Yuxarıya
skip to main content

İstefa mədəniyyəti: mahiyyəti və prinsipləri

21.05.2020

Hamı kimi mən də istefa sözünün həqiqi ifadəsini qaragüruhun şüarında yox, siyasi təmsilçinin obrazında, simasında axtarmağın tərəfdarıyam.

Siyasi münasibətlərdə, siyasi mədəniyyətdə istefa anlayışı xüsusi yerə malik olmaqla, təkcə sistemin yetişkinliyi ifadə etmir, həm də siyasi etikanın mühüm keyfiyyətinin də göstəricisidir. Azərbaycanda istefa anlayışı iki cür yanaşma tələb ediyindən və siyasi sistemin natamamlığı, formasızlığı müstəvisində olduğuna görə qiymət verilməlidir.

90-cı illərin qaynar siyasi hadisələri, idarəetmənin ciddi iflası, qeyri-siyasi sahələrin də siyasiləşməsi tendensiyalarının fövqündə istefalar könüllü olaraq deyilk, zorakı yolla, əsgər tabutlarının üzərinə “həkk edilmiş silah təsvirləri” ilə həyata keçirilir, “İstefa”, “İstefa” şüarları ilə sanki “Bastiliyanın alınması” ruhunu Russonun baxışları ilə deyil, Makiavellinin amansız siyasi düşüncələri ilə kütlə reaksiyası əsasında həyata keçirənlərin də ucbatından baş verənlər siyasi etika deyildi.

Bunların adı əslində siyasi böhran və idarəetmədə yeni problemlər yaratmaq yolunda atılan qeyri-siyasi etika idi. Çünki dövrün olayları əsasən yeni mərhələnin başlaması ilə nəticələnir, yeni siyasi qüvvələri meydana sürür, tam fərqli idarəetmələrlə əvəzlənirdi.

Böhran-keçid başlanğıcı, dönüş nöqtəsinin gözlənilməz nəticələr dövrü adlanır.

O baxımdan biz normal siyasi mədəniyyətin tərkibi olan istefalarla bağlı sözügdən dövr barədə müzakirə açmağımız doğru deyil.

Lakin müasir dövrdə daha fərqli bir sistemdə yaşadığımızı bilirik, İlham Əliyevin prezidentliyi ilə yeni mərhələnin başlanması, böyük iqtisadi inkişaf yolunun keçilməsi, siyasi islahatlar sahəsində ciddi addımların atılması, hakimiyyət strukturlarının korrpupsioner şəxslərdən təmizlənməsi, DTX vasitəsilə idarəetmənin ən yüksək səviyyələrində həbslərin baş verməsi, paralel olaraq, bu addımların ictimai rəy tərəfindən dəstəklənməsi prosesi bizim cəmiyyət və siyasi kuluar üçün artıq yeni meydanların açıldığının isbatıdır.

Şünbhəsiz ki, bu mərhlənin başlaması ilə bağlı ilk siqnalı ötən ildən etibarən başlayan kadr islahatlarında və siyasi maraq qrupları ilə təmasların reallaşdırılmasında açıq görməyə başladıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il, oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərəkən bildirdi ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur: “Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm”.

Prezidentin məlum çıxışından sonra bir sıra məmurlar istefa ərizələrini təqdim etməklə siyasi mədəniyyətə töhfə versələr də, tendensiya o qədər də geniş yayılmadı, buna baxmayaraq, proseslər Ölkə başçısının nəzarətində olduğu üçün davam edəcəyinə heç bir şübhə yeri qalmır.

Azərbaycanda istefa mədəniyyətinin izinə çıxaraq, araşdırdıq ki, son 5 ildə neçə nəfər və hansı səbəblərdən istefa verib:

2019-cu ildə 3 nəfər istefa verib: Şirvandan deputat seçilən Rafael Cəbrayılov deputat mandatından imtina edib, daha sonra Baş nazir Novruz Məmmədov istefa verib, sonucu istefa isə boks üzrə Azərbaycan millisinin baş məşqçisinin vəzifədən getməsidir.

2018-ci ildə cəmi bir nəfər tutduğu postla vidalaşıb, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev tutduğu vəzifədən istefa verib.

2017-ci ildə Yüksək Texnologiyalar Parkının rəhbəri Seymur Ağayev vəzifəsindən istefa verib, Tofiq Heydərov isə Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib.

2016- cı ildə Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi istefa verib.

2015-ci ildə isə ağır maliyyə cinayətlərinə görə hazırda həbsdə yatan ABB sədri Cahangir Hacıyev istefa verib.

Azərbaycanda istefa (2015-2019-cu illər) infoqrafikası:

Göründüyü kimi, istefalar əsasən ya siyasi sahəyə aid deyil, yaxud da qeyri-siyasi səbəblərdən baş verib.

Qonşu ölkələrdən Türkiyədə istefa mədəniyyəti yüzillik siyasi prosesin və təsisatın məhsulu kimi meydana çıxdığından bu halla tez –tez rastlaşırıq, çünki siyasətçi və ya məmur həm özü bu məsələdə həssaslıq göstərir, həm də məbsub olduğu siyasi çevrələrdən onun haqqında adekvat qərar verirlər.

Bir növ çoxmərkəzli siyasi çalarlarla zəngin ölkədə istefa etikası kifayət qədər yerini tutub, amma Rusiyada proses fəqli şəkildə cərəyan edir. Ölkə rəhbərinin tövsiyyəsi ilə proses baş tutur, sonuncu dəfə biz bunu Putinin əsas dostu Medvedevin vəzifədən istefa etməsində gördük ki, əslində ölkədə siyasi idarəetmə dəyişdi deyə, o da texniki səbəblərdən dolayı bu addımı atmalı oldu.

Hazırda ölkədə siyasi proseslər siyasi islahatlara adekvat olaraq formalaşmaqdadır. Siyasi panorama ilə əlaqəli olan kadr islahatları və DTX xətti ilə aparılan həbslər cəmiyyətdə böyük əks-səda doğurmaqla qalmayıb, ciddi dəstək qazanmaqdadır.

Regionlarda vətəndaşların incidilməsi, maaş kartlarının əlindən alınması, dövlət büdcəsinin talan edilməsi, rəhbər şəxslərin özlərinə biznes qurmaları, sakinlərin torpaqlarının qəsb edilməsi və dəhşətli miqyas almış korrupsiya halları icra başçılarını, Komitə və Nazirliklərin yüksək vəzifəli şəxsərinin həbsi göstərir ki, həm proses davam edəcək, həm də prosesə şəxsən Ölkə prezidenti başçılıq edir.

Sosial Tədqiqatlar Mərkəzinin də keçirdiyi “İnam indeksi” jurnalının ictimai rəy sorğusuna əsaslanan analitik hesabatında prezidentin reytinqini ictimai rəydə ölçərkən əldə etdiyi nəticələr yerli icra qurumları ilə bağlı vəziyyətin nə qədər qorxunc olduğunu üzə çıxartdı. “Respondentlərin 57.4%-i parlamentə, 46.2%-i yerli icra hakimiyyətinə, 49%-i məhkəməyə etibar edir.

Siyasi və kadr islahatlarında əsas məqsəd daha işlək, rentabelli, ictimai rəyə hörmət edən, proaktiv və mütəhərrik idarəetmə sistemini qurmaqdır. Bu yolda yüksək vəzifəli şəxslərin həbsi, sistemin təkmilləşdirilməsi yolunda normativ-hüquqi aktların qəbul edilməsi, mümkün hallarda daha ciddi səviyyədə hətta referendum keçirilməsi mümkündür, amma və lakin bu proseslər özü ilə istefa mədəniyyəti gətirməlidir.

(Nəhayət, istefa amili təkcə iqtidar müstəvisi ilə məhdudlaşmır, demək olar ki, Azərbaycanda siyasi institutların hamısında eyni aqibət yaşanır, vətəndaş cəmiyyətləri, siyasi partiyalar, təşəbbüs qrupları, siyasi müxalifətdə də istefa nümunəsi tapmaq mümkün deyil).

Çünki həbslər davam edəcək, tutulan məmurlarla gedişat başa çatmayıb, yeni mərhələyə daxil olub, amma çox yaxşı olardı ki, prosesə vəzifəli şəxslər töhfə verələr və ölkədə böyük bir istefa mədəniyyətinin təcəllisi yaranar, siyasi etika dirçələr, nəticədə islahatlara rəhbərlik edən prezidentə, onların əməllərindən əziyyət çəkən ictimai rəy daşıyıcılarına, tutduqları vəzifə vicdanına böyük xidmət göstərmiş olarlar.

Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.