Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - Birinci Hissə
Modern burjua cəmiyyətində klassik ideologiyaların zəifləməsi ilə ortaya çıxan “texnokratik şüur” korporativ düzəni və onun iqtidar simvollarının yenidən legitimləşdirilməsini zəruri etdi. “İdeologiyanın sonu” isə pozitivizmin irəli sürdüyü bir prezumpsiya olmaqla texnokratik şüuru kristallaşdırmağa xidmət edən bir fenomendir. Qədim bürokratiya kimi yeni texnologiya da iddia edir ki, onun işi bilik və mütəxəssisləşməyə əsaslanır. Qədim bürokratiya kimi modern texnokratiya da özünü ehtirassız, favoritizmsiz, hər şeydən əvvəl partizan maraqlar üzərində neytrallıq ilə xarakterizə edir. Dəyişən odur ki, yeni texnokratiyalar bürokratiyanın Veberian modeli tərəfindən öncədən görülən bir istiqamətdə təkmilləşmə - maturasiyadır.
Maks Veberdən bəri texnologiya ilə elm arasındakı bağlılıq institusionallaşdırlır, sıxlaşdırılır və rutinləşdirilir. Piter Druker qeyd edir ki, XIX əsrin sonuna qədər bir elm adamı nadir istisnaları kənara qoysaq, biliyi tətbiq etmək üçün texnoloji iş ilə maraqlanırdı. Bir texnoloq isə modernizm əsrinə qədər çox az hallarda elm adamı ilə birbaşa kontakta sahib idi və öz icadlarına ali əhəmiyyət vermirdi (1). P.Drukerə görə, bu gün texnologiya elm əsaslı olub. Onun yeni metodu “sistematik tədqiqat”dır. Əvvəllər “kəşf” adlandırılan fenomen bu gün innovasiya adlandırılır.
Druker əlavə edir ki, texnologiya və elm arasındakı modern ittifaq elmin deyil, texnologiyanın təşəbbüsləri tərəfindən formalaşdırılır. Elm sistematik texnologiyanın meydana çıxması tərəfindən transformasiya edilir. Bu ittifaqa bir xarakter verən məhz texnologiyadır. Bu, texnologiyanın elm ilə deyil, elmin texnologiya ilə birləşməsidir. Qısacası, texnologiya elmi özünə assimilyasiya etməkdə böyük nailiyyət qazanıb. Bu ittifaqa elmi mistikanı bəxş edən, onu bir zənaətkarın bacarığı, qabiliyyəti, ağılı və çalışqanlığından daha dolğun şəkildə müəyyən edən məhz bu assimilyasiyadır.
Yaşadığımız hiper-modernizm əsrində texnokratiya elmin həqiqət uğrunda “batil irrasionallığa” qarşı Promotey mübarizəsinin müqəddəs aurasını təşkil etməklə yanaşı, texnokratiya özünü insani rasionallığın modern refleksiyası olaraq müəyyən edə bildi. Elm texnologiyanı sənətkarın çirkli barınağından çıxarmaqla onu universitet və laboratoriyaların divarları arasına həbs etdi. Bununla da, texno-elm bütövlükdə cəmiyyətin faydası ilə bağlı olan neytral sosial təmsilçiyə çevrildi.
Bu perspektivdən, Teodor Roşak “texnokratiya”nı elm əsaslı legitimləşmə forması olaraq xarakterizə etməkdə haqlı idi. Texnokratik cəmiyyətdə idarə edənlər texnoloji ekspertlərə, texnoloji ekspertlər isə elmi bilik formalarına istinad edərək özlərinə haqlılıq qazandırırlar. Texno-elmin iqtidarının fövqündə heç bir istinadgah yoxdur. Texnokratiya inkişaf etmiş sənaye cəmiyyətlərində bir siyasi fenomen olaraq deyil, sorğu-sualsız nəhəng kultural imperativ olaraq dərk olunur (2).
Texnokratiya – sənaye cəmiyyətinin orqanizasional inteqrasiyasının pik həddinə çatdığı bir sosial formadır. Bu, modernləşdirmə, rasionallaşdırma, “updating” və planlaşdırmadan bəhs edilərkən insanların ağlındakı idealdır. Kollektiv insan gücünün daha impressiv manifestasiyaları və maddi rifah üçün səmərəlilik, sosial təhlükəsizlik, insanlar və resursların genişmiqyaslı koordinasiyası kimi qeyd-şərtsiz imperativlərə əsaslanmaqla texnokratiya sənaye cəmiyyətinin anaxronist boşluq və çatlarını qapadır. Adam Smitin kəskin və qüsursuz sistematizasiyası həyatın bütün sferalarına doğru genişlənərək insani orqanizasiyanı mexanistik orqanizasiyanın diktələrinə tabe edir. Siyasət, iqtisadiyyat, asudə zaman, əyləncə, bütövlükdə mədəniyyət, qeyri-şüuri impulslar hətta texnokratiyaya qarşı etirazlar belə tamamilə texnoloji skrutinizasiya və manipulyasiyanın subyektlərinə çevrilir. Texnologiya öncədən görülə bilmə və bunun dəqiqliyini tələb edir. Bu texnologiya üçün həyat və ölüm məsələsidir. O insanı texnoloji heyvana, texnologiyanın “kölələrinin kralı”na endirir. İnsan kaprizi bu zərurət qarşısında eliminasiyaya uğrayır. Artıq, insan üçün heç nə bəsit və aşkar deyil. Insani fəaliyyətlərin kompleksliliyi orta statistik vətəndaşın dərk qabiliyyətini aşır və ekspertlərin müdaxiləsi tələb edilir. Geniş miqyaslı ictimai zərurətlər ilə işləyən ekspertlərin mərkəzi özəyi ətrafında subsidiar ekspertlərin bir dairəsi mövcuddur. Onlar, seksual davranış, uşaq yetişdirmə, mental sağlamlıq, rekreasiya-prokreasiya kimi həyatın “şəxsi aspektləri” olaraq görünən məsələləri üzərində dərin təsirə sahibdirlər (7).
Texnokratik cəmiyyətdə heybətli böyüklük və komplekslilik ilə üz-üzə qalan bir vətəndaş hər bir məsələni daha yaxşı bilənə əmanət etməyi zəruri hesab edir. Bu ekspertləşmə olmasaydı, qeyd edilən nəhəng mexanistik çarx dağıla və xaos ağuşunda ola bilərdik.
Texnokratiya bu gün Qərb ənənələrinin dərin kultural tarixi və elmi dünyabaxışı ilə əlaqələndirilir. Onun başlıca səciyyələrindən biri özünü ideoloji olaraq görünməz etməkdir. Onun reallıq haqqında güman və postulatları aldığımız hava kimi nüfuzedicidir. Keçən əsrdən etibarən, dünyanın kapitalist və kollektivist cəmiyyətləri toqquşarkən texnokratiya hər iki növ cəmiyyətdə sənaye səmərəliliyi, effektivliyi və rasionallığa əsaslanaraq trans-siyasi iqtidar kimi öz iqtidarını konsolidasiya edirdi. Bütün arqumentlərlə deyə bilərik ki, texnokratiya bir atletik yarışda hakimin sahib olduğu rola, mövqeyə sahibdir. Hakim normal olaraq səhnədə daha az nəzərə çarpır. Çünki biz diqqətimizi və coşğulu bağlılığımızı qaydalar daxilində oynayan komandalara yönəldirik. Qaydaları təyin və şərh edənə elə də ciddi məhəl qoymuruq. Lakin hakim oyunda ən əhəmiyyətli fiqurdur, çünki yalnız o oyunun məqsəd və məhdudiyyətlərini qoya, yarışçıları mühakimə edə bilir.
Texnokratiya siyasi fenomen olaraq deyil, diskussiyadan kənar kultural imperativ olaraq qəbul edilir. Biz öz inteqrasiyasına sopa və süngü ilə nail olan brutal rejimlər formasında totalitar siyasətə bələdik. Lakin texnokratiya kontekstində totalitarizm daha proqressiv subliminal texnologiyalar ilə mükəmməlləşdirilir.
Texnokratik şüur və ideologiya texnologiya və elmin iyerarxik qarışması ilə uyğunluq təşkil etməklə yanaşı, bu yeni kompleksi bürokratik orqanizasiyanın strukturuna daxil edir. Klassik bürokratiya təməl olaraq bir sosial strukturun bağlı olduğu məqsədlərə müqavimət göstərən şəxslərin sosial nəzarətini qarşıya məqsəd qoymuş bir orqanizasiya forması idi. Bürokratik rəsmilərin ümumiləşmiş və hakim qanunlarla uyğunluq içərisində davrandıqları düşünülürdü. O, nizam-intizamdan daha çox, qanunlar vasitəsilə sosial nəzarət sistemi idi. Klassik bürokratiyada legitimlik qanunlara və onların amansız işləyişinə bağlı idi. Eyni zamanda, qədim bürokratiyada bir bürokrat yoxlanış, qabiliyyət və etimadlılığının avtoritativ təsdiqinə əsaslanılaraq seçilirdi. Buna görə də, klassik bürokratiya legitimliyin ziddiyyətli sisteminə əsaslanırdı. Onun legitimliyi qanunlarından, müvafiq hüquqi məcəllələrdən, onlara kəskin bağlılıqdan əlavə, bürokratların istinad edilən biliyindən qaynaqlanırdı. Klassik bürokratiya aparatının böyük bir hissəsi klerikal səviyyədə bacarıqlı olmaqla yanaşı, dərin linqvistik biliklərə də sahib idilər. Savadlılığın genişlənməsi ilə belə qabiliyyətlər əhalinin daha geniş qisimlərini özündə ehtiva etməyə başladı. Bu da bürokratların sosial status və iqtisadi imtiyazlarını zəiflətdi.
Klassik bürokratiyanın qanunlara kəskin bağlılığı onun fəzilət və dəyərinin əsas meyarı idi. Klassik Veberian bürokratı prosedural məcburiyyət qarşısında zəif idi. Bürokratın gəliri və karyerasının onun seniorundan asılı hala gəlməsi ilə texniki bacarıqların inkişafına, performansların instrumental effektivliyinə olan maraq azaldı. Onun öz produktivliyini artırmaq motivi daha ağır zərbəyə məruz qaldı. Klassik bürokratiyada zəruri məsələ effektivlik və səmərəlilik deyil, şəxsilik, hesabatlılıq və birformalılıq idi.
Lakin bu reallıq ekspertlərin, mühəndislərin, elm adamlarının, texnoloqların, tədqiqatçılarıln ali səviyyəli texnokratların sayının artması – texnokratiyanın yüksəlişi ilə aradan qalxdı. Texno-elmin inkişafı və elmin sürətlə texnologiya tərəfindən absorbsiyası bürokratiyanın sosial sistemində daxili differensiyasiyanı gücləndirdi. Bürokratiya öz orqanizasional təkamülündə tamamilə yeni mərhələyə qədəm qoydu. Getdikcə böyüyən texnokratik fərqliləşmə klassik struktur ilə birgə mövcud idi. Bu texnokratik differensiasiya mövcud sistem daxilində fərqliləşmiş bir subsistemə çevrildi. Dominasiyanın elemental impulsunda iqamət edən sosial-siyasi sistemin “ilan beyni” olaraq qalan köhnə bürokratlardan fərqli olaraq, yeni texnokratik elitanın üzvləri mövcud siyasi-administrativ strukturdan ayrılaraq nəzərəçarpacaq muxtariyyətə sahib oldular. Texnoloji dəyərləndirmə aparmağa qadir olmayan köhnə bürokratlar öz işlərini də texnoloji olaraq dəyərləndirə bilmirdilər. Bürokratik rəsmilərin texnoloji biliksizliyi yeni fərqliləşmiş texnokratik elitanın muxtariyyət qazanmasının əsas səbəbiyyətini təşkil edirdi. Buna görə də, köhnə bürokratik sistem texnoloji prosesin təftiş və nəzarətinə tabe edildi. Bunda sonra artıq bürokratlar qanuna bağlılıq ilə deyil, texniki məhsuldarlığın “nəticələri” ilə mühakimə edilməli idi. Yeni elmiləşmiş bürokratiyanın legitimlik sistemi radikal olaraq ambivalent xarakter aldığı üçün texnoloq və ekspertlər ilə bürokratlar arasında gərginliklər başladı. Bu gərginliyi azaltmaq üçün ilk öncə iki sistem bir-birindən ayrıldı və daha sonra yüksək səviyyəli mütəxəssislik vasitəçiliyi ilə yenidən bir-birinə inteqrasiya oldu. Texnokrat yeni texnokratik subsistemi idarə etmək və köhnə bürokratlar ilə kommunikasiyanı qorumaq funksiyalarını icra etməli idi.
Ədəbiyyat:
1. Peter F. Drucker, Technology, Management and Society, Harper and Row, New York, 1970, pp. 62-63
2. Theodore Roszak – “The making of a counter-culture”, Garden City, NY, 1969
3. M. Sarfatti Larrson, "Notes on Technocracy," Berkeley /Journal of Sociology, XVII, 1972-73.
4. S. Michael Miller, "Notes on Neo-Capitalism," Theory and Society, Spring, 1975, p. 14.
5. J. O'Connor, Corporations and the State, Harper & Row, New York, 1974
6. J. Habermas, Toward a Rational Society, Beacon Press, English translation, 1970
7. Jacques Ellul– “The technological society”, (Pasadena, Pentecost, 1989)
8. Alvin Gouldner – “The dialectic of ideology and technology”, The Macmillan Press, UK, 1976
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.