı STM tərəfindən keçirilmiş ictimai rəy sorğusu əsasında hazırlanmış “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” analitik hesabatı ictimaiyyətə təqdim olunub. Tədbirdə hesabatın mövzusu və ümumilikdə ölkə təhsilinin müasir problemləri ətrafında geniş müzakirələr aparılıb. Çıxışlarda Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılmasının, yeni qiymətləndirmə meyarlarının hazırlanmasının strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində olduğu qeyd olunub.
“Bələdiyyə 2020: yerli özünüidaretmə ictimai rəydə” analitik hesabat isə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2019-cu ilin noyabr ayında ölkə miqyasında (Naxçıvan MR istisna olmaqla) kənd, qəsəbə və şəhər bələdiyyələrini əhatə etməklə 2848 respondent arasında sorğu, kənd, qəsəbə və şəhər üzrə hər biri 7 nəfərlik fokus qrup və müvafiq olaraq təsadüfi seçmə əsasında kənd, qəsəbə və şəhər bələdiyyə sədrləri (9 nəfər) ilə keçirilmiş dərinləşdirilmiş intervü, aparılmış tədqiqat və məsləhətləşmələrin nəticələrinə əsasən hazırlanıb.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusu həyata keçirilib. Tədqiqat vasitəsilə hesabatda aşağıdakı məsələlər öyrənilib:
- Azərbaycan əhalisi hansı ənənəvi və yeni media vasitələrindən istifadə edir?
- Azərbaycan əhalisi hansı mövzuda veriliş və proqramlara baxır və media landşaftında hansı dəyişiklikləri görmək istəyir?
- KİV-lərə etibar nə dərəcədədir?
- Azərbaycan əhalisi KİV-lərdə hansı problemləri görür?
- İnternetdən istifadənin davranış, dinamika və tendensiyaları nələrdir?
2020-ci il üçün görüləcək işlərə ümumi baxış:
2020-ci ildə Sosial Tədqiqatlar Mərkəzi nizamnamədə göstərilən vəzifələrə uyğun, eyni zamanda ölkədə həyata keçirilən çoxtərəfli islahatların yaratdığı gündəmi izləyəcək təhlil sənədlərinin hazılanmasını planlaşdırır.
Departamentlər üzrə təsnif etsək, məlum olur ki, cari ildə Daxili siyasət dsosialepartamenti daxili siyasətin tədqiqi istiqamətində, ölkədaxili sosial-siyasi gündəmin ən aktual məsələləri ilə bağlı açıq və qapalı təhlillərin aparılması, hesabat və arayışların hazırlanması yönündə elmi tədqiqat fəaliyyətlərini davam etdirəcək. Bu fəaliyyətin bəzi istiqamətləri: sosial inkişafın müasir və milli prioritetləri, Azərbaycanda "Sosial işçi" institutunun yaradılması ilə bağlı vacib proseslər, Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı proseslərin dünya trendləri ilə bağlılıqda müqayisəli təhlili; Süni intellekt (Aİ-Artificial Intelligence) fenomeni və onun sosial aspektləri, perspektivləri; informasiya cəmiyyətinin sosial problemləri, sosial şəbəkələr, “fake news” problemi və müasir Azərbaycan cəmiyyətinə onun təsiri; “texno-mədəniyyət” və onun xarakteristikaları; etno-sosiologiya; müasir ailənin sosial aspektləri; “sosial yaddaş” fenomeni; cəmiyyətimizdə gənclərin sosiallaşması yönündə müşahidə edilən mənəvi-mədəni proseslər və trendlərin izlənilməsi, gənclər və dövlətçilik, ölkədaxili miqrasiyanın sosial tədqiqi və s. kimi olacaq.
Sosial-iqtisadi təhlil departamentinin 2020-ci il üçün Fəaliyyət Planının qısa xülasəsindən aydın olur ki, 2020-ci il üçün əsas tədqiqat istiqaməti kimi postneft dövrü üçün ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas konturları üzrə siyasət sənədləri, analitik təhlil, məruzə, arayış və ictimai rəyin öyrənilməsi əsasında analitik hesabatların işlənilməsi planlaşdırılır. Tədqiqat istiqamətləri kimi aşağıdakı prioritetlər müəyyənləşdirilmişdir:
Sosial istiqamət üzrə:
- Sosial yardım və xidmətlər üzrə dövlət siyasətinin cari vəziyyətinin ictimai rəyin öyrənilməsi əsasında təhlili və müvafiq dövlət orqanları üçün analitik təhlil və sosial tədqiqatların təqdim edilməsi.
- Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələri çərçivəsində vətəndaş məmnuniyyətinin ictimai rəy əsasında öyrənilməsi.
- Sosial həmrəylik hesabatının işlənilməsi (ictimai rəyin öyrənilməsi əsasında) və ictimai dinləmələr keçirmək.
- Sosial rifahın qiymətləndirilməsi istiqamətində müxtəlif təyinatlı sosioloji sorğular əsasında ictimai fikrin öyrənilməsi və trendlərin müəyyənləşdirilməsi.
İqtisadi istiqamət üzrə:
- Ölkə üzrə investisiya mühitinin qiymətləndirilməsi (fokus qruplar üzrə keyfiyyət və kəmiyyət sorğularının keçirilməsi əsasında).
- Qadın sahibkarlığının mövcud vəziyyəti və təşviqi istiqamətində siyasət sənədinin işlənilməsi (ictimai rəy sorğuları və beynəlxalq təcrübənin öyrənilməsi çərçivəsində).
- Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlərinin kompleks təhlili əsasında hesabatın hazırlanması.
- İqtisadi islahatlar çərçivəsində həyata keçirilən dövlət siyasətinin mütəmadi şərhi və cəmiyyətə əlçatanlılığının təmin edilməsi.
2020-ci ildə İctimai Rəyin Öyrənilməsi Departamenti müxtəlif istiqamətlərdə tədqiqat və sorğular keçirəcək. Bu istiqamətlərin aşağıdakı kimi olması planlaşdırılır:
- Cəmiyyətdə qadınlara qarşı gender diskriminasiyası (təhsil, əmək bazarı, ailə və s);
- Münaqişəli bölgələrdə yaşamağın əhalinin sosial-psixoloji durumuna təsiri;
- Azərbaycanda keçirilən beynəlxalq mədəni və idman tədbirlərinə əhalinin münasibəti və bunu formalaşdıran amillər;
- Bölgələr üzrə iqtisadi ixtisaslaşma imkanlarının öyrənilməsi;
- İşsizlik probleminin müxtəlif kateqoriyalar üzrə araşdırılması;
- Gənclərin sosial-iqtisadi və mədəni problemlərinin və gənclər evlərinin fəaliyyətinin effektivliyinin öyrənilməsi;
- Müxtəlif dövlət qurumlarının fəaliyyəti barədə əhalinin rəyinin öyrənilməsi;
Həmçinin əhalinin sosial rifahının qiymətləndirilməsi məqsədilə monitorinq sorğularının və ölkədə baş verən hadisələrə ictimai münasibəti öyrənmək məqsədilə operativ sorğuların keçirilməsi də planlaşdırılır.
Sorğularla yanaşı əhalini narahat edən mövzularla bağlı açıq və qapalı təhlillərin aparılması, arayışların hazırlanması nəzərdə tutulur. Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ortaq tədqiqat layihələri həyata keçiriləcək. Belə ki, həm kəmiyyət, həm keyfiyyət tədqiqat metodları olan anket sorğusu, telefon və onlayn sorğu, fokus qrup, dərinləşdirilmiş müsahibə, ekspert müsahibəsi, sənədlərin təhlili, müşahidə metodlarından istifadə olunacaq. Ölkə üzrə reprezentativliyi təmin etmək üçün ictimai rəy sorğuları bütün iqtisadi rayonlar və əhalinin sosial-demoqrafik qrupları üzrə keçiriləcək.
Beləliklə, tam şəkildə demək lazımdır ki, STM yaranması 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsi, ümummilli sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir.
Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səslənməsi hadisəsidir. Nizamnaməyə əsasən, STM-in vəzifələri sırasına cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, aparılan siyasətin səmərəliliyinin artırılması məqsədi ilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatlar aparmaq, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformalar qurmaq kimi fundamental məsələlərin reallaşdırılması yolunda böyük addımlar atılıb.