Yuxarıya
skip to main content

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03.03.2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texnolojiləşməsindən qaynaqlanır. Bunlar Maks Veberin “rasionallaşma” adlandırdığı fenomendən ortaya çıxan diskontentasiyalardır. Modern texnologiya üçün essensial olan rasionallıq bir nəzarət, məhdudiyyət, həm də bir frustrasiya kimi fərdin fəaliyyətləri və şüuru üzərinə özünü təlqin edir. Bütün irrasional impulslar proqressiv şəkildə texno-nəzarətə tabe edilir. Nəticə isə bariz bir şəkildə özünü göstərən psixoloji gərginlikdir. Emosional həyatını idarə etməyə məcbur edilən fərd onu modern texnologiyanın “mühəndislik etikası”na transfer edib. Bu reallıqdan qaynaqlanan diskontentasiya isə bütün sferalarda özünü göstərir. Modern texnoloji istehsalın sosial münasibətlər domenində kəskin anonimlik doğurduğu inkarolunmaz bir həqiqətdir. Modern texnologiyanın maddi obyektlər ilə münasibətinin əsasını təşkil edən komponensiallıq fərdin digərləri, ən nəhayət, özü ilə münasibətinə şamil edilir. Bu anonimliyin yaratdığı digər bir faktor isə sosial anomiyanın konstant təhdididir. Fərd sadəcə iş dünyasındakı mahiyyətsizlik deyil, digərləri ilə sosial münasibətlərinin geniş sahələrində də mahiyyət itkisi tərəfindən təhdid olunur. Texnolojiləşmiş iqtisadiyyatın kompleksliliyi və dərindən nüfuzedici xarakteri fərdin şüurunda sosial münasibətlərin bulanıqlaşması ilə nəticələnir. Hətta modern fərdin gündəlik yaşam təcrübəsində digər fərdlər onun başa düşmədiyi qüvvələr yaxud kollektivliklərin aktorları olaraq üzə çıxır. Fəaliyyətlərin funksionallaşdığı modern dünya sadəcə fərdin fəliyyətlərində deyil, eləcə də onun şüurunda prosedural standartlar təlqin edir. Gündəlik həyatın düzənləndiyi bu tipologiyalar və sxemalar getdikcə mürəkkəbləşən və daimi olaraq dəyişən tələblər ilə ayaqlaşmaq üçün istifadə edilməlidir. Bu kontekstdə də, ortaya çıxan gərginlik, frustrasiya və digərlərinə yadlaşma hissidir (1, s.26).

Sosial-siyasi institutların bürokratikləşməsindən qaynaqlanan diskontentasiya da qeyd edilənlər ilə oxşarlıq təşkil edir. Lakin bürokratizasiya sosial həyatın hər bir sektorunu əhatə etdiyi üçün bu diskontentasiyaların miqyası da daha genişdir. Texnolojiləşmiş iqtisadiyyat tərəfindən təchiz edilən mallar və xidmətlər gündəlik həyatı istila edir. Lakin onların əksəriyyəti xarakterlərini dəyişmədən müxtəlif sosial kontekstlərə inkorporasiya edilə bilər. ABŞ-a köçürülən Tibet-Buddist keşişlərinin konqreqasiyası sosial interaksiya xarakterini dəyişdirmədən kiçikölçülü texno-vasitələrdən istifadə etməyə başlaya bilər. Amma bu monastik topluluq öz proseduralarını bürokratikləşdirməyə başlasa onun sosial həyatının bütöv fabriki təməldən dəyişəcək. Bürokratikləşmənin yaratdığı diskontentasiya texnolojiləşmiş iqtisadiyyatın meydana çıxardığı xoşnudsuzluqlara oxşar olsa da, modern fərd daha çox birincinin yaratdığı qısqacdan əzab çəkir.

Bürokratiyanın ilkin və ən güclü lokasiyası siyasi sferadadır. Diskontentasiyalar ən nümayişkəranə ekspressiyasını məhz burada göstərir. Spesifik ideoloji və institusional xarakterindən asılı olmayaraq inkişaf etmiş cəmiyyətlərdə insanlar “politea” və onun simvollarına qarşı yadlaşmağa başlayıblar. Siyasi həyat əhalinin geniş təbəqələri üçün dərkedilməz, anomik və anonim xarakter daşıyır. Amma bürokratikləşmənin ortaya çıxardığı diskontentasiyanın dərkini sadəcə siyasi sfera ilə məhdudlaşdırmaq yanlış olardı. Çünki modern həyatın bütün sosial-ictimai institutları abstraktlaşıb. Bir-birindən parçalanmış və yadlaşmış institutlar fərdin yaşam təcrübəsində konkretləşdirilə bilmir (1, s.44).

Digər qrup diskontentasiyalar isə xüsusi olaraq sosial həyatın plüralizasiyasından qaynaqlanır. Piter Berger bu gərginlikləri “yurdsuzluq” başlığı altında qeyd edir. Modern cəmiyyətin plüralist strukturları fərdlərin həyatını getdikcə köçəriləşdirməklə və dəyişkənliyə tabe etməklə yanaşı, mobilləşdirir. Fərd gündəlik həyatında davamlı şəkildə ziddiyyətli və dayanıqsız sosial kontekstlər arasında yer dəyişdirir. Onun köçəri bioqrafiyasında qarşılıqlı ziddiyyət təşkil edən sosial dünyalar bir-birini əvəz edir. Nəticədə o, getdikcə daha çox özünün gerçək sosial dünyasından uzaqlaşmaqla ekzistensial yadlaşma yaşayır, üstəlik bir-birini əvəzləyən heç bir sosial mühit fərdin “yurdu”na çevrilə bilmir. Hər şeyin konstant axında və hərəkətdə olduğu dünyada hər hansı növ müəyyənliyin mövcudluğu da mümkünlük xaricindədir. Bu sosial mobilliyin heç şübhəsiz ki, koqnitiv və normativ mobillik ilə birbaşa əlaqəsi var. Fərdin sosial həyatının bir kontekstində həqiqət olan digər kontekstində yanlış ola bilir.

Modern sosial həyatın “yurdsuzlaşması” özünün ən çox destruktiv ifadəsini dini sferada nümayiş etdirir. Həm koqnitiv, həm də normativ perspektivdən gündəlik həyatın doğurduğu qeyri-müəyyənlik fenomeni dini kəskin inandırıcılıq böhranına daxil edib. Dinin əsrlər boyu mövcud olan hakim funksiyası – insani şərtlərin məcburedici tələbləri arasında güclü bir müəyyənlik təmin etmək – kəskin bir atrofiyaya məruz qalıb. Çünki modern cəmiyyətdə dini böhran, sosial “yurdsuzluq” kosmik anlamda “yurdsuzluq” olduğu üçün metafizik xarakter daşıyır. Dinin Veber tərəfindən “Teodiseya” adlandırılan funksiyasına diqqət yetirildiyi zaman qeyd edilən problem daha da qabarıqlaşır. Bu o deməkdir ki, insani hadisələrin dini interpretasiyası əzab çəkmə və şər təcrübələri üzərinə bir mahiyyət bəxş edib. Bütün bəşər tarixi boyu dinlər belə teodiseyalar ilə çıxış edib. Bu və ya digər şəkildə dinlər insanın təbii və sosial faktorların səbəb olduğu ən əzablı təcrübələrinə bir mahiyyət yükləyib (2, s.106).

Modernist cəmiyyət isə dini teodiseyaların inandırıcılıq və ağılabatanlıq gücünü sarsıtsa da, insani varlıqlar öz həyatında xəstəlik, yoxsulluq və diskontentasiya şərtlərini yaşamağa davam edir (2, s.107). Modernizm erasında ortaya çıxan sekulyar kredolar və ideologiyalar tətminedici teodiseyalar təmin etməkdə gücsüzdür. Modernizm nəhəng transformasiyalar meydana çıxara bilsə də, insani şərtlərin faniliyi, sonluluğu və kövrəkliyi heç bir təməl dəyişikliyə uğramayıb. Modernizm sadəcə əzabı ifrat şəkildə fərdiləşdirə bilib (3, s.57).

Qeyd edilən diskontentasiyalar qarşısında modern cəmiyyətin həll yolu fərdin özəl və ictimai sferalar arasında sosialllığında baş verən dixotomizasiya (ikiləşmə) ilə birlikdə spesifik sfera olaraq özəl sferanın yaradılmasından ibarət oldu. Bu özəl domenin modern cəmiyyətin geniş strukturlarının ortaya çıxardığı diskontentasiyaları kompensasiya etmək üçün dəyər və mahiyyət kəsb edən fəaliyyətlər təmin etmək anlamında balanslaşdırıcı bir mexanizm kimi xidmət edəcəyinə inanılırdı. Özəl sferada basdırılmış irrasional impulsların öncül rol oynamasına icazə verilir. Spesifik olan bu özəl identiklik anonimlik təhdidlərinə qarşı bir sığınacaq təmin edir. Özəl dünyanın şəffaflığı ictimai sferanın donuqluq və qeyri-şəffaflığını dözülə bilən bir hala çevirir. Əksəriyyəti fərd tərəfindən könüllü olaraq seçilən yüksək dərəcədə əhəmiyyətli münasibətlərin sayı kənar dünyanın reallıqları ilə ayaqlaşmada emosional resurs rolunu oynayır. Hətta dinin belə özəlləşməsi nəticəsində onun inandırıcı strukturu bir bütöv olaraq cəmiyyətdən fərdlərin çox kiçik qruplarına doğru dəyişib. (5, kindle edition)

Özəl sfera insan həyatını etimadlı və möhkəm şəkildə strukturlaşdıra bilən institutlardan məhrumdur. Əlbəttə ki, özəl sferada institutlar var. Onlardan ən zərurisini ailə, dini institutlar və qonşuluqdan hobbi klublarına qədər uzanan könüllü assosiasiyalar təşkil edir. Lakin onların heç birisi bir bütöv kimi fərdin özəl həyatını təşkil etmək mövqeyində deyil. Fərdə “özün üçün özün et” aləminin bir forması kimi özəl həyatını qurması üçün nəhəng bir domen və rahatlıq verilir. Bu azadlıq və rahatığın tətminediciliyi olsa da, bır sıra məsuliyyətlər də yükləyir. İnstitutların ən fundamental funksiyası fərdi həddən çox seçimlərə sahib olmadan qorumaqdır. Özəl sahə qeyri-institusionallaşdığı üçün fərdin misligörünməmiş azadlıq və əndişə məkanına çevrilib.  Özəl həyatın təmin etdiyi bütün kompensasiyalar essensial olaraq etimadsız, dayanıqsız və sünidir. (5, kindle edition)

Sosial həyat dərin antropoloji səbəblərə görə bir vakuumdan nifrət edir. İnsani varlıq institusional dəstəklər olmadan konstant qeyri-müəyyənliyə tab gətirməyə qadir deyil. Bu dayanıqsızlıq və institusional panaseyalar tapa bilmək mümkünsüzlüyü özəl sferanın kompensasiyaedici səciyyəsini təhlükə altına atır. Özəl sferada fərd bir “yurd” kimi yaşadığı sığınacaq qurmağa və ya yenidən qurmağa davam etsə də, yurdsuzluğun soyuq küləkləri bu kövrək sığınacaqları daimi olaraq təhdid edir. 


Ədəbiyyat:

  1. Anton Zijderveld - The Abstract Society, London, Lane, 1971
  2. Peter Berger – “The Sacred Canopy”, Garden City, NY, 1967
  3. Thomas Luckman – “The invisible religion”, NY, Macmillan, 1967
  4. F.Musgrove – “Youth and the Social Order”, Bloomington, Indiana University Press, 1965
  5. Theodore Roszak – “The making of a counter-culture”, Garden City, NY, 1969
  6. S.Padarov, Entropik dünya, Bakı, Zərdabi Nəşr, 2019