Yuxarıya
skip to main content

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02.06.2020

Bu təhdidlər 3 komponentlə ifadə olunur:

 

1)Pandemiyalar iqtisadiyyatların idxal və ixrac qabiliyyətlərini sarsıdır.

 

2) Pandemiya dövrlərində gələcək iqtisadi fəaliyyətləri proqnozlaşdırmaq qəlizləşir.

 

3) İqtisadi araşdırmalar üçün bazalara çatmaq çətinləşir.

 

Məşhur Vitgenşteyn buna uyğun olaraq pandemik situasiyaları iqtisadiyyatın ən qəddar düşməni hesab edir. Sevdiyim amerikalı sosioloq Paderson qlobal fəalkətləri insanlar üçün həmrəylik vasitəsi hesab edirdi. Fərdlərin toplumlaşmağı, toplumların birgəliyi, insanların bütün dünya üçün məsuliyyət daşımağı üçün bəşəri təhlükələr bəzən həm də bir vasitədir.

 

 

Ötən ilin iqtisadi göstəriciləri gələcəyin dünyası üçün daha optimist olmağa bizə əsaslar verirdi. Lakin təəssüf ki, pandemiyanın mahiyyətindən (onun təbii yoxsa süni mənşəli olmağından) asılı olmayaraq proqnozlar alt-üst edildi. Ötən il dünya üzrə iqtisadi artım yüksələn templə davam edirdi. Baxmayaraq ki, əvvəlki illərə nisbətən situasiya o qədər də ürəkaçan deyildi.

 

Bu baxımdan ölkəmiz özünə  sağlam bir yer əldə etdi.

 

Ötən illərin rəqəmlərinə həm ölkəmiz, həm dünya prizmasından nəzər salmaq kifayətdir. Vüsal Qasımlı qeyd edir ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir.

 

2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Pandemiyadan sonra bu proqnozun neçə faizin doğrulacağı isə təbii ki, qeyri-müəyyən olaraq qalır.

 

 

2019-cu ilin 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb.

 

Vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb. 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6  milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz,  pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz  artıb. Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı,  xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

 

2019-cu il ərzində vergi və gömrük orqanları vasitəsilə aparılan islahatlar nəticəsində dövlət büdcəsinə plandan əlavə təxminən 1 milyard manat vəsait daxil olub.

 

2019-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkənin sırasında olub. Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan daha 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Azərbaycan İrs (Heritage) Fondunun “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir.

 

Hazırda ölkəmiz pandemiyaya qarşı ən uğurlu mübarizə aparan dövlətlərin başında gəlir. Ölkəmiz təkcə pandemiyanın sosial təsirlərini zəiflətmir, eyni zamanda makroiqtisadi dayanıqlıq və sabitlik üçün də bütün dövlət strukturlarının koordinasiyalı fəaliyyəti həyata keçirilir.

 

Dünya üzrə rəqəmlər də 2019-cu ilin uğurlu olduğunu söyləməyə qənaət edir. Baxmayaraq ki, bir çox iqtisadçılar və ekspertlər bütün pozitiv rəqəmlərə rəğmən 2020-ci ildə neftin qiymətin müəyyən düşüşlərin yaşanacağını proqnozlaşdırırdılar. Yəni, mart ayında neftin qiymət şokunda yaşananları tam pandemik situasiya ilə əlaqələndirmək özü tam doğru yanaşma hesab edilməməlidir.

 

 

Bütün bunlarla yanaşı dünya iqtisadiyyatındakı pozitiv səslər 2019-cu ilin real göstəricilərini də danmadı. Nəzərə alaq ki,  2019-cu ildə dünya iqtisadiyyatı 2008-ci ildəki qlobal böhrandan bəri ən aşağı artım göstəricisinə malik oldu.

 

Ümumdünya Ticarət Təşkilatının təyinatlarına görə, 2019-cu ildə dünya ticarətinin həcmi cəmi 1,2 faiz artdı. İnkişaf etmiş ölkələrin ixracatı 2019-cu ildə demək olar ki, heç artmadı. Ümumdünya Ticarət Təşkilatının təhlilinə görə, bütün il ərzində cəmi 0,4 faiz artım var idi.  2019-cu ilin yekunlarına dair təhlillərdə hələ pandemiya yox idi və 2020-ci ilin iqtisadiyyatı üçün narahatlıqlar ifadə olunurdu.

 

10 il əvvəl dünya iqtisadiyyatının həcmi 74-75 trilyon dollar idi. Bu gün bu rəqəmin 84 trilyon dollara çatdığı təxmin edilir. Borc bu illər ərzində 257 trilyon dollara çıxarkən 10 il əvvəl təxminən 130 trilyon dollara yaxın idi.

 

Pandemiya sonrası dünya iqtisadiyyatı üçün ciddi narahatlıqlar mövcuddur. Azərbaycan kimi dayanıqlı dövlətlər və düşünülmüş strategiyası olan ölkələr sözsüz ki, post-pandemiya dönəminə daha hazırlıqlı olacaq.

 

Amma əmin olduğumuz bir nüans var ki, dünya yenə əvvəlki kimi olacaq. İqisadiyyatı dirçəltmək üçün dünyanın beyin mərkəzlərinin üzərinə ciddi yük düşür.

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır