Mirzə Cəlil, yoxsa Əli bəy? – İlham Tumasın yeni yazısı
Dəryalar özündə çirkli şeylər saxlamadığı kimi tarix də heç bir saxtakarlığı, yalanı, bəzəməni qəbul eləmir. Bunları saxlamaq, gizlətmək olar, ancaq müəyyən zaman müddətinə. Dövr keçər, illər, qərinələr ötər, hər şey tam açıqlığı ilə aşkar olar.
Bizim Sovet dövrünə bir əsaslı iradımız da o olub ki, tarixşünaslığımız olub-keçənlərə yalnız bir prizmadan baxmağa vadar edilib. Yəni, o illərdə insanların əməllərinə yalnız Sovet ideologiyası baxımından qiymət verə bilərdin. Guya onların zərrə qədər də olsa, əyər-əskikləri olmayıb, heç vaxt səhv etməyiblər, hamısı Allahın bacısı uşaqlarıymış, ətəklərində namaz qılmaq olarmış. Ancaq Sovetlər Birliyinin qurulmasında önəmli rol oynamış inqilabçıdan, Azərbaycanın müstəqilliyi yolunda külüng çalmış hər bir ziyalıya, fədaiyə qədər bütün qism insanlarımıza aid olan tarixi faktlar, olaylar nöqtəsinə, vergülünə qədər öyrənilməli, tədqiq olunmalıdır.
İllər əvvəl tələbəlik vaxtlarımda görkəmli türkoloq, professor Tofiq Hacıyevlə söhbətlərin birində ondan soruşdum ki, nəyə görə, məsələn, rus ədəbiyyatında Puşkini darmadağın edən, belə dahini “şairliyə parodiya” adlandıran Pisarev tənqidi var, ancaq bizlərdə, tutaq ki, öz dövrünə görə, Mirzə Cəlil yolunu tənqid edən bir cərəyan yoxdur? Tofiq müəllimin “niyə yoxdur, Mirzə Cəlilə qarşı çıxan Əlibəy Hüseynzadə məktəbi olub” cavabından sonra, “oxumamışam” dedim.
Hə, həqiqətən, o vaxtlar Əlibəy Hüseynzadəni oxumamışdım və buna görə xeyli xəcalət çəkdim. İndi Əlibəy Hüseynzadə isminin hansı ali məqamlarda olduğu barədə, elə də çox danışmağa ehtiyac yoxdur. Böyük fikir atası, yorulmaz fədai və türkçü bir kişi! Ancaq bu məqam qarşısında rəhmətlik Mirzə Cəlil böyüklüyünə, Mirzə Cəlil fədailiyinə, dahiliyinə bircə qarış kölgə düşürmü? Cavab bəlli! Onların hər ikisi Azərbaycan dünyasının, Azərbaycanın fikir, ideya aləminin nəhənglərindən olaraq qalırlar. Yalnız Azərbaycana deyil, bütün türk dünyasına, bəşəriyyətə nur saçan əvəzedilməz simalardırlar. Zatən bir-birlərini qırsalar belə!
Yaxud Yusif Vəzir Çəmənzəminlinin “Müsavatçıya cavab” adlı açıq məktubunu götürək. Yusif Vəzir burada Müsavata, onun müxtəlif rəhbərlərinə, hətta Məhəmməd Əmin bəyə ən sərt ifadələr ünvanlayıb. Nə edək, hansını silək? Məhəmməd Əmin bəyi, yoxsa Yusif Vəziri? Təbii ki, heç birini silməli deyilik, hər ikisini sevərəkdən öyrənməli, yaxşı-yamanı ilə bir yerdə yaşatmalıyıq. Ancaq onların yanlışlıqlarını bir daha təkrarlamamaq şərtilə… Çünki söhbət kimin haqlı, yaxud haqsız olmasından deyil, tarixin ibrət dərslərindən gedir.