Yuxarıya
skip to main content

İntihar, tənhalıq və s. sosial-psixoloji çağırışlara dünyada cavablar

25.02.2021

İnsan: “üns”-ünsiyyət, danışmaq, ünsiyyət qurmaq sözündəndir.

Giriş.Son dövrdə ölkədə baş verən intihar hadisələri ilə bağlı əsaslı müzakirələrlə yanaşı, əsassız süni ajiotaj yaratmaq səyləri aşkar görünür. Hadisələrə rasional elmi deyil, emosional,ən çox qərəzli  yanaşma üstünlük təşkil edir. Üstəlik də XXI əsrin informasiya və virtual ünsiyyət sivilizasiyasında aparıcı tendensiya olan, cinsindən asılı olmayaraq, bütün insanlara təsir edən intihar, tənhalıq və s. sosial-psixoloji problemlər sırf gender, ifrat feminist yozumlar müstəvisinə gətirilir.

 

Xüsusilə də, adlarını feminist qoyan, əslində qatı anarxist və Qərb "LGBT+" ideologiyasının icraçı və  lobbiçiləri olan bir kəsim mövzunun ciddi-cəhdlə siyasiləşdirilməsi üçün canfəşanlıq edir. İctimai rəyin tamamilə çaşdırılmasına səy göstərilir. Bu, yolverilməz haldır. İntiharın elmi tədqiqində əldə edilən ən geniş yayılmış qənaətlərdən biri budur ki, bu fenomen haqda birmənalı mütləq hökmlər vermək olmaz.

 

İlk növbədə, dünyada statistikaya baxmaq ən vacib məsələdir. Hazırda  ən öndə olan 25 ölkə arasında 1-ci yerdə Rusiyadır. Azərbaycan yoxdur. (Bax:sonda)

   

2021-ci ilin aparıcı qlobal tendensiyası:Tənhalıq və burada irəli gələn problemlər

 

2021-ci ildə  tənhalıqla mübarizə aparıcı qlobal tendensiya  elan edilib. Koronavirus pandemiyasının başlaması ilə sosial özünü təcrid, karantin məhdudiyyətləri və s. dünyada tənha insanların sayını artırıb ki, bu da, psixoloji sağlamlıq problemlərini daha da kəskinləşdirib.

 

Bir neçə həftə əvvəl, yanvar ayında rəsmi, elmi araşdırmalar əsasında - tənhalığa  qarşı mübarizə 2021-ci  ilin əsas tendensiyası elan edildi. "2020-ci il göstərdi ki,   cəmiyyətin sağlamlığı baxımından tənhalıq -2021-ci ildə görünməmiş  texnoloji cavab tələb edən əsas  problemi olacaq. Şirkət hesab edir ki, tezliklə 5G texnologiyalarının tətbiq olunduğu ölkələrdə, holoqrafik rabitədə genişlənmiş və virtual reallıq texnologiyalarından istifadənin ilk nümunələri ortaya çıxacaq. Xüsusilə, elektron səhiyyə bazarında tənha insanlara kömək etmək üçün yeni- süni intellektlə işləyən çat -botları meydana çıxacaq."

 

Yalnızlıq probleminin texnoloji həllinə meyil onsuz da görünür. Məsələn, pandemiya dövründə ABŞ-da tanışlıq xidmətləri və danışıq botlarına maraq çox artıb. Bu tətbiqlərdən "Replika"adlanan, zahiri görünüşünü, səsini və xarakter xüsusiyyətlərini hər kəsin istədiyi kimi seçərək ünsiyyət üçün virtual dost yaratmağa imkan verir. Hazırda ABŞ-da çat-botdan hər ay demək olar ki, bir milyon insan istifadə edir.

 

  • Tənhalıq Nazirliyi

           

İngiltərə dünyada tənhalığa qarşı mübarizə aparmaq üçün  nazirlik yaradan ilk ölkədir[1]. Böyük Britaniyada dünyada ilk dəfə olaraq, rəsmilər tənhalığın hökumətin diqqət mərkəzində dayandığını sübut etdilər və Tənhalıq Nazirliyi yaratdılar. Nazir vəzifəsini Vətəndaş Cəmiyyəti və İdman  Nazirinin müavini Treysi Krauç-a(Tracy Crouch) həvalə etdilər.  

 

Qeyd edək ki, Tənhalıq Nazirliyi ideyasını, 2016-cı ildə İngiltərənin AvropaBirliyindən çıxması ilə bağlı referendum ərəfəsində bir millətçi tərəfindən öldürülən Leyborist deputat Joe Cox irəli sürmüşdü.

 

Nazir, 42 yaşlı T. Crouch təyinatı zamanı "nəsillərin çağırış"olan bu təhdidi qəbul etməkdən və İngiltərədəki doqquz milyona yaxın gənc və yaşlı insana təsir göstərə bilən bu fenomenlə üz-üzə gəlməkdən məmnun olduğunu bildirib.

 

Nazirlik hazırda “Tənhalıq problemləri ilə mübarizə” Nazirliyi adlanır. Bununla yanaşı, Nazirlik ayrıca binası olan qurum deyil. Belə ki, tənhalıq problemləri  çoxsaylı nazirliklərin funksiyaları ilə kəsişdiyinə görə, Tənhalıq naziri bütün bu məsələləri koordinasiya edir və əlaqələndirir.

 

Ölkədə artıq “Tənhaların cəlb edilmə strategiyası adlı” Dövlət Proqramı hazırlanıb və həyata keçirilir.

           

Bu təyinata ölkədə aparılan araşdırmaların mühüm təsiri olub.  2018-ci ildə yayımlanan araşdırmaya görə, İngiltərədə doqquz milyon nəfər və ya  sakinlərin yüzdə 14 %-i  özlərini tənha hiss edir. Yaşlı İngilislər arasında hər 5 nəfərdən 1-i tənhalıqdan şikayətlənir. Onların 200 mindən çoxu bir aydan çoxdur qohumları və dostları ilə əlaqə qurmur.

 

Məsələn, məktubları və qəzetləri ünvan sahiblərinə çatdıran İngilis Krallığı Poçtunun poçtalyonları, yolları üzərində rast gəlinən tənha yaşlı insanlardan məktubları alıb aidiyyətli qurumara yönəltməlidirlər. Yaxud yerli qurumlarla əlaqə yaratmağa dəstək göstərməlidir.

 

Bundan əlavə, tənhalar üçün sosial  kafe, sənət  meydançaları və s. kimi yeni ictimai məkanların yaradılması üçün 2 milyon funt sterlinq ayrılır. Rəsmi insanları maraq qrupları üzrə birləşdirən xeyriyyə təşkilatları və yerli icmaların proqramlarına dəstək üçün əlavə 20 milyon funt  vəsait də ayrılır.

 

Ayrıca, Britaniyada, yalnız qocalara kömək edən bir çox xeyriyyə və könüllü proqramları da var. Bunların arasında yaşlı insanların avtomobil sürərkən və ya qışda çölə çıxarkən nələrə diqqət etmələri lazım olduğunu izah edən  onlayn resurslar mövcuddur. Eləcə də, "Dostunuzun ziyarətini" sifariş etməyə imkan yaradan Sosial  xidmətlər var. Burada "dost" dedikdə-sosial xidmət işçisi nəzərdə tutulur.

 

Maraqlı təcrübələrdən biri də,yaşlı sosial könüllülər qismində çalışan şəxslərin telefon zəngləridir. Bu halda tənha insanlar müntəzəm telefon danışıqlarına abunə ola bilərlər. Telefon xidməti- tənha yaşlılara zəng edərək, mehribanlıqla:"Salam, necəsən?" deyərək onu səbirlə dinləyir, əhvalını yüksəldir.

 

  • Cari ildə Yaponiyada da  "Tənhalıq Nazirliyi" yaradıldı

 

Yaponiyanın Baş naziri- regional inkişaf naziri Tetsushi Sakamotonu eyni zamanda tənhalıq naziri təyin etdi.bBeləliklə,Yaponiya hökumətində ilk dəfə tənha sakinlərin problemlərindən məsul nazir postu meydana çıxdı.

 

“Bu təyinatın məqsədi,  doğum nisbəti aşağı olan bir cəmiyyətin qocalması səbəbindən ortaya çıxan sosial problemlərin həllidir. Bu nazirlik- ilk növbədə qadınlar və gənclər arasında intihar problemini   əhatə edir.” Qeyd edək ki, Yaponiyada qadınlar intihar edənlərin sayında üstünlük təşkil edir.

           

Baş Nazir bildirib ki, "tənha sakinlərin problemləri pandemiya dövründə ölkədə daha da pisləşib. 2020-ci ildə Yaponiyada intiharların sayı son 11 ildə ilk dəfə pik nöqtəyə qədər  artaraq 20.919-a çatıb. Mütəxəssislərin fikrincə, epidemiya zamanı məşğulluğun olmaması,   uşaqlara və evə qulluq yükünün artması psixoloji  stress səviyyəsini artırıb".

 

  • Rusiyada son 5 ildə təkliflər edilir, hələlik yaradılmayıb

 

Rusiya son illərdə  İngiltərə və Yaponiyadakı Tənhalıq Nazirlikləri, ondan əvvəl isə, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Xoşbəxtlik Nazirliyinə”analoji qurumlar yaratmağa təşəbbüs və cəhdlər edilib. Rusiya  Federasiya Şurasının sədri V. Matvienko 2016-cı ildə bu ölkəyə səfərindən qayıtdıqda  “Xoşbəxtlik Nairliyi” yaradılmasını Dumada irəli sürüb. Sitat : “ Yaşlı nəslin insanlarının özlərini tənha hiss etməməsi üçün mümkün olan bütün formatlardan istifadə etməliyik. İngiltərədə Tənhalıq nazirliyi  yaradılıbı. Çünki cəmiyyətdə müasir inkişafı fonunda tənhalıq insanlar üçün ən böyük problemlərdən psixoloji-mənəvi problemlərdən biridir. İnsanlara maddi dəstəkdən çox mənəvi dəstək bəzən daha çox lazım olur. Bizdə də belə nazirlik yaradılması yaxşı olar”.

 

Bundan daha əvvəl V.Matviyenko BƏƏ-nin təcrübəsinə əsaslanaraq Rusiyada "Xoşbəxtlik Nazirliyi" yaratmağı   təklif etdiyini də xatırladıb. Bu təklifi  Rusiyanın xoşbəxtlik indeksində ilk onluğa düşməsi üçün   dəstəklədiyini bildirib.   “Xöşbəxtlik nazirliyi yaradılması təklifinin mediada gündəm olmasından təəsüflənən Matviyenko deyib ki, Ərəb Əmirliklərində hökumətin qəbul edəcəyi istənilən qərara  bu nazirliyinin ekspertizasından keçir. Ümumiyyətlər, səlahiyyətlilərin verdiyi bütün qərarlar   insanların yeni qərarlardan nə qədər xoşbəxt olacağı hökmən bu nazirliyin ekspertizasından keçir. O, vaxt gedişi ilə təklifinə kreativ yanaşılacağına da ümidini bildirib.

 

Onu da vurğulayaq ki,  ümumRusiya miqyasında olmasa da, Kamçatka regionunda yaradılan "Sosial Rifah və Ailə Siyasəti Nazirliyinə" yeni rəhbər təyin edilib.  Burada xoşbəxtlik, tənhalıq və s sahədə funksiyalar müəyyən edilib.   Kamçatka qubernatoru V.Solodov qurumu  "Xoşbəxtlik Nazirliyi" adlandırıb. O yeni qurumun icra hakimiyyəti orqanlarının islahatı çərçivəsində yaradıldığını bildirib. “Demoqrafiya və sosial rifah məsələləri indi müxtəlif nazirliklərə səpələnir, onları bir yerə toplayacağıq və bunu işimizin əsas istiqamətinə   çevirəcəyik.Sosial nazirliklər sanki  “incidilmişlərin və imkansızların nazirliyi” kimi təsəvvür yaradır. Biz bu  şöbəni yaratmaqla əsas  məsələnin yalnız çətin vəziyyətdə olanlara maddi kömək deyil, həm də, onları  “firavan, xoşbəxt” edən mənəvi dəstəyin göstərilməsi məqsədilə təsis etmişik.

 

Əlavə edək ki,Rusiya psixoloji problemlərə çözüm kimi texnoloji tətbiqlər və həllər sahəsində müəyyən işlər görüb.  Tənhalığın terapiyası kimi psixoloji tətbiq qismində-Rusiyada yalnızlıqla mübarizə aparmaq üçün bir tətbiq var – Realy  Platforması var. Tətbiq özünə dost axtaranlar üçün görüş yeri kimi yaradılıb.

 

  • Azərbaycan: nə-necə-nə cür-etməli? Xoşbəxtlik, Tənhalıq nazirliyi  yoxsa Gələcək Naziriyi  yaradılsın?

 

            Azərbaycan Vətən Müharibəsində zəfər qazanan ölkə olmaqla yanaşı, minlərlə şəhid ailələrinin və yaralıların “PTSS-Post travmatik Stress Sindromu” yaşaması ilə yanaşı  dünya ölkələrinin “gizli müharibə” adlandırdığı pandemiya cəbhəsində də vuruşur.

 

Yəqin ki, hər bir vətəndaşımızın bu problemlərin cəmi məcmusunun yaratdığı sosial-psixoloji mühit və ab-havanı təsəvvür etməyə məntiqi və dərrakəsi çatar. Bununla belə, aidiyyətli qurumların yaxud da, vətəndaş cəmiyyətinin dünyada yayılan yeni praktikalara diqqət və reaksiyası hiss edilmir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda 2020-ci il üçün rəsmi statistik göstəricilərə əsasən 597 intihar halı qeydə alınıb. Bunların 440-ı kişi, 157-si qadındır.  Komitənin bütün rayonlar üzrə  təşkilatları təmsil olunub ki, bu da böyük resurs deməkdir. 

 

İntihara aparan səbəblər çoxdur,onların arasında deyə bilərik ki, ən fundamental hesab ediləni-tənhalıq, yaxud ən azı intihar qərarı verilən məqamda insanın yalnızlığıdır.

 

Bu baxımdan, xalq olaraq, problemin Süni İntellekt hesabına virtual çat-bot,yaxud dostlar hesabına çözüləcəyinə ümid etməyimiz qeyri-düzgün və qeyri-məqbuldur. Həm də,canlı ünsiyyəti əvəz edəcək başqa fenomen yoxdur.

 

İndi gender mövzulu ilk hakatonlar-filanlar yeni tətbiq edilir, müsabiqələr keçirilir və s. Bunlar da qoy olsun. Hətta bir anlığa internetdə “TIQ-TIQ xanım” çat botunun olmasını da təsəvvür etdik. Yeri gəlmişkən, nağıllarımızdan gələn “Özümə dost axtarıram!” məramı milli zehniyyətimizdən qaynaqlanan süni intellekt həlli də ola bilər. 

 

Bununla yanaşı, Britaniyanın canlı sosial ünsiyyət əsaslı sosial xidmətləri və qurumları, milyonlarla funt maliyyə ayrılan  sosial dialoq platformalarının ölkəmizdə tətbiqi-hesab edirik ki, daha məqsədəuyğun olardı. Xüsusilə də, hazırkı PTSS risk qrupuna daxil olan  əhali arasında bu təcrübə təcili tətbiqi yaxşı nəticə verə bilər.

 

 Hələ, BƏƏ-də olduğu kimi, hökümətin qəbul etdiyi  bütün qərarların xoşbəxtlik baxımından ekspertizadan keçirən “Xoşbəxtlik Nazirliyi” də olsa lap yaxşı olar.

 

Sözü gedən ölkədə yaradılan, dünyada yeganə olan “Gələcək Nazirliyini” heç demirik. Süni intellekt texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə yaradılan bu nazirliyin bənzəri çoxdan yaradılmalı idi.

 

Kamçatka qubernatorunun sözü ilə desək, “incidilmişlərin və maddi imkansızların nazirliyi”  kimi anlaşılan sosial profilli nazirlik adlarının yenilənməsinə ehtiyac var. Heç olmasa səslənişi qulağa xoş gələr.

 

 

  Dünyada intiharlarla bağlı son statistika:

https://www.statista.com/chart/15390/global-suicide-rates/?fbclid=IwAR35FpfwRhWiUaduvbQU09nfP6u43cLO8gXXS7qi_kUji7Rp3wi09A0Lkek

 


[1] Theresa May appoints minister for loneliness, after Jo Cox Commission highlight Britain's epidemic//https://www.telegraph.co.uk/politics/2018/01/16/theresa-may-appoints-minister-loneliness-jo-cox-commission-highlight/

 

Tahirə Allahyarova
professor, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri