Pandemiya və ölümün siyasi yönü
“Zamanın kəşfi” ilə başlayan tükənmə fərqindəliyi, təbii axımdan kənarlaşan şəhər yaşamının doğurduğu sürətli tükənmə və bununla mütənasib artan sürətli tükətim, yəni artan istehlak ehtirası öz təsdiqini müxtəlif tədqiqatlarla tapıb. Stress, gərginlik səviyyəsi ilə impulsiv istehlak arasındakı əlaqə bir nümunədir. Subyektiv zaman daralması ilə fərdi hədəflərin, məqsədlərin, tərcihlərin dəyişməsi, yaş artımı ilə potensial imkanların məhdudlaşması və “qalan zaman”ın daha nəzərə çarpan bir mövqedə dayanması, mövcud zamanın “qalan zaman”a görə planlaşdırılması müxtəlif tədqiqatlarla təsdiqlənib. Əlbəttə “modern həyat tərzi”ndən fərqli olaraq, ənənəvi yaşamda insanın sahib olduqları onun canlı varlıq müddətini aşan şeylər idi və tükətim, həyatın təbii ritmi daxilində baş verirdi. Bu mənada “subyektiv zaman” rutin və qeyri-rutin həyat tərzinə, buradan irəli gələn sosial-psixoloji şərtlərə görə dəyişkəndir.
Hazırkı pandemiya dövrünün “zaman” ilə bağlı doğurduğu diqqət çəkən bir məqam var. Belə ki, cəmiyyətlərin ölümlə kütləvi olaraq üzləşdiyi bu dövrdə pandemiya hərkəsi müvəqqəti varoluş fərqindəliyinə daha da yaxınlaşdırmaqla fərdlər arasında fərqliləşən “subyektiv zaman” hədlərini və ya “qalan zaman” gözləntisini eyniləşdirdi. Zamanın “bərabərləşməsi” və növbəti siyasi tendensiyalar “tarixin sonu” perspektivində yeni bir tarixi başlanğıc kimi şərh oluna bilər.
Pandemiya ölümlə bağlı işarələri hər yerdə nəzərə çarpan etdi... ön cəbhədə vuruşan həkimlər, ətrafdan izolyasiya olunmuş fərdlər, fərdi qoruyucu vasitələr, simvolik işarələrə çevrilən maska və əlcəklər, evə qapanma, boş küçələr, ictimai fəaliyyətlərin dayanması... Bu işarələr ölümü bariz şəkildə nümayiş etdirməklə yaş artımına görə dəyişən zaman qavrayışını və gözləntiləri bərabər hədlərə çəkdi. Bu isə fərdi seçimlər, davranışlar üzərində eyniləşdirici, normalaşdırıcı tələblərə uyğunlaşmanı artırdı. Başqa sözlə, kütləvi ölüm halı refleksiv davranış normalarına uyğunlaşmanı stimullaşdırdı. Pandemiyanın ümumi təsir nəticələrini son ayların müxtəlif tədqiqatlarından görmək mümkündür.
Məsələn, dünya ölkələrinin mütləq əksəriyyətində yoluxmaya qarşı zəruri qorunma və davranış qaydaları müəyyən olundu. Fərdi izolyasiya baxımından İngiltərədə 1 metr, Norveçdə ən az 3 metr, Niderlandda 1.5 metr, Avstraliyada 4 metr sosial məsafə tələbi qoyuldu. “Google” şirkəti tərəfindən 130 ölkə üzrə fevral-may aylarını əhatə edən tədqiqat nəticələrinə əsasən, insanların əyləncə və istirahətlə bağlı vaxt dinamikasında 21%-dən 95%-dək, ərzaq və tibbi ehtiyaclarla bağlı hərəkət dinamikasında 8%-dən 98%-dək, parklardakı dinamika üzrə 12%-dən 95%-dək, nəqliyyat dayanacaqlarındakı dinamika üzrə 27%-dən 100%- dək, iş yerlərindəki dinamika üzrə 14%-dən 92%-dək azalma müşahidə olunarkən, evdə keçirilən vaxtın 8%-dən 55%-dək artdığı müəyyən olundu.
Avropa Xəstəlikdən Qorunma və Nəzarət Mərkəzinin (European Center For Desease Prevention and Control) hesabatına görə, Belçikada ictimai nəqliyyatdan istifadə göstəricisi 75%, İrlandiyada 45-65%, İngiltərədə 90%-dək, Fransanın bəzi şəhərlərində 92%-dək azaldı. ABŞ-ın Nyu-York şəhərində metrodan istifadə üzrə 93%, avtobusdan istifadə üzrə 60% azalma qeydə alındı. “Transit” tətbiqi tərəfindən Böyük Britaniya, Yeni Zelandiya, Fransa, Kanada, Avstraliya və ABŞ-da ictimai nəqliyyatdan istifadə ilə bağlı verilən hesabatda mart-aprel ayları ərzində ümumilikdə ictimai nəqliyyatdan istifadənin 75%-dək azaldığı öz əksini tapdı.
Beynəlxalq Əmək Təşkilatının araşdırmaları İEOÖ-də ilin əvvəlində iş saatlarının miqdarı kəskin azaldığını, dünya əhalisinin 74%-nin iş rejimi məhdudiyyətləri ilə üz-üzə qaldığını göstərdi. Virusun yayılma arealının genişlənməsi ilə təhsil sisteminin qarşı-qarşıya qaldığı böhran mart ayının 24-dən etibarən dünyanın 160-dan artıq ölkəsində təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına yol açdı, təqribən 1.5 milyard şagird və tələbə (91.3%) bu prosesdən təsirləndi.
Lakin pandemiyanın kütləviləşdirdiyi ölüm halının, artan ölüm fərqindəliyinin siyasi yönü nə ola bilər? Panika və gərginlik halının hazırkı situasiya üzərində nəzarət və komfort axtarışına yol açdığını, bunun isə tələb olunan normalara uyğunlaşma prosesini stimullaşdırdığını bir sıra tədqiqatlar təsdiqləyir. Təqribən son otuz ildə aparılan müxtəlif tədqiqatlar insanların öz ölümləri ilə bağlı fikirlərə olan reaksiyasına fokuslandı. Nəticələr onların öz ölümləri ilə üzləşərkən bəzən radikal qütblərdə yer aldığını, daha mühafizəkar, daha dindar yaxud daha milliyətçi, irqçi davranışlar sərgilədiyini göstərir.
J.Greenberg, S.Solomon və T.Pyszczynski tərəfindən 1986-cı ildə konsepsiyalaşdırılan yanaşma (Terror Management Theory) ölüm dəhşəti qarşısında insanın emosional və davranış dəyişkənlərini tədqiq edir. Sonsuz fəza və zaman içərisində müvəqqəti var oluşun dərki, ölümlü olduğunun və bir gün öləcəyinin fərqindəliyi insan üçün dəhşət vericidir. Ölüm panikasının yüksək dərəcədə yaşanması insanların ekzistensial panikadan qaçışda siyasi sabitliyə, gücə, iqtidara dəstəyini artırdığını göstərir.
Greenberg və digərləri tərəfindən 36 ölkədə təsdiqini tapmış bu tədqiqatlar ölüm motivli hadisələrin xatırladıldığı fərdlərin özlərini mühafizəkar, milliyətçi, dini kimliklərinə daha çox bağlandığını göstərir. Son bir neçə il ərzində ABŞ-da aparılan tədqiqatlar da (M.C.MacWilliams, Who decides when the party doesn’t? authoritarian voters... A.Taub, The rise of American authoritarianism... A.Schwartz, Persistence of Cultural Heritage in a Multicultural Context...) terrorist hücumları kimi qorxu və ölüm motivli hadisələrin xatırladılması halında sorğu iştirakçılarının ölkənin hazırkı siyasi liderinə olan dəstəyinin əhəmiyyətli ölçüdə artdığını aşkar edir.
Belə ki, konkret ideyalara köklənmiş həyat tərzi, kultural dünya görüşü, bu çərçivədə formalaşan şüur insanlara həyatlarının bir məqsədi, mənası olduğunu aşılayır, davranışlarının həmin standartlara uyğun qurulması qədərində onlara “simvolik ölümsüzlük” vəd edir. İnsanın öz müvəqqəti varlığından, məhdudluğundan parçası olduğu böyük bir varlıqda hər hansı bir iz qoymaq, özünü geniş zamana yaymaq istəyi də bu duyğu çərçivəsində izah oluna bilər. Belə ki, sözügedən nəzəri yanaşma ölüm panikasının insanların reproduktiv artım meyli ilə müsbət əlaqəliliyini göstərir.
Mühafizəkar meyllərlə yanaşı, virusdan qorunmada zərurətə çevrilən davranış normaları hər nə qədər qlobal miqyaslı olsa da, pandemiya halı ölkələrin mövcud iqtisadi-siyasi sisteminin qlobal miqyasını məhdudlaşdırır. Pandemiya səbəbindən ölkələr arası hərəkətlərlə bağlı tətbiq olunan ümumilikdə 72525 məhdudiyyət bunun bir göstəricisi kimi qəbul oluna bilər. Ümumilikdə bu ölkələrin 47%-də fövqəladə vəziyyət elan edilib, 78%-də hərəkət məhdudiyyətləri tətbiq olunub. Tətbiq olunan hərəkət məhdudiyyəti ilə bağlı tədbirlərin 64%-i ölkə xaricindən gələnlərin iki həftə müddətinə karantinə alınması, həmçinin 40%-i vizaların verilməsinin dayandırılması kimi özünü göstərib.
Sözügedən nəzəri yanaşmadan irəli gələrək, mövcud tendensiyanın sonrakı dövrlərdə də öz təsirini qoruyacağını qeyd etmək mümkündür. Belə ki, ölümlə kütləvi üzləşmə halında refleksiv davranış formalarının artması, bunun siyasi sistemi daha ideoloji, dini, milliyətçi xəttə çəkməsi gələcəkdə antiqlobalist diskursun, hərəkatların güclənəcəyi, milli sərhədlər daxilində proteksionist və populist siyasətin geniş dəstək qazanacağı, eyni zamanda siyasi hakimiyyətlərin yeni tendensiyalara uyğunlaşması halında güclərinin artacağı ehtimallarını doğurur. “Tarixin sonu”nun zaman sıfırlanması və yeni siyasi tendensiyalar ideologiyalar dövrünü yenidən aktuallaşdıra bilər.
İstifadə olunan mənbələr:
- World Bank Education and COVID-19
https://www. worldbank.org/en/data/interactive/2020/03/24/world-bankeducation-and-covid-19
- COVID-19 Community Mobility Report
https://www.google.com/covid19/mobility/
- Considerations for infection prevention and control measures on public transport in the context of COVID-19, ECDC, 29 april 2020
https://www.ecdc.europa.eu/sites/default/files/documents/COVID-19-public-transport-29-April-2020.pdf
- Fatih Birinci, Ölüm Karşısında İnsan: Dehşet Yönetimi Kuramı
https://evrimagaci.org/olumun-karsisinda-insan-dehset-yonetim-kurami-7538
- https://www.usatoday.com/story/news/nation/2020/04/14/public-transportation-users-risk-coronavirus-spreads-acrossus/2979779001/
- https://transitapp.com/coronavirus
Elnur Çıraqov
İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.