Yuxarıya
skip to main content

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27.02.2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu

 

Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, daha sonra müxtəlif qonşu dövlətlər tərəfindən işğal edilməsi, ərazisində başqa etnik və mədəni bazisə xas dövlətlərin yaradılmasına start verilməsi ilə Səfəvilərin sahib olduğu 3 milyon 500 min kvadrat kilometr ərazidən sadəcə ADR elan ediləndə 114 min kvadrat kilometrlik bir sahədə dövlət qurduqlarını bəyan etdilər.

 

Şübhəsiz ki, tarix bizim ölkəyə - Azərbaycan Respublikasına dünya xəritəsində siyasi və ideoloji olaraq Şimali Azərbaycan kimi baxmaqla qalmır, onun fəlsəfəsini, Azərbaycan adlı məhfumun siyasi və ideoloji mərkəzinin məhz Şimal-Bakı olduğunu da 100 il ərzində arqumentləşdirmiş oldu.

 

Azərbaycan SSRİ təsis ediləndə isə əraziləri daha da qayçılanmış, müxtəlif təyinatlar adı ilə qonşu respublikalara peşkəş edilmişdi. Ən dəhşətlisi o idi ki, bölünərək 86,6 min kvadrat kilometr qalan ərazi ölçüsünün daha 20 faizi də XX əsrin sonunda erməni işğalçıları tərəfindən ələ keçirlmiş, separat hərəkətlər sayəsində ölkənin suverenliyi pozulmuşdu. Belə bir siyasi coğrafiyada dövlət olmaq, tarixi tənəzzülü dayandırmaq, onu yüksəlişlə əvəzləmək, tarixin fikir fabrikini lazım olan ideallarla təchiz etmək, regional və qlobal miqyasda oyunları izləyə bilmək, anı hesablamaq, barometr kimi hadisələrin gedişatını proqnozlaşdırmaq və toqquşmaların daha da artığı dünyada gələcək üçün qarşılıqlı faydaya söykənən əməkdaşlıq vəd etmək, sabitlik adası qurmaq, müasir dünyanın bütün tələbatları ilə ayaqlaşmaq, beynəlxalq hüququn resurslarını haqlılıq dərəcəsi ilə eyniləşdirmək üçün mütləq Şərq dünyasına aid bir cameənin liderə ehtiyacı vardı. Hələ tarix 2014-cü il, aprelin 8-ni göstərdiyi bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi geniş nitqində tarixi, əzəli torpaqlarımız və Ermənistanın işğal siyasəti haqqında olduqca maraq doğuran fikirlər səsləndirmişdi. Dövlət başçısının çıxışı o qədər çox böyük rezonans doğurmuşdu ki, dövrün erməni mediası aylarla beyin dolaşıqlığı ilə bu açıqlamanın şifrələrini çözməyə çalışdırdılar.

 

Prezident çıxışında nələr söyləmişdi: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır: “Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər”.

 

Bunun böyük ədalətsizlik olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə etmişdi ki, Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır: “Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü”.

 

Elə burda qeyd edək ki, hələ 2010-cu ildə İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Prezident İlham Əliyev bu məsələni gündəmə gətirərək qeyd etmişdi ki, vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”.

Eyniləşdirmə: 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi 44 gün ərzində elə bir siyasi – hərbi nəticələr doğurdu ki, diqtə edən tərəf kimi təkcə işğal edilmiş ərzilərlə bağlı üstünlüklər əldə edilmədi, ötən əsrin müxtəlif illərində Ermənistanı qurmaq üçün onlara hədiyyə edilmiş ərazilərlə bağlı, bir sözlə tarixi yanlışlıqların düzəldilməsi ilə bağlı məsələlər də gündəmə gəldi və həlli  ilə bağlı unikal şans yarandı.

 

İlham Əliyev strateqliyinin böyüklüyü üç vacib nəticəni doğurdu:

 

1. Qarabağın azad edilməsi;

 

2. Sərhədlərimizin bərpası və demarkasiyası;

 

3. Zəngəzur dəhlizinin açılması;

 

Aradan keçən 10 il və hələ İstanbul sammitində söylənən fikirlər göstərdi ki, regionun yenidən yapılandırılması barədə Prezident Əliyevin nəinki dəqiq təsəvvürləri varmış, hətta komandan kimi ən həlledici hərbi, siyasi, tarixi addımları özünün atacağını da bilirmiş.

 

Strateji hesablama ilə illər əvvəl deyilən sözlər artıq bu gün üçün mənbə, istinad, tarixi dövrlər arasında sinerji qurmaq üçün körpü rolunu oynamışdı.

 

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha artıq irəliyə doğru addımlar atılmış məsələni gündəmə gətirdi:

 

“Daha bir məsələni qeyd edə bilərəm. Hazırda bizim azad etdiyimiz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur. Biz sərhədə gəldik, sərhədə yerləşdik, sərhədi keçmədik. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, çünki sizə deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni, biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyətə imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”.

 

Fikir verin, Ölkə rəhbərinin bu mətnində hansı şifrələr var:

 

1. Azərbaycan ordusu artıq Zəngəzurdadır.

 

2. Erməni sərhədini Azərbaycan Dövlət Sərhəd Xidməti qoruyur.

 

3. Azərbaycan dili artıq Zəngəzurda istifadə edilir.

 

4. Zəngəzur Azərbaycandır və “Azərbaycana xoş gəlmişsiniz”.

 

5. Erməni şəhərləri bizim yol vasitəsilə əlaqələndirilir.

 

6. Şərqi Zəngəzur...

 

Cəmi 10 il ərzində regionun coğrafiyasını dəyişmək, diqtə etmək və tarixi ədaləti bərpa etməklə qalmamaq, davam etmək... - Tendensiya budur.

 

Qayıdaq Prezident İlham Əliyevin “Şərqi Zəngəzur” ifadəsinə. Normal hipotez avtomatik olaraq “Qərbi Zəngəzur” anlayışını doğurur. Bu halda Zəngəzur məsələsi ilə bağlı tarixə müraciət edək. Zəngilər - qədim türk tayfalarından biri elmdə heç bir şübhə doğurmur. Zəngilər türk toplumları sırasında ən geniş coğrafi ərazidə yayılmış, hətta dövlət qurmağa nail olmuş boylardandır. Ən qədim türk boylarından olan zəngilərin adları bu gün də bəzi coğrafi komponentlərdə yaşayır. “Qarabağ sənədlərdə” kitabında göstərilir ki, F.Sümər zəngilər haqqında yazır: “Zəngilər türk məmlük ailəsindən idilər. Məmlük türkləri isə qıpçaq tayfalarıdır”.

 

Zəngəzur - zəngi dərəsi anlayışına baxanda məlum olur  ki, Zəngilərin ilk yaşadığı ərazilərdən biri İrəvan mahalı olub. Tarixi mənbələri araşdırarkən zəngilərin ən qədim izlərinə də məhz bu bölgədə rast gəlinir. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Zəngəzurun adı da məhz zəngi tayfaları ilə bağlıdır. Yəni, zəngi və toponimin sonundakı “zur” türk dilində “dərə”, “yarğan” mənasında işlənən “car” sözünün fonetik variantıdır. Ona görə də, bu ərazidə yerləşən Zəngi dərəsinin də adını məhz bu türk tayfalarının adından aldığı bildirilir. Zəngilərin bu ərazilərlə tanışlığı tarixi isə eramızdan əvvəl Assur dövlətinin zamanına qədər gedib çıxdığı yazılı mənbələrdə öz əksini tapıb.

 

Ümumiyyətlə isə, rayon Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir. Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. Daha sonra isə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tərkibinə daxil olub. Ermənistan SSR rayonlaşdırılarkən mahalın bu respublikada qalan hissəsində Meğri, Qafan, Gorus və Qarakilsə rayonları yaradılıb.

 

Zəngəzurun Ermənistana birləşdirilməsi haqqında qərar barədə... Yuxarıda da qeyd etdiyimiz kimi, əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalı çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib. Tarixi mənbələrdə qeyd olunur ki, bölgə Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə, “Fevral inqilabı”ndan sonra yaranan Ermənistan Demokratik Respublikasının ərazisinə daxil deyildi, ancaq bu müqaviləni tanımayan Andranik Ozanyan Osmanı ordusundan qaçaraq bölgəni işğal etdi və bundan sonra silahlı erməni dəstələrinin törətdikləri vəşiliklər daha amansız oldu.

 

“Mudros” müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də, Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri I piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə, sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlinskinin əmrinə əsasən, I dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.

Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Vikipediya

 

Zəngəzur Sovet dövründə...

 

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra vəziyyət bir qədər də gərginləşdi. “Qarabağ sənədlərdə” kitabında bununla bağlı yazılır: “Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Yeni şərait aldadıcı ad altında Rusiya imperiyasının bərpa olunması, müstəqillik atributlarının aradan qaldırılması ilə səciyyələnirdi. Moskva rəhbərliyi Cənubi Qafqaz respublikalarını formal muxtariyyət hüququ ilə imperiyanın tərkibinə daxil edirdi. Bu şəraitdə “müttəfiq respublikalar” üçün daha çox ərazinin faktiki nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. Rusiya Cənubi Qafqazda xristian Ermənistan və Gürcüstanın daha çox ərazilərə nəzarət etməsində, həmin ərazilərin erməniləşdirilməsi və gürcüləşdirilməsində maraqlı idi. Ona görə də, Rusiya regionda möhkəmləndikdən sonra Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan arasındakı “mübahisəli ərazilər” deyilən məsələləri dərhal ikincilərin xeyrinə həll etdi. Belə ki, əhalisi yalnız Azərbaycan türklərindən ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi. Ermənistan bununla kifayətlənməyərək yaranmış vəziyyətdən, Rusiyanın uyğun mövqeyindən daha geniş şəkildə yararlanmağa çalışırdı. Ermənistan Sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqləri güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən gülünc təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı. Zəngəzur mahalı iki hissəyə bölünərək, 4505 kvadrat kilometr ərazisi Ermənistana verildi. Başdan-başa azərbaycanlıların yaşadığı Naxçıvanla Azərbaycanın digər ərazilərinin arasında yalnız azərbaycanlıların yaşadığı Zəngəzur Ermənistan ərazisi elan olundu. Bu, tarixdə görünməmiş absurd bir qərar idi”.

 

“Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır”

 

Beləliklə, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin az hissəsi kürdlərdən ibarət olmasına baxmayaraq, Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. (Yazının bu hissəsində “Yeni  Azərbaycan” qəzetinin.-2014-cü il 10 aprel sayına istinad edilmişdir).

 

Versalda müstəqilliyi de-fakto Millətlər Liqası tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi rəsmi xəritəsi göstərir ki, Naxçıvanla Gəncəbasar arasında – yəni Azərbaycanın ərazi daxilində yerləşən Zəngəzur bizim dünya tərəfindən tanınan rəsmi tanınan ərazimiz olub.

Bu gün tarixi ərazilərimizin bərpası istiqamətində başlanan ədalətli proses Prezident İlham Əliyevin tarixdə dövlət quran bütün şəxsiyyətlərin oynadığı mühüm rolun eynisini təşkil edir. Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir.

Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.