Yuxarıya
skip to main content

Azərbaycan Dünya Bankının İnsan Kapitalı İndeksində

25.09.2020

Dünya Bankının İnsan Kapitalı İndeksi uşağın sağ qalması (doğumdan 5 yaşa kimi), keyfiyyətə görə korreksiya edilmiş ibtidai və orta təhsilin gözlənilən müddəti; uşaqların inkişafdan geri qalması əmsalı; yetkinlərin sağ qalma əmsalı kimi kritik göstəricilər üzrə uşaqların doğumdan 18 yaşa qədər inkişaf trayektoriyasını əhatə edir.

 

 

 

Hesabata görə, Azərbaycanda gənclər Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər. Lakin koronavirus (COVID-19) pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur.

 

 

Azərbaycanın iki göstəricisi 0,58-ə bərabərdir, yəni bugünki şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənilir. Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəricidən bir qədər yüksəkdir. Bununla belə, Azərbaycanda insanların məhsuldarlığı baxımından inkişaf üçün geniş imkanlar var.

 

Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde qeyd edib ki, “Avropa və Orta Asiya regionunda hökumətlər artım və inkişafın əsas hərəkətverici qüvvələri olan səhiyyə və təhsilə investisiya qoyuluşuna üstünlük verməkdə uğur qazanıblar. Bununla belə, COVID-19-un ortaya qoyduğu problemlər, insanların keyfiyyətli təhsil və səhiyyə xidmətləri almasını təmin etmək məqsədilə xidmətlərin göstərilməsini və sosial yardım proqramlarını təkmilləşdirmək üçün müasir texnologiyalardan daha çox istifadə də daxil olmaqla daha güclü siyasət reaksiyası tələb edir”. Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən bu yaxınlarda tamamlanmış “Sağ qal, Öyrən, İnkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması” adlı araşdırmada Azərbaycanda insan kapitalının formalaşdırılması və aktivləşdirilməsindəki irəliləyişlər və çağırışlar müəyyənləşdirilib.

 

 

Son 10 il ərzində Azərbaycanda uşaq ölümü və uşaqların inkişafdan geri qalması əmsalları əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, uşaqların təhsilə cəlb olunduğu illərin artmasına baxmayaraq, öyrənmə prosesinin nəticələrində bərabərsizlik artmaqdadır (imkanlı ailələrdən olan şagirdlərin Uyğunlaşdırılmış Təhsil Nəticələri üzrə göstəriciləri daha yoxsul ailələrdən olan şagirdlərin nəticələrindən üç illik təhsil müddətinə bərabər qədər yüksəkdir). Azərbaycan həmçinin artmaqda olan qeyri-yoluxucu xəstəliklər (QYX) yükü ilə üzləşir. Bu xəstəliklərin müalicəsi üçün vətəndaşların öz ciblərindən ödədikləri xərclər (cari səhiyyə xərclərinin 79 faizi vətəndaşların ciblərindən ödədikləri xərclərdir) QYX-in artımının qarşısını almaq üçün kifayət deyil.

 

Qeyd olunur ki, təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsinə və ali təhsilin aktuallığının artırılmasına ehtiyac var. Səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir. Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır.

 

Dünya Bankının Azərbaycandakı nümayəndəsi Sara Maykl (Sarah Machael) bildirib ki, “Azərbaycan əhalisi – onun “insan kapitalı” - ölkənin ən qiymətli resursudur və Dünya Bankı yaşindan, cinsindən və yaşadığı bölgədən asılı olmayaraq bütün ölkə əhalisinin rifahını və məhsuldarlığını daha da artırmaq üçün imkanları dəstəkləməyə sadiqdir”.

 

Qeyd edək ki, bu ilin martına olan məlumatlara əsasən, formalaşdırılmış 2020-ci il üzrə İKİ pandemiya sonrası bərpa üçün səhiyyə və təhsil siyasətlərini və investisiyalarını əsaslandırmağa kömək edə biləcək pandemiyadan öncəki çıxış vəziyyəti haqqında məlumatları təmin edir.

 

Xatırladaq ki, indiyədək ölkəmizin Dünya Bankı ilə müxtəlif sahələri əhatə edən birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Lakin Prezident İlham Əliyevin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Breyde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri ilə iyul ayında keçirdiyi videokonfransda qeyd etdiyi kimi, gələcək üçün icra olunası layihələr, həyata keçiriləsi planlar hələ çoxdur: “Əlbəttə, bizim planlarımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.

 

Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su-kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilib. Bu maliyyə qurumunun Azərbaycan üçün strateji layihələrə, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək ölkəmiz üçün mühüm önəm daşıyıb.

 

Onu da əlavə edək ki, Dünya Bankı 2018-ci ildən etibarən İnsan Kapitalı İndeksini açıqlayır. 2020-ci il hesabatında İnsan Kapitalı İndeksi üzrə reytinqdə Azərbaycan 157 ölkə arasında 69-cu yerdə qərarlaşmışdı. İlk 5-likdə olan ölkələrdən 4-ü Asiya qitəsini təmsil etmişdi (Sinqapur, Cənubi Koreya, Yaponiya, Honkonq). Keçmiş SSRİ məkanından ilk 50-liyə Rusiya, Qazaxıstan, Latviya, Litva, Estoniya və Ukrayna düşüb.

 

2020-ci ilin İnsan Kapitalı İndeksi ilə müqayisədə builki indeksə yuxarıda qeyd olunan göstəricilər üzrə 17 yeni dövlət haqqında məlumat əlavə edilmişdir.

Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.