Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələr
Birinci Yazı COVID-19 epidemiyası Avropa İttifaqında (AI) da qəfil və çətin vəziyyət yaratdı. Avropa inteqrasiyasına əsaslanan, qəbul edilən və inkişaf etdirmə öhdəliyi olan çox sayda prinsip, dəyər, mexanizm və proseslər nəinki Avropada, eləcə də qlobal səviyyədə uzun müddət idi ki, sorğu-sual edilirdi.
"Brexit"-dən sonrakı dövrdə, İttifaqın öz yoluna əvvəlkindən daha qətiyyətli şəkildə davam edəcəyinin elan olunduğu və bu istiqamətdə inteqrasiyanın gələcəyinə dair müzakirələrin qızışdığı 16 sentyabr 2016-cı il tarixli Bratislava Sammitindən sonra dərc olunan bəyannamə[1], daha sonra Roma Sazişinin[2] 25 Mart 2017-ci il tarixdə keçirilən 60-cı ildönümü münasibətilə yayımlanan Roma Bəyannaməsi, nəhayət 9 May 2019-cu il tarixdə elan edilmiş Sibiu Bəyannaməsi[3] ilə davam etdirilən inteqrasiyaya sadiqliyin elan edilməsi ilə yanaşı islahat/dəyişiklik/transformasiya axtarışı da bu sorğu-sualların səbəbi və ya nəticəsi kimi qəbul edilə bilər.
Bir hissəsi qlobal, bir hissəsi fövqəlmilli, bir hissəsi də milli səviyyədə olan sosial, iqtisadi və siyasi səbəblərdən irəli gələn böhranların hər biri müəyyən dərəcədə bir-birlərinin səbəbi/nəticəsi kimi ortaya çıxdı və İttifaqı strukturunu, funksiyasını və mövcudluğunu davam etdirmək baxımından daim özünü təsdiq etmək ehtiyacı ilə üz-üzə qoydu. Elə bu günkü şəraitdə Aİ-nin normal vəziyyəti də özünü təsdiqləmə və inteqrasiya əzmini sübut etmək zərurəti kimi izah edilə bilər!
Covid-19 pandemiyasından əvvəl, 12 dekabr 2019-cu il tarixində keçirilən Aİ Sammitində simvolik olaraq Avropa inteqrasiyasının ilk konkret addımı olan Schuman Bəyannaməsinin 70-ci ildönümündə, yəni 9 May 2020-ci ildə başlanması və 2022-ci ilə qədər davam etməsi nəzərdə tutulan, lakin Covid-19 pandemiya səbəbilə keçirilməsi payız aylarına təxirə salınan Avropanın Gələcəyi Konfransının[4] İttifaqın iqtisadiyyatı, institusional strukturu, siyasəti və qlobal rolu baxımından hərtərəfli islahat mərhələsindən keçməsi yolunda atılacaq ilk addımı olması planlaşdırılır.
Belə bir şəraitdə bütün Aİ Sammitləri kimi iki gün davam etməsi nəzərdə tutulan, lakin konsensus əldə olunmasının ancaq dörd gündən sonra gecə yarısına qədər uzanan müzakirələrlə mümkün olduğu, Covid-19 epidemiyasının səbəb olduğu ziyanı aradan qaldırmaq məqsədi ilə həyata keçirilən iqtisadi canlanma/stimullaşdırma paketi və çoxillik büdcə formalaşdırılması kimi xüsusi gündəliklə Aİ-nın iyulun 17-21 arasında toplanan Sammiti[5] nəticəsində əldə olunan konsensus uğur kimi qiymətləndirmək olar.
İttifaqın bünövrəsində dayanan vacib prinsiplərdən birini təşkil edən “milli maraqlar əsasında ümumi mənafeyə/faydaya nail olmaq məqsədilə konsensus yolu ilə qərar qəbul etməyin mənimsənilməsi” təcrübəsinin üzv dövlətlər arasındakı struktur və yanaşma fərqlərinin artması ilə getdikcə daha da çətinləşdiyini göstərən bu son nümunə Avropa inteqrasiyasının necə çətin problemlərlə üzləşdiyini göstərir. Bu kövrək konsensusun davam etdirilməsi ilə iqtisadi həvəsləndirmə paketinin İttifaqa onun uzun müddətdir ki, ehtiyac duyduğu iqtisadi canlanma/stimullaşdırma, mənəvi toparlanma və həmlə etmə imkanı verəcəyinə ümid edilir. "Digital Avropa" və "Yaşıl Konsensus" sahələrində müəyyən məsafə qət etmə qətiyyəti də bu baxımdan İttifaqın müsbət istiqamətdə atdığı addımlar kimi xarakterizə edilə bilər.
Bu nümunəyə əsaslanaraq, Aİ-nın daha çox sahədə səs çoxluğu ilə qərar qəbul etməsi, iqtisadiyyat və maliyyə sahələrində inteqrasiyaya getməsi, üzv dövlətlərin Aİ-nın dəyərlərinə sözdə deyil, əməldə riayət etmələrini təmin edəcək effektiv icra mexanizmlərinin inkişaf etdirilməsi, əhalinin sağlamlığı kimi sahələrdə İttifaqa daha çox səlahiyyət tanınması, miqrasiya və sığınacaq məsələlərində inteqrasiyanın gücləndirilməsi, xarici siyasət sahəsində təsirli aktorluğun təmin edilməsi kimi çox sayda siyasi və institusional islahatın müzakirə ediləcəyi bir mərhələyə qədəm qoyulduğu qeyd edilə bilər.
Avropa Mərkəzi Bankının bundan əvvəl analoji qərarına qarşı milli məhkəmədə baxılan iddiada ilkin qərar proseduru çərçivəsində Avropa İttifaqının Ədalət Məhkəməsinə (AİƏM) çıxarılan və AİƏM tərəfindən müvafiq qərarın hüquqa zidd olmadığının müəyyənləşdirilməsindən sonra (C-493/17 - Weiss and Others[6]) Almaniya Federal Konstitusiya Məhkəməsinin 5 may 2020-ci il tarixli qərarı[7] ilə AİƏM və İttifaq hüququnun muxtariyyətinə qarşı etirazı ilə (ən azından hələlik) nəticələnən tarixçənin də İttifaqın üzləşdiyi meydan oxumalara əlavə etdiyi qeyd olunmalıdır. Alman siyasəti və ölkə qanunları baxımından qəbul edilən bəzi qərarlar və aparılan tənzimləmələrlə problem hələlik öz həllini tapmış kimi görünsə də, bu çaşdırıcı qiymətləndirmə ola bilər. Çünki Almaniya Fedaral Konstitusiya Məhkəməsinin Aİ-nın hüququnun prioritetliyini tanımaqla birlikdə, İttifaqın hansı sahələrdə prioritet olaraq tətbiq olunacaq qaydalar qoyma səlahiyyətinə malik olduğunu müəyyənləşdirmək baxımından milli konstitusiyanın və bu çərçivədə də özünün əsl səlahiyyət sahibi ola biləcəyinə dair etiraz və xəbərdarlıqlarının[8] tarixi çox keçmişə gedib çıxır. Əslində on illərdir bu xəbərdarlığın söz kimi qaldığı/qalacağı və Almaniya Federal Konstitusiya Məhkəməsinin bu xəbərdarlığı yerinə yetirmək mövqeyi tutmayacağına ümid edilirdi, amma bu belə olmadı.
Almaniya Federal Konstitusiya Məhkəməsinin qərarının çətin şəraitdə verildiyi və mövcud çətinliklərdən güc alıb bunları artırma təhlükəsi ehtiva etdiyi də unudulmamalıdır. Bu kontekstdə Aİ-nin əsas dəyərləri və bu çərçivədə qanunun aliliyi məsələsində Aİ-nın digər qurumları ilə yanaşı AİƏM-nin çox sayda qərar ilə də tanış olan bəzi üzv dövlətlərin məhkəmə orqanlarının və səlahiyyətli siyəsətçilərinin Almaniya Federal Konstitusiya Məhkəməsinin etirazından həvəslənərək İttifaqın və AİƏM-nin müəyyən məsələlərlə bağlı qərarları və ya səlahiyyətini tanımamaq kimi mövqe nümayiş etdirib-etdirməyəcəkləri hələ də ciddi sual olaraq qalır.
Məhz belə bir atmosferdə başlayacaq Avropanın Gələcəyi Konfransının gündəliyində öz əksini tapa biləcək sualların/problemlərin geniş spektrli olacağı açıqdır. Əsas problem mövcud struktur və səlahiyyətlərdədir, yoxsa mövcud qurumlar, proseslər və səlahiyyətlərdən istifadə edilməklə ortaq problemlərə ortaq məqsəd və maraqlar çərçivəsində konsensus yolu ilə əldə edilə biləcək birgə həll yolları tapmaq imkanlarının daralmasıdır? Bəlkə üzv dövlətlər arasındakı struktur və yanaşma fərqləri müştərək gələcəyə doğru birgə səy və həmrəylik şəraitində irəliləmək iradəsini təhdid edir? Bu vəziyyət üzv dövlətlərin bütün sahələrdəki fərqlərinin artması ilə düz mütənasibdir? Şərq/Qərb, Şimal/Cənub, köhnə/yeni, zəngin/daha az zəngin üzvlər arasındakı fərqə əlavə edilən liberal/o qədər də liberal hesab edilə bilməyəcək demokratiyalar arasındakı fərqlə demokratiya və qanunun aliliyi prinsiplərinin tamamlanması baxımından ortaya çıxan fərqli yanaşmalar inteqrasiya iradəsini şübhə altına alacaq səviyyəyə gəlmişdir? Doğrudanmı belə bir təhlükə var? Bu fərqlər aradan qaldırıla bilməyəcək səviyyədədir? Bunu aradan qaldırmaq üçün hansı yanaşmalara ehtiyac var? Avropa ictimai rəyində inteqrasiyaya maraq, ehtiyac, aidlik və sadiqlik güclənir, yoxsa zəifləyir? Dövlət faktorunun güclənməsi qaçılmaz olaraq fövqəlmilli strukturun zəifləməsi mənasına gəlir? Avropa İttifaqı üzv dövlətlərin idarəetmə potensiallarına və xüsusilə Covid-19 pandemiyasından sonra daha da ağırlaşan iqtisadi problemlərinə, getdikcə prioritet hesab edilməli olan “sosial rifah dövləti” və “sosial bazar sistemi” çərçivəsində cavab tapmaq potensialına malikdir? Yaxud da bu axtarışlara nə dərəcədə kömək edə bilər?
Bu suallara cavab tapmaq cəhdi və inteqrasiyanın məqsəd, metod və vasitələrini geniş müzakirə yolu ilə yenidən formalaşdırmaq, konkret sahələrdə səlahiyyət və institusional islahat səylərinə də bu perspektivdən yanaşmaq Aİ-nın ehtiyac duyduğu yenilənmə və həmləyə keçmə axtarışında həlledici rol oynaya bilər. Xüsusilə də ətraf mühitin qorunmasına üstünlük verən və insanlara dəyər verən iqtisadiyyatın əsas elementlərinin müəyyənləşdirilməsi və həmrəylik prinsipinə uyğun şəkildə birlikdə həyata keçirilməsi artıq inkar edilməz zərurətdir. Almaniya Federal Konstitusiya Məhkəməsinin qərarı və ya Avropa ictimai rəyində bəzən artdığı və bəzən də azaldığı düşünülən, lakin əslində get-gedə kök salan Avropa skeptisizmi kimi yanaşmalar mücərrəd və akademik görünən bu mübahisələrin əslində konkret ehtiyaclardan necə irəli gəldiyinə dair dəlil təşkil edə bilər. Bu yaxınlarda başqa bir platformada da qeyd edildiyi kimi, “Aİ-nın gələcək dizaynında diqqət yetirməli olduğu başqa bir təhlükə, 2000-ci illərin əvvəllərində olduğu kimi təxminən on illik dövrü özünə qapanaraq və müqavilə dəyişikliyi, institusional struktur islahatı və yeni səlahiyyətlərin əldə edilməsinin İttifaqın problemlərinə çarə və güclənməsinin yeganə üsulu kimi görməsi şəklində ola bilər... Görəsən, Avropa inteqrasiyası üçün velosiped metaforası ilə simvolizə edilən davamlı dərinləşmənin inteqrasiya məntiqinin davam etməsi üçün zəruri olduğu ön düşüncəsinin və ya dərinləşmənin bu yeni dövrdə nə demək ola biləcəyini müzakirə etmək vaxtı çatmayıb?”
İstifadə edilən mənbələr:
- The Bratislava Declaration, Bratislava, 16 September 2016 https://www.consilium.europa.eu/media/21250/160916-bratislava-declaration-and-roadmapen16.pdf
- The Rome Declaration, Council of the EU, STATEMENTS AND REMARKS 149/17, 25 March 2017 https://www.consilium.europa.eu/en/press/press-releases/2017/03/25/rome-declaration/pdf
- The Sibiu Declaration, European Council, Council of the European Union, 9 May 2019, https://www.consilium.europa.eu/ en/press/press-releases/2019/05/09/the-sibiu-declaration/
- European Council Brussels, 12 December 2019. https://www.consilium.europa.eu/media/41768/12-euco-final-conclusions-en.pdf
- European Council conclusions, 17-21 July 2020, https://www.consilium.europa.eu/ en/press/press-releases/2020/07/21/european-council-conclusions-17-21-july-2020/
- http://curia.europa.eu/juris/liste.jsf?language=en&num=C-493/17
- Headnotes to the Judgment of the Second Senate of 5 May 2020 https://www.bundesverfassungsgericht.de/SharedDocs/Entscheidungen/ EN/2020/05/rs20200505_2bvr085915en.html
- The PSPP judgment of the German Constitutional Court: An Abrupt Pause to an Intricate Judicial Tango6 MAY 2020 https://europeanlawblog.eu/2020/05/06/the-pspp-judgment-of-the-german-constitutional-court-an-abrupt-pause-to-an-intricate-judicial-tango/
Elnarə Qəribova
Hüquq təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri, konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.